USAİD Vətəndaş Cəmiyyəti Təşkilatlarının Davamlı İnkişaf İndeksini açıqladı – 19-cu buraxılış

Geriləmənin, Aİ İslahatlarının və Qaçqınlarla bağlı Vəziyyətin Həlli:

Mərkəzi və Şərqi Avropa və Avrasiya üçün USAID tərəfindən hazırlanmış Vətəndaş Cəmiyyəti Təşkilatlarının Davamlı İnkişaf İndeksinin (VCTDİİ) 19-cu buraxılışı

Vaşinqton – vətəndaş cəmiyyətinin də inkişafında ayrılmaz rol oynadığı Mərkəzi və Şərqi Avropa və Avrasiyada təxminən dörddə bir əsrdir ki, davam edən keçid dövrünün qaçılmaz və tək-yönlü olmaması aydın olsa da, VCT-lər əsasən regional çətinlikləri həll etməkdə böyük rol oynayırlar. Mərkəzi və Şərqi Avropa və Avrasiya üçün VCT-lərin Davamlı İnkişaf İndeksində əks olunan 24 ölkədəki VCT sektorları 2015-ci ildə də davamlılığın tam spektrini əhatə edərək böyük ölçüdə müxtəliflik ehtiva etməyə davam edir. Həqiqi demokratik institutların və vətəndaş cəmiyyəti sahəsinin inkişafı bir çox ölkələrdə geriləmişdir, digərlərində isə kəskin pisləşmişdir. Digər tərəfdən, bir çox ölkələr Avropa İttifaqına üzv olmağa və ya onunla əlaqə yaratmağa səy göstərdiyi üçün bu ölkələrdə vətəndaş cəmiyyəti demokratik təcrübə və yaxşı idarəetmə islahatlarının həyata keçirilməsini təbliğ və monitorinq edir. Nəhayət, 2015-ci il qitəyə əsasən Suriya və İraqdan olmaqla görünməmiş miqrant və qaçqın dalğasının daxil olması ilə qeyd edildi, bu da VCT-lərin davamlı inkişafının bir neçə aspektinə təsir etdi. VCT-lər qaçqınlara xidmətlərin təmin edilməsində və əsas tranzit marşurutları boyunca, həm də onlardan kənarda miqrantlarla bağlı məsələlər üzrə məlumatlı ictimai dialoqun təbliğ edilməsində böyük rol oynadı.

Hər bir iştirakçı ölkədəki tərəfdaşlarla birgə ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən Mərkəzi və Şərqi Avropa və Avrasiya üçün buraxılmış VCTDİİ regionun 24 ölkəsində qeyri-kommersiya və vətəndaş cəmiyyəti təşkilatlarının (VCT) inkişafındakı tərəqqini qiymətləndirir. Bu ilki buraxılış 2015-ci təqvim ili ərzində vətəndaş cəmiyyətinin inkişafını əhatə edir. İndi VCTDİİ, 19-cu ilində diqqəti hüquqi mühit, təşkilati bacarıqlar, maliyyə davamlılığı, vəkillik, xidmət təminatı, infrastruktur və ictimai imicə cəmləşdirərək vətəndaş cəmiyyəti üçün əlverişli şəraiti təhlil edir. Hesabat hər bir ölkədə və bütünlükdə region daxilində vətəndaş cəmiyyətinin inkişafını təsvir edir və qiymətləndirir.

xural.com USAİD Vətəndaş Cəmiyyəti Təşkilatlarının Davamlı İnkişaf İndeksinin 19-cu buraxılışını təqdim edir:

 

sivil

1

Azərbaycanda VCT-lərə qarşı 2014-cü ildə başlayan misli görünməmiş basqılar 2015-ci ildə daha da kəskinləşdi. Tənqidi səslər araşdırmalar, dindirmələr, cərimələr, axtarışlar, ölkədən çıxış qadağaları və bank hesablarının dondurulması vasitəsilə sistemli şəkildə susduruldu. Ona görə də VCT-lər öz fəaliyyətlərini əhəmiyyətli dərəcədə azaltdılar, özlərinə qarşı senzura tətbiq etdilər və beynəlxalq vəkillik səylərini məhdudlaşdırdılar. Maliyyə imkanları azaldıqca bir çox VCT hökumətə daha yaxın oldular, fəaliyyətlərinin fokusunu dəyişdirdilər, qeyri-həssas mövzular üzərində işləməyə başladılar, ölkəni tərk etdilər və ya sektordan çıxdılar. Nəticədə Azərbaycanda əksəriyyəti yalnız rəhbərləri tərəfindən təmsil olunan çox az müstəqil VCT qaldı.

