“Qaynar Qazan”da Əjdər Tağızadə (II-sonuncu hissə): “Azərbaycanın güneyində olan hərəkat Atatürkçülükdür”

Əjdər Tağızadə: “Atatürkü də, Məhəmməd Əmin Rəsulzadəni də bizə verin, biz onlara sahib çıxarıq”

Heydər Əliyev və Əbülfəz Elçibəy olmasaydı, burada məni şəhid edərdilər

Əjdər Tağızadə ilə “İran adlanan yer”dən danışdıq – öz təbiri ilə desək. Əslində, İranda yaşayan həmvətənlərimiz, milyonlarla soydaşımızın problemləri bizim hər zaman gündəmimizdədir, ancaq nə hikmətdirsə, hər zaman bu problemə bir az da səthi yanaşırıq. Bu, ümumi Azərbaycan mətbuatının problemidir. Biz demək olar ki, İranı hələ də olduğu kimi tanımırıq, araşdırmırıq, bilmirik. İranda baş verənlərdən yalnız Diaspora qurumlarının xətti ilə, pərakəndə fəaliyyət göstərən bəzi təşkilatların vasitəsilə xəbər tuturuq ki, bu da tam və əsaslı informasiya demək deyil. Ya da müxtəlif illərdə yaranan Dünya Azərbaycanlıları Konqres(lər)inin simasında İranla təmas yaradırıq ki, bu da dedi-qodudan başqa bir şeyə yaramır. Məlum olur ki, burada yığışan insanlar əksər vaxt millətin problemlərindən çox, özlərinin məsələsini qabardırlar ki, bu da nəticədə dağılmalara və parçalanmalara gətirib çıxarır.

Biz çalışdıq ki, Əjdər Tağızadə ilə DAK və DAK-daxili məsələlərdən danışmayaq. Elə də etdik. Amma yenə də sonda DAK-da baş verənlərdən danışmadan ötüşə bilmədik. Və hesab edirik ki, çox maraqlı söhbət oldu aramızda. İranda yaşayan azərbaycanlıların problemləri, onların mübarizə yolu haqqında az da olsa, məlumat əldə edə bildik.

Beləliklə, siyasi mühacir, ömrünün 30 ilindən çoxunu İran Türklərinin azadlıq hərəkatına həsr edən, bütün İran rejimlərinin zindanlarında oturan, ancaq indi Sabir Rüstəmxanlı ilə DAK üstündə amansız qovğaya çıxan Əjdər Tağızadə ilə “Qaynar Qazan”da baş tutan söhbətimizi Oxucu-tamaşaçıların ixtiyarına veririk.

“Qaynar Qazan”da siyasi mühacir Əjdər Tağızadədir…

Əvəz Zeynallı

II-sonuncu hissə

 

Tehran rejimi o qədər qəddar rejimdir ki…

 7

– “Milli Oyanış” təşkilatı ilə yanaşı bir neçə təşkilatın da adı çəkilir.

– Bunun günahı azərbaycanlılarda deyil. Tehran rejimi o qədər qəddar rejimdir ki… Bircə onu deyə bilərəm ki, Bəşər Əsəd, Qəzzafi baxmayaraq ki, çox böyük cinayətkardırlar – təkcə Əsəd 250 min nəfərə qədər adam öldürüb – Tehran rejimi onlardan da qəddardır. Belə bir hadisə İranda baş versəydi, bu rejim 2 milyon insanın başından keçməyə hazır olardı. Çünki İran rejiminin bünövrəsi, təməli bu siyasət üzərində qurulub. Bu rejim qurulanda 10 minlərlə insan qırıldı. Bu rejim hakimiyyəti naminə bu cür qətl hadisələrinə gedər. Nəzərə alın ki, vaxtilə İran adlanan yerdə terror edərək, xaricə qaçmış bir adama ehtiyacı olanda geri qaytarır. Bir vaxtlar deyirdi ki, “kommunistlər kafirdirlər, onların qanı halaldır!”, bunun da əsasında insanları qırırdı, indi isə sərf eləmir deyə qırmır. Gedib-gəlirlər də, təşkilat da yaradırlar. Bunlar indi Azərbaycan məsələsinə hücum edirlər. Keçmiş padşahın bir səfiri vardı – onlar hər zaman ən güclü səfirlərini Moskvaya göndərirdilər – çox savadlı, siyasi görüşlü bir səfir idi. İnqilabdan sonra malını-mülkünü əlindən aldılar, Avropaya qaçdı. Bilmirəm, bəlkə indi həyatını dəyişib. Onun bir yazısı vardı, yazırdı ki, “Tehran rejiminin bu gün Azərbaycan Cümhuriyyətində, Qafqazlarda yürütdüyü siyasətinə görə, onun bütün günahlarından keçmək olar.” Tehran rejimi Azərbaycanla çox ehtiyatlı keçinir və çalışır ki, elə bir siyasət yürütsün ki, kimsənin könlünə dəyməsin. Niyə? Çünki bu gün onun Azərbaycana çox ehtiyacı var və qanunsuz işlərinin əksəriyyətini bu yolla görür. Digər yandan da güney azərbaycanlıların səsini çıxmağa qoymur. Onlar bu gün nə istəyirlər ki?

