”Dedilər ki, Zahidovların hamısı həbs olunur”

Qənimət Zahid

“İndiyədək Qənimət Zahidovu tanımamışam”

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Azadlıq” qəzetinin və “Azərbaycan saatı” proqramının baş redaktoru Qənimət Zahidin qardaşı oğlu Rüfət Zahidovun və əmisi oğlu Rövşən Zahidovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Meydan.tv əməkdaşının məlumatına görə, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Rövşən Zahidovun həyat yoldaşı Leyla Zahidova ifadə verib. O, ifadəsində bildirib ki, polis əməkdaşları onların mənzilində axtarış aparan zaman evdə olub:

“Həmin vaxt evdə tək idim. Otuzdan çox polis əməkdaşı evə hücum edib, hər yeri dağıtdılar. Rövşənin bir köhnə pencəyi var idi. Həmin pencəyin cibinə gözümün qarşısında narkotik vasitə qoydular. Qışqırıb ağladım, yalvardım ki, evimi dağıtmayın. Mənim yoldaşım xəstə adamdır. Gətirib onun dərmanlarını göstərdim ki, bəlkə insafa gələrlər. Lakin fikir vermədilər. Allah onların evlərini yıxsın”.

Leyla Zahidova daha sonra ifadəsində göstərib ki, evdə axtarış aparmaq üçün gələn polislər ona hədə-qorxu gəliblər:

“Mənə bir kağız göstərib bildirdilər ki, əgər bunu imzalamasan Rövşən üçün pis olacaq. Mən də məcbur qalıb imzaladım. Sonra dedilər ki, Zahidovların hamısı həbs olunur. Qorxudan soyadımın İbrahimova olduğunu dedim. İttiham aktında qeyd olunur ki, guya Rüfət narkotik vasitəni Rövşənə verib. O da pencəyinin cibində saxlayıb. Lakin onlar çoxdandır küsülüdürlər. Biz 28 ildir ki, evliyik. İndiyə kimi Rövşənin əmisi uşaqlarını, Qənimət Zahidovu tanımamışam”.

Məhkəmə iclasında Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşı Baba Atakişiyev, iş üzrə hal şahidi qismində tanınan Mehman Hidayətov və Seymur Atakişiyev də ifadə veriblər. B.Atakişiyev ifadəsində göstərib ki, hal şahidlərini şöbənin qarşısındakı küçədə görüb, özləri ilə axtarışa aparıblar.

Hal şahidi Mehman Hidayətov isə ifadəsində taksi sürücüsü işlədiyini, maşınla müştəri apararkən polislər tərəfindən saxlanıldığını deyib:

“Məndən axtarışa getməyi xahiş etdilər. Mən də razılaşdım. Müştərini maşından düşürüb, polislərlə Rövşən Zahidovun evinə getdim” .

Hər iki hal şahidi ifadələrində qeyd ediblər ki, axtarış zamanı Leyla Zahidova polis əməkdaşlarına narkotik vasitənin Rövşən Zahidova məxsus olmadığını, polislər tərəfindən onun pencəyinin cibinə atıldığını söyləyib.

Məhkəmə prosesi aprelin 12-də davam etdiriləcək.

Rüfət və Rövşən Zahidovlar 2015-ci ilin iyulunda həbs ediliblər. Onlara qarşı Cinayət Məcəlləsinin 234.4.1 (bir qrup şəxs tərəfindən narkotik saxlama, yayma və ya satma) və 234.4.3-cü (külli miqdarda törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

Qənimət Zahid isə qohumlarının ondan qisas almaq məqsədilə həbs olunduğunu bildirir. O, baş verənləri müəllifi olduğu “Azərbaycan saatı” televiziya proqramında hökumətin sərt tənqid olunması ilə əlaqələndirir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button