Fransada olanlar və “fransız” qalanlar

Elvin Cavadzadə
Məlum məsələ neçə gündür ki, müzakirə olunur, elə bunun özünə çox heyif ki, nə qədər müzakirə olunası əsl faciələr var ikən bu söhbət şişirdilərək bu qədər uzanır. Əslində, uzun müzakirə olunmalı bir şey də baş verməyib. Bu təkrar ssenaridir. Növbəti beynəlxalq tamaşadır və ilk gündən tamaşaçı kütləsi topladı. Müzakirənin bu qədər sürməsinə səbəb tamaşaçıların fikir ayrılıqlarıdır. İndi tələsmədən məsələnin izahına çalışacam.
Baş verdirilənlər 
Hadisə Parisdə, “Şarli Ebdo” jurnalının redaksiyasında baş verdirilib. Niyə belə yazıram? Əslində, bunu izah etməyə ehtiyac yoxdur. Kifayət qədər dəlil var ki, hadisənin qurma olduğunu hər kəs görə. Təbii ki, bu hadisənin baş verməsindən başqa “harda”sı, “niyə”si, “necə”si, “kim”i və digər yönləri ilə maraqlanmayanlar əvvəldən gözlərini yumub ağızlarını açmışdılar. Yaxud simvola çevirdikləri qələmə və klaviaturaya köklənmişdilər. O insanlar barədə aşağıda bir az ətraflı yazacam, indi isə bu hadisənin özü barədə bir neçə cümlə həsr edək. İllərdir müxtəlif din nümayəndələri haqqında karikaturalar çəkib, sözlər yazıb beynəlxalq qanunlara və jurnalistika qaydalarına, əxlaqına zidd olaraq insanların inanclarını təhqir edən, dini etiqad və vicdan azadlıqlarına hörmətsizlik edən jurnallardan biridir haqqında danışılan. İslam dinini də hədəfə alan jurnal Həzrət Muhəmməd (s) peyğəmbəri də təhqir edən karikaturalar çəkmişdi. Amma çoxdan. Son zamanlar isə Həzrət Məryəmi və Həzrət İsa peyğəmbəri və terror təşkilatı olan İŞİD-in başına gətirilmiş Əl-Bağdadinin karikaturalarını çəkmişdilər. Bu olayların hansı karikaturaya bağlanması çox önəmlidir. Niyə Hz. Muhəmmədə görə məhz indi?
Mən bu olaylara terror demirəm, çünki kifayət qədər əksini göstərən məqamlar var və ölən olub-olmaması qaranlıqdır. Neçə ölən gördünüz, neçə öldürülmə gördünüz? Eyni personalla 2 xərəkdə 12 ölü daşındı? O videoda güllələnən polis hansı materialdan idi ki, güllə ilə vurulmanın reaksiyası olmadı. Qan çıxmadı, bədən titrəmədi. Güllə, ümumiyyətlə, ona dəymədi, deyəsən, bəs onda adı niyə “ölü”lər siyahısındadır? Bu tip şübhəli faktlar çoxdur, heç də hamsını bura yazmaq fikrində deyiləm. Mənə insanların reaksiyaları maraqlı idi. Az qala baş vermiş xəbəri, sadəcə, dostundan alanlar da ağız-ağıza verib İslamı müzakirəyə çıxardı. Loru dillə deyək ki, müsəlmanlar evlərində oturduqları yerdə işə düşdülər. Gəl indi bu ittihamlara cavab vermə. Əslində, terrorist olmadığımızı sübut etməyə ehtiyac da yox idi. Milyard yarımı bir anda təhlükəli sayan zehniyyət niyə ölüb-itmir? Təhlükəli olsaydı, öz ölkəsindəki işğalçılara qarşı təhlükəli olardı da bu insanlar. Neçə müsəlman dövləti öz ərazisində gerçək terrorla və gündə onlarla ölü ilə baş-başadır. Təkcə 7 yanvar tarixi üçün əldə etdiyim sayları nəzərinizə çatdırıram:
İraqda – 83 nəfər;
Yəməndə – 38 nəfər;
Suriyada – 26 nəfər;
Əfqanıstanda – 18 nəfər;
Fransada – 12 nəfər (əgər öldürülübsə).
