“Ali”, yoxsa “Adi” Məhkəmə?

Əvəz Zeynallı

Burada ədalət mühakiməsinin qiyməti neçəyədir?..

Həsən Hüseynlinin Ali Məhkəmədə keçirilən məhkəmə prosesində iştirak etdim. Tam bir təsadüf nəticəsində. Zalda bir mən idim zatən – seyrçi adına. Yerimi rahatlayan kimi, ikinci bir təsadüf yaşadım – hakim mənim Ali Məhkəmədə cinayət işimə baxan İlham Cəfərov idi. Mən bu ədalətsiz hakim triosunu yaxşı tanıyıram. Onlar məni dinləmədilər belə. Vəkilimi zaldan çıxarmağıma və zalı boşaltmağıma baxmayaraq, bu trio mənsiz 9 illik hökmü qüvvədə saxladı. 15 dəqiqə içində! O zaman İlham Cəfərova “Sən hakim deyilsən, sən ədalətsiz adamsan, səndən uzaqbaşı müstəntiq olar” demişdim. Belə Ali Məhkəməmi olar? Zalları, tikintisi, şüşə qəfəsləri  – hər şeyi möhtəşəm olan bu binanın içində ədalət, ədalət mühakiməsi yoxdur.

Halbuki hakimlərin başlarının üstündə əvvəli yabançıca, sonrası isə gözəl dilimizdə bu anlamlı həqiqət yazılıb: “Ədalət mühakiməsi dövlətin əsasıdır.” Tərsinə oxusaq belə olur: “Ədalət mühakiməsi yoxdursa, dövlət də yoxdur.” Bu gün də gördüm. Bu tip hakimlərin olduğu müddətcə, ilhamcəfərovların hüququ zorladığı müddətcə, nə ədalət mühakiməsi, nə də dövlət olmayacaq.

Bizim məhkəməmiz başlamadan başqa bir məhkəmə prosesi gedirdi. Zalda hakimlər, dövlət ittihamçısı və katibədən başqa kimsə yox idi. Özləri özlərinə sordular-soruşdurdular, sonra fasilə elan etdilər, sonra fasilədən qayıtdılar və hökmü qüvvədə saxladılar. Vəkil yox, məhkum yox, zərərçəkən yox, şahid yox – heç kim yox! Bəs bu necə məhkəmədir? Burada qərarlar hər zaman beləmi verilir?

Məndə də elə oldu. Şahid yox, zərərçəkən yox, qarşı tərəf yox, yerimdə oturmadığım və İlham Cəfərovun təhqiramiz formada tez-tez “məhkum Əvəz Zeynallı” sözlərinə etiraz etdiyim üçün məni öz prosesimdən uzaqlaşdırdılar. Ancaq mən Azərbaycan dövlətinin adından qərarlar çıxaran Ali Məhkəməyə həm də müqəddəs məkan kimi baxır və oradan ədalət gözləyirdim.

Bu gün fərqli bir şey görmədim. 10 dəqiqə çəkmədi ki, “vicdan məhbusu”, bütün dünyanın siyasi məhbus kimi tanıdığı Həsən Hüseynlinin işini bu trio qüvvədə saxladı. O Həsən Hüseynli ki, şərlənərək 6 il iş vermişdilər və 98 günlük məhbəs həyatından sonra prezident İlham Əliyevin imzaladığı əfv fərmanı ilə azadlığa buraxılıb və bütün dünya bilir ki, onu da digər vətəndaş fəalları kimi şərləmişdilər.

Hələ İlham Cəfərov Həsən Hüseynlini qəfəsdə görməyəndə lap təəccübləndi və “sən həbsdə deyilsən” deyə soruşdu. Deməli, bu hakimlər bu haqda məlumatları oxumur, prezidentin əfv sərəncamları ilə ümumiyyətlə maraqlanmırlar. İctimai-siyasi prosesləri izləməyən hakim niyə Ali Məhkəmənin hakimi səviyyəsinə qədər yüksəldilməlidir ki?!

İçəridə də şahidi olmuşam. Ali Məhkəmənin kuluarlarında nələrin baş verdiyi haqqında o qədər məlumatlar var ki, mənim həbsxana gündəliklərimdə. Cəmi bircə mərtəbə aşağı enirsən və zirzəmi-qarajda Ali Məhkəmənin hakimlərinin sürdüyü avtomobillərin markaları adamın gözlərini qamaşdırır qaranlıqda. O zirzəmini tam araşdırmışam və avtomobillərin nömrələrinə qədər hər şeyi qeyd etmişəm. Bəs qiyməti 100.000 manatlarla ölçülən bu arabalara necə sahib olub Ali Məhkəmənin hakimləri. Ədalətli və vicdanlı qərarlar sayəsindəmi? Təəssüf ki, yox!

Bu bər-bəzəkli binanın içində Cinayət Məcəlləsinin 62-ci maddəsini tətbiq etmək üçün 25-30 min manat pul alırlar. Cinayət Məcəlləsinin 70-ci maddəsi isə daha bahadır: 35-40 min manat! Sonra illər gəlir. Hər ilin öz qiyməti var. Adam var ilinə 10 min, adam var 15 min manat, adam var, daha çox alırlar. Bax, bu tip qərarlar sayəsində də İlham Cəfərovlar adamın anasını ağladır və səsini kəsirlər. Heç “mıqq” edə də bilmirsən. Vəssalam. Dövlətin əsasları isə sarsıla-sarsıla gedir…

Minlərlə insan Ali Məhkəmədən ədalət umur, ora sığınır. Amma içinə girdikcə  görürsən ki, bura “Ali”dən daha çox, “adi” məhkəmədir. Hətta ibtidai istintaq və ilk instansiya məhkəmələri də Ali Məhkəmədən normaldır indi. Heç olmasa, oralarda sözünü deyir, fikrini bildirir, özünü müdafiə edə bilirsən. Ali Məhkəmə “Adi Məhkəmə” olandan sonra bu imkan da ortadan qaldırılıb. Daha özünü müdafiə edə biləcəyin bir Ali Məhkəmə qalmayıb. Ortada adidən də “Adi” bir “Məhkəmə” qalıb…

Təbii ki, Tağı Əhmədovun bacısı uşaqlarının at oynatdığı bir məkan həmişə adiləşir və adiləşməlidir də. Onlardan başqa nə gözləmək olar ki…

 

Əlaqəli məqalələr

1 şərh

  1. Bəlkədə L.Tolstoyun “Dirilmə” əsərindədir məhkəməylə bağlı işini vəkilə söylərkən o nun fikri xalını yeyən bivəni necə öldürməkdən gedir.Xalısın körlayanı tutmaq
    kiminsə dərdindən, faciəsindən önəmlidir.
    Əvəz müəllimin Yazısı Tolstoyun “Dirilmə” romandan bu hadisəni yada saldı. Məhkəmələrimizin köməksiz insanlarımıza iaqeyidliyi, mənə yuxarıdakı baxdıqları işlərdə bir-çox maraqların nəzərə alınması ucbatından nə qədər günahsız adamlarımız həbs olunur

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button