Azərbaycanın VCT-lərə qarşı rəftarı beynəlxalq aləmdə əks-səda yaratdı. Aprel ayında Azərbaycanın Mədən Sənayesində Şəffaflıq Təşəbbüsündəki (MSŞT) statusu, Azərbaycanda MSŞT Koalisiyasının üzvləri də daxil olmaqla, VCT-lərə edilən basqılar nəticəsində “uyğun olan”dan “namizəd” statusuna endirildi. Sentyabr ayında Avropa Parlamenti Azərbaycan üzrə 2015/2840 (RSP) saylı Qətnaməni qəbul etdi, bu qətnamə Azərbaycan Hökumətini “vətəndaş cəmiyyətini şiddətli şəkildə məhdudlaşdıran qanunları ləğv etmək, qeyri-hökumət qruplarının və onların rəhbərlərinin bank hesablarını açmaq və xarici maliyyəyə çıxışına imkan vermək də daxil olmaqla vətəndaş cəmiyyəti və insan hüquqları işinə qarşı basqılarına dərhal son verməyə” çağırır.

Hökumət bu cür fəaliyyətləri ölkənin daxili işlərinə Qərbin müdaxiləsi kimi qəbul etdi və nəticədə VCT-lərin maliyyəyə çıxışını məhdudlaşdıran bir neçə qayda qəbul etməklə vətəndaş cəmiyyətinə və mediaya verilən beynəlxalq donor dəstəyini dayandırmaq istədi. Bu qaydalar Ədliyyə Nazirliyinə (ƏN) qrantları, müqavilələri, ianələri və digər əlaqəli məsələləri təsdiqləmək üçün geniş imtiyazlar verir və VCT-lərin və xarici donorların fəaliyyətini az qala mümkünsüz edir.

2015-ci ildə Azərbaycanda siyasi azadlıqlar da yüksək dərəcədə məhdudlaşdırılmağa davam etdi. Freedom House təşkilatı ehtimal edir ki, Azərbaycan il ərzində ən azı doxsan siyasi məhbusu saxlayaraq ölkəni adambaşına düşən siyasi məhbus sayına görə siyahının ən üst sırasına qoyub. Oktyabr ayında Avropa Şurası (AŞ), 2014-cü ilin oktyabr ayından bəri vətəndaş cəmiyyəti və Azərbaycanın rəhbər orqanları arasında dialoqu təbliğ etmək üçün iştirak etdiyi Azərbaycanda insan hüquqları məsələləri üzrə birgə işçi qrupundan geri çəkildi. Bu geri çəkilməyə ölkədə insan hüquqları müdafiəçilərinin həbs hallarının çoxalması və bununla əlaqədar saxlanma şəraitləri də daxil olmaqla, onlar üçün kəskin pisləşmiş vəziyyət təkan verdi. 2015-ci ildə Azərbaycanda media azadlığı da böyük bir eniş yaşadı. Freedom House təşkilatı indi Azərbaycanı Avrasiya məkanında jurnalistlərin ən zindançı ölkəsi kimi sıralandırır. Bundan əlavə, Azərbaycan, iyun ayında Avropa Milli Olimpiya Komitələrini təmsil edən idmançılar üçün keçirilən beynəlxalq müxtəlif növlü idman tədbiri olan birinci Avropa Oyunlarını əhatə etmək üçün ölkəyə gəlməyi planlaşdıran “The Guardian” və digər kütləvi informasiya vasitələrinin nümayəndələrinə viza verməkdən imtina etdi.

