Sahibə Qafarova ilə Simonyanın ilk görüşü: sülh prosesi müzakirə olunub

Yayımlandı: 22 Mart 2024 22:58

Tərəflər dialoqu davam etdirmək barədə razılığa gəliblər

Martın 22-də Parlamentlərarası İttifaqın Cenevrədə keçirilən 148-ci Assambleyası çərçivəsində Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Sahibə Qafarova və Alen Simonyan görüşüb.

Görüş Parlamentlərarası İttifaqın təşəbbüsü və vasitəçiliyi ilə təşkil olunub.

Parlamentlərarası İttifaqın məlumatında deyilir ki, görüş iki tərəf arasında hökumətlərarası sülh danışıqlarına parlamentlər səviyyəsində əlavə və töhfə kimi nəzərdə tutulub:

Parlamentarilər xalqın nümayəndələri kimi gərginliyin azaldılması və etimadın yaradılmasında, eləcə də gələcək sülh sazişinin ratifikasiyası və həyata keçirilməsində əsas rol oynayırlar. Parlamentlərarası İttifaq dialoqu inkişaf etdirmək, mehriban qonşuluq münasibətləri qurmaq və iki ölkə arasında əlaqələrin normallaşmasına yol açmaq üçün iki tərəfə öz xeyirxah vasitəçiliyini təklif edib”.

Bu, iki parlament sədrinin ilk görüşü idi. Hər iki tərəf Parlamentlərarası İttifaqın himayəsi altında etimadı bərpa etmək üçün dialoqu davam etdirmək barədə razılığa gəliblər”, – deyə məlumatda qeyd edilir.

Eyni zamanda, bildirilir ki, görüş Parlamentlərarası İttifaqın baş katibinin 2024-cü ilin fevralında Ermənistan və Azərbaycana missiyasından sonra keçirilir.

O, bu missiya zamanı ən yüksək səviyyələrdə səlahiyyətlilərlə görüşüb və bugünkü müzakirələrin əsaslarını qoyub.

Azərbaycan Milli Məclisnin sədri Sahibə Qafarova və Ermənistan Milli Assambleyasının sədri Alen Simonyan Parlamentlərarası İttifaqın 148-ci Assambleyasında iştirak etmək üçün martın 22-dən 25-dək Cenevrədə səfərdədir.

Münaqişənin tarixçəsi

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında 44 günlük İkinci Qarabağ müharibəsi baş verib.

Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

2023-cü ilin sentyabrın 19-da Azərbaycan Qarabağda lokal hərbi əməliyyat keçirib.

Sentyabrın 28-də isə separatçı “Dağlıq Qarabağın (Artsax) Prezidenti” Samvel Şahramanyan “respublika”nın buraxılması barədə fərman imzalayıb.

O, fərmanı 19 sentyabr 2023-cü ildən sonra yaranmış vəziyyətlə əlaqələndirib.

2023-cü il oktyabrın 15-də isə Prezident İlham Əliyev Xankəndidəki çıxışında Azərbaycanın öz suverenliyini tam bərpa etdiyini, Qarabağ probleminin bitdiyini, münaqişənin sona çatdığını deyib.

Azərbaycan və Ermənistan arasında hələ də sülh müqaviləsi imzalanmayıb.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button