Azərbaycanda Tehran rejimini tanımırlar

6

– Amma onlarda da birlik yoxdur. Avropa, Amerika təşkilatları… Məsələn, kimlər var?

– Sözümün canı var. Tehran rejiminə bir qurum, bir dəstə – hansı ki, burada oxumuşdular – əllərinə sənəd alıb gəldilər və onlara təqdim edərək dedilər ki, biz istəyirik ki, demokratik, qanuni yolla, hətta sizin Konstitusiyanızı da qəbul edərək, bir təşkilat quraq. Tutub hamısını zindana atdılar, 8 il azadlıqdan məhrum etdilər. Hələ öldürmədilər, bu yaxşıdır. Yüzlərlə adam bu gün hərəkata qoşulub, gizli yollarla onlara təzyiq edirlər. Tehran rejimi çox cinayətkar və qəddar rejimdir. Siz bu rejimi tanımırsınız. Azərbaycanda bu rejimi tanımırlar.

– Biz heç İranın daxilindəki sistemi də tanımırıq.

– Tanımırsınız, tanımırlar… Sistemi də tanımırlar, qanunlarını da tanımırlar, orada nə baş verdiyini də anlamırlar, oradakı qruplar və güclər də nədir, onlar haqqında da məlumatları yoxdur. Türk məsələsinə necə baxırlar, onlar bu məsələdə mövqeləri nədən ibarətdir, bunu da bilmirlər. Niyə? Türkiyə Cümhuriyyətində, dövlətində də, Azərbaycanın quzeyində də tək-tək jurnalistdən başqa, ümumilikdə heç birində Güney Azərbaycan anlayışı yoxdur.

– Ümumiyyətlə, bu mübarizəyə dəstək verənlər də yoxdur…

– Bəli, ümumilikdə Türkiyədə keçirilən toplantılarda da mən görmüşəm. Sadəcə bir şey var ki, ötən 20 qurultayın heç birində güney məsələsini qaldıqmağa imkan verməyiblər. Bir şeyi də bəhanə gətirirlər: Güney məsələsini danışmayın, güneylilər ayağa qalxıb istiqlal istəsələr, o saat kürdlər də ayağa qalxacaqlar, onlar da müstəqillik istəyəcəklər. Sən güneylilərin, türkmənlərin başından vurdun, Suriyadakı, İrandakı türklərin başından vurdun, indi də qan ağlayırsan.

– Elə türkün başından vura-vura da kürdlər və digər qruplar gizli olaraq işləyirlər, silahlanırlar, təşkilatlanırlar.

– Mən təbii i, istəmərəm Türkiyə Cümhuriyyəti parçalansın. O, bizim dövlətimizdir. Amma…

– Gedişat da ona aparır…

– Bu da o mənada deyil ki, onlar nə iş görürlərsə, hamısı düzdür. 2+2=4 hesabıdır. Bu gün Rəcəb Tayyib Ərdoğan deyir ki, bunlar dövlət yaradıb Ağ dənizə keçirlər. Yaxşı, sən də buradan sərhəddi açdın onlar – peşmərgələr (kürd silahlıları) də halay çəkə-çəkə silahla, tankla gəlib keçdilər o tərəflərə. Hamımız da oturub, baxdıq.

– 10 ildən sonra da dedi ki, “açılım müddəti silah depolama müddətinə” çevrilib.

– Dünən də deyir ki, o TIR-lar İŞİD-ə yox, türkmənlərə gedirdi. Bu indi bunu günahı deyil, ondan əvvəlki rəhbərlərin də günahıdır. O zaman Tansu Çillərin zamanında hələ söhbət gedirdi ki, bufer zonası yaradılsın və türkmənləri də həmin bufer zonasında yerləşdirsinlər.

 

Tansu Çillər bunların hamısından kişi idi

 5

– Tansu Çillər bunların hamısından cəsarətli idi.

– O, bunlardan çox kişi idi. Bu günə qalan çox həll olunmamış məsələ var. Mən sizə hətta açıq da deyə bilərəm ki, Azərbaycanın güneyində olan hərəkat Atatürkçülükdür. Türk hərəkatı dünyəvi və sekulyar hərəkatdır. Özü müsəlman, şiə olsa da…

– Atatürkçü hərəkat demək olar.

– Moderndir. Nə qədər də olsa, bunlar ondan qaçsalar da, bu gün də mən qəti deyə bilərəm: Atatürkü də, Məhəmməd Əmin Rəsulzadəni də bizə verin, biz onlara sahib çıxarıq. Vacib məqamlarda bunlar əllərini qoyunlarına qoyub gözlədilər ki. Amerika, Avropa gəlib, bunlara yol göstərsin ki, hansı yolla getsinlər…

– Əjdər bəy, 40 ilə qədərdir ki, bu işin içindəsiniz. Neçə il mübarizənizə görə zindanda yatmısınız?

– Mən İranda hər iki rejimin zindanında yatmışam. Həm şah rejimində, həm də indiki rejimdə?

– Üst-üstə neçə il həbsdə qalmısınız?

– 6-7 il olar.