Noyabrda Azərbaycanda bütün müxalifət partiyalarının boykot etdiyi parlament seçkiləri keçirildi. Avropanın seçkilər üzrə ən böyük monitoru ATƏT/DTİHB (Demokratik Təsisatlar və İnsan Hüquqları üzrə Büro) Azərbaycanın rəhbər orqanları tərəfindən tətbiq edilən məhdudiyyətlərə görə seçkiləri müşahidə etmək missiyasını ləğv etdi. Hakim Yeni Azərbaycan Partiyası və açıq şəkildə ona sadiq olan digər partiyalar və namizədlər parlamentin 125 yerinin böyük əksəriyyətini qazandı. Bu arada yerlərin 9.6 faizinə “kvazi-müxalifət” namizədlər – parlamentdə siyasi plüralizmi göstərmək cəhdi ilə özünü müxalifətin namizədləri kimi göstərən iqtidaryönlü namizədlər yiyələndi. Həqiqi müxalifət partiyaları isə parlamentdə yoxdur. Yerlərin yalnız 16.8 faizi qadınlar tərəfindən tutuldu.

2015-ci ildə Azərbaycanda iqtisadi vəziyyət də çətin oldu. Neftin qiymətinin bütün dünyada düşməsi bank sektorunu da zəiflətməklə, 2015-ci ilin fevral və dekabr aylarında milli valyutanın ikiqat devalvasiyasına gətirib çıxardı.

Çətin fəaliyyət mühitinə baxmayaraq VCT sektoru insan hüquqları, mədəniyyət, təhsil, səhiyyə, demokratiya, ətraf mühit, qadın hüquqları və gender bərabərliyi, iqtisadiyyat və sahibkarlıq, münaqişənin transformasiyası və sülh quruculuğu, gənclər və digər sahələr üzrə işləyən təşkilatlarla birgə müxtəliflik ehtiva edir. ƏN-ə əsasən, 2015-ci ilin sonuna qədər qeyri-hökumət təşkilatları (fondların və ictimai birliklərin də daxil olduğu QHT-lər) və digər qurumlar da daxil olmaqla qeydiyyatdan keçmiş VCT-lərin sayı – 4,100 olub. Əlavə olaraq, təxmini 1,000 ədəd qeydiyyatdan keçməmiş qrup fəaliyyətlərini həyata keçirməyə davam edir. Həm beynəlxalq, həm də bir çox yerli VCT-lər – həm məhdudlaşdırıcı mühit, həm də maliyyə resurslarının olmaması nəticəsində 2015-ci ildə öz fəaliyyətlərini saxladılar.

2

Azərbaycanda VCT-lərin qeydiyyatı son 15 ildə hüquqi mühitin əsas problemi olmuşdur. VCT-lər iddia edir ki, ƏN qeydiyyatı aylarla, bəzən də illərlə gecikdirmək üçün inzibati maneələrdən istifadə edir. Hər bir baxış dövründən sonra ƏN adətən bəzilərinin yerinə yetirilməsi çox çətin olan yeni, əlavə hüquqi tələblər qoyur. Məsələn, dövlət orqanlarının adətən qeydiyyatdan keçməmiş təşkilatlara tövsiyə məktubu təmin etməyəcəyi faktına baxmayaraq, ƏN tez-tez müvafiq dövlət orqanından tövsiyə məktubunu tələb edir. Digər tərəfdən, ƏN-nin siyasi iradəsi olduğu halda, VCT-lər nisbətən tez qeydiyyatdan keçə bilirlər. ƏN 2015-ci ildə yalnız iyirmi yeddi QHT-ni qeydiyyatdan keçirib və onların adı ictimaiyyətə açıqlanmayıb. 2014-cü ilin dekabr ayında Avropa Şurasının Venesiya Komissiyası Azərbaycana VCT-lər üçün qeydiyyat təcrübəsini yenidən nəzərdən keçirməyi, VCT-lərin fəaliyyətləri üçün əlverişli şərait yaratmağı və xaricdən maliyyələşən VCT-lər üzərindəki məhdudiyyətləri yenidən dəyərləndirməyi tövsiyə etdi. Azərbaycan bu cəhdləri ölkənin suverenliyinə müdaxilə kimi gördüyü üçün tamamilə rədd etdi.

