“Qaynar Qazan”da Ruslan İzzətli (II hissə): “Hakimiyyəti yalnız yeni qüvvələr və yeni simalar dəyişəcək!

Türkiyə-Ermənistan sərhədlərinin açılmasının tərəfdarıyam

Ruslan İzzətli ilə müsahibəyə bir çox səbəblər rəvac verdi. Əvvəla, ona görə ki, Ruslan İzzətli siyasətdə gənclərin ən parlaq nümayəndələrindən biridir. Hər müsahibi qərarlaşdıranda, bizə iradlar və təkliflər də gəlirdi. Ki, bəs niyə gənclərin nümayəndələrinə söz haqqı tanımırsınız. Bunun üçün də gənclərin nümayəndələrinin önə çıxmaları, gündəmin əsas adamlarından biri olması lazım. Təbii ki, şərt də deyil, amma önəmlidir həm də.

Ruslan İzzətli son günlərin öndə olan gənclərindən biridir. D-18 hərəkatı olaraq son dönəmlər ölkə gündəmində özlərinindən bəhs etdirə bilirlər. Sərt müxalif mövqeləri və aydın hədəfləri ilə özlərindən və əməllərindən hali edirlər cəmiyyəti. Onlar bu ölkənin Cümhuriyyət gözətçiləridir və ilin-günün bu vaxtında 1918-ci il Cümhuriyyətinə və Cümhuriyyətimizin böyük kişilərinə sahib çıxmaq gəncliyə də örnəkdir. Örnək olmalıdır.

Ruslan İzzətli Müsavatın 18 sentyabr mitinqinin ən parlaq çıxışlarından birini etdi. Ardınca Türkiyəyə səfər etdi və dərhal da hakimiyyətin yanlı və tərəfli mediası onu ölkədən qaçmaqda ittiham etdi. Bir neçə gün keçmədi ki, İzzətli ölkəyə qayıtdı, amma həmin yanlı media yazdığı yanlışlara görə ondan üzr istədimi, bilmədim.

Ruslan İzzətli həm də xarici təşkilatlarla, müxtəlif ölkənin səfirlikləri ilə, bir çox beynəlxalq təşkilatlarla yaxşı münasibətlət yarada bilib. Mən onu təzə tanıyıram, amma əminliklə deyə bilərəm ki, heç bir addımı da Azərbaycanın əleyhinə deyil. Gələcək təbii ki, hər şeyi daha aydın göstərəcək, ancaq bu ağılla və tədbirliliklə addımlasa, ona asan olacaq.

Mən Ruslana bu qədər və eyni zamanda sərt sualların gələcəyini təxmin etmirdim. Bir neçə sual olacağını və uzağı 30-40 dəqiqəyə də müsahibənin sonlanacağını gözləyirdim. Amma gözlədiyimdən çox fərqli oldu hər şey. Ruslana ən azı partiya sədrləri qədər sual gəldi və ona da heyrət etdim ki, suallar xüsusi amansızlığı ilə seçilirdi. Deməli, onun fəaliyyəti yetərli olmuşdu. Olmasaydı, bu qədər əsəb, kin, narahatçılıq dolu suallar haradan qaynaqlana bilərdi?

Müsahibə boyu da təmkini, səbri və ağır cavabları ilə seçildi Ruslan İzzətli. Cavablara səlis və düşünərək cavablar verdi. İttiham etmədi, sadəcə çalışıb bildiklərini söyləməyə çalışdı.

Beləcə, gənc liderlərdən Ruslan İzzətli ilə “Qaynar Qazan”da saat yarıma qədər danışdıq. Ölkədaxili məsələlərdən ölkəxarici problemlərə qədər, bir zamanlar müavini olduğu İqbal Ağazadədən “ənənəvi” adlandırdığı müxalifət partiyalarına, dövlət məmurlarına qədər kimlərdən danışmadıq ki. Qoy bu da Azərbaycan məsələlərinə “ənənəvi” yanaşmadan fərqli olsun. Gənc baxışı… Üçüncü baxış və s…

Ruslan İzzətlinin mənfi cəhətləri yoxmu? Müsahibə boyu, ya da müsahibədən əvvəl tənqid olunacaq bir özəlliyi olmadımı? Var təbii ki. Amma mən onun bu cəhətlərindən danışmaq istəmədim. Gəncləri dəstəkləmək və inkişaf etdirmək naminə o məqamlara göz yummaq da olar. Təki ortada belə cəsarətli, gözüpək və atılqan cavanlar olsun, onları sayı çoxalsın. Ruslan İzzətli kimi cavanlar çox olduqca, ölkənin də problemləri həllini tapacaq. Tapmalıdır…

“Qaynar Qazan”ın 26-cı qonağı D-18 hərəkatının sədri, gənc siyasətçi Ruslan İzzətlidir…

Əvəz Zeynallı

II hissə

I hissəni bu linkdən oxuyun:

https://www.xural.com/qaynar-qazanda-ruslan-izz%C9%99tli-i-hiss%C9%99-qohumlarim-m%C9%99niml%C9%99-gorusm%C9%99kd%C9%99n-qorxurlar/ (“Qaynar Qazan”da Ruslan İzzətli (I hissə): “Qohumlarım mənimlə görüşməkdən qorxurlar”)

Zaman göstərəcək ki, biz haqlıyıq

sam_2563

– Asim Kazımlı soruşur ki, “Hansı gənclərin təmsilçisidir? Onunla birlikdə hərəkət edən nə qədər gənc var? Birlikdə hərəkət etdikləri müddət nə qədər olur?” Burada mənə də bir sual ünvanlanıb ki, “Belə adamları o qədər də başa qaldırmayın, belələri ilə öz çəkinizi itirməyin”.

