Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platforması yaradılıb

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”na uyğun olaraq, dövlət qurumları və QHT təmsilçilərinin iştirakı ilə Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının təsis yığıncağını keçirib.

APA-nın  məlumatına görə, Şuranın sədri Azay Quliyev deyib ki, Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Platformasının yaradılması təşəbbüsü cəmiyyət üçün vacib əhəmiyyət kəsb edir.

QHT-hökumət əməkdaşlığı bu gündən yeni mərhələyə qədəm qoyur

A.Quliyev qeyd edib ki, dialoq, əməkdaşlıq hər zaman cəmiyyət üçün faydalıdır və bir çox məsələni dialoq yolu ilə həll etmək olar. Platforma informasiya əldə etmək, fiksal şəffaflıq ictimai iştirakçılıq üzrə Azərbaycan hökuməti və Milli Məclislə əməkdaşlı etmək, bu məsələlərlə bağlı hökumətin apardığı islahatlar üzrə tövsiyələr vermək, “Açıq Hökumət” Tərəfdaşlığı Təşəbbüsü çərçivəsində Azərbaycan hökumətinin hazırladığı Fəaliyyət Planının həyata keçirilməsinin monitorinqini aparmaq, “Açıq Hökumət” Tərəfdaşlığı Təşəbbüsündə Azərbaycanın vətəndaş cəmiyyətini təmsil etmək, təşəbbüsdə maraqlı olan dövlət orqanları, yerli vətəndaş cəmiyyəti institutları və beynəlxalq təşkilatlarla, özəl sektor təmsilçiləri ilə əməkdaşlıq və məsləhətləşmələr aparmaq və elektron hökuməti təşviq etmək istiqamətlərində fəaliyyət göstərəcək.

Platformaya üzvlük bu təşəbbüsü dəstəkləyən hər bir vətəndaş cəmiyyəti, parlament və hökumət təmsilçiləri üçün açıq olacaq.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynlinin tədbirdə iştirak etdiyini və parlamenti təmsil etdiyini nəzərə çatdıran A.Quliyev deyib ki, bu, Milli Məclisin Platformanın yaradılmasında maralı olduğunu göstərir. Şura sədri Açıq Hökumət Tərəfdaşlığının Azərbaycan üzrə milli əlaqələndiricisi, millət vəkili Vüsal Hüseynovun da təsis yığıncağında yer aldığını vurğulayıb: “Açıq hökumətdən danışırıqsa, “ASAN Xidmət”i kənara qoya bilmərik. Eyni zamanda Baş Prokuror yanında Korrupsiya ilə Mübarizə Baş İdarəsi, Ədliyyə Nazirliyi, Vergilər Nazirliyi, Maliyyə Nazirliyinin nümayəndələri də tədbirdə təmsil olunurlar. Bu qurumlar bundan sonra tərəfdaş kimi Platformada iştirak edəcək. Biz böyük komanda ilə bu Platformanın təsisçiləri olacağıq. Bu gündən QHT-hökumət əməkdaşlığı yeni mərhələyə qədəm qoyur”.

Ə.Hüseynli ölkənin üzləşdiyi yeni iqtisadi şəraitdə bu cür platformanın, dialoqun mühüm əhəmiyyət kəsb etdiyini söyləyib: “Hökumət və vətəndaş cəmiyyəti arasında dialoq Milli Fəaliyyət Planında da əksini tapıb. Bu, islahatlarla bağlı əməkdaşlığı da özündə ehtiva edir. Bu gün tədbirdə iştirak edən nazirliklər və dövlət qurumlarının nümayəndələri rəhbərlərinin tapşırığı ilə burada iştirak edirlər. Məqsəd yeni əməkdaşlıq formatının qurulmasıdır. Milli Məclisdə iqtisadi islahatlarla bağlı qanunlar qəbul edilir, ancaq vətəndaş cəmiyyəti ilə bu sahədə əməkdaşlığımız effektiv deyil. Bu baxımdan bu gün imzalayacağımız Memorandumla bu sahədə biz də üzərimizə məsuliyyət götürəcəyik”.

V.Hüseynov Azərbaycanın Açıq Hökumət Tərəfdaşlığına 2011-ci ildə qoşulduğunu və bu təşəbbüsün uğurla həyata keçirildiyini xatırladıb. O, Platformanın yaradılmasının əhəmiyyətli olduğunu bildirib.

Müzakirələrdən sonra tədbir iştirakçıları Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının yaradılması barədə Memorandumu imzalayıblar.

v1

v2

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button