Qurtuluş – Ayrılmaqdadır
Safruh
(Haray)
Yalnız öz canının hayındadır, onu da qorumağı yaxşı bacarmır, çünki can güvənliyinin haradan başlandığını bilmir; bütün qımıltılarında Allahı aldadır, hər bir qımıltısında kimi isə aldadır.
***
İçmək suyunu tükədir – içdiyini içir, içmədiyini kirlədir.
***
Sonsuza qarşı sonsuz qəsd eləyir. Sonsuz – artmır, qəsd – artır və sonsuzu korlayır.
***
Bu – Allahın (təbiətin) canındakı yaradır, azardır – O, bundan arınmalıdır və: əgər O, bundan arınmalıdırsa – arınacaq; azarlılar, yara-xoralılar özlərindən küssünlər!
***
Dünyanın qurtuluşu – dünyanın “birliyinin” pozulmasından, bu da adamın insanlaşmasından keçir: insanlaşan sürüləşmir – fərdləşir. Təsərrüfat həyatındakı fərdi təşəbbüslər kimi hal baş verir burada: yaradan, qoruyan çoxalır.
***
Dünyanı yaşatmaq üzərində “bir” yox, “bir neçə” yox, çoxlu başlar işləməlidir.
***
Dünyanın “bir” yox, “bir neçə” yox, çoxlu qurtuluşu, qurtuluş sayımı var: “Nə – qurtuluşdur? Qurtuluş – nədir?” deyə.
***
Dünyanın qurtuluşu ilə dünyanın özü yox, ondan Ayrılanlar məşğul olurlar. Dünya öz Mahiyyətindən ayrıldığı üçün, ondan Ayrılanlar dünyanın mahiyyəti olurlar: qabıq ölür, özək qalır.
***
Başqa planet – “dünyamız” deyil. Elimizdə, obamızda, evimizdə “adam balası kimi” yaşaya, bir-birimizi saya, yaşada bilmiriksə, bunu istəmiriksə.., “başqa planet” özü boyda buz parçasıdır.
***
“Dünyamız” – Yerdəki Başqasıdır: fərdlər üçün – fərdlər, uluslar üçün – uluslar.
***
Allahı dinləməliyik – içimizdəkini (dininkini yox; O, çox söz danışır, adamı çaşdırır).
***
Özümdən güclə qorunuram, deyirlər “bizdən də qoru özünü”. Ona görə də suç içində itib-batıram; özünü yalnız “başqasından” qoruyub, özündən qorumayanların tapdağı altına düşürəm.
***
“Bakı Qolu”nun leşi, Şirin alovlar, YAP-çı bəy-xanlar, Qarabaş və onun Sırıqlıları, daha kimlər, necələr… Allah ölməyib neyləyə bilərdi?!
***
Yeri gəlmişkən: mənim gördüyüm, bildiyim qədərincə, İnam Atanın (Asif Atanın) İşinə Qarabaş qədər ağır, şüurlu (bilərəkdən) xəyanət zərbəsi vuran başqa birisi olmadı – nə içdə, nə dışda.
***
Bu – klassik Xəyanət oldu, ölməz Xəyanət oldu – törədicilərini daim dirildib, yenidən öldürəsi Xəyanət. Hərtərəfli, hər kəsə, hər nəsnəyə…
***
Hacı Qara – Xəsislik rəmzi, Qarabaş – Xəyanət rəmzi – həmişəlik, total. Mənsə onun şəxsində Dəyanət rəmzi düşünmüşdüm. Qırıldı, ovulub töküldü. Bunca zay imiş ilkin materialı…
***
Onu (o Xəyanəti) beşiyində boğmaq gərəkdi, mən də bunu eləməkdəydim – duyuq düşüb qaçdı, suç ortaqları və Sırıqlıları isə ağzına oksigen balıncı tutdular. Onların, özəllikcə Sırıqlıların umacaqlı maymaqlıqları (adamlıqları, dünyaçılıqları) sayəsində o xərçəng metastaz verdi.
***
Biz İnam Ata Həllinin qədrini bilməliydik, onu xərçəngdən qorumalıydıq. Qoruya bilmədik. Xırdalandı o Həll! Həll idi, “həll” olundu.
***
Ata Həllini qoruya bilsəydik, Allah da bizdən razı qalardı; Onun Səltənəti ümidlənərdi.
***
Ocaqçı məqalə yazmamalıdır – Ocaq Atasi belə buyurmuşdu. Ocaqçı deyim, içsəs, haray, cikkə yazmalıdır; onun “məqaləsi” də mahiyyətcə ərk, sevgi–sevinc, kədər-giley, bayatı–ağı, içsəs, haray, cikkə olmalıdır; “məqalə” dünyanın janrıdır, ondan ayrılmış Ocağın yox!
***
Ocaqçının əlifbası da, rəqəmləri də, not işarələri də özününkü olmalıdır, çünki bunsuz – dünyadan Ayrılma tam olmur, tamam olmur.
***
Ocaqçının janrı yaşamından, yaşamı janrından seçilməməlidir; onun yazı janrı elə yaşam janrı olmalıdır.
Atamız var olsun!
“Xural” qəzeti,
İl: 9, sayı: 025 (433), 03-09 iyul 2011-ci il