Mərkəzi Bank uçot dərəcəsini növbəti dəfə endirdi

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsi ilə bağlı növbəti qərarını açıqlayıb. O, uçot faiz dərəcəsini 7,75-dən 7,25 faizə endirib. Faiz dəhlizinin aşağı həddi 6.25-dən 5.75-ə, yuxarı həddi isə 8.75-dən 8.25-ə endirilib.

“Bu qərar faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəflə (4±2%) müqayisəsi, inflyasiya gözləntilərinin stabilləşməsi, risk balansında baş verən dəyişikliklər nəzərə alınmaqla verilib”, – AMB bu gün, martın 28-də bildirib

AMB-nin bundan əvvəlki üç qərarında da uçot dərəcəsini endirib.

Uçot dərəcəsi ölkədəki iqtisadi vəziyyət və inflyasiya səviyyəsi nəzərə alınaraq təyin edilməlidir. Əgər inflyasiya yüksəlirsə, səlahiyyətli qurum uçot dərəcəsini yüksəldir, çünki bu şəkildə dövriyyədə olan pul kütləsini tənzimləmək – azaltmaq siyasəti həyata keçirir. Əksinə, inflyasiya endikcə, uçot dərəcəsi də endirilir.

Uçot dərəcəsi aşağı olarsa, kredit faizləri aşağı düşməlidir.

Dövlət Statistika Komitəsinin bu ilin fevral ayı üzrə yaydığı məlumata görə, Azərbaycanda illik inflyasiya 1 faizdən də az olub.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button