“Kədərlənənlər”
Niyə 12 nəfərdən danışılmalıdır, amma təkcə həmin gün öldürülən 165 nəfərdən, həmin gündən əvvəl və sonra öldürülən yüzlərlə, minlərlə insandan danışılmamalıdır və az qala öyrəncəli olduğumuz xəbər halına gəlməlidir? Niyə insan ölümü barədə xəbərlər artıq az qala “əşi, belədir də” deyib keçdiyimiz haldadır. Bu qədərmi hissiyyatsızıq? Bəs onda 12 nəfərə görə hissiyyat hardan əldə edildi? Yüzlərdən yox, məhz 12-dən danışmaq qeyri-səmimilik və axmaqlıq deyil də nədir? Təbii ki, bu 12 nəfərə görə səs salanlardan digər ölkələrdəki qırğınlara da etiraz edənlər var, amma müqayisə edilsə, onların da əksəriyyəti əvvəlki sakit etirazlarına rəğmən bu dəfə çox səs-küy saldılar
“Kədərlənənlər” xüsusən o Fransaya yarınmağa çalışırlar ki, dünya tarixində ən vəhşi və ədalətsiz dövlətlərdən biridir, bu günə kimi də belədir. Haqlı olaraq 1.5 milyon əlcəzairlinin çox böyük dəhşətlərlə soyqırım edilməsini yada saldıq, haqlı olaraq Qarabağ müharibəsi dövründə, ondan əvvəl və sonra Fransanın ermənilərə yardımı və dəstəyini yada saldıq, Fransanın BMT Baş Məclisinin 62-ci sessiyasında müzakirə edilib səsverməyə qoyulan “Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət” barədə qətnamənin əleyhinə səs verən 7 dövlətdən biri olması və üstəlik də, digər dövlətləri də buna səsləməsini də yada saldıq, bir neçə dövlətin ərazisində terrorçuların gətirilərək terror təşkilatı yaradılmasında və onlara hər cür yardım edilməsində iştirakını da yada saldıq..
Bu günə kimi ermənilərin əsir saxladığı və olmazın işgəncələr verdiyi 4 mindən çox əsirə görə, yaxud XX əsrin dəhşətli qətliamlarından olan Xocalı qətliamına görə nə ermənilərə, nə rəhbərlərinə etiraz etməyən, karikatura çəkməyən axmaqlar məhz soyqırıma məruz qalanların bir də dinini məsxərəyə qoyacaq və yuyulmuş beyinlər onlara dəstəyini davam etdirəcək? Əslində, Qarabağda ağır cinayətlər törətmiş insanların zəhərlənməsi fikrinə görə çox gərgin olan, qanun, hüquq yada salanlardan başqa heç nə gözləmirdik də.
İslam dini barədə bir neçə söz
Mənim İslam dinini təmizə çıxarmaq kimi bir fikrim yoxdur. İslam onsuz da təmizdədir. Görək, bu hadisə olan günlərdə gerçək müsəlmanlar nə etdilər? Çoxları yuxuda olarkən qar yağırdı və bunu görən iki gənc Bakıda kilsələrin birinə gedərək kilsəyə gələn yolu qar və buzdan təmizlədi. Ona görə ki, kilsəyə inanclı insanlar rahat gələ bilsin və ibadətlərini etsinlər. Bu həmin günlərdə ortaya qoyulan ən yaxşı cavablardan idi. Terroristlərə görə İslamı qınamaq yolunu seçənlər normal düşünsələr, bu gənclərə görə də İslamı təqdir etməli idilər və beyinlərində bir “error” yaranmalı idi və onlar bunu həll edərək anlamalı idilər ki, insana görə din müzakirə edilməz, xüsusən də o insanın əməli dindən təşviq olunmayıbsa. Yeri gəlmişkən, videonun linkini burda paylaşıram:
https://www.youtube.com/watch?v=xm9oHnE3yhM&sns=fb
Bəziləri Qurandan 2-3 ayə seçərək sevincək müzakirələrə atlanırlar ki, bəs İslam terroru, cinayətləri aşılayır və bu əsas kitab olan Quranda da var. Çox yox, bir az savadı, məntiqi və ədaləti olan insan kiçik bir araşdırma edərək anlaya bilər ki, bu ayələr heç bir günahsız insanı öldürməyi, heç bir kütləvi qırğını aşılamır. Quranda hücuma və zülmə məruz qalarkən döyüşmək hüququ var. Mütəxəssis olmadığımdan daha geniş yazmaq mənə düşməz, amma qeyd edim ki, bəlli bir tarixə, hadisəyə, şəxslərə, bir neçə ayəyə bağlılığı olan ayələri onlardan ayırıb ayrıca mənada təqdim etmək cəhdləri gülüncdür.