2015-ci ildə Nazirlər Kabineti yerli və ya xarici mənşəli qrantları (iyun), yerli və ya xarici mənşəli ianələri (oktyabr) və xarici xidmət müqavilələrini (oktyabr) qeydiyyatdan keçirmək üzrə, həmçinin, xarici donorların fəaliyyətini idarə edən (dekabr) yeni qaydalar qəbul etdi. Bu yeni qaydalar ƏN-ə bu cür müqavilələrin, qrantların və ianələrin qeydiyyatdan keçirilməsi və onların qeydiyyatı üçün sənəd və məlumatların geniş siyahısını tələb etməsi barədə qərar qəbul etmək üzrə geniş səlahiyyət verir. Qeydiyyat prosesi adətən aylarla və ya illərlə uzanaraq texniki səbəblərə görə rədd edilir. Belə gecikmələrin nəticəsində donor adətən layihələrin vaxtı bitdiyinə görə müqavilələri ləğv edir. ƏN 2015-ci ildə bir neçə “icazə bildirişləri” verib (“təsdiq” “bildiriş” adlandırılır) və belə bildirişlərin siyahısı ictimaiyyətə açıqlanmır. ƏN ianənin, qrantın və ya xidmət müqaviləsinin qeydiyyatından imtina etdikdə, inzibati şikayətin verilə bildiyi prosessual pozuntu olmadığı halda, müraciət prosesi yoxdur. Lakin bu cür işlər nadir hallarda olur, olduğu hallarda isə QHT-lər bunun istintaqa təkan verə biləcəyindən qorxurlar. Bunun əvəzinə QHT-lər bəzən hökumətlə danışıqlar aparmağa çalışırlar və ya daha çevik maliyyələşmə yolları üçün donorla yenidən danışıqlar aparırlar.

Bundan əlavə, 2015-ci ilin dekabr ayında ƏN Qeyri-hökumət Təşkilatlarının, Xarici Qeyri-hökumət Təşkilatlarının Filiallarının və ya Nümayəndəliklərinin fəaliyyətinin Öyrənilməsi üzrə yeni məhdudlaşdırıcı qaydalar toplusu qəbul etdi. Bu qaydalar ƏN üçün yerli və Azərbaycanda ofisləri qeydiyyatdan keçmiş xarici QHT-lərin fəaliyyətlərini yoxlamaq üçün prosedur yaradır, bu da ƏN-ə yoxlamaların həyata keçirilməsi üçün geniş səlahiyyətlər verir və bu səlahiyyətlərin çox azı QHT-lərin hüquqlarını qorumağa zəmanət verir. Bu qaydalara əsasən hökumət QHT-lər üzərində “müntəzəm” və ya “fövqəladə” yoxlama həyata keçirə bilər. Qaydalar heç bir halda yoxlamaların tezliyi barədə məhdudiyyət müəyyənləşdirmir, bu da o deməkdir ki, ƏN potensial olaraq eyni QHT-ni bir il ərzində bir neçə dəfə yoxlaya bilər. Bundan əlavə, bu qaydalar ƏN-nin yoxlaya biləcəyi fəaliyyətlərin müddətinə (illərin sayına) məhdudiyyət qoymur. Əgər QHT tələb olunan sənədləri və məlumatı təqdim edə bilməsə və ya yalan məlumat versə, hökumət İnzibati Xətalar Məcəlləsinə əsasən 2,500 manatdan 15,000 manatadək (təxmini 1,600 ABŞ dollarından 10,000 dollaradək) cərimə tətbiq edə bilər. Əgər çirkli pulların yuyulması, terrorçuluğun maliyyələşdirilməsi ilə əlaqəli pozuntular və ya digər maliyyə və ya mülki cinayətlər aşkar edilərsə cinayət məsuliyyəti və ya inzibati tədbirlər tətbiq edilə bilər.

