Türkiyə-Ermənistan sərhədindən ermənilərə mesaj verilib

Kərbəlayı İsmayılın qəbri ziyarət olunub

Beynəlxalq Diaspora Mərkəzinin (BDM) təşəbbüsü ilə Qərbi Azərbaycanlıların deportasiyasının 22-ci ildönümü münasibətilə bir qrup ziyalımız dekabrın 11-dən Türkiyənin İğdır şəhərində səfərdədir. BDM-dən Lent.az-a verilən məlumata görə, nümayəndə heyətinə millət vəkili Gülər Əhmədova və BDM sədri İsmayıl Ağayev başçılıq edir.

Dekabrın 11-də avtomobil karvanı ilə Naxçıvana keçən, oradan da Dilucu sərhəd məntəqəsindən İğdıra daxil olan nümayəndə heyəti İğdır şəhər rəhbərliyi tərəfindən qarşılanıb. Nümayəndə heyəti xüsusi polis müşayiəti ilə şəhərə daxil olub və qonaqlar üçün nəzərdə tutulan “İmparator” otelinə yerləşdirilib. Nümayəndə heyəti dekabrın 12-də səhər saat 11.00 radələrində ömrünü mühacirətdə keçirən və sovet imperiyasının hər cür zülmü ilə qarşılaşan Kərbəlayi İsmayılın qəbirüstü abidəsini ziyarət edib. Ziyarətə qatılanlar sırasında qəbiristanlığın yerləşdiyi Taşburun bələdiyyə başqanı Nəsib Aksu, Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının İğdır şəhər təşkilatının sədri Cahit bəy, Azərbaycan konsulluğunun İğdır nümayəndəsi Rafiq bəy, Kərbəlayı İsmayılın yaxın qohumları və yerli əhalinin nümayəndələri iştirak ediblər. İsmayıl Ağayev və Gülər Əhmədova çıxış ediblər. Onlar Türkiyə-Azərbaycan münasibətlərinin inkişaf tempindən, bü münasibətlərin qurulmasında Heydər Əliyevin oynadığı roldan danışıblar. Nümayəndə heyətinin üzvlərindən ədəbiyyat fəlsəfə elmləri doktoru, BDM-in Qarabağ Məsələləri üzrə Departament rəhbəri, şair Ənvər Əhməd, fəlsəfə doktoru, BDM-in Qərbi Azərbaycan Departament rəhbəri Əziz Ələkbərli, “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı, şairə-publisist, BDM-in Mədəniyyət Departamentinin rəhbəri Nəsibə İsrafilqızı, siyasi elmlər doktoru, BDM sədrinin müşaviri Cümşüd Nuriyev, Vedibasar mahalının ağsaqqalı Hacı Ağamir Ağa, bədii qiraət ustası Yavər Cəbrayılovun və digərləri də çıxış ediblər. Ziyarətin sonunda Taşburun bələdiyyəsinin sədri Nəsib Aksuya, Kərbəlayı İsmayılın qardaşı oğlu Məhəmmədin oğlu Məhərrəmə Azərbaycandan gətirilən müxtəlif hədiyyələr təqdim edilib. Əziz Ələkbərli Fərman Kərimlinin Ankarada nəşr olunan “Karlı Aşırım” kitabını Kərbəlayı İsmayılın qohumlarına hədiyyə edib. Şairə Nəsibə İsrafilqızının Abbasqulu bəy Şadlinskiyə həsr etdiyi “Abbasqulu bəy Şadlinski” tarixi mənzum romanı da Taşburun bələdiyyə sədrinə hədiyyə olunub. Ziyarətin sonunda ötən əsrin əvvəllərində Türkiyəyə köç edən Bəhlul Kərgablının da məzarı ziyarət olunub. Kərbəlayı İsmayılın qəbirüstü abidəsinin ziyarətindən sonra Azərbaycandan gələn nümayəndə heyəti İğdırın Əlican bölgəsində yerləşən Əlican sərhəd keçid məntəqəsində yollanıb. Avtomobil karvanı ilə sərhəddə gələn nümayəndə heyətinin bu istəyi təəssüf ki, reallaşmayıb. Birinci dərəcədə hərbi bölgə olduğu üçün hərbi komandan nümayəndə heyətini keçid məntəqəsinə buraxmayıb. Hərbi komandanlıq bildirib ki, əvvəllər sərhəd keçid məntəqəsini ziyarət etmək mümkün olub, ancaq Türkiyə və Ermənistan arasında bağlanan protokollardan sonra bu, mümkün deyil, Türkiyə hökuməti də buna sərt reaksiya verir. Çünki ermənilər gələnlərin fotolarını çəkir və bu barədə yazırlar. Gülər Əhmədova və İsmayıl Ağayev sərhəd bölgəsində Ermənistana mesajlar veriblər. Gülər Əhmədova erməni ziyalılarına müraciət edib ki, axan qanın durdurulması üçün onlar da hərəkətə keçsinlər. İsmayıl Ağayev isə sərt bəyanatlar səsləndirib. Xatirə şəkilləri çəkdirən nümayəndə heyəti Əlican sərhəd keçid məntəqəsindən birbaşa ermənilər tərəfindən qətlə yetirilən şəhid türklərin Anıt Muzeyinə gəlib. Nümayəndə heyəti burada şəhid olan türk diplomatlar və ermənilərin törətdiyi toplu qətliamlar haqqında geniş sənədlərlə tanış olub. Azərbaycan nümayəndə heyəti günün sonunda İğdır valisi tərəfindən qəbul edilib. Həm də Heydər Əliyevin vəfatı gününə rast gələn bu gündə vali onun xatirəsinə ehsan verib. İğdırın Polis Evində həyata keçirilən bu tədbirdə çıxış edən İğdır valisi Türkiyə-Azərbaycan münasibətlərində Heydər Əliyevin oynadığı roldan danışıb. Görüşlər silsiləsi dekabrın 15-dək davam edəcək.

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button