Əli Kərimli: İlham Əliyev cəbhə ailəsini xüsusi “təbrik edib”

Yayımlandı: 21 Mart 2024 18:33

AXCP sədri deyib ki, Niyaməddin Əhmədov zorakılığa etiraz olaraq aclıq aksiyası keçirir

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli sosial şəbəkə hesabında açıqlama yayıb.

O, partiyanın həbsdəki üzvü Niyaməddin Əhmədovun 12 saylı Cəzaçəkmə Müəssisəsində aclıq aksiyasına başladığını deyib.

Kərimli həmçinin üç gün əvvəl saxlanılan AXCP-nin Daşkəsən rayon şöbəsinin sədri Sahib Məmmədzadənin həbsindən danışıb.

Onun sözlərinə görə, Niyaməddin Əhmədov cəzaçəkmə müəssisəsində, bütövlükdə Penitensiar xidmətdə geniş yayılmış qanunsuzluq və haqsızlıqları tənqid edən şeir yazdığı üçün cəzaçəkmə kamerasına salınıb:

“Oradan çıxarıldıqdan sonra isə martın 19-da 4 zabit onu yerə yıxıb, qolunu qandallayaraq, zorla başını qırxıblar. Niyaməddin Əhmədov da baş verənlərə etiraz əlaməti olaraq hazırda aclıq aksiyasını davam etdirir”.

AXCP-dən Meydan TV-yə deyiblər ki, Niyaməddin Əhmədov 7 gündür aclıq edir.

Onun martın 15-dən aclıq aksiyasına başladığı bildirilir.

Əli Kərimli üç gün əvvəl saxlanılan siyasi fəal –AXCP-nin Daşkəsən rayon şöbəsinin sədri Sahib Məmmədzadənin həbsini də qanunsuz sayıb:

“Ümumiyyətlə, bu Novruz bayramında İlham Əliyev cəbhə ailəsini xüsusi “təbrik edib”. AXCP Daşkəsən şöbəsinin sədri Sahib Məmmədzadə bayram axşamı narkotiklə şərlənib həbs edildi. Sahib bəyin iki körpə övladı bayram günü gözüyaşlı qaldı. Ancaq bütün bunlar da insanlara zülm etməkdən, körpələri gözüyaşlı qoymaqdan zövq alan zalımlara kifayət etməyib. Sahib Məmmədzadə saxlandığı polis idarəsində ağır işgəncələrə məruz qalıb. Ailəsi də bu əziz bayramı polis idarəsi önündə keçirməli olub”.

“6 aydır ki, qanunsuz olaraq həbsdə saxlanılan AXCP Təşkilat şöbəsinin müdir müavini Elxan Əliyevə də prokuror məhz bayram günlərində 7 il müddətinə azadlıqdan məhrum etmə cəzası tələb etdi”, – partiya sədri belə deyib.

Penitensiar Xidmətin mətbuat xidmətindən “Turan”a bildirilib ki, məhkum Niyaməddin Əhmədovla bağlı deyilənlər tam əsassızdır, qanunvericilikdə nəzərdə tutulmuş qaydada rejimə uyğun olaraq (ayda 1 dəfə) ona yaxın qohumları ilə görüş verilir:

“Sonuncu dəfə 10 mart tarixində atası ilə görüşməsinə şərait yaradılıb. Qanunvericilikdə nəzərdə tutulmuş qaydada sovqat, banderol almaq hüququ təmin edilir. Aclıq etməsi ilə bağlı müəssisə rəhbərliyinə heç bir müraciəti daxil olmayıb, hazırda cəzasını ümumi məhkum kütləsi ilə birlikdə çəkir”.

AXCP sədrinin ictimai əsaslarla mühafizəçisi olduğu deyilən Niyaməddin Əhmədov 2020-ci ilin aprelində həbs olunub.

O, Cinayət Məcəlləsinin 214-1-ci (terroru maliyyələşdirmə) maddəsi ilə ittiham edilib.

İstintaqın sonunda ona daha iki maddə ilə – 28.281 (dövlət əleyhinə yönəlik açıq çağırışlara hazırlıq) və 233-1 (qanunla mülki dövriyyədə olmasına yol verilməyən əşyaları əldə etmə, saxlama) – ittiham verilib.

2021-ci il oktyabrın 8-də Bakı Ağır Cinayətlər Məhkəməsi Niyaməddin Əhmədovu 13 il azadlıqdan məhrum edib.

Niyaməddin Əhmədov özünü təqsirli bilmir və ittihamları öz siyasi fəaliyyəti ilə əlaqələndirib.

2024-cü il martın 18-də AXCP-nin Daşkəsən rayon şöbəsinin sədri Sahib Məmmədzadə saxlanılıb.

Göygöl Rayon Məhkəməsinin qərarı ilə Sahib Məmmədzadəyə Cinayət Məcəlləsinin 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, daşıma, saxlama) maddəsilə ittiham irəli sürülüb. Lakin cəbhəçi fəal özünü təqsirli bilmir.

AXCP Təşkilat Şöbəsinin əməkdaşı Elxan Əliyev 2023-cü il iyulun 26-da Sabunçu Rayon Polis İdarəsində saxlanılıb.

O, Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsilə şübhəli şəxs qismində saxlanılıb.

2024-cü il martın 18-də Bakı Ağır Cinayətlər Məhkəməsində prokuror Elxan Əliyevə 7 il həbs cəzası istəyib.

Elxan Əliyev özünü təqsirli bilmir, siyasi baxışlarına görə həbs olunduğunu deyir.

Azərbaycan rəsmiləri ölkədə siyasi məhbusların olması ilə bağlı fikirləri qəbul etmirlər.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button