Peşəkar teleaparıcı: “Efirə çıxan adam başa düşməlidir ki, çayxanada deyil”

qulu05.06.2013
MTRŞ sədri Nuşirəvan Məhərrəmli telekanallardakı reklamlarla bağlı öz narazılığını ifadə edib. O, bildirib ki, bəzi reklamlardakı ifadələr xoşuna gəlmir: ”Eyni halda reklamlar zamanı ədəbi dilə uyğun olmayan və etik danışıq dilindən uzaq ifadələr səslənir. MTRŞ rəhbəri bunların qarşısını almağı təklif edib.”
 
Nuşirəvan Məhərrəmlinin fikirləri ilə bağlı FaktXeber.com-a açıqlama verən tanınmış telejurnalist, professor Qulu Məhərrəmli bildirdi ki, MTRŞ rəhbəri çox xırda işlərlə məşğuldur. Efirin çox ciddi problemləri olduğunu bildirən Qulu bəy, “sözü gedən problem onlardan biridir. Əgər hər hansı bir reklamda lazımsız ifadə səslənirsə, bunu çox sadə şəkildə o işlə məşğul olan şəxslərin nəzərinə çatdıraraq yoluna qoymaq mümkündür. Bunu böyük problemə çevirməyin mənası yoxdur”, – deyə bildirdi:  “MTRŞ-in əsas funksiyası teleradio haqqında qanunların icrasına nəzarətdir. Xəbərlərdə plüralizm yoxdur, eyni halda telekanallar siyasi təbliğatla məşğuldurlar. MTRŞ bunlarla məşğul olmalıdır. Dünyanın heç bir MTRŞ-i bizdəki kimi xırda işlərlə başını qatmır. Nuşirəvan Məhərrəmlinin qaldırdığı problemlərlə bağlı kifayət qədər şəxslər vardır ki, onlar televiziyalarda və MTRŞ-də tutduqları vəzifələrə görə maaş alırlar. Əgər xırda problemlərlə də Nuşirəvan müəllim məşğul olacaqsa, onda digər işçilər nəyə lazımdır? Ona görə hər kəsin öz işi ilə məşğul olması vacibdir ki, ortada hər hansı bir müsbət nəticə olsun.”
 
Qulu bəy onu da bildirdi ki, heç bir halda telekanalların fəaliyyətləri teleradio haqqında qanunlara uyğun deyil: “İlk öncə proqram siyasətində, yəni mövzu üzrə verilişlərin hazırlanmasında ciddi pozuntular var. Şou proqramlarının sayı həddindən artıq çoxdur. Eyni halda tarixçi proqramlar demək olar ki, yoxdur. Fikir müxtəlifliyinə, milləti və xalqı düşündürən proqramlara yol verilmir.” 
 
Efir iştirakçılarının geyim mədəniyyətindən də danışan Qulu müəllim, “hər halda efirə çıxan adam başa düşməlidir ki, çayxanaya, gəzməyə, istehsalata yox, məhz efirə gedir. Adi səviyyəsi olan adan başa düşməlidir ki, efirə hansı paltarla çıxmaq olar”, – deyə bildirdi: “Efir bir ictimai meydandır. Hər hansı bir şəxsi efirə çağırarkən prodüser, redaktorun və rejissorun geyim məsələsinə nəzarət etməsi kifayətdir. Bu yalnız xırda detallardır. Lakin biz insanlara deyə bilmərik ki, hamı qalstuklu və ya kostyumlu gəlsin.”

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button