– Yəqin Asim bəy gənc birisidir. Bir insanın gənc yaşında bu qədər ikrah, kin, nifrət içərisində olması onun inkişafına mane olacaq. Bayaq da qeyd elədim. Mən hakimiyyətə qarşı sərt, prinsipial, cümhuriyyət dəyərləri daşıyan gənclərin təmsilçisiyəm. Əgər bizi bəyənmirlərsə, həmin o Asim Kazımlı çıxsın, hakimiyyətə qarşı mövqeyini ortaya qoysun. Gənclər onun ətrafında birləşsə, mən də görsəm ki, o bizdən daha öndədir, o zaman kənarda duraram. Əgər öndə dura bilmirsənsə, bütün çətinlik və mərhumiyyətlərə baxmayaraq, önə çıxan insanları tənqid etməyin, aşağılamayın. Baxmayaraq illərlə bu olub. Məsələn, Xalq Cümhuriyyəti qurulanda da Məhəmməd Əmin Rəsulzadəni, öndə gedən insanları kifayət qədər tənqid ediblər. Amma sonra zaman göstərib ki, kimdir haqlı. Zaman göstərəcək ki, biz haqlıyıq, nəinki klaviatura arxasında durub, o cür lağlağı yazılar yazanlar.

Əksinə, sevinirəm ki…

dsc02509

– Tural İsmayılov soruşur: “Niyə zamanında yaxın dost olduğu adamların bir çoxu onu axtarmaq istəmir? Ritorikasındakı sərtlik insanları ondan uzaqlaşdırmırmı?”

– Əgər bu gün biz olanları deyiriksə, hakimiyyətə qarşı münasibətimiz sərt və aydındırsa, kimsə buna görə yanımıza gəlmirsə və keçmiş dostlarım da buna görə məni axtarmırlarsa, məni ittiham etmək lazım deyil. Bu situasiyanı, bu kini, nifrəti yaradan hakimiyyəti ittiham etmək lazımdır ki, necə bir sistem, necə bir ölkə qurmusunuz ki, artıq insanlar düşüncələrinə görə təftiş olunurlar, dəyərlərinə görə təftiş olunmurlar. Mən əksinə, sevinirəm ki, dostların məni bu cür görüb, yaxın gəlmirlər ki, “bu, hökumətə qarşı sərtdir, mövqeyi aydındır, biz ona yaxınlaşsaq, bizi tutarlar”. Mən o zaman narahat olardım ki, insanlar məni “hakimiyyətin adamı” olaraq ittiham edərdilər və o zaman mənim yanıma gəlməzdilər.

– Orxan Məmmədov və Vüqar Aslanın suallarında oxşarlıq var: “D-18 hərəkatını gələcəkdə partiyaya çevirmək planınız varmı?”  “Nə vaxtsa siyasi partiya olmaq haqda qərara gələ bilərlərmi? Klassik partiyalar olduğu halda D-18 Azərbaycana yeni siyasi kurs gətirəcəkmi?”

– D-18-in indiki halda o düşüncəsi yoxdur.

– Çünki ReAL hərəkatının siyasi partiyaya çevrilmə təşəbbüsü var. Yəqin ki, bu suallar da o aspektdən verilir.

– Bizim o düşüncəmiz yoxdur. Çünki ölkədə siyasi partiyanın formalaşması üçün bir situasiya yoxdur. Bu gün bizim iki-üç rayonda görüşümüz var. Məsələn, Kürdəmir rayonunda insanlarla görüşümüz var. Lakin görüşə yer vermədikləri üçün bir aydır ki, onu təxirə salmalı oluruq, yəni həmin görüşü keçirə bilmirik. Situasiya yoxdursa, bir siyasi mühit yoxdursa, adı partiya olub və bizdən öncəki partiyalar kimi yalnız çevrə qurumu olacağıqsa, olmamaq daha yaxşıdır. Çünki insanlar düşünür ki, yeni bir sistem qurulacaq, yeni bir partiya qurulacaq, yeni bir düşüncə gələcək, o dəyişəcək və sən də insanların ümidini qırmağa başlayırsan. Çox təəssüf ki, illərlə partiyalar bu cür yarandı. Yeni bir sima, yeni bir lider, yeni bir düşüncə… Lakin bir ildən sonra baxdıq ki, o da köhnələrdən heç nəyi ilə fərqlənmir. Əksinə, köhnələr ondan daha dəyərli imiş. Ona görə də D-18-in siyasi partiyaya çevrilmə düşüncəsi yoxdur. Əsas düşüncəmiz təşkilatlanmaq, güclənmək və ölkədə avtoritarizmdən demokratiyaya keçməkdir.

Allahın evində müxalifət-iqtidar, sağçı-solçu, dindar-radikal olmaz

sam_2567

– Zaur Albəyov soruşur: “M.Ə.Rəsulzadə ənənəsini yaşatmaq istəyir. Bir növ Azərbaycan Xalq Cümhuriyyətinin bərpasını istəyir.  Bu yolda nə edib və gələcəkdə nə planlayır? Əgər hakimiyyətə gəlmiş olsaydı, dini və əqidə azadlığına izin verərdimi? Məktəblərdə hicaba və təsəttürə icazə verərdimi?”  Bu məsələlərə baxışlarınız necədir?

