KİV-in çox hissəsi hökumətin təbliğat vasitəsinə çevrilib

Azərbaycanda media azadlığına təzyiqlər ara vermir, müstəqil KİV-in məkanı daha da daralır. “Milli mətbuatın 141-ci ildönümündə Azərbaycan KİV-i” mövzusunda bugünkü “dəyirmi masa”nın leytmotivi belə olub. Tədbir Bakı Jurnalistika Məktəbində keçirilib və Sivil Toplum Platforması (STP) tərəfindən təşkil edilib.

STP üzvü, “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı görüşü açaraq deyib ki, Azərbaycan mediası 141-ci ildönümünü davam etməkdə olan total təzyiqlər, müstəqil KİV-in sıxışdırılması, jurnalistlərin təqib olunması şəraitində qeyd edir.

O, təəssüflə vurğulayıb ki, dövlət və jurnalistlərin özləri tərəfindən yaradılan strukturlar mətbuat irticaçılarına çevrilir. O, əsasən KİV-ə Dövlət Dəstəyi Fondunu və Mətbuat Şurasını qeyd edib.

Ə.Zeynallı hakimiyyətin media azadlığına münasibətinə parlaq nümunə kimi Prezident Administrasiyasının nəzarətində olan Beynəlxalq Mətbuat Mərkəzinin bu tədbiri keçirmək üçün STP-yə zal verməkdən imtina etməsini göstərib.

Bundan əlavə, “dəyirmi masa”ya dəvətə məhəl qoymayan Mətbuat Şurası həmin vaxta başqa tədbir təyin edərək qəzet redaktorlarını ora çağırıb.

Ə.Zeynallı hakimiyyətyönlü KİV-də STP-nin qəsdən gözdən salındığını qeyd edərək qurumun milyonlarla qrant alması barədə yalan məlumatın yayıldığını deyib.

Əslində isə lap əvvəldən STP prinsipial olaraq qrantlardan imtina etməyi qərara alıb.

“Turan” agentliyinin direktoru Mehman Əliyev mətbuatın iqtisadi durumu haqda məruzə ilə çıxış edib. O deyib ki, 1990-cı illərin sonlarında hakimiyyət mətbuatın iqtisadi baxımdan sıxışdırılması, KİV-in müstəqil biznes-qurum kimi işləmək imkanlarından məhrum edilməsi taktikasını seçib.

Bu siyasət ona gətirib çıxarıb ki, hakimiyyətdən asılı vəziyyətə düşən bir çox KİV təbliğat vasitəsinə çevrilib və ictimai nəzarət funksiyasını itirib.

M.Əliyev hesab edir ki, bugünkü iqtisadi, sosial böhranın səbəbləri də budur. Çünki ictimai nəzarətin olmadığı şəraitdə ölkənin idarəetmə sistemində volyuntarizm güclənib.

M.Əliyev deyib ki, KİV-in əsas gəlir mənbəyi olan reklam bazarı çox məhdudlaşdırılıb. Ötən il baş vermiş iki devalvasiya vəziyyəti daha da çətinləşdirib. Əgər  2014-cü ildə reklam bazarının həcmi 93 mln. dollar təşkil edirdisə, 2015-ci ildə 60 mln. dollar olub. Media reklamı bazarı cəmi 24 mln. 732 min dollar təşkil edib. Bunun 18 mln. 891 mini televiziyanın, 2 mln. dollar radionun, 1,5 mln. dollar İnternetin, cəmi 1,3 mln. qəzet və jurnalların payına düşüb. Əgər İnternet və çap nəşrləri reklamından gələn 2,8 mln. dolları 300 KİV orqanı arasında bölsək, ayda onların gəliri cəmi 700 dollar təşkil etmiş olur. Bu, “qara media bazarı”ndan xəbər verir ki, bu da ən azı 25-30 mln. dollar həcmində qiymətləndirilir. Üstəlik, bütün bu vəsait hökumətyönlü KİV-in dəstəklənməsinə gedir.

Ekspert Zeynal Məmmədli qeyd edib ki, bu rəqəm dəfələrlə çoxdur. KİV-ə Dəstək Fondu vasitəsilə leqal yardımın həcmi ildə 2 mln. dollar təşki edir ki, bu da hakimiyyətə loyal KİV arasında bölünür.

