Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri görüşür

Bugün, martın 22-də Cenevrədə Azərbaycan parlamentinin sədri Sahibə Qafarova və Ermənistan parlamentinin sədri Alen Simonyanın ikitərəfli görüşü keçirilir.

AZƏRTAC-ın xəbərinə görə, görüş Parlamentlərarası İttifaqın Cenevrədə keçirilən 148-ci Assambleyası çərçivəsində gerçəkləşir.

Parlamentlərarası İttifaqın təşəbbüsü və vasitəçiliyi ilə keçirilən görüşdə Azərbaycan ilə Ermənistan arasında davam edən sülh danışıqları fonunda iki ölkə parlamentinin bu prosesə hansı formada dəstək göstərə biləcəyi ilə bağlı məsələlərin nəzərdən keçirilməsi gözlənilir.

Son illər iki ölkə arasında həm Avropa İttifaqı Şurasının, həm də Rusiyanın vasitəçiliyi ilə ayrı-ayrılıqda danışıqlar gedir. Amma, hələlik, tərəflər arasında sülh sazişi imzalanmayıb.

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib.

2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa etmişdi.

Azərbaycan, Rusiya və Ermənistan arasında razılaşma ilə Laçın dəhlizinə və Qarabağda təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.

Ötən il sentyabrın 19-20-də isə Bakı Qarabağda “lokal antiterror tədbirləri” elan edib. Yerevan bunu “etnik təmizlənmə” kimi dəyərləndirib.

Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button