– D-18 2013-cü il martın 18-də yaranıb. O gündən biz də çalışırıq ki, cümhuriyyət düşüncələri yayılsın. İnsanlar iki yolla siyasətə gəlirlər. Biriləri emosional proseslər üzərindən siyasətə gəlir. Məsələn, qiymət artımı oldu və o adam müxalifətə keçərək siyasətçi olur. Bir aydan sonra proses stabilləşəndə yenidən siyasətdən geri dönüş edir. Çünki baxır ki, onun siyasətdə qalmasının heç bir mənası yoxdur. Bir də var, prinsip və dəyərlərə görə müxalifətə gələn insanlar. Prinsip və dəyərlərə görə müxalifətə gələn insanlar hakimiyyət nə qədər sərt olursa olsun, nə qədər basqıcı olursa olsun geri çəkilmir. Çünki dəyər və prinsip daşıyır.  Biz çalışırıq ki, D-18-də onu yaradaq. Məsələn, bizdə “Cümhuriyyət Akademiyası” var. Ölkənin tanınmış ekspertlərini, ziyalılarını o akademiyaya dəvət edirik və onlar gənclərə bir saatlıq təlim keçirlər.  Məsələn, parlamentar respublika nə deməkdir? Onun prezidentli respublikadan fərqi nədir? Və yaxud da Cənubi Qafqazda geopolitik durum nə yerdədir? Biz bu mövzularda gənclərə təlimlər keçirik ki, onlar daha çox ideya və prinsiplərinə sadiq olsunlar. Oxumuş gənci almaq və ya ona basqı etmək çox çətindir, nəinki oxumamış, cahil insana. Dini məsələlərə gəlincə, mən hər zaman dinin dövlətdən ayrılmasının tərəfindəyəm. Məscid Allahın evidir. Allahın evində müxalifət-iqtidar, sağçı-solçu, dindar-radikal olmaz. Hər kəs çiyin-çiyinə namazını qılar, duasını edər. Məscid elə bir yer olmalıdır ki, bizim hər birimiz orada ruhən rahat olmalıyıq – iqtidarlı-müxalifətli, sağlı-solçulu… Hətta cəmiyyətdə qarşı-qarşıya gələ bilməyən, bir masa ətrafında otura bilməyənlər məsciddə br araya gələ bilməlidirlər. Mən dini də, məscidi də bu cür görürəm. Bu, tək mənim fikrim deyil. Bu fikir həm də M.Ə.Rəsulzadənin yazdığı siyasi əsərlərdə də səslənir. Mən məktəblinin məktəbli, universitet tələbəsinin universitet uniformasında olmasının tərəfindəyəm. Amma bu hakimiyyətdən fərqli olaraq, əgər məktəb-universitetlərdə uniforma yoxdursa, sən başqa geyimdə olan insanları ora buraxırsansa, yəni sərbəst bir geyimdə istənilən tələbə dərsə gələ bilirsə, ancaq hicablılar universitetlərə buraxılmırlarsa, artıq bu, bölücülükdür və bir qrup insanı da qəsdən dövlətə qarşı çıxarmaqdır. Mən buna qarşıyam. Yəni insanlar istədikləri geyimdə universitetlərə gələ bilirlərsə, sən hicablıya fərq qoyursansa, mən buna qarşıyam. Amma düşünürəm ki, məktəblinin də, universitet tələbəsinin də ümumi geyim forması olmalıdır. Lakin hər kəsin vicdan azadlığı var və o vicdan azadlığı da qorunmalıdır. Şiəsinin, sünnisinin fərqi yoxdur. Dövlətin təhlükəsizliyinə və sabahına bu düşüncə və bu tezislər bir problem yaratmayacaqsa, dövlətin borcu o insanları qorumaq və onların inancına sayğı göstərməkdir.

Mitinqlərə daha çox insanın gəlməsi üçün…

sam_2564

– Adının çəkilməsini istəməyən bir nəfər dedi ki, Ruslan İzzətli Müsavatın mitinqində dəfələrlə Tanrıya istinad və müraciət elədi. Amma o, hansısa facebook statusunda AXCP-nin mitinqinə dindarların çox sayda qatılmağını tənqid eləyib. O adam burada ziddiyyətin olduğunu önə çəkir və soruşur ki, əgər o, Tanrıya bu qədər müraciət edirsə, ibadətlə məşğul olan insanların siyasətə qatılmasına niyə bu cür baxır?

– Xatırladığım qədərilə 18 sentyabr mitinqində o qədər də söylənildiyi kimi dini çıxış etməmişəm. Sadəcə sonra, “Tanrı Azərbaycanımızı, Tanrı Cümhuriyyətimizi qorusun!”, – demişəm. Mən bütün yazılarımda və bütün çıxışlarımda bunu deyirəm. Bir var inanclı insan, bir də var siyasi İslam. Bunlar tamamilə fərqli-fərqli yanaşmalardır. Mən Allahımı tanıyıram. Dinin İslamdır, dinimi çox sevirəm. Peyğəmbər əfəndimizi çox sevirəm. Amma mən bu düşüncəmi siyasətə gətirmirəm. Amma Cəbhənin mitinqindən yayımlanan 3-4 dəqiqəlik videoya diqqət etsəniz, görərsiniz ki, orada çıxış edən Əli bəy Ərdoğanın bir prototipi idi. Yəni daha çox dindar bir çıxış, daha çox dindarlara ünvanlanan çağırış çıxışı. Məqsəd daha çox insanın mitinqə cəlb edilməsi idi. Mən belə düşünürəm. Bilmirəm, bəlkə zaman Əli bəyi haqlı, bizi isə yanlış çıxaracaq. Mən isə düşünürəm ki, mitinqlərə daha çox insanın gəlməsi üçün prinsip və dəyərlərimizi itirməməliyik. Hətta inanclı bacı-qardaşlarımıza da o ziddir. Mən hər zaman deyirəm ki, bir xanımın hicabı siyasi alət olmamalıdır. Bir insanın namazı siyasi alət olmamalıdır. Və bu insanlar icazə verməməlidirlər ki, siyasətçi onlardan istifadə etsin. Mən də çıxıb hicabdan danışa bilərəm. Hakimiyyət bütün sahələrdə problem yaratdığı kimi dini sahədə də kifayət qədər problemi var. O problemlərdən danışaram, daha çox o insanların dəstəklədiyi şəxs olaram. Amma mənim üçün dövlət və prinsiplər daha çox önəmlidir.

