“Mənim Anam”da Rüfət Səfərovun Anası danışır-VİDEO

“Mənim Anam”ın qonağı siyasi məhbus, cəsarətli müstəntiq, sistemə baş qaldıran Rüfət Səfərovun Anası Tahirə Səfərovadır


Eldar Sabiroğlu ilə müsahibədən dərhal sonra Rüfət Səfərovun özü ilə söhbətləşmək planım vardı. Amma ya vəlvələdən, ya zəlzələdən alınmadı. Rüfətin türklər demiş, namlunun ucunda olduğunun fərqində idim və düşüncələrimdə də yanılmadım. Rüfəti tezliklə həbs etdilər. Nələr olub-bitdiyini düşünməyə macal tapmadan birbaşa Eldar Sabiroğlunun ricası üzərinə prezident İlham Əliyevin müdaxiləsi ilə də azadlığa buraxdılar. Azərbaycan məhkəmələrinin və məhkumlarının tarixində olacaq iş deyildi. 311-ci maddə ilə və Korrupsuyaya qarşı Mübarizə (guya) Baş İdarəsinin həbs etdiyi adamı cəmi 1 həftədən sonra ev dustaqlığına buraxmaq görünməmiş iş idi. Prezidentdən başqa kimsə bunu edə bilməzdi.

Rüfət Səfərov azadlığa buraxılan kimi əvvəlki qaydada meydan oxumağa başladı. Siyasi tariximizə keçəcək bir aforizmi də Rüfət Səfərov dedi: “Yaşasın həbsxana azadlığı, rədd olsun ev dustaqlığı!” Beləliklə də, iplər qopdu.

Təbii ki, öncə müsahibi qorumaq istəyi həm də peşəkarlıq meyarı olmalıdır. Məhz o zamanda Rüfət Səfərovdan “Qaynar Qazan”da müsahibə götürə bilərdik və bu müsahibə tarixi söyləşi ola bilərdi. Amma bunu istəmədik. Ona görə ki, müsahibə tarixi ola bilərdi, eyni zamanda bu, Rüfətin işlərini çıxmaza sala bilərdi – çətinləşdirər, zorlaşdırardı. Etmədik. Əksinə, həmin günlərdə Rüfətin özü ilə görüşdüm, vəziyyətin çox dramatik olduğunu, artıq gündəmdən düşməyin və hədəf taxtasından çıxmağın lazım olduğunu dedim. Rüfət dediyini demiş, etdiyini etmiş, tarixdirsə – tarixini yazmışdı.

Olmadı və hakimiyyət Rüfəti çox ağır formada cəzalandırdı. Bir çox qanun pozuntuları ilə birlikdə onu son sözünü belə tam demədən 9 il cəzaya məruz qoydular və hökmü qüvvədə saxladılar.

Rüfətin Anası Tahirə xanımla cəmi bir neçə dəfə görüşmüşük. Eldar Sabiroğlu ilə “Qaynar Qazan”da və ondan sonra bir neçə dəfə. Bir dəfə də uzaq keçmişdə olub. Eldar Sabiroğlunun işsiz vaxtlarında da – zatən Eldar Sabiroğlu vəzifədə olanda onunla heç bir zaman görüşmək və oturub dərdləşmək imkanlarımız olmayıb, Eldar Sabiroğlu bütün vəzifə ömründə mənə, rəhbərlik etdiyim qəzetə və mənimlə çalışan həmkarlarıma çox məsafəli və yumşaq desək uzaq olub – bir dəfə evində qonaq olanda qarşımıza yemək gətirib. Bütün Analar kimi sadə, qayğıkeş və gözəl ürəklidir Tahirə xanım.

Rüfətin məhkəmələrində də Tahirə xanımı görmədik. Rüfət məhkəmə qapılarına gəlməyini istəməyib. Amma çox istəyib Anasını. Tahirə xanımla söhbətləşmək ehtiyacı da buradan yarandı. Onunla “Mənim Anam” layihəsində danışmaq istədim və onunla müsahibəyə yollandıq.