Süleyman Dəmirələ də, Dəniz Baykala da demişəm ki…

– Ondan sonra xaricə mühacir etmisiniz, Avropada, Türkiyədə mübarizənizi davam etdirmisiniz. Müxtəlif vaxtlarda Türkeşlə, Baxçalı ilə, Elçibəylə görüşmüsünüz…

– Mən bunu Süleyman Dəmirələ də, Dəniz Baykala da demişəm. O görüşlərdə rəsmi protokollar pozulub, amma mən sözümü demişəm. Süleyman Dəmirəllə görüşəndə soruşdum ki, “necə olur, İstanbulun küçələrində bir qarışqa tərpənəndə onu görürsünüz, amma qulağınızın dibində 35 milyon Azərbaycan türkünü görmürsünüz”. Türkiyə Böyük Millət Məclisində çıxış edəndə prezident Abdulla Gül Təbrizdən təzə qayıtmışdı, deyir ki, orada nə qədər türk var imiş, biz bunu bilmirdik”. Baxın eee… Türkiyə Cümhuriyyətinin prezidenti bilmirmiş ki, Təbriz ən böyük türk şəhəridir.

– Yeri gəlmişkən, Türkiyənin milli futbol komandası Azərbaycana gəlib, Bakıda futbol oynayandan sonra, bizim hamımızın sevdiyimiz futbolçu Hakan Şükür təəccüblə demişdi ki, bunlar da deyəsən, türkdürlər.

– Türkiyədə güney anlayışı, azərbaycanlılar anlayışı çox zəifdir. Əbülfəz Elçibəy deyirdi ki, quzey Azərbaycanın müstəqillik hərəkatı həm də Türkiyənin ayılmasına səbəb oldu.

Azərbaycanın güneyi sənin gücündür

3

– Bir çox şeylərdə bu müşahidə olundu. Qədim türk bayramlarından biri olan Novruz bayramı tamamilə kürdlərə verilmişdi, biz qaytardıq. Müəyyən dəyərlər var idi ki, onları Türkiyəyə biz gətirdik.

– Əlbəttə, indiki hakimiyyətin, indiki iqtidarın bəzi hərəkətlərini biz görəndə çox adam deyirdi ki, yanlış addım atırlar. Sənin gücün başqa bir yerdədir, sənin gücün Azərbaycanın da sərhədlərini keçib, dünyanı sarır. Azərbaycanın güneyi sənin gücündür. Rəhmətlik Əcəvit bir vaxtlar demişdi ki, əgər kürdlər qalxsa, biz də Cənubi Azərbaycandan başlayacağıq.

– Əjdər bəy, İranda hərəkatı birləşdirmək, müəyyən nəticələr əldə etmək üçün nə etmək lazımdır?

– Mehdi Bəzirgan vardı, Bəzirgan şəhərindən. Baş nazir idi, sonralar Xomeyninin başına nə qalmadı açmasın. Deyirdi ki, guya 12-ci imamdır – Mehdi Sahib-əz Zaman. Allahın, peyğəmbərin nümayəndəsidir.  Sözüm yox – yaxşı adamdır, siyasi adamdır, savadlı adamdır. O, şahın sonuncu məhkəməsində – 60-cı illərdə zindanda olanda, hərbi məhkəmədə hakimə, hərbi prokurora üzünü tutub deyir ki, “biz sizinlə normal, demokratik qaydalarla danışan sonuncu insanlarıq. Bizdən sonra dövran ayrı cür olacaq, bizi əzməyin.” Bəzirganın dediyi o tarixi yerdə silahlı mücadilə başlayır – kommunist “Fədai” təşkilatının, Xalq mücahidlərinin… Elə bu Mehdi Bəzirganın dediyi kimi silahlı qırğın düşdü. Amerikalıları da, Amerikanın oradakı səfirini də öldürdülər. Şahın adamını da öldürdülər. Böyük bir silahlı mübarizə başladı. Belə ki, işlər gedir və Tehran rejimi də heç kimə baş əymək istəmir, azərbaycanlıların istəklərini gözümçıxdıya salır, – etdiklərindən siz də xəbərdarsınız -, ekologiyasına ziyan vurur, gölünü qurudur, yaşayış yerlərini min yolla dağıdır, nə qədər zibil var Azərbaycandan və azərbaycanlı türklərdən gizli saxlayır, bunun bir sonu olmalıdır. İndi hərəkatı görənlər çıxıb deyirlər ki, bir təhqir üçün bu qədər böyük təpki oldu, hərəkat başladı. Xeyr, bir təhqirlə baş verən hadisə deyil bu. Azərbaycan türklərinin illərdir ki, hüquqları pozulur, işlə təmin olunmur, Səhiyyə-tibb problemləri var, sığortası ödənilmir, insanlar evinə çörək apara bilmirlər. Budur səbəb. İran rejiminə öz gücünü, nəyə qadir olduğunu göstərir. Bayaq siz də dediniz, könül bir çox şeyləri istəməız, amma avropalılar, amerikalılar bunu eləyirlər. Kürd dövləti yaradırlar. Qəndildən o tərəfi bəllidir, bəs Qəndildən bu tərəfi necə? Mənə bir siyasi mühacir olaraq, desələr ki, bu Azərbaycan türklərinə bir şey de, deyəcəyəm ki, “nə deyim?