– Orada hətta “Azadlıq!” və “İstefa!” şüarları ilə bir yerdə…

– “Allahu-əkbər!”, “Allahu-əkbər!” deyirdilər…

Dövlət məscid tikməməlidir

dsc02520

– İlk dəfə idi ki, Azərbaycan mitinq tarixində “Allahu-əkbər!” sədaları eşidilirdi…

– Amma o insanlar indi məni ittiham edirlər ki, “Cəbhəni niyə ittiham edirsən?” O cəbhəçilərin çoxu Türkiyədə “15 Temmuz Darbesi”ndən sonra “Allahu-əkbər!” şüarı ilə demokratiya yürüşü edən insanlara bir növ istehza ilə yanaşırdılar ki, “Allahu-əkbər”lə demokratiya qurularmı? İstanbulda, Ankarada “Allahu-əkbər”lə demokratiya qurulmursa, “Məhsul”da “Allahu-əkbər”lə demokratiya qurula bilərmi? Deməli, “mən deyirəmsə, bu haqlıdır, başqası deyirsə, haqsızdır”, – düşüncəsi var. Bilirsinizmi, demokratiya ona görə önəmlidir ki, biz televiziyaya çıxıb, bunları deyirik. İnanın ki, dindar bacı-qardaşlarımız da bu düşüncəni dəstəkləyər ki, “bu, doğru deyir, hicab siyasi alət olmamalıdır, məscid siyasi alət olmamalıdır.” Dövlət məscid tikməməlidir. D-18-in seçkilər dönəmində Əhmədli qəsəbəsində keçirilən görüşlərindən birində demişdik ki, “dövlət məscid tikməməlidir, dövlət dini öz təsiri altına almamalıdır”. Dövlət torpaq ayırmalıdır. Dini icmalar var, onlar da getsinlər məscidini tiksinlər. Yəni maksimum çalışmaq lazımdır ki, din və məscid müstəqil olsun. Yoxsa mən məscid tikim, atamın da adını o məscidə verim, təbii ki, orada oturan molla da, imam da daha çox mənə fətva oxuyacaq. Baxın, bu gün Azərvaycanda məscid imamları daha çox saray məddahlarına dönüblər. Amma siz Allahın və Qurani-Kərimin verdiyi ilkələri doğru təbliğ etsəydiniz, bu gün məddah olmazdı. Bu gün imam haramçılıqla məşğul olmazdı. Bu gün sizin hansısa bir idarəniz hansısa ət məhsullarına “Halal”lıq sertifikatı verməzdi. Deməli, yalançı bir dini təbliğat gedir, əsl dini təbliğat aparılmır. Biz buna qarşıyıq.

– Namiq Salam soruşur ki, yaxın aylarda D-18 Hərəkatı Milli Şuraya rəsmən üzv olacaqmı?

– Xeyr.

– Ceyhun Mirzəli soruşur ki, “D-18-in bir illiyində demişdi ki, 2018-ci il seçkilərinə kimi əsas müxalifət təşkilatına çevrilə bilməsək, siyasətdən gedəcək, təşkilatı buraxacaq. Sözünün üstündə dururmu?”

– Mən hər zaman dostlarıma da demişəm ki, əgər 2018-ci ilə qədər D-18 ölkənin aparıcı siyasi hərəkatı, müxalifətçi siyasi hərəkatı olmasa, mən 2019-cu ilin yanvarında hərəkat sədrliyindən istefa verəcəm. Siyasətdə, idarəetmədə qalacam, amma sədrlikdən istefa verəcəm. Məqsəd isə, bir ənənəni gətirməkdir. Mən ötən 5 ildə hərəkatı müəyyən bir mərhələyə gətirib çıxara bilməmişəmsə, deməli, lider kimi bunu bacara bilməmişəm. Deməli, yol açmalısan ki, başqası gəlsin. O da uğursuz ola bilər, o zaman imkan verilməlidir ki, başqa birisi gəlsin. Yəni artıq insanlar bu dəyişimi öz həyatlarında və öz siyasi qurumlarında da görməlidirlər. Yoxsa 1993-cü ildə bir partiyanın sədri olum və 2016-cı ildə yenə deyim ki, iqtidar imkan vermir ki, biz hakimiyyəti dəyişək. Bu cür hakimiyyətlər heç bir zaman kreslosunu boş-boşuna verməz. Bu cür sistemlər heç bir zaman sənə meydan verməz. Heç bir zaman azad seçki verməz. Çünki bu sistemin ideologiyası yoxdur. Çünki bu iqtidar qorxu və pulla hakimiyyətdə qalır. Sənə heç nəyi icazə verməz ki… Kuçmanı xalq ayağa qalxdı, devirdi. Şevardnadzeni xalq ayağa qalxdı, devirdi. Yəni liderlər bunu etdilər. Sən bunu etmirsənsə, deməli, bacarıqsızsan, deməli, istefaya getməlisən. Biz bəhanələr gətirməkdənsə, xalqı qorxaqlıqda və cəsarətsizlikdə ittiham etməkdənsə, öncə özümüzü ittiham etməliyik, “biz harada yanlış etdik ki, bu qədər zəiflədik. Biz nə zaman yanlışlıq etdik ki, 2000-2005-ci illərdə parlamentə təmsil olunan heç olmasa 5-6 adam var idi ki, bu gün bir nəfər də olsun parlamentdə nümayəndəmiz yoxdur. Biz harada yanlışlığa yol verdik ki, 2009-2016 illər arası Konstitusiyamız daha da avtoritarlaşdı”. Deməli, bir lider və siyasi qurum olaraq bacarmadın və o zaman yenilərə də yol açmalısan.

