Azay Quliyev QHT-ləri satın alır – MSŞT Koalisiyasını dağıtmaq üçün

Hökümətin MSŞT Koalisiyasını nəzarətə götürmək iddiaları təsdiqini tapır

Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasının 30 apreldə keçirilmiş Ümumi Yığıncağında müstəqil və müxalif mövqeli vətəndaş cəmiyyəti fəallarının Koalisiya Şurasına üzv seçilməsindən sonra qurumda xeyli gərginlik yarandı. Gərginliyin yaranmasına təkan verən səbəb isə yeni seçilmiş Şura üzvü Oqtay Gülalıyevin Milli Şuranın Koordinasiya Mərkəzinin qapalı Facebook qrupunda yazdığı məlum statusun kənara çıxarılıb ictimailəşdirilməsi oldu.

Seçkilərdə uduzan namizədlərin, xüsusən hakimiyyətyönlü şəxslərin bəhanə kimi istifadə etdikləri statusda O.Gülalıyev hakimiyyətin MSŞT Koalisiyasını nəzarətə götürmək iddiaları olduğunu bildirmiş və bunun üçün QHT- lərə Dövlət Dəstəyi Şurası vasitəsi ilə Koalisiya üzvü olan 40-a yaxın təşkilata 400 min vəsait ayırdığını bildirmişdi. Bundan sonra Koalisiyada qarşılıqlı ittihamlar mətbuat səhifələrinə çıxmış, Şura koordinatorunun seçilməsi ertələnmiş, şikayətlərin araşdırılması qurumun Monitorinq Qrupuna həvalə olunmuşdu.

xural.com-un əldə etdiyi məlumatlara görə, hakimiyyət Azərbaycanın MSŞT-də üzvlük statusunu bərpa etməyə çalışdığı bir dönəmdə müstəqil mövqeli şəxslərin Koalisiya Şurasında üstünlük qazanmasından narahatdır və itirilmiş mövqelərin bərpası üçün bəzi planlar həyata keçirməyə çalışır. Planlarını daha çox QHT-lərə Dövlət Dəstəyi Şurası vasitəsilə həyata keçirməyə çalışan hakimiyyətin hazırda hədəfində olan əsas məsələlərdən biri Koalisiya Şurasına üzv seçilmiş müxalif, xüsusən Milli Şuraya yaxın olan şəxsləri cəzalandırmaq, onları neytrallaşdırmaq, əldə etdikləri uğuru kiçiltmək və şübhə altına almaqdır.

Verilən məlumatlara görə, bunun üçün yeni seçilmiş bəzi Şura və Monitorinq Qrupu üzvlərinə müxtəlif formalarda təzyiqlər edilir, şirnikləndirici vədlər verilərək onların ələ alınmasına çalışılır. Hazırda Ümumi Yığıncağın nəticələri və O.Gülalıyevin məlum statusu ilə bağlı müraciətləri araşdıran Monitorinq Qrupundan sərfəli nəticəni almaq üçün QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən Monitorinq Qrupunun 2 üzvünə növbədənkənar layihə verildiyi bildirilir. Qrant layihəsi verilən şəxslərdən layihənin qarşılığında Oqtay Gülalıyevin cəzalandırılmasına və Ümumi Yığıncağın nəticələrinə kölgə salınmasına dair Monitorinq Qrupunun Rəy verilməsi istənilib.

Adı çəkilən şəxslərə layihə verilib-verilməməsini dəqiqləşdirmək üçün QHT Şurasının saytını nəzərdən keçirdik. Məlum oldu ki, həqiqətən həmin şəxslərə qrant layihəsi verilib. Belə ki, Monitorinq Qrupunun rəy verəcəyi bu günlərdə QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən “Regional İnsan Hüquqları və Maarifləndirmə” İctimai Birliyinə  (sədri Məlikova Lətafət İslam qızı) “Mədən sənayesində şəffaflıq təşəbbüsü ilə bağlı regionlarda qadınlar üçün məlumatlandırma sessiyalarının təşkili” layihəsi üçün 7.000 manat, “Hüquq və İnkişaf” İctimai Birliyi üçün isə (sədri Həsənov Hafiz Bəşir oğlu) “Qanunvericilik prosesində ictimai iştirakçılığın artırılmasına dəstək” layihəsi üçün 10.000 manat qrant ayrılıb. Xatırladaq ki, Lətafət Məlikova Musavat partiyasının fəal üzvlərindən biridir. xural.com-a daxil olan məlumata görə, digər Monitorinq Qrupu və Şura üzvlərinin də mövqeyinə təsir etmək, eləcə də Koalisiyada itirilmiş mövqelərinin bərpası üçün hakimiyyət tərəfindən müəyyən addımların atılması planlaşdırılır. Bütün bunlar isə hakimiyyətin MSŞT Koalisiyasını nəzarətə götürmək iddialarını bir daha təsdiqləməklə bu iddiadan geri çəkilmədiyini göstərir.

Yeri gəlmişkən, qeyd edək ki, MSŞT üzrə Beynəlxalq İdarə Heyətinin 1-2 iyun tarixində Osloda keçirilən iclasında qurum tərəfindən Azərbaycanın qarşısında qoyulmuş İslahedici Planın yerinə yetirilməsi üçün əlavə 6 ay vaxt verilib. Bunun üçün iyul ayında adı çəkilən təşkilat tərəfindən beynəlxalq missiyanın ölkəmizə səfəri gözlənilir. Səfər müddətində İslahedici Planın icrası, Azərbaycanın üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi vəziyyəti, vətəndaş cəmiyyətinin durumu barədə hökümət Komissiyası və Koalisiyanın yeni seçilmiş Şurası ilə müzakirələr aparılacaq. Qiymətləndirmənin nəticəsi olaraq Azərbaycanın MSŞT-dəki üzvlük məsələsi ilə bağlı yekun qərar veriləcək.

xural.com

Əlaqəli məqalələr

1 şərh

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button