QHT-lərə Dövlət Dəstəyi Agentliyi qrant ayırdı, tənqidlə qarşılaşdı

Yayımlandı: 20 Mart 2024 12:54

Layihələrin əksəriyyəti “Qərbi Azərbaycana qayıdış prosesi çərçivəsində”dir

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələrini elan edib.

Müsabiqənin qaliblərinin əksəriyyəti Qərbi Azərbaycanla (indiki Ermənistan Respublikasının əhatə etdiyi, vaxtilə Ermənistan azərbaycanlılarının sıx şəkildə yaşadığı coğrafi məkan nəzərdə tutulur-red.) bağlı layihələr təqdim ediblər.

Layihələr “Qərbi Azərbaycana qayıdış prosesi çərçivəsində” adlandırılır. Ümumilikdə Qərbi Azərbaycana qayıdış prosesi layihəsi üzrə ictimai birliklərə 311050 manat qrant vəsaiti ayrılıb.

Onların içərisində  “Qərbi Azərbaycan həqiqətlər”, “Qərbi Azərbaycanın folklor irsinin təbliği”, “Irəvan: tarixi həqiqətlər və şəxsiyyətlər” kimi kiçik qrant layihələri ilə yanaşı məbləği 30 min manatı aşan böyük qrant layihələri də var.

Böyük qrant layihələrinin əksəriyyəti sosial şəbəkələrdə ictimai-siyasi fəallar tərəfindən müzakirəyə çıxarılıb, tənqid edilib. Tənqidçilər həmin layihələrin mövzusunu gərəksiz hesab ediblər və dövlət büdcəsindən ayrılan vəsaitin səmərəsizliyini vurğulayıblar.

Məsələn, “Qərbi Azərbaycana qayıdış” prosesi çərçivəsində “Azərbaycan Milli Kulinariya Assosiasiyası” İctimai Birliyi “Qərbi Azərbaycan şirniyyatları” layihəsi üçün böyük qrant hesab olunan 31250 manat vəsait udub.

Assosiasiyanın rəhbəri Tahir Amiraslanov tənqidlərə sosial şəbəkə hesabı vasitəsilə cavab verib:

 “Qərbi Azərbaycan Şirniyyatları” kitab layihəsi üçün qrant udan təşkilatın rəhbəri mənəm. 2020-ci ildə “İrəvan xanlığı bölgə mətbəxi” kitabım dünyanın ən yaxşı kulinariya kitabı oldu. Kitabda 413 xörək düsturu vermişdik. Təbii ki, sizin qohumlarınız bunun hamısını bilməzdi. Bölgə çox böyükdür. 2022-ci ildə də “Qarabağ mətbəxinin inciləri” lahihəsinə qrant udmuşdum. Və kitab bütün dünyaya səs saldı”.

Sosial şəbəkələrdə tənqid olunan layihələrdən biri “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyinə məxsusdur. Bu təşkilat “Malayziyadan görünən Şuşa” layihəsi üçün böyük qrant hesab olunan 34900 manat vəsait qazanıb.

Birliyin sədri Şəhla Nağıyeva da sosial şəbəkə hesabından tənqidlərə cavab verib:

“Bəli, mən həmin layihəni həyata keçirəcək ictimai birliyin sədriyəm. Xatırladım ki, Şuşa bu il İslam dünyasının mədəniyyət paytaxtı elan olunub. Bu isə o deməkdir ki, müsəlman ölkələrində, İslam dünyasında Şuşanı daha yaxşı tanıtmalı, Şuşa tarixi haqqında daha çox danışmalıyıq. Onu da unutmaq olmaz ki, Vətən müharibəsi günlərində Azərbaycanın yanında olan beynəlxalq qurumlardan biri də İslam Əməkdaşlıq Təşkilatı idi.
Ona görə də biz Malayziyada bir həftəlik Şuşa günləri keçirməyi (rəsm sərgisi, Qarabağ mətbəxi və musiqisinin təqdimatı, Şuşanın tarixi haqqında ingilis dilində sənədli film nümayişi və s.) nəzərdə tuturuq. Sonda isə bütün bunlar haqqında şərti adı “Malayziyadan görünən Şuşa” olan sənədli film hazırlamaq planlaşdırılır. Bu filmi isə “Əbədi ezamiyyət”, “Son iclas” və s. kimi filmlərin ssenari müəllifi olmuş Müsəllim Həsənov hazırlayacaq”
.

Niyə Malayziyanı seçməsinə Şəhla Nağıyeva belə aydınlıq gətirib:

“Mən həm də ali məktəb müəllimiyəm və bu ölkədə mənim illərdən bəri elmi əməkdaşlıq etdiyim alim və mütəxəssislər daha çoxdur. Onlar bu işdə bizə dəstək olacaqlar.
Malayziya universitetində Şuşanın tarixi haqqında film göstərmək niyə qəbahət olsun ki? Yaxud Malayziyada Şuşa ilə bağlı keçirilən mədəni-kütləvi tədbirlər haqqında “Malayziyadan görünən Şuşa” adlı film çəkmək kimə mane olur? Belə əhəmiyyətli layihəyə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin qrant ayırması niyə kimlərisə narahat edir?”
.

 Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ümumilikdə 413 təşkilata qrant ayırıb. Qrant vəsaitlərinin ümumi məbləği 2.587.350 (1.521.629 ABŞ dolları)  manatdır.

Siyahıda kiçik, orta və böyük qrantlar daxil olmaqla bir neçə növ qrant var. Hər bir qrant növü üzrə qrant vəsaitlərinin ümumi məbləği belədir:

  • Kiçik qrantlar: 1,955,050 Azərbaycan manatı (təxminən 1,144,153 ABŞ dolları)
  • Orta qrantlar: 502 000 Azərbaycan manatı (təxminən 295 294 ABŞ dolları)
  • Böyük qrantlar: 130 300 Azərbaycan manatı (təxminən 76 682 ABŞ dolları).

Qrantların əksəriyyəti  “kiçik qrant” kateqoriyasındadır,  5 min manatdan 12 min manata qədəri əhatə edir.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button