Tənha məzar…

sahin agabeyli 1Nurəddin Xoca

Şahini niyə tək qoydular?!

Doğrudan da bu gün ən çox mənəviyyatın, milli dəyərlərin itməyindən danışan, yazan jurnalistlərdir. Bu gün haqsızlığın qabağını kəsməyə cəhd edən, az-çox milli dəyərləri özündə saxlamağa can atan da yazarlardır.

Bəlkə də mənə belə gəlir, amma 5 dekabrda Neftçalanın Qaramanlı kəndində məzarlıqda tənha qəbrin başında ətrafa baxanda fikirlərim dolaşdı. O qəbir daşının üstündə rəsmi çəkilmiş məğrur dayanan cavan oğlanın üzündəki xəfif təbəssüm, ümidli təbəssüm və qəbir daşının üstündəki bir bənd şeir. Bəli, Yunis Əmrənin məşhur
«Biz dünyadan gedər olduq,
Qalanlara salam olsun!» şeiri…

Şahin ümidli getdi ki, ondan sonra onlarla, yüzlərlə qələm, ürək, məslək dostları onu, onun yolunu, məsləkini yaddan çıxarmayacaqlar. O millət yolunda, dost yolunda yanan oğlan, 40 günü demək olar ki, tənha idi.
Qara mərmərdə həkk olunmuş Şahin, mən, Əvəz, Nizami, Anar, Ramin, Elmin və vəssalam… Şahinin 40-ı günü onun qəbrinin üstünə yığışan qələm dostları, həyat dostları bunlar idi. Görəsən, nədən insanların Qanı bu qədər soyuqlaşıb. Nədən insanların yaddaşları bu qədər korşalıb. Qəbrin üstündə oturub bu haqda fikirləşə-fikirləşə xəyallara daldım. Yadıma seçki ərəfəsində gecə saat 1-də, 2-də Şahinin mənə zəng etməsi düşdü..

– Xoca, sabah Qənimətin görüşüdür, sən mənim canım, gedək («Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahid üçün özünü həlak edirdi)…

– Xoca, sən mənim canım, Əlinin üstünə çox getmə və ilaxır.

Hamı üçün yanırdı. Elə yana-yana da getdi. Amma ən dəhşətlisi o idi ki, yandıqlarının heç biri bir az əziyyət çəkib heç olmasa qırxı günü onun ziyarətinə gəlmədi. Gəlmədilər ki, gözü yaşlı olan ailəni, fəxri olduğu kəndçilərini ovundursunlar. Axı dədələrimizin sözü var: «Dostu ağır vaxtda yoxla.»

Bax, o ağır vaxt elə Şahinin 40-ı günü idi. Bu, əslində tək Şahinin qırxı günü idi. Bu, əslində tək Şahinin və yaxud sıradan birinin başına gələn deyil, hamımıza aiddir. Etinasızlıq, qanı soyuqluq ən yumşaq deyilən sözlərdir ki, deyirəm.

İxtiyari bir məmurun, oliqarxın, vəzifəli şəxsin uzaq qohumu öləndə günlərlə onların mağaralarında yatan bu adamlar, yaxşı dost, yaxşı yazar olan Şahinin 40 məclisinə gəlmədilər. Canları sağ olsun. Tanrının bu günü hamı üçün var. Amma deyirlər «uman yerdən küsərlər». Hətta sinə daşında yazılan Yunus Əmrənin beyti də buna sübutdur. Hər halda onun qəzetçilik cameəsinə yetişdirib pərvazlandırdığı onlarla həmkarları var ki, onların birbaşa borcları idi ki, orada iştirak etsinlər. Amma nə etməli, insan oğlu tarix boyu inamına, etibarına həmişə naxələflik görüb. Bu da onun bir sübutu. Daha artıq nə demək olar. Budur, Əvəz yenə deyir:
– Xoca, nə fikrə getdin!?

Heç nə cavab verməyərək sadəcə bu gün mənimlə burada olduğu üçün ona minnətdarlıq hissi içində lal baxışlarla baxıram. O isə hər şeyi başa düşüb başını bulayıb gedir. Hər halda o dünyasını da, bu dünyasını da hər kəs özü qazanır. Tanrı bu dünyada minnətdarlığı da, nankorluğu da, xəbisliyi də adəm övladına verib ki, onlar özlər seçim etsinlər.

İ.S. Bir nəfər haqda qeyd etməsəm, haqsızlıq olar. Razi Abasbəylinin orada olmaması bizim üzümüzdən oldu. Mən Şahinin iç dünyasını yaxşı bilmirdim. Yaşı artdıqca dünyagörüşü püxtələşən, millətə sevgisi artan, insanlara yaxşılıq etməyə can atan bir qardaş idi. Elə bil az yaşayacağını hiss edirdi, ona görə də hamını sevməyə, özünü onlara sevdirməyə çalışırdı. Amma heyflər olsun ki, çoxları onu dildə sevirdi. Çoxları «səni yaxşı oğlansan» deyib ondan istifadə edir, işi qurtarandan sonra yadından çıxarırdı.
Bunlar hamısı mənim Şahinin lal şəklinin qabağında beynimdən keçən fikirlər idi. Qardaşlar, bir gün tənhalığın acılığını hiss edəndə mənim bu köşə yazımı yada salın.

“Xural” qezeti
il: 9, sayı: 046(406), 12-18 dekabr 2010-cu il

Nureddin Abbasoğlu, Elxan Allahverdiyev, Əvəz Zeynallı, Rahim Qazıyev, Şahin AğabəyliTənha məzarSənsizliyin 40 günü

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button