Sevinc Vaqifqızı təcridxanadakı şəraitdən narazıdır

AbzasMedia nəşrinin həbsdə olan baş redaktoru Sevinc Vaqifqızının (Abbasova) saxlandığı 1 saylı Bakı İstintaq Təcridxanasındakı şəraitdən narazı olduğu bildirilir.

Bu barədə vəkil Elçin Sadıqov məlumat verib.

E.Sadıqov qeyd edib ki, jurnalistin sözlərinə görə, saxlanıldığı kamerada vəziyyət acınacaqlıdır: “Bildirməsinə görə, istilik, demək olar ki, yoxdur. Deyir ki, kameradakı istilik sistemi partlayıb, kameraya su axıb…”.

Vəkil bildirib ki, martın 19-da Bakı Apellyasiya Məhkəməsinin hakimi Elmar Rəhimovun sədrliyi ilə S.Vaqifqızı barəsində həbs-qətimkan tədbirinin uzadılması ilə bağlı Xətai rayon Məhkəməsinin qərarından apellyasiya şikayətinə baxılıb, şikayət təmin olunmayıb.

Vəkilin bu açıqlamasına Penitensiar Xidmət və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

S.Vaqifqızı 2023-cü il noyabrın 21-də həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) maddəsi ilə ittiham irəli sürülüb. O, ittihamı qəbul etmir və həbsini jurnalistika fəaliyyəti ilə əlaqələndirir.

Son aylar Azərbaycanda təqribən 10 jurnalist həbs edilib. Onların çoxu AbzasMedia nəşrinin rəhbərliyi və bu media orqanı ilə əməkdaşlıq edən şəxslərdir. Həmin şəxslərə də qaçaqmalçılıq ittihamı verilib və onlar da ittihamı qəbul etmirlər.

Amma rəsmilər ölkədə jurnalistlərin sırf peşə fəaliyyətlərinə görə həbs olunması ilə bağlı deyilənləri qəbul etmirlər.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button