İran adlanan yerdən inqilab və çevriliş iyi gəlir

8

Deyim ki, sən əlini qoynuna qoy, kürdlər də gəlib torpaqlarında otursun?” İndi nə qədər kürd var Qəndildən Güney Azərbaycanın torpaqlarına keçirlər. Belə gedərsə, altından xətt çəkərək deyirəm İran adlanan yerdən bir inqilab və bir də çevriliş iyi gəlir. Azərbaycanlılar da bu məsələyə hazır olmalıdırlar ki, keçmiş çevrilişdə olduğu kimi şəhərləri, bostanları yiyəsiz qalmasın. Əgər bizim millətimizin o zamanlar bu cür şüuru olsaydı, Təbriz, Ərdəbil, Urmiya, Zəncan çoxdan ayrılmışdı. O zaman millətin gözü bağlı idi. Millətin başına o qədər vurmuşdular ki, başı gicəllənmişdi. Milləti öz kimliyinə biganələşdirmişdilər. Amma indi başqa dünyadır, Azərbaycan başqa dünyadır. Məsələn, bu gün xaric – Avropa, Amerika, başqa ölkələr burada baş verənlərin ancaq bir qismini görürlər və özlərinə sual verirlər ki, necə olur ki, burada bu qədər təşkilatlanma var? Tehran rejimi leqal təşkilatlanmaya icazə vermir, ona görə də təşkilatlanma qeyri-leqal, gizli yollarla aparılır. Yoxsa bu məsələ hansısa qrupların çözə biləcəyi məsələ deyil. Xaricdə yaradılan təşkilatlar İranın daxilində hansı işi görə bilərlər? Xaricdəki təşkilatlar ancaq onu edə bilərlər ki, kənardan dayanıb, daxildə baş verənləri qınasınlar. Deyirlər ki, Amerika Güneyin istiqlalını istəmir. Mən son 27 ildə Azərbaycanın istiqlalı üçün mübarizə aparmışam, əlbəttə ki, mən Azərbaycanın istiqlalını istəyirəm. Mən bütün bunları farsı, İranı, zindanların içindən apardıqları siyasəti, Xomeyni sülaləsini yaxından tanıyaraq, etmişəm. Mən bilirəm ki, İran adlanan yerin sağçısı-solçusu necə həyasızdır. Bunların yüz illərdir ki, təşkilatları var. Bizimkilərin isə gözləri təzə açılıb. Bu gün də Azərbaycan türklərinin bir çoxu bilməyərəkdən o təşkilatların içindədirlər. Hətta onlardan qatı bizə qarşı çıxırlar. Bunlara izah edirlər ki, “sən türksən, niyə belə edirsən?” Təəccüblənir ki, “bəyəm, mən türkəm?” Ona görə də mən istiqlalın tərəfindəyəm. Bu millət müstəqil olmayınca, özü öz başını saxlaya bilməyəcək. Farsla davam etmək üçün heç bir yaxşı səbəb yoxdur. Yüz ildir bu hakimiyyət farsın əlindədir. Bu illər ərzində Azərbaycan türklərinin bütün hüquqları, torpaqları əlindən alındı, apardığı siyasət də dinlə pərdələndi. Bu gün də mənim türkümü şiə adı ilə aparır İŞİD-ə və sünnü ilə savaşdırır. Burada da elə ifadələr eşitmişəm ki, “qardaş, ora şiə dövlətidir, gedirik Suriya ilə savaşa…” Başa düşmürlər ki, o şiə dövləti olaraq savaşmır, fars olaraq savaşır. O özlərinin də dediyi kimi Əhəmənilər imperiyasını bərpa edir. Bu tərəfdən baxanda İran adlanan yerdə çox şey sakit görünür. Əslində bu belə deyil. Ancaq üzdə elə görünür. Kür çayı kimidir – üzdə sakit görünsə də, dərinliyində bir təlatüm var.

– Orada bir neçə cərəyan var – federalistlər, demokratlar, muxtariyyətçilər, istiqlalçılar var. Hansı cərəyan daha ağlabatandır?

– Bir məsələ var. Mənim də haqqımda çox şey danışanlar var. Əgər onların birindən soruşsanız ki, “sən bu Əjdər Tağızadəni tanıyırsan?” Deyəcək, “yooox”. “O zaman onun haqqında nə əsasla danışırsan?”, “belə deyirlər…” Elə kim kimin haqqında nə danışdısa inanıb fikir, mülahizə irəli sürmək olmaz ki… 1987-ci ildə mən solçu düşüncələrimdən ayrılmışam. O zaman bütün dünyada solçu qanadı qartal kimi uçurdu. O vaxtlar solçulara – marksistlərə, kommunistlərə bir şey demək olardı? Adamı gecə saat 12-dən sonra bir anın içində məhv edərdilər. Lenin bu rejimin əsasını necə qoymuşdusa, elə də 70 il sürdü. Gecə saat 12-yə qədər, yoldaş, tovariş, rəfiqsən, ağzından bir söz qaçıran kimi həmin adam gecəynən sənin haqqında yazıb, satacaqdı, səni də evindən götürüb aparacaqdılar. 1987-ci ildə hamıya bəyan etdim ki, “ey camaat, mən bundan sonra kommunist deyiləm”. Niyə? Mən buradan getmişdim, buranın fəhləliyini etmişdim. İran adlanan yerdə də siyasətin dərinliklərinə qədər getmişdim. Rejimləri gördüm, onları oxudum. O yanda elə bilirlər ki, əgər Araz çayının bu yanına keçdinsə, hamını bir qəlibə yığırlar. Xeyr. Hər kəs fərd olaraq, zindanda-filan öz mübarizəsini aparıb. Sözüm onda yox. Mən Avropadan da baxanda gördüm ki, Sovet dağılır. Sovet dağılmasaydı, bu bölgədə heç bir irəliləyiş olmayacaqdı. Sovet dağılmamışdan əvvəl Qəzzafiyə, Səddama gözün üstündə qaşın var, demək olardı? İmkansız idi.