Beynəlxalq qanunlar
Gələk, jurnalın və karikaturaçıların etdiyi səhvin nədən ibarət olmasına. Ümumdünya insan hüquqları bəyannaməsinin 29-cu maddəsinin 2-ci və 3-cü bəndlərində deyilir:
2. Hər bir insan öz hüquq və azadlıqlarını həyata keçirərkən yalnız o məhdudiyyətlərə məruz qala bilər ki, onlar müstəsna olaraq, başqalarının hüquq və azadlıqlarının lazımi qaydada tanınması və onlara hörmət edilməsinin təmin edilməsi və demokratik cəmiyyətdə əxlaq qaydalarının, ictimai asayişin və ümumi rifahın ədalətli tələblərinin ödənilməsi naminə qanunla müəyyən edilmişdir.
3. Bu hüquq və azadlıqların həyata keçirilməsi heç bir halda Birləşmiş Millətlər Təşkilatının məqsəd və prinsiplərinə zidd olmamalıdır.
Buradan başa düşürük ki, başqalarının hüquq və azadlıqlarının lazımi qaydada tanınması və onlara hörmət edilməsi insanın öz hüquqlarını həyata keçirərkən bir növ sərhəd rolunu oynayır. Yəni mənim hüquq və azadlıqlarım başqasının hüquq və azadlıqlarının sərhədinə qədərdir. Baxaq, görək, jurnal hansı hüquq və azadlıqları lazımi qaydada tanımadı və hörmət etmədi? Bəyannamənin 19-cu maddəsində deyilir:
Hər bir insan əqidə azadlığı və onu sərbəst ifadə etmək azadlığı hüququna malikdir: bu hüquqa maneəsiz olaraq öz əqidəsində qalmaq azadlığı və istənilən vasitələrlə və dövlət sərhədlərindən asılı olmayaraq, informasiya və ideyalar axtarmaq, almaq və yaymaq azadlığı daxildir.
Qanunların hamısını məqaləyə yazmaq və xırdalamaq lazım deyil. Qısacası “söz azadlığı” bəhanəsi ilə digər hüquq və azadlıqlar tapdanmamalıdır. Necə olur ki, yəhudilərə qarşı olan tənqid və təhqirlərin qarşısı “anti-semitizm” adı ilə alınır, amma İslama qarşı, xristianlığa qarşı konkret təhqiramiz karikaturalar “söz azadlığı” bəhanəsi ilə himayə edilir və edilən şikayətlər məhkəmədə təmin edilmir. Bu halda birtərəfli olaraq “terrorçu”nu qınamaq olmur, axı səbəb olan və zəmin yaradan tərəf jurnalın özü və Fransa dövləti olmuşdu. Söz azadlığı Sarkozinin oğlunu tənqid edən karikaturaçı üçün niyə şamil olunmadı və o niyə karikaturasına görə işdən çıxarıldı? Parlamenti qondarma və gülünc “erməni soyqırımı” iddialarının inkarını cinayət sayan qanun qəbul edən Fransada nə söz azadlığı?
