İran Azərbaycanın “altını oymaqla” məşğuldur!

Gülarə Yenisey: “İran Şimali Azərbaycanın varlığından çox narahatdır?

Gün.Az-ın Türkiyə Beykent Universitetinin əməkdaşı, İran məsələləri üzrə analitik Dr. Gülarə Yeniseylə müsahibəsini Oxucularımıza təqdim edirik:

– Gülarə xanım, İran nədən narahatdır? İranın siyasi ideoloqları nə üçün Şimali Azərbaycanın müstəqilliyini və azadlığını qəbul etmək istəmirlər?

– Bu sualınız mənə atalarımızın məşhur “ilan, yarpız” məsələni xatırlatdı. İlan yarpızdan nifrət etdiyi kimi, İran rejimi də türkləri sevmir. Türklərin İranda sayca çoxluğu, siyasi gücü rejimi qorxutduğu kimi, sərhəd boyunca da üç Türk dövlətinin – Türkiyə, Azərbaycan və Türkmənistanın yerləşməsi onu qıcıqlandırır.
Ancaq hər kəsə açıq aydındır ki, İran Şimali Azərbaycanın varlığından daha çox narahatdır. Çünki mənəvi olaraq Azərbaycan dövlətini təmsil etməklə cənubu da təmsil edir. Bu da İran rejimini ciddi rahatsız edir. Buna görə də görünüşdə Azərbaycan Respublikasını rəsmən tanımış olsa da, faktiki olaraq “altını oyma”, “həssas bölgələrinə dinamit döşəmə” işlərinə var-gücü ilə davam edir.
Bütün bu fəaliyyətlərini də din pərdəsi altında, sadə Azərbaycan vətəndaşlarının dini inancını istismar edərək edir. Əslində isə din adı altında fars şiəliyini yayaraq fars şovinizminin təxribatını aparırlar.
Ancaq nə qədər çalışsalar da, bacara bilməyəcəklər, çünki onların ideologiyaları çöküb və tarixin arxivinə getməkdədir. İranın içində illərdən bəri ciddi bir böhran yaşanır. Fars mollalarının son 30 illik təcrübəsi ortaya nəticəsiz bir dövlət modeli qoyub. Bacarıqsız bir model başqa ölkələr üçün nə dərəcədə çəkici, şirnikləndirici ola bilər ki?!

– Bəlkə də İranın Ermənistanı birbaşa müdafiə etməsində də bu amil durur?..

– Əlbəttə. İran Qarabağ müharibəsinin başlanğıcından etibarən Ermənistanı “himayəsinə” götürüb. Qida, yanacaq, elektrik, bir sözlə, Ermənistanın ehtiyacı olan hər şey göndərilir. Bir müddət bundan öncə Ermənistan prezidenti bir çıxışında İrana təşəkkür edib, İranı Ermənistanın “nəfəs borusu” adlandırması buna misal ola bilər. Bu bənzətmə yardım işinin təsirinin nə qədər böyük olduğunu göstərir.

– Son günlər Urmiya gölü ətrafında cərəyan edən hadisələri izləyən şəxs kimi, Sizcə orada nə baş verir?

– Son illərdə Urmiya gölündə sürətli quruma prosesi müşahidə olunur. Deyə bilərik ki, gölün 30%-i artıq quruyub. Belə davam edərsə, gölün tamamən quruma təhlükəsi var ki, bu da bütövlükdə bütün bölgə üçün ekoloji fəlakət ola bilər. Bu, orada yaşayan 15 milyon Türkün taleyi ilə bağlı olduğu kimi, gölün coğrafi olaraq yaxınlığında yerləşən Azərbaycan Respublikası və Türkiyə Cümhuriyyətini də yaxından maraqlandırır.
Gölün qurumasında İran hökumətinin illərdən bəri gölün qırağında çəkdikləri sədlərin böyük rolunun olduğu bəllidir. Bu sədlər suyun azalmasına, suyun azaldığı yerlərdə buxarlanmanın sürətlənməsinə, ardından da o bölgələrin şiddətli duzlaşmasına gətirib çıxarır.
İllərdir İran rəsmiləri bu vəziyyətə göz yumur, qəsdən, bilərəkdən gölün qurumasına seyrçi qalır. Gölün xilası üçün heç bir ciddi tədbir görülmür. Bu da xalqımızı çox rahatsız edir. Xalq problemin əsasını gözəl anlayıb, ona görə də bu məsələdə, “Urmiya gölünün quruması” deyil, “Urmiya gölünün qurudulması” deyir, yəni bu problemin məsul şəxslərinin kim olduğunu yaxşı bilir.
Təsəvvür edin ki, sədlərin yıxılması üçün lazımlı olan 3 milyard məbləği xərcləməyi qəbul etməyən İran idarəsi, bölgədəki əhalini ayrı bölgələrə köçürmək kimi, həm də 50-60 milyardlıq xərci nəzərdə tutan absurd təkliflər irəli sürür. Burada məkrli siyasətin olduğu açıq aydın ortadadır.
Burada bir təklif də etmək istərdim: Əgər İran rəsmiləri Urmiya gölünün qurtarılması üçün lazımi 3 milyard məbləği ödəməkdə zorluq çəkirlərsə, Azərbaycan Respublikası rəsmiləri bu işdə yardım edə bilərlər. Bu yaxınlarda Azərbaycan dövləti böyük səxavət göstərərək Belarus dövlətinə qarşılıqsız yardım etmişdi. Yuxarıda da dediyim kimi bu ekoloji fəlakət ən yaxın bölgə olaraq birbaşa Azərbaycan Respublikasını maraqlandırır. Ona görə də Urmiya gölünün qurtarılması işində Azərbaycan rəsmiləri öz boynuna düşən maddi yardımı etməlidirlər.

– Ümumiyyətlə, rejim hadisələrin belə formada cərəyan edəcəyini gözləyirdimi? Bundan sonra hadisələri necə proqnozlaşdırırsınız?

– Bir neçə gün öncə İran Məclisində gölün qurtarılması üçün qanun layihəsinin rədd edilməsi vəziyyəti daha gərginləşdirdi. Xalqımız başda Təbriz, Urmiya şəhərləri olmaqla dinc etiraz yürüşləri keçirməyə başladı.
Bu dinc yürüşlərə qarşı rejim dözümsüz, sərt davranır. Göz görə-görə bu böyüklükdə gölü qurudub, sonra da “səsiniz çıxsa əzərəm” deyib dəyənəklərlə, zorakılıqlarla dinc yürüşçülərin baş-gözünü yarmaq haqsızlıq üstünə daha da böyük haqsızlıq etməkdir. İran rejiminin bu münasibəti yanlış, insanlığa yaraşmayan hərəkətlərdir.

Çoxlu sayda yaralananlar, tutulanlar var. Bu olaylar nə qədər acı olsa da, nəticədə xalqımızın formalaşmasına, milli şüurunun yüksəlməsinə təsir edir. Bu çətin sınaq heç şübhəsiz xalqımızın xeyrinə qurtaracaq və Urmiya gölünün qurtuluşu Cənubi Azərbaycanın qurtuluşu ilə nəticələnəcək.

Elnur Eltürk

“Xural” qəzeti, il 9, sayı: 035 (443), 11-17 sentyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button