Mövsüm Səmədov: “Niyyət məni yenidən həbsxanaya qaytarmaq idi”

İyulun 17-də Bakı Apellyasiya Məhkəməsində Azərbaycan İslam Partiyasının lideri Mövsüm Səmədovun Qobustandakı qapalı həbsxanaya köçürülməsi barədə qərardan şikayətinə baxılıb. Vüqar Məmmədovun sədrlik etdiyi hakimlər kollegiyası şikayəti təmin etməyib. İlahiyyatçının saxlandığı 12 saylı cəzaçəkmə müəssisəsindən Qobustana köçürülməsi haqda Qaradağ Rayon Məhkəməsinin qərarı qüvvəyə minib.

Məhkəmədə Mövsüm Səmədovun vəkili Yalçın İmanov deyib ki, Qaradağ Rayon Məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Məhkəmə ilahiyyatçının 12 saylı cəzaçəkmə müəssisəsində qaydaları pozduğunu əsas gətirərək, ona tətbiq olunan tənbeh qərarlarına istinad edib. Müdafiəçinin fikrincə, həmin tənbehlərin özü də qərəzli və əsassız olub:

“Mövsüm Səmədov 12 saylı cəzaçəkmə müəssisəsində olduğu 7 aya yaxın müddətin 4 aydan çoxunu cərimə təcridxanasında, kamera tipli otaqda keçirib. Onun haqqında heç bir əsas olmadan, aşkar bəhanələrlə inzibati tənbeh tədbirləri görülüb və hazırda başqa məhkumlardan təcrid vəziyyətdə saxlanılır. Mövsüm Səmədovun cəzalandırılması onun siyasi hakimiyyətə müxalif fəaliyyəti ilə bağlıdır”.

“CƏZALANDIRILMAĞIMLA BAĞLI QƏRARLAR ARDICIL VƏ SİSTEMLİ XARAKTER DAŞIYIR”

İlahiyyatçının özü də 12 saylı cəzaçəkmə müəssisəsində saxlandığı müddətdə heç bir qayda pozuntusuna yol vermədiyini məhkəmədə dilə gətirib:

“Cəzalandırılmağım haqda qərarlar ardıcıl və sistemli xarakter daşıyır. Bu da həmin addımların hansısa qüvvələrin sifarişiylə və qərəzlə həyata keçirildiyini göstərir. Niyyət də məni yenidən həbsxanaya qaytarmaqla cəzalandırmaq idi”.

Hakimlər qısa müşavirədən sonra həbsxanaya köçürülmə qərarının dəyişdirilmədən qüvvədə saxlandığını elan ediblər.

Vəkil Y.İmanov bildirib ki, apellyasiya məhkəməsinin qərarından Ali Məhkəməyə kassasiya şikayəti veriləcək.

 

Azadlıg.org

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button