Dini və milli məsələlərin problemlərə qarışdırılması
Bizə də, əsasən, o nümunə gətirilir ki, bəs onlar İsanı da karikaturaya çəkirlər. Əvvəla, İsa bizim üçün başqası deyil, müsəlmanların da öz peyğəmbəridir, ikincisi də ki, susan xristianlar niyə bizə nümunə olmalıdır ki? Nə əsasla? Standartlar dəyişməlidir. Hər dəyərin, mövqenin presedenti qərbdəki ola bilməz. Hər bir dinin, ideologiyanın, millətlərin və onların ardıcıllarının öz xüsusi cəhətləri var və xüsusi baxılmalıdır. Hər kəsi dünyəvilik üzərində qərbdə yazılmış və yazılmamış qaydalara məcbur etmək özü azadlıqlara ziddir. Konkret olaraq İslam təhqiri qəbul etmir və bu nəzərə alınmalıdır. Peyğəmbər barədə Quran kitabımızın “Əzhab” surəsindən 6-cı ayədən bunu xatırlatmaq yerinə düşər:
“Peyğəmbər möminlərə onların özlərindən daha yaxındır”
Qanunlarda təhqir və onun qarşısının alınması nəzərə alınıb da, yuxarıda göstərdiyim kimi. Sadəcə olaraq, səbəblər Qərbin siyasi maraqlarıdır. Nəzərə alınmamış olsaydı, belə karikaturalara qarşı dünyanın bir çox yerlərində baş qaldırmış etirazlar onu göstərdi ki, təhqirə münasibət dəyişməlidir. Söz azadlığı təhqir azadlığı deyil.
Daha bir məsələ var. Bu nə vaxtdan qayda olub ki, bir hadisəni törədənin dini yaxud milləti sorğulansın, törədənin öz şəxsi xasiyyəti və xüsusiyyəti qalsın kənarda? Baxın, sadə bir misal çəkəcəm, deyək ki, bir kişi başqa bir kişini maşınla vuraraq öldürüb. Siz o insanların adı, dini və milləti və hadisənin motivi barədə bilmədən nə deyəcəksiniz? Bəlkə də, əksəriniz öldürəni qınayacaqsınız. Təbiidir. Amma məntiq və ədalət tələb edir ki, araşdırılma aparılsın. Ola bilər ki, ölən özünü qəsdən atıb sürətlə gələn maşının qarşısına. Burada kimsə “o sürətlə niyə gəlir?” yaxud “sürücü maşını saxlaya bilmir? kordur? hara baxır?” suallarını verəcəksə də, daha o qədər dərin izah vermək niyyətim yoxdur. Ölənin intihar etməsini qoyaq kənara. Ölənin və öldürənin adı bilinsə, nə olacaq? Dərhal bəzi insanlar önfərziyyə ilə onun adından millətini və dinini qərarlaşdırmağa çalışacaq və hadisəni ya milli, ya dini zəminə bağlayacaq. Əgər birinin milləti rus, digəri ukraynalıdırsa, yaxud birinin milləti serb, digərinin milləti albandırsa, böyük ehtimalla son illərin hansı hadisəsinə bağlanacağını bildiniz. Bu arada qeyd edim ki, hər iksini kişi hesab edək, birinin qadın olması da tamam başqa söhbətlərə yol aça bilər oxşar məntiqlə.
İndi bu misaldan yol alaraq gələk onların dininə. Öldürən və ölənin dini barədə timeturk.com xəbər portalında Furkan Azəri maraqlı ardıcıllıq təsvir edib. Onu gördüyünüz şəkildə kiçik dəyişiklərlə dilimizdə tərcümə ilə verirəm. 
Başqa irad və ittihamlara cavablar
Öldürülənin peşəsini bayraq edərək ağlaşma quranlara sözüm bu ki, Qarabağda, Suriyada, İraqda, Fələstində öldürülənlərin də içində müxtəlif peşə sahibləri var və öldürülən uşaqlar, kim bilir, bəlkə də, zəmanələrinin alimləri, müəllimləri, həkimləri, jurnalistləri, siyasi xadimləri, mədəniyyət adamları olacaqdı.. Sizin peşə sevən cildiniz beləcə saxtadır. Karikaturanın sənət olduğunu deyib söz azadlığından dəm vuranlar, sadəcə, ailələrindən əziz bir nəfəri düşünsünlər, ona aid o tərzdə karikatura çəkilsə bəyənərlərmi? Cavabın mənə fərqi yoxdur, amma bu karikaturanı bəyənməyəcək olanları bir daha ədalətə səsləyirəm, bəyənəcək olanlara isə sözüm yoxdur, onlar heç kimə nümunə ola bilməzlər.