 

Sən türksən, sən müstəqil olmalısan

 9

– İndi deyirsiniz ki, İran dağılmalıdır?

– 1987-ci ildə o qədər də çox dərnək fəaliyyət göstərmirdi. O zaman mən dedim ki, biz İstiqlalçı dərnək yaradaq. Biz Azərbaycanın güneyinin istiqlalını qarşımıza məqsəd qoyaq. O zaman Azərbaycanın quzeyində də bir hərəkat başlamışdı. Yüz minlərlə insan azadlıq mücadiləsinə başlamışdı. Gün keçdikcə də baxırdım ki, bu insanların sayı artır. Bir də gördüm ki, mənim tanıdığım Sovet imperiyası dağılır. O vaxt deyəndə ki, Sovet dağılacaq, Azərbaycanın quzeyi müstəqil olacaq, hamı gülürdü ki, Sovet dağıla bilər? Deyirdim ki, dağılar, Sovet dağılır. Azərbaycanın güneyində gərək biz istiqlalımızı qoyaq. Hansı formada? Çıxıb küçədə-bacada ölümlə üz-üzə gəlmək şərt deyil. İstiqlal havası birinci şüurda formalaşmalıdır ki, – sən türksən, sən müstəqil olmalısan, bu da sənin coğrafi məkanın olan Azərbaycandır, 7 yerə bölsələr də bu şəhərlər, bu obalar, bu kəndlər sənin Vətənindir. Biz bunu bu millətə aşılamalıydıq. Fürsət ələ düşdü. Azərbaycan cümhuriyyətini qazanandan sonra buradakı ziyalılar, siyasətçilər, hətta media kortəbii olsa da, Təbriz deyə-deyə, qardaş deyə-deyə mənəvi arxa durdu. Bunun özü güneyə elə bil ki, mənəvi mesajlar göndərdi. O taydakılar da əvvəlcə duruxdular, diqqət elədilər ki, quzeydəki türklər nə deyirlər. Elə bil ki, donmuşdular. Rejim də diqqət edirdi ki, bunlar nə deyirlər? Araz çayının kənarına yığılanlar da bir-birilərindən neçə il əvvəl o tay-bu tayda qalan qardaş-bacılarını, nənə-babalarını soruşurdular. Bu yandan çığırırdılar ki, siz də müstəqil olun, gəlin bizim hərəkata qoşulun. O zaman Sovetin – Şuranın dağılmasına şübhə ilə baxan insanlar gözləri ilə şahid oldular ki, Sovet necə dağılır. Sonra da dedilər ki, Azərbaycan müstəqil olsa, acından öləcək. Gördülər ki, xeyr, Azərbaycan ayaq üstədir. Vaxtilə reklam edirdilər ki, quzey Azərbaycanda insanların nə dini var, nə imanı, nə də əxlaqı, mədəniyyəti var. Sərhədlər açılandan sonra gördülər ki, buranın türklərinin də ailəsi var, evi var, əxlaqı var. Zəngilanla Qubadlı işğal olunanda camaat keçdi o taya, amma buradan insanlar gedəndə Tehran rejimi qoymadı ki, camaat qarışsın. Ora sərhəd çəkdi, qışın çovğununda onları geri qaytardı. Dedi, bunlar güneyə gəlib onlara qarışacaqlar, cənubluları da ayıldacaqlar. İstər-istəməz insanlar mübadilə edəndə bir-birilərinə deyəcəkdilər ki, “bədbəxtlər, bu nə gündür siz yaşayırsınız? Bu nə köləlikdir edirsiniz?” Ona görə də qoymadılar, qarşısını aldılar. Müasir dünyada internet, sosial şəbəkə populyarlaşandan sonra da kimin necə yaşadığı aydın oldu. Tehran rejimi bu gün də Bakıdan, Ankaradan qorxur ki, nə olsa buradan, ya da Ankaradan gələcək. Ona görə hər vəchlə bunun qarşısını almağa çalışır. Ancaq Güney Azərbaycanda bir özgürlük ruhu var ki, İran rejimi heç bir vaxt onun qarşısını ala bilməyəcək.

– Amma rəsmi Bakı da Güney Azərbaycanı dəstəkləmədi. Neçə dəfə oldu ki, Çöhrəqanlı gəldi, heç onu hava limanından şəhərə buraxmadılar.

