Human Rights Watch Azərbaycanda əmlak hüquqlarının kütləvi şəkildə pozulmasına son qoyulmasını tələb edir

29.02.2012 

Human Rights Watch beynəlxalq hüquq müdafiə təşkilatı bu gün Bakıda vətəndaşların mülkiyyət hüququnun kütləvi şəkildə pozulması faktları haqqında hesabat yayıb.

“Azərbaycan hökuməti abadlıq işləri həyata keçirmək və infrastrukturu inkişaf etdirmək hüququna malikdir. Bu tədbirlər ölkə qanunları və beynəlxalq normalar əsasında həyata keçirilməlidir. Lakin son illər Bakıda vətəndaşların əmlakı qanunsuz olaraq əllərindən alınır. Bu zaman vətəndaşların bir sıra hüquqları, cümlədən mülkiyyət hüququ, mənzil hüququ, şəxsi toxunulmazlıq hüququ, ailə həyatına hörmət hüququ pozulur”, deyə Human Rights Watch-un Şərqi Avropa və Mərkəzi Asiya üzrə mütəxəssisi Ceyn Byukenen bildirib.

O, “Hər şeyimi əlimdən aldılar: Bakıda məcburi köçürmələr, vətəndaşların mənzillərinin qanunsuz olaraq alınması və əmlakın dağıdılması” adlı hesabatın həmmüəllifidir. Məruzənin təqdimatı çərşənbə günü Bakıda “Diplomat” otelində keçirilib.

Hesabat Bakının dörd rayonunda – Heydər Əliyev adına sarayın arxasında “Qış bulvarı” salınan yerdə, Bayraq meydanına bitişik, “Eurovision 2012” müsabiqəsinin keçirilməsi üçün konsert kompleksi tikilən ərazidə, Neftçilər prospektində (Əl oyunları və İdman sarayının qarşısında) və Azadlıq prosektində çoxmərtəbəli binalarda (keçmiş Karl Marks heykəlinin yanı) vətəndaşların əmlakının zorla əllərindən alınması faktlarına yönəlib.

Tədqiqat müəllifləri 52 zərərçəkmiş sakin, hüquqşünaslar və müxtəlif QHT-lərin nümayəndələrindən müsahibə alıb.

Hesabata əsasən, son illər Azərbaycanda yüzlərlə ailə qanunsuz olaraq evlərindən və mənzillərindən məhrum olub. Byukenenin sözlərinə görə, müəlliflər hökumətin mövqeyini də əks etdirmək niyyətində idilər, lakin müxtəlif dövlət qurumlarına göndərilmiş 10 məktubdan yalnız iki fərdi hala aid bir məktuba cavab verilib.

Araşdırma zamanı müəyyən olunub ki, evlərin qanunsuz söküntüsü ilə Bakı Meriyası və Dövlət Əmlak Komitəsi məşğul olub.

Tədqiqatın digər həmmüəllifi – Giorgi Qogiya vətəndaşların hüquqlarının pozulmasını aşağıdakı qruplara təsnif edib.

Birincisi, mənzilin vətəndaşların əlindən alınması qanunsuzdur, çünki Azərbaycan Konstitusiyasına görə, heç kim məhkəmə qərarı olmadan evindən məhrum edilə bilməz. Bundan başqa, daşınmaz əmlak hökumətin qərarı ilə yalnız yol salınması, müdafiə əhəmiyyətli obyektlərin tikilməsi və təbii resursların hasilatı üçün dövlət ehtiyacı üçün alına bilər. Bu zaman vətəndaşlara bir il əvvəldən xəbər verilməlidir. Lakin bu prosedurlara riayət olunmayıb, deyə Qogia bildirib.

İkinci qrup pozuntular vətəndaşlara bazar qiymətlərinə uyğun ədalətli kompensasiya verilməməsidir. Bir qayda olaraq, vətəndaşlara ya hər kv. m üçün 1500 manat, yaxud da çox vaxt keyfiyyəti aşağı olan yeni binalarda mənzil təklif olunub.

Üçüncü qrup pozuntular vətəndaşların təhlükəsizliyinə, sağlamlığına və həyatına olan təhlükələrlə bağlıdır. Bir çox hallarda insanların evdə yaşadığı halda evlərin sökülməsi qeydə alınıb. Bundan başqa, çox vaxt evlər xəbərdarlıq edilmədən və gecə sökülüb və insanlar zorla evlərindən çıxarılıblar.

Nəhayət, dördüncü qrup pozuntular vətəndaşların qanunsuz qərarlardan şikayət vermək imkanından məhrum edilməsi faktlarıdır. Bu zaman mübahisələrə baxılması başa çatana qədər evlərin sökülməsini qadağan edən məhkəmə qərarlarına baxmayaraq, evlər sökülüb.

Bu həftə dövlət qurumlarının nümayəndələri nəhayət ki, hesabat müəlliflərini qəbul ediblər. Xüsusən, Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin sədri Səməd Seyidov və XİN-in insan hüquqları idarəsinin əməkdaşı onları qəbul edib. Onlar məruzədə deyilənlərlə razı olmadıqlarını bildiriblər, lakin bu məsələlərin qanun və məhkəmə qərarları əsasında həll edilməli olduğu ilə razılaşıblar.

Maraqlıdır ki, bu gün məruzənin təqdimatı zamanı iki məhəllə aralıda Ş.Bədəlbəyli küç. 8 ünvanında ev zorla sökülürdü.

Araşdırma müəllifləri Azərbaycan hökumətinə bir sıra tövsiyələr veriblər:

– beynəlxalq normalar əsasında şəffaf və ədalətli mexanizm hazırlanana qədər əmlakın zorla mənimsənilməsinə son qoyulması;

– bundan sonra bütün məcburi köçürmə tədbirlərinin məhkəmə qərarları əsasında və köçürülənlərin təhlükəsizliyinin təmin edilməsi və onların şərəf və ləyaqətinə hörmət edilməsi ilə həyata keçirilməsi;

– mənzilindən və əmlakından məhrum olanlara verilən kompensasiyanın ölçüsünə yenidən baxılması;

– insanlara əmlaklarının alınması haqqında qərarlardan şikayət vermək imkanı yaradılması;

– məcburi köçürmələr zamanı zərərçəkmişlərin bütün şikayətlərinin şəffaf araşdırılması;

– müstəqil qiymət təyin edənlərin cəlb olunması ilə ədalətli kompensasiya ölçülərinin müəyyən olunması.

Avropa Yayım Birliyinə (AYB) Azərbaycan hökumətini “Eurovision 2012”-nin keçirilməsi üçün tikilməkdə olan Crystal Hall zarlının ətrafında vətəndaşların zorla köçürülməsi ilə bağlı bütün şikayətləri araşdırmağa çağırmaq tövsiyə olunub.

AYB həmçinin Azərbaycan hökumətindən insan hüquqlarının pozulması faktlarına yol verilməyəcəyinə dair zəmanət almalıdır.

Aİ ölkələri və ABŞ Azərbaycandan insan hüquqlarının təmin edilməsi haqqında beynəlxalq öhdəliklərinə riayət etməsini tələb etməyə çağırılıblar.

CONTACT

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button