Ali Məhkəmə Rüfət Səfərovu həbsdə saxladı-VİDEO

“Mən ölkədəki sülalə rejiminə, korrupsiyaya, insan haqlarının tapdanmasına etiraz olaraq istefa verəndə məni nələrin gözlədiyini bilirdim…”

“Mənim işimə hansı hakimin baxmasının fərqi yoxdur. Tərkibdən asılı olmayaraq, İlham Əliyev rejiminin verdiyi göstəriş yerinə yetiriləcək”, – Zərdab Rayon Prokurorluğunun müstəntiqi vəzifəsindən siyasi bəyanatla istefa verdikdən sonra həbs olunan Rüfət Səfərovun sözləridir.

O, iyulun 11-də Ali Məhkəmədə işinə baxılarkən Gülzar Rzayevanın sədrlik etdiyi hakimlər kollegiyasına etirazı olub-olmaması haqda suala belə cavab verib.

Məhkəmədə Rüfət Səfərovun vəkilləri çıxış edərək, onun prokurorluq orqanlarından siyasi bəyanatla istefasına, hökumətin ünvanına tənqidi fikirlərinə görə cəzalandırıldığını bildiriblər.

 

ŞAHİDİ YOLDA SAXLAYIB YENİDƏN MƏHKƏMƏYƏ GƏTİRİBLƏR

 

“Rüfət Səfərov rüşvət alıb qərarlar çıxarmaqda təqsirləndirilir. Əgər 2014-cü ildə həmin qərarlar rüşvət müqabilində çıxarılıbsa, qanunsuz olubsa, niyə bu günə qədər qüvvəsindədi? Rüfətə rüşvət verdiyi iddia olunan beş nəfərin hamısı vəzifəli şəxslərdir. 2015-ci ilin dekabrında Rüfətin istefasından sonra onları çağırıb ərizə yazdırıblar. Əgər bunlar Rüfətdən şikayətçi idilərsə, 2015-ci ilin dekabrına qədər il yarım ərzində hardaydılar?”, – vəkil Bəhruz Bayramov çıxışında belə deyib.

Sözügedən beş nəfərdən Eldəniz Abdullayevin utandığından məhkəməyə gəlmədiyini deyən müdafiəçinin sözlərinə görə, digər şahid Babək Hacıyev isə məhkəmədə istintaqdakı ifadəsindən imtina edib: “Buna görə məhkəməni yarımçıq dayandırdılar, Babək Hacıyev evinə gedəndə yolda onu saxlayıb yenidən məhkəməyə gətirdilər. Axşam saat 5-də onu bir daha hədə-qorxu altında dindirəndə bu dəfə istintaqdakı ifadəsini təsdiqlədi”.

Digər vəkil Yalçın İmanov Lənkəran Ağır Cinayətlər Məhkəməsində işinə baxılarkən Rüfət Səfərova son söz demək imkanının yaradılmaması, vəkili Bəhruz Bayramova müdafiə çıxışına hazırlaşmaq üçün vaxt verilməməsinə diqqət çəkib. Bildirib ki, bu, kobud qanun pozuntusudur: “Görünür, məhkəmə sifarişli ittihamı sanki notariat kontoru kimi təsdiqləməyə tələsirmiş”.

Başqa bir vəkil Fariz Namazlı deyir ki, Ali Məhkəmə R.Səfərov haqda cinayət işinin onun istefasından dərhal sonra başlanmasını nəzərə almalıdır.

 

“HEÇ CİNAYƏT İŞİ BAŞLAMAMIŞ…”

 

Ardınca R.Səfərov özü çıxış edib. Bildirib ki, haqqındakı cinayət işi də, ittihamlar da saxtadır: “Mən ölkədəki sülalə rejiminə, korrupsiyaya, insan haqlarının tapdanmasına etiraz olaraq prokurorluqdan istefa verəndə məni nələrin gözlədiyini bilirdim. Amma bu dərəcəsini təsəvvür eləmirdim. Dərhal sonra avtoritar rejimin təqib və təzyiqləri başladı. Heç cinayət işi başlamamış Baş Prokurorluq yaşadığım evdə axtarış apardı, şəxsi əşyalarım götürüldü. İstefamla həbsimin arası iki həftə çəkdi”.

Sabiq müstəntiq deyir ki, hətta Stalin rejimi dövründə də adamlara məhkəmədə son söz demək imkanı verilirdi. Ona isə bu imkan da verilmədi: “Tələm-tələsik Prezident Administrasiyasından gələn göstərişi icra elədilər”.

