Nərgizi son mənzilə yola salan Tofiq Yaqublu həbsxanaya qayıdıb – FOTOLAR
Müsavat başqanının müavini Tofiq Yaqublu bu gün həbsxanaya qayıdıb
Qızı Nərgiz Yaqublunun vaxtsız ölümü ilə əlaqədar 7 günlük azadlığa buraxılan Musavat başqanınln müavini T. Yaqubluya verilən izn müdəti bu gün başa çatıb. T. Yaqublu günorta saatlarında Qaradağ rayonundakı 13 saylı Cəzaçəkmə müəssisəsinə aparılıb.
Qeyd edək ki, Tofiq Yaqubluya İsmayıllı şəhərində iğtişaşların təşkili ittihamı irəli sürülüb və o, məhkəmənin hökmü ilə 5 il müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, Tofiq Yaqublu müvəqqəti azadlığa buraxıldığı müddətdə ölkəmizin bir sıra siyasi qurumları, tanınmış ictimai-siyasi xadimlər onun əfv edilməsi üçün ölkə prezidentinə müraciət ediblər. Parlamentin son iclasında bəzi deputatlar da başqan müavininin azad edilməsinin vacibliyini vurğulayıblar.Milli Məclisin son iclasında çıxışında T.Yaqublunun azadlığa buraxılması məsələsinə toxunan hakimiyyətyönlü deputat Zahid Oruc Azərbaycan hakimiyyətinin belə anlarda daim humanist mövqe sərgilədiyini bildirib: “Parlamentdə bu məsələyə toxundum. Qeyd etdim ki, Azərbaycan dövləti indiyə qədər siyasi mənsubiyyətindən asılı olmayaraq, bir çox insanlara, xüsusilə həyatlarında müxtəlif faciələr yaşayan insanlara qarşı humanizm mövqeyini nümayiş etdirib. Bu siyasətin xarakterinə güvənərək, eyni zamanda həbsinin milli cinayət olmadığını, gənc övladının itkisinin ağır faciə olduğunu, azadlıqda olmasının yüngülləşdirici amil olacağını qeyd edərək, bildirdim ki, Tofiq Yaqublu əfv ediləcək. Paralel şəkildə onu da qeyd etmək lazımdır ki, hər bir bu cür əfv amnistiyadan fərqli olaraq, müstəsna qaydada dövlət başçısının səlahiyyətindədir. Həm də hüquqi prosedurlara tabedir.
Qeyd edək ki, Beynəlxalq hüquq təşkilatları da Tofiq Yaqublunu “vicdan məhbusu” elan edib və həbsinin siyasi fəaliyyətilə bağlı olduğunu dəfələrlə bəyan edib.
XuralTAC