VCT-lərin almağa çalışdığı hər bir qrant üçün təsdiq əldə etməsi tələbindən başqa, 2014-cü ilin oktyabr ayından etibarən xarici donorlar da öz növbələrində vermək istədikləri hər bir qrant üçün təsdiq almalıdırlar. Qrant vermək istəyən beynəlxalq QHT-lər Azərbaycanda öz filiallarını və ya ofislərini qeydiyyatdan keçirmək; ƏN ilə müqavilə imzalamaq; və hər bir qrant üçün Maliyyə Nazirliyindən təsdiq almaq da daxil olmaqla, ağır, çoxpilləli bir sistemdən keçməlidirlər. Nazirlər Kabineti bu sistemlə bağlı prosedurları yalnız 2015-ci ilin dekabr ayında nəşr etdi, bu da donorların fəaliyyətlərində on dörd aylıq bir boşluq yaratdı. Bunun nəticəsində, Alman Marşal Fondu (German Marshall Fund) tərəfindən ayırdığı qrantlar da daxil olmaqla, “icazə bildirişi”nə görə 2014-cü ildə VCT-lərə köçürülmüş bəzi vəsaitlər bu müddət ərzində müxbir banklarda dondurulmuş şəkildə qaldı. Heç bir donor təşkilatı və ya beynəlxalq QHT 2015-ci ilin sonunadək yeni proseduru dəyişdirməyə təşəbbüs göstərmədi.

2015-ci ildə parlament seçkiləri ərəfəsində, hökumət konfrans zallarında tədbir və iclaslar da daxil olmaqla, hər hansı ictimai fəaliyyət başlatmazdan əvvəl VCT-lərin Prezident Administrasiyasından rəsmi icazə əldə etmək tələbini daha ciddi tətbiq etdi. Belə icazə layihələri və ya proqramları bütövlükdə əhatə etmir; əksinə VCT-lər davamlı şəkildə hər bir fəaliyyət üçün icazə axtarmalı olur, bu da layihənin həyata keçirilməsində əhəmiyyətli gecikmələrə gətirib çıxarır. Bu tələbi pozan VCT-lərin fəaliyyətləri ləğv edilə bilər, təşkilatları qara siyahıya salına bilər və ya işçi heyəti təqib oluna bilər. Bu səbəbdən VCT-lərin ictimai tədbir təşkil etməsi 2014-cü ildə olduğu kimi mümkünsüz olaraq qaldı.

VCT-lər üzərindəki araşdırmaların sayı və intensivliyi 2015-ci ildə daha da kəskinləşdi. 2014-cü ildəkinə oxşar olaraq 2015-ci ildə Respublika Baş Prokurorluğu və Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsi yüzlərlə VCT-yə istintaq başlatdı. Bu istintaq dalğası, fəaliyyətlərində tapılması ehtimal edilən pozuntular əsasında cinayət məcəlləsinin “səlahiyyətlərindən sui-istifadə” və “vəzifə saxtakarlığı” müddəalarının pozuntusuna görə bir neçə xarici və yerli QHT-lərə qarşı başladılan 142006023 saylı və ya “QHT işi” adlanan cinayət işi ilə əlaqəli idi. Bu hal böyük ehtimalla hüquq-mühafizə orqanlarının VCT-lərin fəaliyyətinə müdaxilə etməyə, fəalları dindirməyə, VCT liderlərinə ölkədən çıxış qadağası qoymağa, mülkiyyəti müsadirə etməyə, bank hesablarını dondurmağa və tədbirlərdəki iştirakçılar da daxil olmaqla VCT-lərin bağlı olduğu şəxsləri qorxutmağa hesablanmışdır. 2015-ci ildə yeni VCT liderləri həbs edilməmişdir, lakin 2014-cü ildə həbs edilmişlərə 2015-ci ildə beş il yarımdan səkkiz il yarımadək həbs cəzası verildi. Hökumət yalnız həssas mövzular üzrə işləyən və ya beynəlxalq vəkillik potensialı və xarici maliyyəsi olan müstəqil VCT-ləri hədəfə aldı. ABŞ donorları ilə  əlaqəli olan və ya onlar tərəfindən maliyyələşən VCT-lər xüsusi diqqət mərkəzində idi. 2015-ci ildə ən azı otuz bir təşkilata 70 manatdan 797,000 manatadək (təxmini 47 ABŞ dollarından 531,000 dollaradək) cərimə verildi.