1995-ci ildən bu günə qədər heç bir partiya legitim deyil

dsc02513

– Yəni deyirsiniz ki, bütün ağırlığa və bütün çətinliklərə baxmayaraq, Azərbaycan müxalifəti proseslərin önündə dura bilərdi?

– Bəli… Daxili didişmələr, eqolar və “mənə yol açılırsa, parlamentdə olum, başqasına açılırsa, qıraqda durum”, – kimi cılız partiya oyunları onları bu cür duruma saldı. 2000-ci ildə bir partiyanı buraxdı, digərini buraxmadı ki, legitim deyil. 2005-ci ildə də başqa bir partiyanı buraxdı, o partiya da dedi ki, legitim deyil. Əslində, 1995-ci ildən bu günə qədər heç bir partiya legitim deyil. Əgər oturub legitimlik qazandırmısınızsa, deməli, hakimiyyətin yürütdüyü siyasətə qatqılarınız olub.

– Ceyhun Mirzəlinin ikinci sualı var: “Osmanlı ocaqlarının Bakı təmsilçisi oldu. Ondan bir neçə ay sonra Türkiyənin yeni Osmanlı siyasətini bir müsahibəsində tənqid etdi. Bu nə ayran, bu nə turşu?”

– Adamlar belə suallar verməzdən əvvəl araşdırsınlar. Mən orada açıqlama vermişdim. Türkiyədə bir AK partiyə yaxın Osmanlı ocağı qurulurdu. Və bildirmişdilər ki, bu AK partiyə yaxın bir qurumdur. Mən də demişdim ki, sizin Azərbaycanda ofisinizin açılmasına yardım edərəm. Onlar da dedilər ki, bir-iki ay sən orada ol, çünki başqasına güvənə bilmirik. Buna bizim hərəkatdakı dostlarımız da şahiddirlər. Mən başqa bir adamın o ofisdə sədr olmasını da göstərmişdim. Məqsədim nə idi? Məqsədim o idi ki, Türkiyə mətbuatı və Türkiyə siyasi qurumları Azərbaycandakı siyasi durumu ictimailəşdirsin. Çünki Türkiyə Amerika deyil, Avropa deyil. Türkiyədə bu gün kiçik bir tənqid hakimiyyəti daha çox silkələyir, xalq bu məsələyə daha çox müsbət yanaşır. Mən maksimum çalışıram ki, Türkiyədəki siyasi qurumlar, mətbuat, dərnəklər Azərbaycan məsələsini gündəmə gətirsinlər. Çox təəssüf ki, Azərbaycan məsələsini gündəmə gətirmirlər. Ona görə mən bu cür qurumlarla görüşürəm. Daha sonra mən AKP-nin təmsilçiləri ilə görüşdüm və məlumat aldım ki, bu qurumun AKP ilə heç bir bağlılığı yoxdur və daha sonra Türkiyə cümhurbaşqanı bununla bağlı bir qərar verdi ki, bu qurumun bizimlə heç bir əlaqəsi yoxdur. Ondan sonra həmin qurumla əlaqələrimizi kəsdik. Ona qalarsa, mənim CHP ilə də çox yaxşı münasibətlərim var. Mən CHP-nin millət vəkili ilə, onların təşkilatçılığı ilə parlamentin akt zalında 100 nəfərə yaxın gənclə birlikdə görüşmüşəm. Mən MHP-də bir çox adamlarla görüşmüşəm. Və ya digər siyasi partiya nümayəndələri ilə görüşmüşəm. Mən Türkiyəyə bir partiya gözü ilə baxmıram. Türkiyənin daxili siyasətinə qarışmadan hər kəslə münasibətlərin qurulmasının tərəfdarıyam. Çünki mənim üçün bir Azərbaycan davası var.

Bu gün Azərbaycan insanı ac və yalavacdır

dsc02511

– Fəridə Əliyeva soruşur: “Siyasi yöndə məqsədi nədir? Nə üçün siyasətdəsiniz?”

– 1918-ci ildə qurulan o demokratiya və cümhuriyyət prinsiplərini Azərbaycana qaytarmaqdır. Düşünürəm ki, Azərbaycan insanları artıq Rusiya bazarlarında olmamalıdır. Türkiyədə yüzlərlə həmyerlilərimiz var ki, yeraltı dünyada çalışırlar. Avropada və digər ölkələrdə qaçaq şəraitində yaşayıb, övladına 5-3 manat çörəkpulu qazanmamalıdır. Azərbaycan gənci bu cür sıxıntılı durumda olmamalıdır. Azərbaycan gənci kreditlə ailə qurur, kreditlə yasını yola verir. Bu gün Azərbaycan insanı ac və yalavacdır. Ölkədə bir sahəni göstərə bilməzsiniz ki, o sahədə iqtisadi inkişaf var. İndiyə qədər iqtidar idman sahəsinin uğurları ilə qürur duyurdu, amma Avropa Olimpiya Oyunlarından sonra göründü ki, rayonlarda tikilən Olimpiya Kompleksləri səmərəsizdir və heç bir idmançı yetişdirə bilməyib. Yəni hakimiyyətin idmandan tutmuş dövlət idarəetmə sahələrinə qədər siyasəti iflasa uğrayır. Bu qədər problemləri görüb susmaq olmaz. Mən düşünürəm ki, Azərbaycanda normal bir dövlət qurulmalıdır. Mənim 27 yaşım var və mənim prezidentlik iddiam da yoxdur, kimsə desin ki, bunun hakimiyyətə iddiası var deyə siyasətdədir. Mənim hakimiyyət iddiam da yoxdur. Mən bir gənc kimi bu cür ölkədən, tam səmimi deyirəm, xaricə gedəndə utanıram. Yəni “niyə Azərbaycandakı bu idarəetməyə dözürsünüz”, – sualını verəndə mən utanıram. Çünki mən necə deyim ki, xalqım qorxaqdır və yaxud da mübarizə aparmırıq. İnsanlara o mübarizəni göstərmək lazımdır.

