Həbsdə olan jurnalist ictimaiyyətə müraciət etdi: “Hakim Əfqan Hacıyev “üzəduran”lardan pendir istədi!”-MƏTN

Həbsdə olan jurnalist Abuzər Cəfərli Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə, KİV nümayəndələrinə və hüquq müdafiəçilərinə müraciət edib.

Xural.com-a daxil olan müraciətdə deyilir:

“Cənab Prezident!

Hörmətli müstəqil media nümayəndələri və hüquq müdafiəçiləri! Mən jurnalist Abuzər Cəfərli 20 ildən yuxarıdır ki, mətbuatda çalışıram. Sosial, insan hüquqlarının qorunması, məmur özbaşınalığı, hüquq mühafizə orqanlarında qeyri-peşəkarların fəaliyyəti nəticəsində insanların azadlıqdan məhrum olunması və digər ictimai-siyasi mövzularda yüzlərlə yazılarla qəzetlərdə, sosial şəbəkələrdə çıxış etmişəm. İnsan hüquq və azadlıqlarının müdafiəsi naminə, daima konfranslarda, vətəndaş cəmiyyətlərinin iştirakı ilə keçirilən toplantılarda iştirak etmişəm. Dövlətimizin mənafeyini uca tutaraq, qanun pozuntularına qarşı çıxmışam, insanları harın məmur özbaşınalığından qorumaq istəmişəm.

Bu gün isə öz hüquqlarım, azadlığım məmur özbaşınalığı ucbatından hüquq mühafizə orqanlarındakı  “kor bağırsaq”lar tərəfindən tapdalanıb. Əlacsız bir durumdayam.  Yazdığım ərizə və şikayətlərə cavab verilmir, eşidilmir, həbsxana divarlarından kənara çıxmır.

Belə ki, 2015-ci il sentyabrın  30-da səhər tezdən, heç bir rəsmi çağırış olmadan, Bakı şəhərində, Gənclik metrosunun yanında, Şamaxı polisi tərəfindən, heç bir sənəd təqdim olunmadan həbs olunaraq, Şamaxı şəhərinə aparılmışam. Ancaq xoşbəxtlikdən qanunsuz həbsim barədə “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallıya və hüquq müdafiəçisi Oqtay Gülalıyevə xəbər verə bildim… Məhz bu xəbərə görə də ağır işgəncələrdən qurtulsam da, absurd, qondurma ittihamlardan  qoruna  bilmədim.

Qeyd edim ki, həbsdən əvvəl Şamaxı şəhər sakinlərinin müraciəti əsasında, sosial şəbəkələrdə bir neçə yazı yazmışdım. Tanımadığım adamlar tərəfindən hədələnməyim, öldürüləcəyim barədə olunan xəbərdarlıqlar barədə həm 102 xidmətinə, eyni zamanda Suraxanı rayon  31-ci polis bölməsinə rəsmi müraciət etmiş, sosial şəbəkədə məlumat yaymışam. ( Baxa bilərsiniz. Abuzer cefer-li / facebook.com )

Şamaxı şəhər polis şöbəsində mənə bildirdilər ki, səni “ Prezident Hakimiyyəti dəstək komitəsinin” (!?)   sədri, Şamaxı şəhər sakini,  N.Rəfibəyli küç, ev 9 da yaşayan Şıxəliyeva Fəridə Baldan qızı (tanımırdım),  Manafov Tapdıq Ağasəmid – Şamaxı şəhər Pidrəki küçəsi 6A, Maliyyə Nazirliyinin müfəttişi, Əzizov Xamişin oğlu Mehrab (Şamaxı Şərifzadə ev 45) Əliyeva Xanım (tanımıram- red.) və digər şəxslərdən guya pul aldığıma dair şikayətləri olduğuna görə həbs etmişik. Mən qəti etiraz edərək bu adamları tanımadığımı, heç bir pul almaq məsələsi olmadığını bildirdim və  rayon prokroru ilə görüş tələb etdim. “Səni elə prokuror tutdurub” – deyə güldülər.

Şamaxı rayon prokuroru Zakir Müslümovla görüşərkən o, mənim günahım olmadığını, bu hadisəni Tapdıq Manafovun özünün törətdiyini bildiyini, onun haqqında da “Hüquqi” tədbir görəcəyini “kişi” kimi etiraf etdi. Mənim azadlığa buraxılmağım üçün T.Manafovun mənim yanımda Sabirabad rayon polis şöbəsinin rəisinə, prokuroruna, hakiminə, müstəntiq Qurbanəliyə pul verdiyini, bu verilən “rüşvətin”-in nəticəsində T.Manafovun bacısı oğlanları, məhşur “residivist” Çingiz Şıxəliyevin, Xosrov Şıxəliyevin, Vüsal Şıxəliyevin (Fəridənin oğludur, sonradan öyrəndim) azadlığa buraxıldığını təsdiq edən ifadə verəcəyimi “məsləhət” gördü. Mən isə təkidlə heç bir polis rəisinə, prokurora, hakimə pul vermədiyimi, “rüşvət” verildiyini görmədiyimi, bu təklifin qanun pozuntusu olduğunu və buna görə yuxarı orqanlara şikayət edəcəyimi bildirdim. Müstəntiq Aləm Eyvazov isə “sən bunları tanımırsan, gör onlar nəsillikcə, arvadlı-kişili necə sənin üzünə duracaqlar” deyə bildirdi.

31 sentyabrda Şamaxı polis şöbəsində hüquq müdafiəçisi Oqtay Gülalıyev mənimlə görüşdü, mətbuatın mənim həbsimə laqeyd qalmadığını, ancaq Şamaxı polis şöbəsinin mənim həbsimlə bağlı qərəzli surətdə yalan məlumat yaydığını bildirdi (güya mənim cibimdən 20 jurnalist vərəqəsi çıxıb – red.).