Çap KİV-in qəzet köşklərində, metroda satışının, küçələrdə yayılmasının ləğvi ona ciddi zərbə oldu.

Odur ki, İnternetin inkişafı ilə əlaqədar çap KİV-in auditoriyanı itirməsi barədə hakimiyyətin arqumenti tutarlı deyil. Qonşu Gürcüstanda qəzetlərin  real satış tirajı 7-30 min nüsxə təşkil edir ki, bu da Azərbaycanda satılan çap KİV-dən olduqca çoxdur, Gürcüstan bazarında reklam isə səhifənin 50%-ə qədərini tutur.

Azərbaycanda reklam bazarının ümumi həcmi ÜDM-ə nisbətdə 0,045 faiz təşkil edir, beynəlxalq standartlara görə isə bu göstərici 1 faizə bərabərdir. Odur ki, Mehman Əliyev KİV-in iqtisadi durumunun pisləşəcəyini proqnozlaşdırıb.

STP üzvü, hüquqşünas Ələsgər Məmmədli son illər KİV sahəsində qanunvericiliyin pisləşdiyini bildirib. Belə ki, təkcə son bir il yarım ərzində KİV haqqında qanuna 4 dəfə düzəliş edilib. KİV-in ləğv edilməsi halları genişləndirilib. Medianın maliyyələşdirilməsi ilə  bağlı qanunsuz mənbələrin aşkar edilməsi və bir il ərzində iki dəfədən çox xəbərdarlığın olması da indi buna əsas verir.

Bundan əlavə, dini nəşrlərin buraxılması üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin icazəsini almaq lazımdır.

Müstəqil şəkildə KİV-in fəaliyyətini bir ay müddətinə dayandırmaq hüququ olan Milli Teleradio Şurası daha bir mürtəce düzəlişdən istifadə etdi və bu da ANS telekanalı ilə baş verdi. Bundan öncə bu hüquqa ancaq məhkəmələr malik idi. Həmçinin KİV sahəsində qanunvericiliyin pozulmasına görə cərimələr artırılıb.

Media hüququ sahəsində ekspert Xalid Ağəliyev diqqəti ona yönəldib ki, dövlət orqanları məlumatların yalnız 30-35%-ni açıqlayırlar. Halbuki hamısını açıqlamalıdırlar. Və bu zaman büdcə vəsaitlərinin qurumlar tərəfindən istifadəsinə dair bilgilər dərc edilmir.

Dövlət qurumları informasiya sorğularına həvəssiz cavab verirlər. Həmçinin ombudsman vətəndaşların informasiya almaq hüququnun təmin olunmasına lazımi nəzarəti həyata keçirmir.

X.Ağəliyev müsbət istisna hal kimi SOCAR-ı qeyd edib. Şirkət bütün məlumatları açıqlayır, halbuki 3-4 il öncə bundan imtina edirdi.

Bununla yanaşı, X.Ağəliyev jurnalistlərə qarşı fiziki təzyiqlərin və hədə-qorxuların azaldığını vurğulayıb. Lakin zaldan replika ataraq deyiblər ki, bu, jurnalistlərin çoxunun ölkəni tərk etməsi, işi buraxması, ya da dövlətin nəzarətinə keçməsi ilə əlaqədardır.

KİV-ə yeni təzyiq forması ölkədən çıxışa qadağa qoyulmasıdır. Hazırda ən azı 10 nəfər KİV işçisi ölkədən çıxa bilmir, X.Ağəliyev bildirib.

xural.com məlumat verir ki, toplantıda daha sonra “Yeni Nəsil” jurnalistlər birliyinin sədri Arif Əliyev, “Ayna”-“Zerkalo” qəzetlərinin baş redaktoru Elçin Şıxlı, professor Qulu Məhərrəmli, Zeynal Məmmədli və jurnalist Rövşən Hacıbəyli çıxış ediblər.

SAM_1372 SAM_1374 SAM_1375 SAM_1376 SAM_1377 SAM_1378 SAM_1379 SAM_1383 SAM_1386 SAM_1387 SAM_1389 SAM_1392 SAM_1397 SAM_1398 SAM_1400 SAM_1401 SAM_1404

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button