Mənim qızım olmaqdan məyus deyilsən?

Əvəz Zeynallı

 İntiqam Əliyevə yaraşan ömür…

 Bu gün İntiqam Əliyevin günü idi. Mən də bilmirdim belə olacağını və onun bu gün gözəl balası Nərminə verdiyi bir sual zalı göz yaşına boğdu. Mən onu anladım. Çünki İntiqam Əliyevin bu gün oturduğu kürsüdə mən də 11 ay oturdum və onun bu gün danışdıqları mənim də əsas qayğılarıma çevrildi.

O qayğılar məni öldürdü, bitirdi əslində…

Ağır Cinayətlərin müstəntiqi Sənan Paşayev İntiqam Əliyevin qızını istintaqa cəlb edib. Qanun yaxın adamların bir-birinə qarşı şahidliyini qadağan edir. Övladın ataya, bacının qardaşa, ananın qızına və ya oğluna şahidliyi olmaz. Əleyhinə ifadə ala bilməzlər. Azərbaycanda hər idbarlıq olduğu kimi, bu da olur. Mən də yaşamışam. Korrupsiyaya qarşı Mübarizə İdarəsinin müstəntiqi polkovnik Qabil Qasımov mənim 9 yaşlı qızıma yazdığım mesajları oxumuşdu mənə. Mən onda bunların sistemini gördüm. Hətta 9 yaşlı balamla mesajlarımda da nəsə axtarıblar. Bu qədər dibə vurub insani keyfiyyətlər…

Bu gün İntiqam müəllimin qızının istintaqa ifadə vermək üçün çağrılması ideyasını eşidəndə o hissləri yaşadım. Aman Tanrım, bunlar İntiqam müəəlimin ciyərparasından, balasından onun əleyhinə ifadə almaq, ya da nəsə ələ keçirmək istəyiblər. Bunun adı mənəvi quldurluqdan başqa bir şey deyil.

İntiqam Əliyev israrla qızına sualı olduğunu dedi. Zatən zal himə bənd idi. Hakimlər də sual verməyəcəklərini dedilər. Prokuror Fərid Nağıyev də sual verməyəcəyini dedi. Vəkillər də Nərminə sual verməyəcəkdilər. Heç kim onu incitmək istəmirdi. Axı ola bilməz ki, qızından atasının əleyhinə ifadə almağa cəhd olunsun, onu atasının əleyhinə ifadə vermək üçün şahidlər siyahısına yazsınlar. Yox, İntiqam müəllim israr edirdi və onun Nərminə verdiyi sual ilk cümlələrdən məni yerimə mıxladı…

 İntiqam müəllimin Nərminə tarixi sualı:

“Qızım, mən heç bilmədim sən necə böyüdün? Uşaqlığının necə keçdiyindən xəbərim olmadı. Başım işlərimə o qədər qarışdı ki, orta məktəbi necə oxuduğunu belə bilmədim. Mən sənin əlindən tutub vaxtlı-vaxtında səni şəhərə gəzməyə çıxara bilmədim, təhsilinlə maraqlana bilmədim, səni istədiyim kimi oxuda bilmədim, işlər çox idi. Xəstə olanda qayğınıza qala bimədim ki, işim var. Ad günlərinizdə hamıdan sonra gəldim çatdım. Bilirəm ki, xaricdə təhsil almaq istəyirsən, ancaq Səni dövlət proqramı ilə xaricdə oxuda bilməzdim. Mənim qızım olduğunu bilsəydilər, buna imkan verməyəcəkdilər. Heç necə hazırlaşdığından da xəbərim olmadı, bir də baxdım ki, öz gücünə hüquq fakültəsinə qəbul olunmusan. Sən atanla, qardaşın Nəcminlə və ananla birlikdə – biz 4 nəfər uzun illər “Xruşşovka layihəli ev”də yaşadıq. Səni heç bir xarici ölkəyə apara bilmədim, normal yaşada bilmədim. Gecələri keçənə qədər işlədim, bir də baxdım ki, sənin 23 yaşın olub, böyümüsən, qızım. Səni işlə təmin etmək imkanları da yox idi. Bilsəydilər ki, mənim qızımsan, heç kim sənə iş verməzdi. Çünki heç sənin atanı Vəkillər kollegiyasına üzv olmağa qoymayıblar. Mən sənə hər zaman əzab-əziyyətlər verdim, qızım. Səni çoxlu məhdudiyyətlər gözləyir. Ən adi bir hadisəyə – məsələn, yol qəzasına görə səni həbs edə bilərlər – çünki İntiqam Əliyevin qızısan. Bütün bunlara görə, özünü zərərçəkmiş hesab edirsənmi? Sən mənim qızım olmaqdan məyus deyilsən?!”

Zal yerindən qopmuşdu. Hamı həzin-həzin ağlayırdı. İntiqam Əliyevin qızına söylədiyi bu sözlər hamımızın yaşadığımız bir ömrün hekayəsidir əslində. Hə, bizim bayırda işdən zamanımız olmur. Bir də baxırıq ki, uşaqlar böyüyüb. Onların böyüdüyünü hiss edəndə isə, nə acı tale, 4 divar arasında oluruq. Çünki bizlər övlarlarımızı yalnız həbsxanalarda düşünəcək qədər çox işlədik bu Vətən yolunda… Bizim onları azadlıqda düşünəcək zamanımız olmadı…

Bəs Nərmin nə cavab verdi bu tarixi suala. Mən bütün diqqətimlə ona baxır, nə cavab verəcəyini gözləyirdim. Nərmin: “Qürur duyuram, fəxr edirəm ki, Sənin qızınam” dedi…

Şükür, belə gül balalarımız var. Atasının dəmir qəfəsindən qürur duyan Nərmin var, o qəfəsin üzərinə yeriyib atasını öpən Selcan var…

Bizim biləyimizi bükə bilməzlər…

Əminəm ki, İntiqam müəllim yaxın zamanlarda çıxacaq və Nərminlə Nəcminin əllərindən tutub Bakının sevimli guşələrində doya-doya dolaşacaqlar…

Təbii ki, işdən vaxtı olsa…

intiqam aliyev 7 intiqam aliyev 4 intiqam aliyev 9 intiqam aliyev 91 intiqam aliyev 47 intiqam aliyev 11

intiqam aliyev
intiqam aliyev5 1 resul intiqam intiqam aliyev 1 intiqam aliyev 2

 

Əlaqəli məqalələr

1 şərh

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button