Şamaxı rayon prokuroru Z.Müslümov özünü sığortalamaq üçün T.Manafov barəsində cinayət işi açdı, sonradan “müəmmalı” şəkildə bağladı (!?). T.Manafovun Respublika Baş Prokrorluğunda işləyən yaxın qohumu R.Nəbiyevin xeyir-duası ilə…

Mənim isə hüquqlarım Cinayət Məcəlləsinin və Cinayət Prosessual Məcəlləsinin tələblərinin pozulması ilə davam edirdi. Mənim çəkinmədiyimi, öz hüququmu tələb etdiyimi görən Şamaxı “hüquqşunasları”, mənim üzümə dura biləcək yeni “şərəfli” şahid, zərərçəkən axtarışına çıxdı… “İşverənlər” ordusu içərisindən yalançı zərərçəkənlər Şamaxı rayon Əngərxan kənd sakini İslamov İslam İslah oğlu və övladı Şamaxı “AzQaz” bankda mühafizəçi olan İltizam, T.Manafovun gəlini Manafova Şəhla Ağamir qızı, Şamaxı rayon Quşun  kənd sakini Məcidov Kamran Gülhəsən oğlu, Şamaxı şəhər N.Tusi küç ev 5-də yaşayan Mustafayev Namiq Fikrət oğlu (tanımıram- red.) “ştatlı işverən” formasında peyda oldular…

Gülməli, absurd, qondarma ittihamı sübut etmək üçün dəridən-qabıqdan çıxan prokurorluq, Azərbaycan Respublikasının qanunlarını yumşaq surətdə desək ayaqladılar.

Azərbaycan respublikası CPM- nin 155.1.1;  155.2;  155.2.2;  157.1;  91.5.1;  91.5.3;  91.2.21;  85.2.4;  91.5.15;  157.5 (9 iyul premum qərarı);  125.2.7;  153.3.2;  156.3;  227.3;  284-288 və digər maddələrinin tələblərinin pozulduğu barədə Respublika Baş Prokrorluğuna, Bakı şəhər Prokrorluğuna, Ağır cinayətlər məhkəməsinin sədri M.Nəbiyevə və digər səlahiyyətli qurumlara yazdığım şikayət ərizələrinə cavab verilmədi. Ən pisi də ki, buradan – İstintaq Təcridxanasından  yazdığm məktublar ünvana çatmır. Misal üçün Mətbuat Şurasına yazdığım məktubu göstərə bilərəm.

Şamaxı polis şöbəsi qondarma cinayət işini davam etdirmək üçün cinayət işini Yasamal rayon Polis İdarəsinə göndərdi. Yeni müstəntiq əslən Gəncədən olan Əliyev Vüqar Ramazan oğlu, onunla anlaşa bilməyəcəyim təqdirdə, mənə daha ağır maddə verəcəyini, işə isə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılacağını bildirdi. Heç bir anlaşmaya getmədim, günahsız olduğumu bildirdim. Müstəntiq isə şikayət etdiyimə görə şamaxılı yalançı “zərərçəkənləri”, “ştatlı şahidləri” başına yığaraq, onlardan mənim işimi ağırlaşdırmaq üçün yenidən qərəzli ifadə alaraq, (guya mənə verilən) “pulun” məbləğini artırdı. Məni 150836021 saylı qondarma cinayət işi ilə tanış etməyərək C.P.M – 284-288 maddəsinin tələblərini kobud surətdə pozdu.

Əsl məzhəkə isə Bakı Ağır Cinayətlər məhkəməsində baş verdi. Müdafiəçiyə etriaz etdim, şikayətim təmin olunmadı. Cinayət işi ilə tanış olmadığımı, CPM 284-288-ci maddələrinin pozulduğu üçün cinayət işinin geri qaytarılmasını, müstəntiq barədə xüsusi qərardad çıxarılması barədə verdiyim vəsatətim baxılmamış qaldı. Hakim Əfqan Hacıyev qanunları pozaraq mənim yalançı “zərərçəkən və şahidləri”  ifşa etməyimə imkan vermədi. Hətta prokror F.Nağıyev  T.Manafovun həbs olunmasını, bütün hadisənin məhz onun törətdiyini, haqqında açılmış cinayət işinin hansı səbəbdən bağlandığı barədə verdiyi sualları hakim Ə.Hacıyev əngəllədi. Əvəzində isə o, zərərçəkənlərdən PENDİR gətirməsini istədi (!?). Məhkəmə protokolları ilə mənim tanış olmağıma imkan vermədi, nəticədə isə protokolu saxtalaşdırıblar.
Hazırda işim Apellyasiya məhkəməsindədir. Müdafiəçim isə tanınmış vəkil Elçin Sadıqovdur. Sağ olsun Əvəz Zeynallı… Məni tək, müdafiəsiz qoymadı…

Cənab prezident, hörmətli müstəqil media nümayəndələri və hüquq müdafiəçiləri!

Mən bir ildən artıqdır ki, şərlənib həbs olunmuşam. Etmədiyim cinayətə görə ittiham olunuram. Bu müraciəti sizlərə ünvanlamaqda məqsədim odur ki, biləsiniz ki, mən saxta ittihamlarla həbsdəyəm. Sizdən xahişim odur ki, mənimlə bağlı cinayət işini diqqətdə saxlayasınız, bundan sonrakı məhkəmə proseslərinin ədalətli və obyektiv keçirilməsinə yardımçı olasınız”.

 

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button