– Siyasətlə bağlı bir neçə sual var. Eltac Əlisoy soruşur: “Bir vaxtlar indiki müxalifəti ənənəvi müxalifət adlandıraraq, özünü yeni sima kimi qələmə verirdi. Hətta loru dildə desək, guya müxalifəti bəyənmirdi. İndi nə oldu ki, Ruslan bəy gəlib həmin o müxalifətlə birləşib, hakimiyyətə qarşı mübarizə aparır?”

– Birincisi, Eltac bəy mənim söylədiklərimi təhrif edir. Çünki mən heç bir vaxt özümü yeni sima adlandırmamışam. Mən hər zaman onun tərəfində olmuşam ki, bu hakimiyyəti yalnız yeni qüvvələr və yeni simalar dəyişəcək. Özümün də hakimiyyət iddiam olmadığı üçün özümü qabartmamışam. Mən bir gənc kimi, daha çox gəncləri ətrafına toplayan bir siyasi qurum kimi biz bu düşüncədə olmuşuq. O ki qaldı 18 sentyabrda Müsavat partiyasının mitinqində iştirak etməyim məsələsinə, biz Müsavatla parlament seçkilərinə, prezident seçkilərinə görə birləşməmişik, deyək ki, biz ideoloji, prinsiplər, proqram baxımından bir yerdəyik. Biz referendum məsələsində bir yerdə olmuşuq. Yəni cümhuriyyətlə monarxiyanın mübarizəsində bir yerdə olmuşuq. O davada dünənə qədər hakimiyyəti təbliğ edən partiya da gəlib dursaydı, mən onu da alqışlayacaqdım. O elə bir məsələ idi ki, heç kəs açıq-aydın aktiv olmaq istəmirdi, ortaya mövqe qoymaq istəmirdi. Bilirdi ki, məsələnin qarşısında kim var. Bilirdilər ki, başda İlham Əliyev və onun komandası var və referendum da İlham Əliyevin maraqlarına görə keçirilir. Hər kəsdə bir qorxu da var idi, çünki bu günün sabahı da var. Ona görə də cəmi 2-3 qrup aktiv oldu. Ona görə də məncə həmin gənclər alqışlamalıdır ki, onların ortaya qoyduğu o cəsarət və prinsipiallığı 10 il əvvəldən yaranan partiyalar ortaya qoya bilmədilər.

– Bayaq da bir sualın içində bu vardı: “Bir zamanlar AKP-ni dəstəkləyib, onlarla fotolar paylaşardı. Sonra oldu dünyəvi insan. Əvvəllər AXCP və Müsavat partiyasına lağ edərdi, sonradan isə Müsavatın partnyoru oldu”.

– Mən hər zaman dünyəvi olmuşam. AKP ilə yanaşı, CHP ilə də, MHP ilə də görüşlər keçirmişəm. Hər zaman da demişəm ki, nə Ərdoğanın, nə də Qılıncdaroğlunun və digər siyasi liderin mənim səsimə və tərifimə ehtiyacı yoxdur. Bizim onlara ehtiyacımız var ki, Azərbaycanın problemini yaxın mətbuatlarda və parlamentdə müzakirə eləsinlər, oradakı gənclərimizə dəstək olsunlar. Mən açıq deyirəm, bunu çox da qabartmırıq, o partiyaların dəstəyilə onlarla gənci orada burs və yataqxana ilə təmin edilməsinə çalışmışam. Çünki buradan gedir. İmkansız bir ailənin övladıdır.

– Azərbaycanlı tələbələr?

– Dövlət orada təhsil alan azərbaycanlı gənclərə sahib çıxmır. Azərbaycanın Türkiyədəki səlahiyyətli səfiri o tələbələrə sahib çıxmır. Orada yaranan təşkilatlar da, əgər tələbə YAP-çıdırsa, Azərbaycan hakimiyyətini dəstəkləyirsə, onlara sahib çıxırlar. Gənclərin bir neçəsi var idi ki, burs ala bilmirdi, imkansız idilər, mən onlara kömək etmişəm. Mənim davam bu olub. Mənim davam AKP dindardır, ya dünyəvidir, CHP dindardır, ya dünyəvidir deyil. Elə olmasının mənim düşüncəmə dəxli yoxdur. Bu məsələdə məncə türk xalqı qərar verməlidir ki, kim dindardır, kim dünyəvidir. Mənim davam isə Azərbaycan davasıdır və hər kəslə də görüşmək məcburiyyətindəyəm.

Türkiyə-Ermənistan sərhədlərinin açılmasının tərəfdarıyam

dsc02510

– Sizə Atilla profilindən bir sual gəlib: “Bir vaxtlar Türkiyə ilə Ermənistanın sərhədlərinin açılması uğrunda mübarizə aparırdı. AKP PKK-nın başını tumarlayanda AKP-ni tərifləyirdi. Elə ki, AKP başladı qudurmuş PKK-nı vurmağa AKP-dən küsdü”.

– Mən Türkiyə-Ermənistan sərhədlərinin açılmasının hər zaman tərəfdarı olmuşam. Bu gün də bizim bununla bağlı tədbirlərimiz olur və maraqlıdır ki, Atilla bəy kimi hökumətin mətbuatı da o zaman palaz-palaz yazılar çap edirdi. O zaman Qarabağ Azadlıq Təşkilatını da bizim üstümüzə salmışdılar.

– Qarabağ Azadlıq Təşkilatını? Akif Nağının təşkilatını?

– Bəli. Akif Nağı da o zaman mənim haqqımda “Səs” qəzetində və hakimiyyətin digər mətbu orqanlarında tənqidedici yox, kifayət qədər təhqiredici yazılar yazırdı.

– Niyə?