VCT-lərə və donorlara qarşı vergi münasibətləri 2015-ci ildə də eyni qaldı – onlar praktikada heç bir vergi istisnaları və ya güzəştləri almırlar. Xarici mənbələrdən alınmış və Vergilər Nazirliyi tərəfindən tanınan qrantlara qanun çərçivəsində ƏDV-nin tətbiq edilməməsinə baxmayaraq hökumət VCT-lərin məhsullar və xidmətlər üçün ƏDV ödəməsini tələb edir. Nazirlər Kabinetində humanitar və sosial məsələlər üzrə işləyən VCT-lərin xüsusi siyahısı var və onların işçi heyətinin üzvləri 22 faiz Sosial Müdafiə Fondu ödənişindən azaddır. Lakin yalnız hökumətin rəğbət bəslədiyi VCT-lər bu siyahıya daxildir, onların da sayı 2011-ci ildə qırx iki VCT-dən 2015-ci ildə on dörd VCT-yə enib. USAID-dən birbaşa maliyyə alanlar da hökumət və USAID arasındakı xüsusi müqaviləyə əsasən 22 faiz Sosial Müdafiə Fondu ödənişindən azaddır.

VCT-lər qanuni olaraq malların və xidmətlərin təmin edilməsi vasitəsilə gəlir əldə edə bilərlər, lakin qazanılmış gəlirdən vergi ödəməlidirlər. 2015-ci ilin oktyabr ayında xidmət müqavilələrinin qeydiyyatı üzrə yeni qaydaların təqdim edilməsi ilə bərabər VCT-lər, həmçinin Azərbaycanda qeydiyyatdan keçmiş beynəlxalq QHT-lərin filialları və ya nümayəndəlikləri xarici tərəflə imzaladıqları hər hansı xidmət müqaviləsini ƏN-də qeydiyyatdan keçirmək üçün mürəkkəb bir prosedurdan keçməlidirlər. Bu qaydalar Azərbaycanda az yayılmış yerli dövlət və qeyri-dövlət maraqlı tərəfləri ilə imzalanan müqavilələrə şamil edilmir. İnzibati Məcəllə xidmət müqaviləsinin qeydiyyatdan keçirilmədiyi halda yerli və ya beynəlxalq QHT-lər üçün spesifik cəza nəzərdə tutmur.

Hal-hazırda dövlətin yüksək hədə-qorxu riskinə görə Vəkillər Kollegiyasının üzvü olan və olmayan kiçik bir qrup yaxşı təlim keçmiş hüquqşünas VCT-lərə və fəallara hüquqi yardım göstərir. Siyasi məhbusları təmsil edən hüquqşünasların əksəriyyəti, hətta bəzən onları işlərindən imtina etməyə məcbur edən təzyiq və hədə-qorxunun müxtəlif formalarına məruz qalırlar. Məsələn, siyasi məhbusları təmsil edən məşhur hüquqşünas Əlaif Həsənov da daxil olmaqla, bir neçə hüquqşünas 2015-ci ilin iyun ayında Vəkillər Kollegiyasının üzvlüyündən çıxarıldı. Digər vəkillərə ölkədən çıxış qadağası tətbiq edildi. Yerli hakimiyyət orqanlarının yerli icmalara daha çox təsir göstərə bildiyi və hüquqşünasların, siyasi fəalların, insan hüquqları müdafiəçilərinin, jurnalistlərin və digər tənqidi fikirləri olanların ailələrinə asanlıqla hədə-qorxu gələ bildiyi üçün regionlarda vəziyyət daha da pisdir. Ona görə də, Bakıdan kənarda heç bir hüquqi dəstək mövcud deyil.

TƏŞKİLATİ BACARIQLAR: 5.7

 3

2014-cü ilin əvvəlindən bəri Azərbaycana donorların cəlb olunması kəskin formada azaldığı üçün 2015-ci ildə VCT-lərin təşkilati bacarıqları bir az da pisləşdi. Bürokratiya səbəbindən donorlar ölkədə bundan sonra hansı yolla fəaliyyətlərini davam edəcəklərindən əmin olmadıqları üçün VCT-lərin təşkilati inkişafına sərmaye qoymağa davam etməkdə həvəssizdirlər. Təşkilati bacarıqların artırılması üzrə ən böyük layihələrdən biri olan, USAID tərəfindən maliyyələşdirilən və Chemonics International tərəfindən həyata keçirilən İnkişaf üçün Yerli Bacarıqların Artırılması (İYBA) layihəsi hökumətin aylarla apardığı araşdırmalardan və maneələrdən sonra 2015-ci ildə işini dayandırdı.