– Artıq iş-işdən keçib. İstəyirlər dəstk versinlər, ya da verməsinlər. Bir də ayılıb görəcəklər ki, vay, Təbrizdə 1 milyon adam bayıra çıxıb. Bir vaxtlar da deyirdilər ki, Amerika türklərin istiqlalını istəmir. Amerikaya da, hətta Ağ Evə də getmişəm. Dedim, bilirsiniz nə var, Amerika istəmir, başını divara vursun. Kim istəmirsə, qələt eləyib istəmir. Əsas odur ki, mənim millətim istəyir.  Kimə ki, kənardan İran rejimində yaşamaq asan görünür, getsin, orada yaşasın. Görsün ki, səhər o başdan İranın hərbi qvardiyasının əsgərləri necə qapını kəsib, dağıdırlar ki, niyə evin işığı yanmır – namaz qılmırsan? Farsların özləri min yoldan çıxır, amma mənim millətimi gecə-gündüz pusur, izləyir, gərginlikdə saxlayır. Bu millətin bütün uğurlarını pozublar. Bu millətin iş haqqını, söz haqqını, səhiyyə haqqını, təhsil haqqını, vicdan azadlığını pozublar. Mən də burada deyirəm ki, cənab prezident çıxıb deməsin ki, insanlar niyə çölə düşüblər, bunu da İranın daxili işlərinə qarışmaq kimi yozulsun. Sadəcə çıxıb demək lazımdır ki, niyə mənim 50 milyonluq millətimin insan haqlarını pozursan. Bu bəyəm başqa bir dövlətin daxili işinə müdaxilədir? Xeyr. Necə olur ki, bu gün Amerika Türkiyənin cənubundakı kürdləri görür, onların insan hüquqlarının pozulmasından narahat olur, amma İranın şimlındakı 50 milyon Azərbaycan türkünün harayını eşitmir, özünü eşitməzliyə vurur. Ötən dəfə 3 milyon insan çölə çıxdı, hərəkata qoşuldu. Bundan artıq nə istəyirdiniz? İndi də üstünü ört-basdır edirlər. Bu gün bunu gizli saxladınız, sabah gizli saxladınız, axırı nə olacaq? Bir gün hər şey özünü göstərəcək də… Haq-haqlığında qalacaq. İndi də yeni nəsil gəlir. Yeni nəslin qarşısını almaq olmayacaq. Bu boz qurd (əli ilə “bozqurd” işarəsi göstərir – Red.) Ankaradakı Boz Qurd deyil. Bu Boz Qurd bütün türklərin qədim dədə-babalarından gələn rəmzdir. Baxçalı ilə dəfələrlə görüşəndə də bunu demişəm. Necə olur ki, Rusiyanın Altayında 4 türk əsilli var, ona bayraq da verib, qızıl halqaya alıb, tanıyırsınız, amma İrandakı 50 milyon türkü tanımırsınız? Dedi, “kim tanımır?” Dedim, “siz”. Bunu tarixlə əsaslandırırlar ki, Rza şah gəlib Atatürkün sarayına, tək bunu bilirlər, başqa bir şey də bilmirlər. Atatürk Əhməd şaha deyir ki, gəl sənə ordu verim, hakimiyyətə qayıt, hakimiyyətini qüvvətləndir. O istəmir, getmir, gedir Avropaya. Rza Pəhləvi də polkovnik idi, çevriliş etdi və hakimiyyəti Azərbaycan türklərinin əlindən aldı. Sonra da Mustafa Kamalın qarşısında təzim elədi. Bunu türklər yaxşı bilirlər. Ona görə də bu gün də Azərbaycan türklərinə dəstək verib, onların da pozulmuş hüquqlarının bərpa olunmasını tələb etməlidirlər. Bizlərdə deyirlər ki, böyük daş atmaq, vurmamağa işarədir. Burada da, Türkiyədə də deyirlər ki, “qardaş, İran bizimdir də…” Yox. Sizin deyil. Bir Mustafa Kamala, onun mübarizəsinə baxın. Bəziləri durub Qəzzafinin yanına – Liviyaya qaçırdılar. Rəhmətlik Xoca da (Nəcməddin Ərbakanı nəzərdə tutur – Red.) oralara qaçırdı. Nə bilim, Sina yarımadasından belə keçəcəyik, Fələstindən elə keçəcəyik və s. Hanı? Nə oldu? At da getdi, ip də getdi. Görürsən nə qaldı? Heç nə qalmadı. Sənə tək bu türklər qaldı, onlar da sənin köməyinə çatacaqlar. O zaman Atatürk də gördü ki, böyük millətdir, əlini atdı, onun içindən bir Cümhuriyyət çıxardı. Kiminlə? Bu millətin gücü ilə. Sənə də İran lazım deyil. Sənə İranda yaşayan bu 35 milyon türk lazımdır – torpağı var, dənizə dayanır, buna sahib çıx.

 

Elçibəy badəsini qaldıranda da Güneyin sağlığına qaldırardı

 10

– Əjdər bəy, sonuncu sualı vermək istəyirəm. Bu sualı verməsəm olmaz, çünki bu haqda sual verənlər çoxdur. Azərbaycandan kənarda da təşkilatlar yaranır. Dünya Azərbaycanlıları Konqresi yaratdınız, indi də orada güneylilərlə quzeylilər yola getmirlər. İllərlə bir yolla gəldiniz, indi də təşkilatın içində bir qeyri-müəyyənlik var. Soruşanlar var ki, Əjdər Tağızadə Sabir Rüstəmxanlı ilə uzun illər bir yol getdi, indi bəs nə oldu?