Şərqdə, o cümlədən müsəlman dünyasında olan zəiflik və geriliklərin səbəbləri tamam başqadır, İslam dini ilə əlaqəsi yoxdur, bu barədə geniş yazmaq istəmirəm, sadəcə, “kədərlənənlər”in əsas fikirlərindən də biri bu idi deyə qısa qeyd: Bu geriliyin səbəbkarı əsasən təhsilsizlikdir, onun da səbəbkarı çoxu diktator olan hakimiyyətlərdir, hansı ki, çoxları məhz Qərbə işləyir.
Dünyanın ən böyük cinayətlərini, qətliamlarını və terrorlarını törədən dövlətlər bu gün dünyaya insanlıqdan, hüquq və azadlıqlardan danışaraq yenə də əvvəlki cinayətlərini davam etdirirlər, bu, hər kəsə bəllidir, hətta qərbçilərin özlərinə də. Məsələ bu karikaturada gördüyünüz kimidir, əsas olan o əlin sahibinin kimliyidir.  
Bir sözlə, hadisə 11 sentyabr və Boston hadisələrinə bənzəyir və onlar kimi bunun da sıradan bir terror olması gülüncdür. 11 sentyabrda “öldürülənlər” də görünmədi və sonradan sağ olduqları üzə çıxdı. Bu kimi onlarla fakt var bu “terror” oyunlarının əleyhinə.
Əgər bir neçə nəfərə görə Əfqanıstana, İraqa, Yəmənə girməyə haqq qazandırılırsa, onda belə çıxır ki, Orxan Zeynalova görə Rusiya buranı işğal etməliydi. Krımı işğal etdiyi kimi. Niyə Boston hadisələrindən sonra Rusiyaya antiterrora girilmədi? Onu da edəydi də İraq ərazisinə girənlər. Cürət çatmadı?
İslama, müsəlmanlara, onların məscidlərinə qarşı hücumlar üçün yeni bəhanə lazım imiş, Parisdən görünən budur. Yeni karikaturalar planlaşdıranlar isə rəsmən demək istəyirlər ki, bu 12 çox az oldu.
Bu hadisələrdən sonra tələsik mövqe bildirib, bəyanat edib “terror”u tanıyanlara və pisləyənlərə isə deməyə sözüm çox deyil. Hər şey gün kimi bəllidir. Terror pislənməlidir, hansı ki, hər gün baş verir. Baş verməsi dəqiq olmayan bir şeyi pisləmək yarınmaqdan başqa bir şey deyil və bunu edənlər gülməlidir.
Ümumiləşdirmələrə son cavab olaraq bu misalı çəkim: Bu ona bənzəyir ki, sən toplaşaraq oyun oynayan uşaqları incidirsən və onlardan söyüş biləni və ya söyüşcül olanı səni söyəcək, daş atanı atacaq, hansısa çəkinərək xahiş edəcək ki, incitməyəsən onları. Bir sözlə, heç də hamısı sakit durmayacaq yəni. Uşaqların hamsından sakitlik, söz ilə etiraz tələb edə bilməzsən. Qınanan da sən olacaqsan, ona görə ki, bilməli hər cür cavab ala biləcəyini. Bu baxımdan nə edirlərsə, yeri gələndə əcəb də edirlər. Sən onlara qarşı öz doğru bildiyini edəndə onlar da öz doğru bildiyini edər, bu qədər bəsit.
Son qeyd: Terrorçunun dini olmur. Məsələlərə bu qədər “fransız” qalmaq olmaz. Son olaraq buradan Qərbə qarşı dəlil və iradların qarşısında söz tapmayanda “konspirasiya nəzəriyyələri” sözünü işlədənlərə bir karikatura hədiyyə edirəm.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button