– Guya mən ermənilərə işləyirəm və Akif Nağı da bundan utanır.

– Burada Aydın Xətai deyilən profildən bir sual var ki, “Ruslan bəyi hər zaman hakimiyyət ermənilərlə görüşməkdə ittiham edir. Amma Amerikaya səfərindən sonra da hakimiyyətə yaxın mətbuat “erməni lobbisinin Ruslan İzzətliyə dəstəyi” haqda yazdı. Ümumiyyətlə, Ruslan İzzətli ermənilərlə konfransda görüşməklə hansı məsələləri qabardıb? Qarabağ münaqişəsinin həllinə bir gənc olaraq necə baxır?” İstərdim ki, ümumi olaraq bütün bu suallara cavab verəsiniz…

– Öncəliklə Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələsinə toxunum. Mən hər zaman o düşüncədə olmuşam ki, Cənubi Qafqazda konfliktlərin həll edilməsinin tək yolu var ki, Rusiya qoşunları bu ərazilərdən çıxarılmalıdır. Rus qoşunları bu torpaqlardan çıxarılarsa, bütün münaqişələr həll oluna bilər. Gürcüstana baxın. Demokratiyaya doğru bir addım atdı, demokratik bir dövlət qurdu, Osetiya və Abxaziya problemi yaratdı. Azərbaycan müstəqil oldu və bu müstəqillik Azərbaycanı iqtisadi sərbəstliyə və inkişafa gətirəcəkdi, Qarabağ münaqişəsi yaradıldı. Rusiya hər zaman regionları konfliktlər yaratmaqla idarə edir. Məsələn, Krımda da belə bir konflikt yaratdı. Sabah lazım gələrsə, Orta Asiyada da bu cür konfliktlər yarada bilər. Sabah Orta Asiyada bir ölkə ayağa qalxarsa, Qazaxıstan Türkmənistan, Özbəkistan  tam müstəqil və demokratik dövlət olsun, Avroatlantik məkana inteqrasiya yolunu seçsin, Rusiya orada da konflikt yaradacaq. Mən o zaman dedim ki, Türkiyə-Ermənistan sərhədləri açılarsa, bu yolla Türkiyə Cənubi Qafqaza girmiş olacaq. İqtisadi baxımdan Türkiyə daha güclü dövlətdir. Ermənistanın sərhədləri də Rusiyadan deyil, Türkiyədən asılı olmağa başlayır. Düşünün, Ermənistan Rusiyadan hər il 500 milyon dollar yalnız müəllimlərin əmək haqlarının ödənilməsi üçün kredit alır. Bu gün Türkiyə rəsmən ora girərsə, iqtisadi yatırımlar edərsə, Ermənistanın iqtisadiyyatı artıq Türkiyədən asılı qalmış olacaq. Baxın, kiçik bir İsrail dövləti var. Dünyada hegemonluq edir. Tək bir istiqaməti var – iqtisadi yatırımlar etməklə, maliyyə bazarını ələ keçirməklə dünyaya hegemonluq edir. Bu gün də hər bir dövlət fikirləşir ki, əgər İsraillə münasibətləri pozarsa, İsrail şirkətləri ölkəmdən çıxar və inflyasiya başlayar. Türkiyədə kifayət qədər biz bunu yaşamışıq.  Ərdoğanın Pereslə Davos görüşməsindən sonra İsrail holdinqləri Türkiyədən geri çəkildilər, hərraclarda qiymətlər oynamağa başladı və Türkiyə iqtisadiyyatı böyük bir iqtisadi böhrana düşdü.

Ermənistanı “Türk blokadası”na sala bilərik

dsc02518

Türkiyə bu rolu Ermənistanda oynaya bilərdi. Sadə insanlar bəzi məsələlərə siyasi və ideoloji yanaşmırlar. Sadə insanlar görəcəklər ki, bu gün Rusiyanın təsiri altındadırlar, 100 dollar əmək haqqı alırdılar, sabah Türkiyənin təsiri altına keçəndə 150-200 dollar məvacib aldılar. Bununla paralel olaraq Azərbaycan da bu regionda ciddi siyasət yürüdəcəksə, o zaman regionda Gürcüstanla Azərbaycanın aktivləşdirilməsi nəticəsində Ermənistan türk blokadasına düşmüş olacaqdı. Nəticədə bu da öz növbəsində Qarabağ məsələsinin həllinə gətirib çıxaracaqdı. Bundan əlavə, Cənubi Qafqazda digər problemlərin də həllinə gətirib çıxaracaqdı. Rusiya da bilirdi ki, Türkiyə-Ermənistan sərhədlərinin açılması nəticəsində Türkiyə bu regiondakı hegemonluğu ələ alacaq, ona görə də buna qarşı kəskin reaksiya verməyə başladı. Diqqət edin,  Azərbaycanda Rusiyaya yaxın mətbuat orqanları və hakimiyyətdəki Rusiyaya yaxın qüvvələr və hakimiyyət təmsilçiləri buna qarşı daha çox aktivlik göstərməyə başladılar. Türkiyəyə nifrət yaratmağa başladılar, bu haqda danışanları isə mətbuat vasitəsilə təhqiramiz ifadələrlə gözdən salmağa başladılar. İkincisi, hakimiyyət mətbuatı məni ermənilərə işləməkdə ittiham etməsin. Beynəlxalq konfranslarda mən hər zaman ermənilərlə görüşmüşəm. Cənubi Qafqazda gənc liderlərin forumu keçirilib və Azərbaycandan, Ermənistandan və Gürcüstandan orada təmsilçilər iştirak ediblər. Mən ermənilərlə görüşməkdən niyə qaçmalıyam? Axı mən Ermənistan torpağın işğal etməmişəm. Mən Ermənistandan yüz minlərlə insanın vətənindən didərgin düşməsinə səbəb olmamışam. Ermənistan nümayəndələri bu görüşlərdə daha çox bizdən qaçmağa meylli olmalıdırlar. Onlar daha çox günahkardırlar.