50-dən çox böyük yerli VCT və ATƏT, Oxfam, Counterpart International, World Vision və Save the Children da daxil olmaqla bir neçə beynəlxalq təşkilat 2015-ci ildə Azərbaycandakı işlərini tamamilə dayandırmalı oldular. Bir neçə VCT tərəfindən aparılan qeyri-rəsmi sorğulara əsasən Azərbaycandakı VCT-lərin demək olar ki, üçdə biri işçi heyətini və ofislərini saxlaya bilmədiklərinə görə fəaliyyətlərini saxlayıblar, digər üçdə biri isə ofislərini bağlamalı olublar və indi evdən işləyirlər. Bununla birlikdə, qalan yerli VCT-lərin fəaliyyətlərinin keyfiyyəti və kəmiyyəti əhəmiyyətli dərəcədə aşağı düşüb, çünki onların əksəriyyəti qeydiyyat, fəaliyyət və hesabatvermə ilə bağlı dövlət tələblərini yerinə yetirməyə, həmçinin dövlət qurumlarından gələn yoxlamaları və sorğuları həll etməyə kifayət qədər geniş vaxt ayırmalı olub.

İcrası parlament seçkiləri ərəfəsində keçirilən ictimai tədbirlərin konfrans zallarında təşkil olunması üzrə yazılmamış qadağa, VCT-lərin tərəfdaşlarını artırmasına mane oldu, mahiyyətcə yerli icmaları onlara əlçatmaz olaraq etdi.

Azərbaycandakı VCT-lərin əksəriyyəti hələ də strateji planlaşdırma ilə məşğul olmur. Çox az VCT idarəetmə prinsiplərini tam olaraq başa düşür və ya təşkilati idarəetmə, inzibati idarəetmə və ya menecment, insan resursları, maliyyə və ya proqramlar və layihələr üzrə beynəlxalq standartlara cavab verir. Kiçik bir qrup təşkilat istisna olmaqla, VCT-lərin daxili idarəetmə sistemləri adətən zəif olur. Yalnız bir neçə VCT-nin ayrıca idarəetmə və menecment strukturu var. İdarə heyətinin funksiyası təşkilatların nizamnamələrində nəzərdə tutulmuş və ƏN tərəfindən tələb olunan prosedurları rəsmi şəkildə yerinə yetirməkdən ibarətdir. VCT-lər nadir hallarda fərdi ehtiyaclarına uyğun olan strukturlar yaradırlar. Qanunvericilikdə təşkilat nizamnamələri üçün nəzərdə tutulmuş şablon formalar VCT-lərin fərdi ehtiyaclarına daha uyğun hazırlanmış strukturlar yaratmaq imkanını məhdudlaşdırır.

Donorlara məhdud çıxışları, bilik və bacarıqların artırılmasına yönəlmiş imkanların olmaması, resursların çatışmazlığı və xarici dil əngəli ilə əlaqədar regional VCT-lərin bilik və bacarıqları daha da məhduddur. Bir çox regional VCT nümayəndəsi nə ingilis dilində, nə də rus dilində danışa bilmir, bu da onların beynəlxalq donorlarla və səfirliklərlə əlaqə yaratmasına mane olur.

Müxtəlif maraqlı tərəflərin fikirlərinə əsasən 2013-cü ildə donorlarla imzalanmış müqavilələr yekunlaşandan sonra bir çox VCT-nin maliyyə resursları kəskin azaldı, nəticəsində isə 2015-ci ildə VCT-lər işçi heyətinin üçdə ikisini itirdi. 2015-ci ildəki World Giving Index-ə əsasən 2013-cü ildə Azərbaycandakı respondentlərin 25 faizi, 2014-cü ildə isə 20 faizi könüllü fəaliyyətdə iştirak etdiklərini bildiriblər.

2015-ci ildə müstəqil VCT-lərin böyük əksəriyyəti dövlətin repressiyası və xarici maliyyənin olmaması nəticəsində ofislərindən imtina etməli oldular. Bəzi VCT-lər avadanlıqlarını, mebellərini və kitabxanalarını heyət üzvlərinin evlərində saxladı; lakin, müstəqil VCT-lərin əksəriyyətinin avadanlıqları istintaq müddətində müsadirə edildi. Bəzi VCT-lər geri qaytarılan komputerlərinin ya yaxşı işləmədiyini, ya da heç işləmədiyini bildirdilər. Digər VCT-lər isə beynəlxalq təşkilatlardan aldıqları avadanlıqların Nazirlər Kabinetinin Humanitar Yardım Komissiyası tərəfindən digər təşkilatlara yönləndirildiyini bildirdilər. VCT-lərə əsasən Kabinet bunu edə bilərdi çünki bu, həmin təşkilatlara əmək müqavilələri üzrə 22 faiz vergidən azad olmaq kimi bir neçə güzəşt verir, və beləliklə onlardan gələn şikayətlərin qarşısı alınır.