– Azərbaycan Cümhuriyyətində bir prezident var idi – Əbülfəz Elçibəy, tam bizim əlimizdə idi. Burada bəlkə çox adam onu bəyənmirdi, amma bütün dünya onu qəbul edirdi. Bizim əlimizdə idi. Badəsini qaldıranda da Güneyin sağlığına qaldırardı. Hər yerdə deyirdi ki, güneylilər yuxarı başda otursun, hamı da deyirdi ki, onları çəkmə yuxarı, yoxsa Tehran səni devirəcək. Heç nəyə baxmazdı. Hakimiyyətdən gedəndən sonra da dedi ki, status məsələsində səhv elədim, güneyliləri nəzərə almadım. Heydər Əliyevin də güney məsələsi daxilindəki nisgil idi.

– O da həmişə dəstək verirdi?

– Bəli, həmişə dəstəkləyirdi. Hər yerdə deyirəm, yenə deyirəm. Bu gün bizi ayıran tək Araz deyil. Bu gün bizi ayıran başı böyük pullara qarışan holdinqlərdir. Əgər bu gün bu millətin gəlirini oğurlayıb, xarici banklarda gizlədə bilirsə, ondan nə Qarabağa, nə Güney Azərbaycana 5 qəpik xərcləmirsə, o zaman da çıxıb deməsin ki, ay amandır, İsveç necə gözəl yaşayır. İsveçlilər xaricdə qazandıqlarını daxildə xərcləyirlər, daxildə qazandıqlarını xaricdə xərcləmirlər. Ona görə, o cür firavan dövlətdir. Vergini özünə sərf edir, mənimki, buradan vergini oğurlayır. Elçibəydən yenə misal gətirirəm. Deyirdi ki, “qardaş, biz buradan gedib, güneylilərə liderlik eləməyəcəyik. Vaxt gələcək, onların içindən elə liderlər çıxacaq ki…” Ad çəkdiniz deyirəm. Sabir Rüstəmxanlı mənim sözümə baxanacan, mən onu işlədirdim. Sözümə baxmayanda, peyğəmbərlik iddiasına düşəndə, burada oturub xaricdəkiləri, güneyliləri idarə eləmək istəyir. Bunun şüuru və əməli də buna çatmır. O zaman onu nə edəcəkdim? Başımda saxlayacaqdım? Dedim, “qağa, dünənə kimi sənə əl çalırdıq ki, deyirdin, Tehran rejimi ilə belə mübarizə aparırıq”. Deyir ki, DAK diaspora təşkilatıdır. Qardaş diaspora təşkilatıdırsa, o zaman sən burada nə gəzirsən, yerin rahat, kefin də saz. Deyir ki, DAK Tehranın düşməni deyil. Xeyr, düşmənidir. Onun bünövrəsini qoyan vaxt mən 700 nəfərlə mübahisə etmişəm – bəli o zaman bizi H.Əliyev də, ondan əvvəl Elçibəy də dəstəkləyib, yoxsa burada məni şəhid edirdilər ki, orada istiqlalçılıq bayrağını hər zaman üstdə tutmuşam.

– Sabir Rüstəmxanlı da hər zaman İran rejimindən narazı idi…

– Çünki niyə? Böyründəkilər Türkiyəni başda tutub deyir ki, “güneyliləri vuraq, nədir ey bu güneylilər. İran böyük dövlətdir.” Yox, Amerika kiçik dövlətdir. Ağızlarına düşüb, “qardaş, İran böyük dövlətdir, güclü dövlətdir…” Qardaş, bu nə söhbətdir. Tehran oturub bu gün özü-öz halına ağlayır, bunlar da ondan çəkinirlər…

– SSRİ balaca dövlət idimi?

– Ona görə belə deyirlər ki. siyasi şüurları, siyasi savadları yoxdur. Oxumurlar. Mən gecə-gündüz oxuyuram, izləyirəm, fikirləşirəm ki, “vay dədə, ya bu qvardiya çevriliş edəcək – çünki generallar çıxıb danışır, deyirlər ki, generalın haqqıdır danışmaq”. Qardaş, başdakı çıxıb danışsın da…

– Belə çıxır ki, hakimiyyət daxilində ciddi problemlər var?

– Orada olan problemlərin yanında başqa ölkələrin problemləri heç nədir.

 

Əbu Bəkir Bağdadinin xaç atası Tehran rejimidir

 4

– Əslində, biz bu məsələləri araşdırıb, analiz etməliyik.

