Hüseyn Abdullayevdən ittiham dolu yazı: “Əli xalqımızın qanına batan Ayaz Mütəllibovdan da pis olduq?”

Hüseyn Abdullayev Rəsul Quliyevin və Əli İnsanovun tərəfdarlarını ittiham etdi…

 

Hazırda Almaniyada mühacirət həyatı yaşayan məşhur Azərbaycan bəstəkarı Hüseyn Abdullayev özünün facebook səhifəsində son baş verənlərdən yazı paylaşıb. Xural.com 2018-ci ildə keçiriləcək prezidentliyə namizədliyini irəli sürən Hüseyn Abdullayevin statusunu olduğu kimi təqdim edir:

 

“Sevimli oxucularım!
Deməli, bir neçə gün bundan qabaq Azərbaycan mediasındakı yaxın dostlarımdan biri mənə bildirdi ki, İlham Əliyevin ictimai-siyasi məsələlər üzrə köməkçisi və bir vaxtlar mənim şirkətimdə “qapançı” vəzifəsində çalışan Əli Həsənov öz nəzarətində olan bütün sayt və qəzetlərə tapşırıb ki, mənimlə bağlı xəbərlərə yer verməsinlər. Paralel olaraq bu bəzi yalaq jurnalistlərə o da deyilib ki, sosial mediada, xüsusən də feysbukda mənə qarşı qarayaxma təbliğatı aparsınlar. Həmin mənfi piarların bir neçəsinin məgzi belədir:

1. Hüseyn Abdullayev Rəsul Quliyevi xatırladır. O vaxt Rəsul Quliyev də “gəlirəm” deyirdi, amma təyyarəsini Bakıya yox, Simferopola endirdi.
2. Əşi, bu Hüseyn Abdullayevin savadı və siyasi təcrübəsi yoxdur. Xalqımız ona etimad göstərib, prezident seçməz.

Xalqın adından danışmaga cürət edən bu ünsürlərin 3-cü versiyası da odur ki, guya mən mövcud hakimiyyətin öz proyektiyəm (layıhəsiyəm) və onlarla razılaşdırılmış şəkildə hərəkət edirəm.
İlk öncə onu deyim ki, mən nə vaxtsa “gəlirəm” sözünü desəm, heç bir əngələ, təqibə və diktator İlham Əliyevin repressiyasına baxmayıb, öz Vətənimə dönərəm. Amma bu addımın strateji baxımdan düzgün olmadığını və mənə fayda gətirməyəcəyini bildiyimdən bu qərarı hələlik vermirəm. Başqa bir tərəfdən də, Azərbaycan Konstitusiyasından bixəbər olan o zatlara hələ də çatmır ki, mən Almaniyada yaşasam da, bir Azərbaycan vətəndaşıyam və oraya gəlmədən də öz namizədliyimi irəli sürməyə hüququm var.
İndi isə keçək Rəsul Quliyev məsələsinə. Bəri başdan qeyd edim ki, mənim Rəsul bəylə yaxın əlaqələrim və heç bir ünsiyyətim yoxdur. Sadəcə olaraq, mən bir azərbaycanlı və bir vətəndaş kimi ona qarşı yönəlmiş tənqidi fikirləri və əsassız iradları qəbul etmirəm. Və mən əminəm ki, o vaxt onun ”tərəfdarları” qorxaqlıq göstərməsəydilər və ona sözdə deyil, əməldə mənəvi dəstək göstərib hava limanına tökülsəydilər, o da gələrdi. Eyni iradlarımı dərin hörmət bəslədiyim Əli İnsanovun tərəftarlarına da bildirmək istəyirəm. Gözünüzün önündə belə bir ağsaqqala mənəvi işgəncə verən və Avropa İnsan Haqları Məhkəməsinin çıxardığı bəraət qərarına məhəl qoymayan və onun türmədə ölməsini istəyən rejimə lazımi və tutarlı təpkini göstərmədiniz. Sadəcə kənardan baxıb, “O, bizim ağsaqqalımızdır” deməklə yetindiniz. Xahiş edirəm, mənim bu tənqidimi düzgün və anlayışla qəbul edin.
Budurmu vicdandan danışanda ağızlarına çullu dovşanın yerləşmədiyi hakimiyyətin ədaləti? Yəni biz əli xalqımızın qanına batan və 20 Yanvar faciəsinin əsas təşkilatçılarından biri olan Ayaz Mütəllibovdan da pis olduq? Məgər o vaxt insult keçirən və çətin vəziyyətdə olan Heydər Əliyevi Bakının astanasına buraxmayan bu adam deyildimi? Bəlkə uzun müddət Naxçıvan əhalisinə qərəzli münasibət göstərən və onları blokada vəziyyətinə salıb soyuqdan donduran da həmin Ayaz Niyazoviç deyildi? Dağıl dünya, yan dünya, indi bu adam gəlib oturub Bakıdakı bağında, şellənir. Amma bizlər – Heydər Əliyevin ən kritik dönəmində ona sahib çıxan, dəfələrlə ölümdən qoruyan və bütün şəxsi ehtiyaclarını təmin edən insanlar qəribçilikdə Vətən həsrəti çəkirik. İnşallah, despot İlhamı taxtından salarıq və hər birimiz doğma yurdumuza qayıdarıq.
Yekun olaraq, bu gün iqtidarda təmsil olunan və bir vaxtlar mənim pullarımla əyinlərinə şalvar geyinən ”dostlarıma və qardaşlarıma” səslənmək istəyirəm: Mənə “cinayətkar”, “sui-qəsdçi”, “quldur” və “mafioz” deyirsiniz. Bəs niyə 1990-cı illin əvvəllərində mənə məddahlıq etməkdən ötrü boy sırasına düzüldüyünüzdə, üzünüzə yan baxdığım zaman dodaqlarınız çatlayanda, “qardaş, sənə bir şey olsa, biz batdıq” söylədiyinizdə, mənə iki kəlmə xoş söz demək üçün sinov getdiyinizdə “Hüseyn Abdullayevdən prezident olmaz” demirdiniz?

Mənim hesabıma eşşəkdən düşüb “Mercedes”ə minənlər, indi mənə “savadsız” və “intellektsiz” deyirlər… Açın o kar qulağınızı və eşidin. İstər savad, istərsə də dünyagörüşü, zövq, mədəniyyət və siyasi təcrübə baxımından, hər birinizə dərs verərəm. Sizin tümünüzü Araza susuz aparıb, susuz da gətirərəm. Bundan zərrə qədər şübhəniz olmasın.

Girmək üçün düzülüblər sıraya,
Heç kimsəni buraxmazlar araya.
Qibləyə yox, üz tutublar saraya,
Çirkin dünya, səni necə söyməyim?”

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button