Tahirə xanım Rüfətin həbs olunduğu ilk gündən mətin və ağayana duruşu ilə təqdir qazanıb. O, canından çox sevdiyi oğlunun haqq yolunda olduğunu bilir, onu müdafiə edir və onun doğru yolda olduğuna inanır. İradlarını da bildirir, bəzən oğlu ilə həyat yoldaşının arasında qaldığının da fərqindədir, ancaq doğruları dilə gətirməkdən də çəkinmir. Ana ədalətidir bunun adı həm də…

Müsahibə dolu Onu gərgin gördüm. Sıxılmış yay kimi idi. Ha bir himə bənd idi ki, gözlərindən dolu kimi göz yaşı axıtsın. Amma mətanətlə və dəyanətlə dayandı. Elə sıxılmış yay kimi də gərgin danışdı. Rüfətdən, onun necə böyüməsindən, necə oxumasından, necə evlənməsindən, işləməsindən danışdı. Dərin bir üzüntü hakim olsa da, hər zaman nikbinliyinə qayıda bildi, Rüfətdən dik danışa bildi, onunla qürur duyduğunu hər fürsətdə dilə gətirdi.

tahire

Sən demə, elə 1-2 gün bizdən əvvəl Eldar Sabiroğlunun ondan bir ricası da olubmuş: “Tahirə, gəl mənə bir az Rüfətin uşaqlığından danış.” Hamımız kimi – övladlarımızın böyüməsi mövzusunda – Eldar Sabiroğlunun da Rüfətin necə böyüməsindən xəbəri olmayıb. O da bütün ömrünü idealları uğrunda mübarizə aparıb və bir də baxıb ki, elə onun bütün ömrünü yeyən də o ideallarmış. Dəhşətlidir, vuruşduğu, mübarizə apardığı, uğrunda savaşdığı ideallar onun oğlunu – bir oğlunu gözlərinin qarşısında 9 il (!!!) azadlıqdan məhrum etdi! İndi həmin Eldar Sabiroğlu ötən günlərinin hesabatını özünə verə-verə Tahirə xanımdan – siyasi məhbus olan oğlunun Anasından – oğlunun körpəliyindən danışmasını istəyir. Eldar Sabiroğlu haradan bilə bilərdi ki, onun qurulması üçün tər töküb çalışdığı sistem, onun necə böyüdüyünü bilmədiyi oğlunun azadlığına qıyacaq. Gələcəyin belə olduğunu bilsəydi, bu ideallar uğrunda döyüşən Sabiroğlu görəsən, yenə savaşardımı?! Çətin!

Mən bu rejimin qurulmasında müstəsna xidməti olan oğullar gördüm ki, iki əlləri ilə başlarına döydülər – biz bu rejimi niyə qurduq deyə! Biri də Eldar Sabiroğlu. İndi onun köməyinə Rüfətinin Anası çatır – arada Rüfətin necə böyüməsindən danışa-danışa…

Hə, bax, bu fədakar Ana indi siyasi məhbus Anasıdır. Bütün Analar kimi gözəldir. Bütün Analar kimi oğlunu sevir və onun haqq yolunda olduğunu təsdiq edir, onu müdafiə edir. Tahirə xanım 35 yaşında hər çətinliyinin arxada qalacağı inancında olduğu oğlunun məhz 35 yaşını həbsxanada keçirdiyinin məyusluğu içindədir. Lakin ona da inanır ki, bəlkə elə bütün çətinliklər bu həbslə arxada qaldı? Axı Rüfət nə edib ki? Düzgün yaşamaqdan, doğru bildiyi sözünü açıqca deməkdən, rüşvətə qarşı mübarizəyə qalxdıqdan qeyri pis nə edib ki?! Heç nə! O zaman deməli, Rüfətin bütün qaranlıqları əslində arxada qalıb. Bütün xoş günlər və xoş gələcək gələcəkdədir!

Beləcə, “Mənim Anam”ın indiki qonağı siyasi məhbus, cəsarətli müstəntiq, sistemə baş qaldıran Rüfət Səfərovun Anası Tahirə Səfərovadır. Rüfət Səfərovun özü ilə isə, inşallah, azadlığa çıxan kimi “Qaynar Qazan”da söhbətləşəcəyik…

“Mənim Anam”da söz Tahirə Səfərovanındır…

evez-tahire xanim

Əvəz Zeynallı

 

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button