XXI əsr Akif Nağı kafası ilə qapı yarmaq, təhqir etmək deyil

sam_2569

Mən beynəlxalq təşkilatların moderatorluğu ilə keçirilən tədbirlərdə iştirak edirəm və ölkəmin də haqq səsini qaldırıram. XXI əsr Akif Nağı kafası ilə qapı yarmaq, təhqir etmək deyil, XXI əsr masa əsridir, oturursan, problemləri həll etməyə çalışırsan. O zaman beynəlxalq ictimaiyyətə də göstəririk ki, biz vandal deyilik. Biz normal, sivil insanlar olaraq, fikirlərimizi və mövqelərimizi çatdırırıq. Elə bir beynəlxalq tədbir olmayıb ki, mənim və Azərbaycan təmsilçilərinin çıxışları beynəlxalq və digər qurumlar tərəfindən müsbət qarşılanmasın.

– Amma Akif Nağının da fəaliyyətinə ehtiyac var. O da fəaliyyət göstərməsə olmaz ki…

– Ermənistan müxtəlif ideologiya daşıyıcılarından həm Respublikaçılar partiyasını qurur, həm Daşnaksütyun partiyasını qurur, həm də Çiçəklənən Ermənistan partiyasını qurur. Amma onlar Akif Nağı səviyyəsində çalışmırlar, daha ciddi çalışırlar. Yəni Qarabağ məsələsi Azərbaycana gələn bir boksçuya şillə vurmaqla həll olunmur. Bu məsələlər bu səviyyədə həll olunmur. Bu kimi qurumlar daha ciddi tələblər ortaya qoymalıdırlar. Və yaxud Türkiyə-Ermənistan sərhədləri açılır deyə Türkiyə səfirliyinin qarşısına gedib, ora qara çələng qoymaq məsələni həll etmir. Siz Ermənistanın bu istiqamətdə apardığı işlərə baxın. Orada Qarabağ məsələsi ilə çalışan insanlar, politoloqlar daha intellektual, daha çox dil bilən, daha bacarıqlı insanlardan ibarətdir. Hətta Daşnaksütyun partiyası irqçi bir partiya olsa da, intellektual bazası və savadı daha üstündür. O mənim də problemimin nə olduğunu bilir. Beynəlxalq düşüncənin hansı istiqamətdə formalaşdığını bilir və öz maraqlarını da önə çəkib, mövqeyini masaya qoya bilir. Azərbaycan hakimiyyəti Qarabağ məsələsində sinifdə qalıb. Qarabağ kimi problemi olan bir ölkənin hələ də siyasi araşdırmalar institutu yoxdur. Bu problem necə çözülməlidir, siyasət hansı yöndə aparılmalıdır, yaranan yeni situasiyalarda hansı addımlar atılımalıdır və s. Bir normal konfliktoloq yoxdur. Biri var idi – Arif Yunus, biz onun yeni fikirlərini eşidirdik, onu da ölkədən didərgin saldılar. Xarici siyasətimizin də problemi budur. Mənimlə həmin tədbirə YAP-ın rəsmi təmsilçiləri də gedib. Akif Nağı orada çıxış elədiklərinə görə YAP-çıları təhqir etməyib, məni isə edib. Mən Polad Bülbüloğlu və hakimiyyətin bir qrup ziyalısı kimi Dağlıq Qarabağda, qondarma Dağlıq Qarabağ Respublikasının bayrağı altında o adamlarla görüşməmişəm. Mən o adamlarla görüşürəm ki, Qarabağ məsələsinin həll edilməsinin tərəfdarıdır. O adamlarla ki bu konfliktin səbəbkarının Rusiya olduğunu anlayırlar. Mən o adamlarla görüşürəm. İkincisi, mən Amerikaya Türkiyədən uçdum və 10 gün də orada qaldım. Hakimiyyət niyə bu məsələdə daha çox qıcıqlanmışdı? Çünki mən “Azərbaycan hakimiyyətinə sanksiyalar edilsin”, – dönəmində görüşlərdə oldum. Biz konqresmenlərdən xahiş və tələb edirdik ki, bu sanksiyalar gündəmə gətirilsin və Azərbaycan hakimiyyətinə qarşı sanksiyalar tətbiq edilsin. Ona görə də hakimiyyətin bütün mətbuatı mənim haqqımda səhifə-səhifə yazı yazdılar. Başqa ittihamları olmadı. Əslində, hər zaman belə məsələlərdə insanları ermənilərə işləməkdə ittiham edirlər. Əgər erməni siyasətçiləri və yaxud da hər hansı beynəlxalq tədbirlərdə görüşmək erməniyə işləmək deməkdirsə, hakimiyyət təmsilçiləri məndən qat-qat artıq görüşür.

– Ənənəvilik məsələsində suallar var. Bir-birinin təkrarıdır. Qısa olaraq müəyyən detallara münasibətinizi öyrənmək istəyərdim. Türkel Azərtürk deyir ki, “Bir vaxtlar müxalifəti ənənəvi adlanıdırıb, bəyənmirdi. İndi müxalifət ənənəsinə xilaf çıxıb, yoxsa Ruslan bəy ənənəviləşib?” Həzi bəy də sizə hörmətini izhar edir və soruşur ki, “Ruslan bəyi ənənəvi müxalifət yüzlələ insanın qarşısında tribunaya çıxardı və o, çıxış elədi. Sırf buna görə leksikonundan “ənənəvi müxalifət” ifadəsini çıxarmağı düşünürmü?” Görünür, “ənənəvi müxalifət” ifadəsi müxalifət partiyası tərəfdarlarına təsir edib.

II hissənin sonu

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button