O, çıxışının sonunda işə baxan məhkəmə tərkibinə sədrlik edən hakim Gülzar Rzayevaya müraciət edib: “Sizi şəxsən tanıyıram. Haqqınızda müsbət fikirlərim var. Amma onu da bilirəm ki, müstəqil qərar vermək iqtidarında deyilsiz. Yəqin ki, daxilən belə vəziyyətə düşdüyünüzə görə təəssüf edirsiniz. Amma neyləmək olar, reallıq budur”.

 

“BƏS MƏNİM VİCDANIM?!”

 

Rüfət Səfərov onu müdafiə edən vəkillərinə, dostlarına, ictimaiyyət nümayəndələrinə təşəkkür etməklə çıxışını bitirib.

Hakimlər kollegiyası qısa müşavirədən sonra hökmün dəyişdirilmədən qüvvədə saxlandığını elan edib.

Vəkil Bəhruz Bayramov Azadlıq Radiosuna bildirib ki, Ali Məhkəmənin qərarını alandan sonra Avropa Məhkəməsinə şikayət göndəriləcək.

Rüfət Səfərovun anası Tahirə Səfərova deyir ki, hakim Gülzar Rzayeva ilə tanışlıqları vardı, dəfələrlə görüşüblər: “Bizim “salaməleyküm”ümüz vardı. Başa düşürəm ki, sifariş verilib. Amma sifarişə yox, vicdanın səsinə qulaq asmaq, ədaləti üstün tutmaq olardı. Mən müəlliməm. Mənə desələr ki, “hansısa tələbədən rüşvət al, qiymət yaz”, bunu eləməliyəmmi? Bəs mənim vicdanım?!”

Rüfət Səfərov sabiq YAP-çı deputat, Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri olmuş Eldar Sabiroğlunun övladıdır. Eldar Sabiroğlu övladının günahsız cəzalandırılmasına görə prezidenti ittiham edir: “Bu məhkəməni quran da, qərarı verən də bir nəfərdir – İlham Əliyev. Onun amansızlığı davam edir. Amma mən də sonadək övladımın arxasındayam”.

 

azadliq.org

Əlaqəli məqalələr

1 şərh

  1. Eldar əvvəlcə deyirdi ki, günahkar Ramiz Mehdiyevdir, lakin indi artıq qərarını dəyişib və bütün bu məsələlərdə prezidenti, yəni İlham Əliyevi günahlandırır…

    Bundan başqa, artıq özünün YAPçı olduğunu və Heydər Əliyevə sədaqətli olduğunu da artıq vurğulamır və oğlu ilə birlikdə olduğunu deyir…

    Gec də olsa Eldar heç olmasa 30 ildən sonra nəsə başa düşməyə başlayıb və bu da – müsbət tendensiyadır!…

    Lakin… Əgər Eldar oğlunun arxasıyca gedərək bu dəfə YAPı AXC “müxalifətinə” dəyişirsə, rus demişkən: “Şılo – na mılo!”, onda deməli Eldar necə var idi elə o cür də qalıb və artıq belə bir qənaətə gəlmək olar ki, o, bundan sonra heç zaman ağıllanmayacaq!…

    Atalar deyiblər ki: “Qırxında öyrənən – gorunda çalacaq!” Bu yazıq Eldar artıq 60 yaxın yaşı ola-ola hələ də nəyisə öyrənməyə başlamayıb, deməli bu heç gorunda da çala bilməyəcək!… Və o dünyadakıları məzələndirə bilməyəcək! Heyif!…

    O ki qaldı Rüfətə, bunun səhvi bütün digər bizim romantik cavanların səhvi cərgəsindəndir…

    İş görən adam üçün həyatda bir nömrəli qanun ondan ibarətdir ki:

    Əgər bir işlə məşğul olmaq istəyirsən gərək onu peşəkarcasına görəsən, peşəkarcasına onu görmək üçün isə əvvəlcə fədakarcasına həmin işin mahiyyətini, nəzəriyyəsini, üslublarını və s-ni öyrənməlisən, və yalnız bundan sonra hər hansı emosiyaları, romantikanı və çılğınlığı kanara qoyub soyuq ağılla, təmkinlə bu işdə addımlarını atmalısan!… Əks təqdirdə – həmişə məğlub olacaqsan və ya kimlərinsə oyununda həmişə marionetka rolunda çıxış edəcəksən ki, bu da birincisindən də betərdi! Hə-mi-şə!…

    Oqtay Ataxan

    11.07.2017.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button