VƏKIL ELÇIN SADIQOVLA BAĞLI VƏKILLƏR KOLLEGIYASINDA IKI IŞ ÜZRƏ INTIZAM ICRAATINA BAŞLANIB
Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) vəkil Elçin Sadıqov barəsində Vəkillər Kollegiyasında iki iş üzrə intizam icraatına başlanmasından ciddi narahatçılıq keçirir. RATİ hesab edir ki, bu əsasən medianı və jurnalistləri müdafiə edən vəkil Elçin Sadıqovun sıradan çıxarılması üçün hakimiyyətin siyasi sifarişidir. Təsadüfi deyil ki, indiyə qədər hakimiyyət media nümayəndələri və hüquq müdafiəçilərini müdafiə edən – Xalid Bağırov, Elçin Namazov, Osman Kazımov və digərlər vəkillər barədə fəaliyyətlərini məhdudlaşdıran siyasi qərarlar çıxarıb.
“Nefçala rayon Prokurorluğu Vəkillər Kollegiyasın məktub göndərərək bildirib ki, 30 iyul 2012-ci il tarixdə sağ qolum barmaqlarımla birlikdə gipsli sarıqda olduğundan və sol əlimlə imza etmək təklif olunsa da, sol əlimlə imza edə bilmədiyimi bildirərək cinayət işi ilə tanış olma barədə protokola imza etməmişəm. Mən Neftçala rayon İcra Hakimiyyətinin başçısı cənab İsmayıl Vəliyevin sifarişi ilə Neftçala rayon Prokurorluğu tərəfindən CM-nin 315.1-ci maddəsi ilə təqsirləndirilən Hüseynov Natiq Mirzağa oğlunun müdafiəçisiyəm. Belə ki, müstəntiq Anar Mirkişiyevlə 27 iyul 2012-ci il tarixdə telefon vasitəsi ilə cinayət işinin materialları ilə tanış olmağımızı 30 iyul 2012-ci il tarixə saat 15.00-a, Bakı İstintaq Təcridxanasına təyin etmişik. 29 iyul 2012-ci il tarixdə atdan yıxılma nəticəsində sağ qolumdan tramva almışam. 30 iyul 2012-ci il tarixdə səhər saat 10.00 radələrində Respublika Tramvmatoloji İnstitutuna müraciət etmişəm. Sağ qolum dirsək, said, bilək və barmaq hissə gipsli sarıq edilib. Diaqnoz isə qeyd edilən hissələrdə sümüklərin bərk əzilməsi, natamam sınıqlar olub”, – deyə qeyd edən E.Sadıqov obyektiv hala görə cinayət işinin materialları ilə tanış olmağına dair protokola imza edə bilmədiyini qeyd etdi.
RATİ vəkil Elçin Sadıqovun təqdim etdiyi faktlara əsaslanaraq, onun haqqında başlanan intizam icraatlarını tam siyasi sifarişli hesab edir və bu intizam icraatlarına Vəkillər Kollegiyasının xitam verməsini tələb edir. Əks halda başlanan intizam icraatları və onların mümkün mənfi nəticələri ölkədə qorxaq, satqın və heç bir funksiyası olmayan vəkilliyin formalaşmasına xidmət kimi dəyərləndiriləcək.