Faiq Əmirlinin xanımı prokurorluğu məhkəməyə verdi

“Azadlıq” qəzetinin yayım direktoru Faiq Əmirlinin həbsindən iki aya yaxın vaxt keçir. Onun etibarnamə ilə idarə etdiyi avtomobil hələ də Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin həyətində saxlanılır.

Avtomobilin sahibi Faiq Əmirlinin həyat yoldaşı Lalə Əmirlidir. Lalə xanım əmlakının qaytarılması üçün dəfələrlə istintaq orqanına müraciət etsə də, nəticəsi olmayıb. Avtomobilin hansı səbəbdən prokurorluqda saxlanıldığı, istintaq üçün hansı əhəmiyyət kəsb etdiyi barədə də heç bir məlumat verilməyib.

Hərçənd, Faiq Əmirli həbs olunan gün avtomaşını aparan polis və prokurorluq əməkdaşları onun qısa müddətdə geri qaytarılacağını bildirmişdilər.

Lalə Əmirli mülkiyyət hüququnun pozulması, əmlakından istifadəyə qadağa qoyulması ilə əlaqədar məhkəməyə müraciət edib. Artıq məhkəmə nəzarəti qaydasında verilmiş şikayət ərizəsi Nəsimi Rayon Məhkəməsinə təqdim olunub.

Xatırladaq ki, Faiq Əmirli avqustun 20-də həbs olunub. Ona qarşı CM-nin 168.1-ci (Dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) və 283.2.2-ci (Milli, irqi, sosial, dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham irəli sürülüb.

Lakin Faiq Əmirli ittihamları qəbul etmir və siyasi sifarişlə həbs olunduğunu, barəsindəki cinayət işinin də saxta olduğunu bildirir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button