Qərbin ikili standartı

Bu gün Referendum günüdür. Əsas Qanunumuz növbəti dəfə fərdlərə və situasiyaya uyğunlaşdırılır. Hakimiyyətin niyyəti gün kimi aydındır. Bəs nəyə görə özünü dünyada İnsan haqları və Demokratiya carçıları qiyafəsində təqdim edən ölkələr və beynəlxalq qurumlar ağızlarına su alıblar? Bu gün Avropa İttifaqının ruporu sayılan Euronews kanalı Türkiyədə şortda gəzməyə üstünlük verənlərin kiçicik bir piketini geniş şəkildə şərh etdi. Təbii ki, hədəfdə Qərbin bütün fitnələrinə sinə gərən Ərdoğan höküməti idi. Azərbaycanda bu miqyasda tədbiri isə görmürlər. Görmürlər ki, Avropanın sərhəddində yerləşən bir dövlətin Konstitusiyası orta əsrlərə, geri aparılır, heç bir Avropa dövlətində olmayan qanun müddəaları sabahdan azərbaycanlıların taleyini həll edəcək.

Bu ikili yanaşmanın kökü maraqlıdır. Eyni millətin bir dövlətində hərbi çevriliş hazırlayır, daxili reaksion və terrorist təşkilatlara siyasi, maliyyə, informativ, hərbi və digər dəstəkləri göstərir, hər vəhclə demokratik yolla seçilmiş hakimiyyəti devirməyə çalışırlar, digərində isə baş verən ədalətsizliklərə göz yumur, danışmırlar.

Praqmatik qərblilərin davranışı təsadüfi deyil. Unutmayaq ki, həmin qərblilərdir ki, ötən əsrin sonlarına qədər işğal etdikləri Afrika, Latın Amerikası, Avstraliya, Yaxın Şərq ölkələrində yerli əhalinin kökünün fiziki cəhətdən kəsilməsi ilə məşğul olub, seqreqasiya, rezervasiya, aporteid kimi siyasi terminləri həyat tərzlərində mütəmadi istifadə ediblər. Dediyim dövrə qədər tətbiq olunan davranış üslubundan dildə imtina olunsa da, bu günə qədər beyinlərindən, əməllərindən silindiyinə inanmaq olmur. Çünki hər gün onların yeni-yeni cinayətlərinin şahidi oluruq. Buradan aydın olur ki, Türkiyədəki iqtidar qərbliləri narahat etdiyi qədər, Azərbaycan iqtidarı onları qane edir. Nədir bu fərqlilik?

Ərdoğan iqtidarı söz yox ki, ilkin çağlarında Qərbin, o cümlədən ABŞ və Avropa Birliyinin köməyindən yararlanıb. İlkin mərhələdə Türkiyənin bütün sferalarda mövcud ballastlardan yeganə xilas yolu belə davranış idi. Qərb Ərdoğanın strategiyasını anlayanda, artıq gec idi. Rüşvət qalmaqalı, Paralel dövlət, PKK-HDP müharibəsi, İŞİD terror müharibəsi, dövlət çevrilişi təşşəbbüsləri fayda vermədi. AKP iqtidarı bu illər ərzində Türkiyəni beynəlxalq münasibətlərin həqiqi şəkildə müstəqil, nüfuzlu subyektinə çevirməyi bacardı. Qərbin artıq Türkiyəni sümürmək imkanları qalmayıb. Məhz bu keyfiyyəti Qərbi bütövlükdə Ərdoğana “düşmən” edib.

Azərbaycanda nə baş verir? Azərbaycanda son illər ərzində Qərb istədiyi bütün preferensiyaları ala bilib. Neft kontraktlarından əldə olunmuş görünməmiş güzəştlər, sonradan iqtisadiyyatın bütün sahələrində davam edib. Eyni imkanlar Qərbə sonradan bütün sahələrdə yaradılıb. Etiraf etmək lazımdır ki, bu “kökənin” div payları digər dünya cəhətlərinə də peşkəş edilib, o cümlədən Rusiya, Çin və s. Lakin Qərbin digər maraqları başqa səhələrdə də təmin edilib. Ölkənin talanması və əhalinin kasıblaması şəraitində oğurlanan pullar dübarə Qərb siyasi çevrələrinin maraqlarına uyğun olaraq, yenidən onlara nəzarətində olan banklara və ya yurisdiksiyalarında olan ofşor bölgələrə daşınıb, paralel olaraq həmin dövlətlərdə iqtisadiyyata sərmayə şəklində yatırılıb. Müvafiq olaraq o dövlətlər indi təkrarən Azərbaycan pullarından yararlanırlar. Siyasi praktika göstərir ki, bu pullar dövlətlərin “ipdə” saxlanması üçün ən yaxşı zəmanətdir. Oyundan çıxmaq istəyənləri isə Qərb pulları müsadirə etməklə cəzalandırır.

Beləliklə, Azərbaycan iqtidarının bütün hərəkətləri Qərb və digər dünya polismenlərini qane edir. Türkiyədəki davranışla Azərbaycandakı davranışların fərqi bu qədər sadədir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button