– Bəli, mən bütün bunları izah etmək istəyirəm, amma xanım yandan çıxıb deyir ki, mənim ərim vəhydən gəlib, ona peyğəmbərlik verilib. Bu orada nə baş verdiyini bilməz. Bilməz. Bir nəfər də olsun çıxıb deyə bilməz ki, mən Əjdər Tağızadəni filan yerdə, filan vaxt sərxoş gördüm. Deyə bilməz. İmkanı yoxdur. Demək, biz hər şeyə – iqtidarın da, müxalifətin də adamlarının nazına qatlanırıq ki, bunların danışdıqları bir kəlmə internet dünyasında dərhal o taya da çatsın. Bu da bir təcrübədir və hər şey də bundan keçir. Mən ilk gündən qarşıma Azərbaycanın istiqlalını qoymuşam. Bəli, mən istiqlalçıyam. Bunu da arxasında dayanmışam, sürgünlüyümlə də bunu ödəyirəm. Canımın ucunda da yaşayıram, mənə fərq eləməz. Bu gün Boz Qurd rəmzini burada 10 milyoin, orada 50 milyon, bu yolda 100 milyon türk qaldırır, cavan qızlar qaldırır. Mən də qaldırıram. Əgər məndən soruşsalar ki, bu nədir? Deyəcəyəm ki, bu mənim tariximdir, keçmişimdir. Bu Ankaradan da çox-çox uzaqlara gedib çıxır. Altaylara qədər görünür. Millətin özünün tarixi var və gərək onu oxuyan kimliyini bilə ki, əsarətdən qurtara. Mən deyirəm ki, güneydə azərbaycanlılar qalxmasalar, istiqlallarını əldə etməsələr, onların müasir dünyadan, modern dövlətdən xəbərləri olmayacaq, azadlıqları olmayacaq. Niyə? Deyirəm və altından da xətt çəkirəm. Bu gün İran adlanan yerdə əgər əlləri minlərlə insanın qanına batmış, minlərlə günahsız insanı öldürmüş Əbu Bəkir Bağdadinin xaç atası Tehran rejimidir. Bu bölgəyə bu fitnəni gətirən odur.

– İŞİD-in?

– Bəli, İŞİD-in xaş atası Tehran rejimidir.

– Əslində, İŞİD-in da İranın layıhəsi olduğu deyilir.

– Din davasını, məzhəb davasını, şiə-sünnü davasını Xomeyni gətirdi. Sənin nə işinə qalmışdı ki, İran adlanan yerə hakimiyyətə gəlmişdin, özün də şiə idin? Deyirdin gedib Kərbəlanı tutacağam, gedib Səddamla dalaşdın. O Səddamla ki, sənə çörək vermişdi.

Həyat yoldaşım belə millətimə qarşı çıxsa, onunla bir yastığa baş qoymaram

 SAM_9606

– Səddam ona çörək vermişdi?

– Bəli. Sonra da dedi ki, gedirəm Yerusəlimi tutam, israilliləri yer üzündən siləm, yəhudilər cavabını verdilər. Sonra da dedi ki, gedirəm Məkkəni tutam. Bu il Məkkədə baş verən hadisələr, bəs nə idi? Hamısı bunların oyunu idi. Bu dəfə də gizlətdilər. Orada Livandakı keçmiş səfir, dayanıb, əlində də kağız mühazirə oxuyur ki, Səudiyyə Ərəbistanı belədir-filandır. Millət də axışıb gəlir. Hamının da xəbəri var idi, polisin də. Millət axışıb gəldi, polis küçələri bağladı, ayaq altında qaldılar, nə qədər adam öldü. Sonra bunları da tutdular. 16-sı general idi, başqa adlarla ora göndərmişdilər. Bütün bölgəyə fitnəni siz gətirdiniz. Bir məsələ də var. Mənim millətim baxır farsın əməlinə, baxır irticaya, fanatizmə, mövhumata. Gənclərim deyir ki, mən özümü bütün bunlardan azad etmək istəyirəm. Deyir ki, mən dünyəvi dövlətdə azad yaşamaq istəyirəm. Amerikanın istəyib-istəməməyindən heç nə asılı deyil. Amerikanın öz problemləri kifayət qədərdir. Siz Barak Obamanın 5 ay əvvəlki əməlləri ilə indiki əməllərinə baxın. İndi dünya vecinə deyil, oynaya-oynaya millətin arasına çıxır. Sabah da hakimiyyətdən çıxıb gedəcək. Kim bu gün Buşun səhvlərini müzakirəyə çıxarır? İngiltərənin Baş naziri də çıxıb dedi ki, biz səhv elədik. Nə oldu? Hansının boynuna səhvlərini qoya bilərsən? Ancaq millət hər zaman öz yolu ilə getməlidir. Dünyanın ən nəhəng dövlətlərində yeri gələndə siyasət də dəyişir. Amma sən buna baxmamalısan, öz azadlığının arxasında olmalısan, öz siyasətini yürütməlisən. Mən indi gəlib, Əliyə, Vəliyə DAK-a – xeyr, mən heç kəsə aşiq deyiləm. Əgər görsəm ki, biri mənim milli, siyasi mənafeyimdən kənara çıxır, dədəm də olsa, deyəcəyəm ki, yox, mənimki səninlə tutmur. Nə var, nə var, çörək kəsmişik, qardaşlıq eləmişik, yol getmişik… İstəyir həyat yoldaşın olsun, boşan. Bu gün əgər mənim həyat yoldaşım millətimə qarşı, azadlığıma qarşı, istiqlalıma qarşı çıxacaqsa, onunla bir yastığa baş qoymaram. O da qalsın kimsəyə… Bəli, mən səndən istifadə etmişəm. Özümə görə yox, millətimə görə istifadə eləmişəm. Əcəb eləmişəm.

– Təşəkkürlər. Çox faydalı söhbət oldu. Sağ olun!

– Siz sağ olun!

 

Son

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button