Nərimanov rayon Su Idarəsi sakinlərdən “borc” adı ilə pul yığır?!

423.02.2015

“Mənə illərdir ki, işlətmədiyim sulun pulunu ödətdirməyə çalışırlar. Getmədiyim idarə, döymədiyim qapı qalmayıb, üzümə dirənirlər ki, nə olursa olsun bu “borc”u ödəməlisən…”

Natella xanım Nərimanov rayon Aşıq Qərib küçəsi 180 D ünvanında yaşayır. Təxminən 15 ilə yaxındır ki, evinə gələn su xəttində anlaşılmaz problemlər yaranıb və o gündən “bir qram da olsun evinə su gəlmir”. Dəfələrlə Azərsu ASC-də olduğunu, problemini izah etdiyini, 3 uşaq böyüyən ailənin suya ehtiyacının böyük olduğunu söyləyib. Şikayət ərizəsi əsasında Nərimanov rayon Su İdarəsinin texniki işlərə məsul olan əməkdaşları evində olub, yerində problemi yoxlayıblar. Hətta vəziyyət o məqama çatıb ki, yaxınlıqdakı Spirt zavodundan əlavə bir xətt  çəkməyə çalışıblar. Lakin bir qədər sonra zavod rəhbərliyinin ciddi etirazı buna da imkan verməyib. İllərdir ki, İsgəndərovlar ailəsi suyu maşınla alaraq, evlərində qazdıqları quyuya doldurur və istifadə edirlər. Natella xanım deyir ki, hər maşın üçün 20 manat pul ödəyir, bu da ona bir həftə müddətinə belə çatmır: “Əgər mənə də hamı kimi su versələr, mən də bir maşın suya ödədiyim pulu hökumətə ödəyərəm”- deyir.

Sakinin mənzilini su ilə təmin etmək əvəzinə Nərimanov rayon Su Idarəsinin əraziyə məsul əməkdaşı Lətif Aslanov dəfələrlə İsgəndərovlar ailəsini borcu ödəmədikləri halda məhkəmə ilə hədələyib. N.İsgəndərova isə onlara məsələdən çıxış yolu göstərib – evinə su sayğacı qoysunlar,  və bundan sonra nə qədər su istifadə etdiyini öyrənsinlər. O zaman da həmin işlətdiyi suyun pulunu ödəsin. Lakin məsələnin məğzini sakindən daha yaxşı anlayan, bununla belə tutduğunu buraxmayan L.Aslanov onlardan əl çəkmir – nə evə sayğac qoyulmasını təmin etmir, nə də bu günədək yığılan 300 manatdan çox “borcu” silmir.

Natella xanım məsələnin böyüyərək, məhkəməyə getməsinin də əleyhinə deyil. Lakin onun problemi ədalətli həllini tapacaqmı? “Reket dünyası deyil ki, səlahiyyətləri var deyə mənə zorla necə pul ödətdirə bilərlər. Hər şey ortada deyilmi? Lətif Aslanov deyir ki, bu köhnə borcdur, onu sənədlərdən silə bilmərik, ödəməlisiniz. Mən illərdir ki, problemim haqda onlara ərizə ilə, yazılı şəkildə müraciət etmişəm, gəlib yoxlayıb, gediblər. İdarənin daxilində hesabat işlərini düzgün aparmayıblarsa, mənim, 3 uşağın günahı nədir ki, onlardan kəsib, idarəyə ödəyim? Bu gün də evimi su ilə təmin etsinlər, məni bu bəladan qurtarsınlar, gələrlər danışarıq, hökumətə çəkdiyi xərcə görə pul ödəyərəm. Əgər bu da qanunidirsə…”

Məsələ ilə bağlı Nərimanov rayon Su Idarəsilə əlaqə saxladıq. Xidməti telefonlar rabitə xidmətinə borcları olduğu üçün söndürüldüyündən, nə idarənin rəisi, nə də əməkdaşı Lətif Aslanovla əlaqə yarada bilmədik.

Mövzunu diqqətdə saxlayacağıq.

QEYD: Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq. 

2 3 7 sam1

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button