Rusiya Ukraynanın enerji sisteminə kütləvi zərbələr endirib

Rusiya cümə günü, martın 22-i gecə Ukraynanı növbəti iri raket hücumuna məruz qoyub. Bütün ölkə ərazisində hava hücumu xəbərdarlığı elan edilib.

Ukraynanın energetika naziri German Qaluşenkonun sözlərinə görə, bu, ölkənin enerji sektoruna son zamanlar ən böyük hücumdur: “Məqsəd təkcə ziyan vurmaq deyil, ötən il olduğu kimi, ölkənin enerji sisteminin işində iri fasilə yaratmaq cəhdidir. Təəssüflər olsun ki, müxtəlif vilayətlərdə zərbələr nəticəsində generasiya qurğularına, ötürücü və paylayıcı sistemlərə ziyan dəyib”, – nazir Facebook-da yazıb.

Bir sıra regionlarda elektrik enerjisinin verilişində fasilələr var.

Qaluşenko təsdiqləyib ki, atəşə görə Zaporojye Atom Elektrik Stansiyasını (AES) təchiz edən elektrik xətlərindən birində cərəyan kəsilib. Hazırda stansiya Ukraynanın enerji sisteminə yalnız daha aşağı gücü olan bir ötürücü xətti ilə qoşulub. “Bu vəziyyət son dərəcə təhlükəlidir və fövqəladə vəziyyətə gətirib çıxara bilər”, – “Energoatom”un rəhbəri Petro Kotin deyib.

Zərbə Dnepr Su Elektrik Stansiyasının (SES) hidrotexniki qurğularına və bəndinə də endirilib. “Ukrhidroenerqo”nun açıqlamasında bildirilir ki, stansiyada yanğın başlayıb.

Rusiya raketi SES-in bəndi ilə hərəkət edən trolleybusa düşüb. Bu barədə Rusiya işğalına qədər Mariupol merinin müşaviri vəzifəsini tutan Petro Andryuşşenko məlumat verib. Onun sözlərinə görə, trolleybusdakı sərnişinlər işə gedirmiş. Su elektrik stansiyasının ərazisində nəqliyyatın hərəkəti dayandırılıb.

Rusiya 2022-ci il fevralın 24-də Ukraynaya silahlı hücum edib.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button