MALİYYƏ İMKANLARI: 6.3

 4

İndi VCT-lər 2015-ci ildə qəbul edilmiş bütün əsas maliyyə növlərinin: qrantların, ianələrin və xidmət müqavilələrinin qeydiyyatdan keçirilməsi haqqında məhdudlaşdırıcı qaydalarla əlaqədar ağır maliyyə böhranı yaşayırlar. VCT-lər maliyyəni istənilən formada almaq üçün hökumətdən təsdiq almalıdırlar və ƏN-nin təsdiqlərdən imtina etmək üçün geniş imkanları var. Bundan əlavə, dekabr ayında xarici donorlar tərəfindən verilən qrantlar üçün çox-pilləli təsdiq sistemi təqdim edildi. Beləliklə, hökumət müstəqil VCT-lərin bütün xarici maliyyə almaq imkanlarının qarşısını tamamilə kəsdi və VCT-lərin ölkədə fəaliyyət göstərməsini əhəmiyyətli dərəcədə mürəkkəbləşdirdi. Nəticədə bir çox VCT-lər yuxarıda təsvir edildiyi kimi fəaliyyətlərini dayandırdılar və ya ofislərini bağladılar.

Məhdudlaşdırıcı hüquqi baza çərçivəsində yerli VCT-lər üçün yeganə əlçatan maliyyə mənbəyi dövlətdən gələn maliyyədir, bu da xarici maliyyə itkisini kompensasiya etməyə kifayət etmir. Dövlət maliyyəsi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dəstək Şurası, Elmin İnkişafı Fondu, Gənclər fondu və bəzi nazirliklər kimi bir neçə milli mənbə tərəfindən ayrılır. Dövlət maliyyəsinin səviyyələri ilə bağlı məlumatın dərc edilməməsi ilə yanaşı, 2015-ci ildə milli valyutanın devalvasiyası və neft qiymətlərindəki qlobal enişin ardınca gələn iqtisadi böhranla əlaqədar bu cür maliyyənin dəyəri nisbətən azaldı. Müstəqil VCT-lər dövlət qurumlarına maliyyə üçün müraciət etməkdən çəkinirlər, müraciət etsələr belə maliyyə almaq ehtimalları çox azdır. Qərəzli lakin şəffaf qrant paylayan QHT-lərə Dəstək Şurası istisna olmaqla, dövlət qurumlarının qrant prosesi açıq və ya şəffaf deyildir. Təsdiqlənən qrantların mövzuları adətən incəsənət və mədəniyyət, sahibkarlığın inkişafı, idman, ətraf mühit, uşaqlara qayğı, xeyriyyə və Azərbaycanın xaricdə tanıdılması kimi mübahisəsiz məsələlər olur.

VCT-lər hələ də fandreyzinqin (maliyyə mənbələrinin axtarılması) müxtəlif metodlarından istifadə etmirlər. Çox az VCT üzvlük haqqı toplayır, ianələr axtarır və ya kommersiya tenderlərində (onsuz da bu cür tenderlərdə adətən bizneslər qalib gəlir) iştirak edir.

İanələrlə bağlı yeni qəbul edilmiş qaydalar onsuz da az inkişaf etmiş yerli filantropiyaya (xeyriyyəçilik) bir az da mane oldu. Maliyyə Nazirliyinə hər hansı ianə haqqında hesabatın verilməməsi, VCT-ni İnzibati Xətalar Məcəlləsinə əsasən 5,000 manatdan 8,000 manatadək (təxmini 3,000 ABŞ dollarından 5,000 dollaradək) cərimə ödəmək məsuliyyətinə cəlb edir. 2015-ci il World Giving Index-ə əsasən, 2013-cü ildə Azərbaycandakı respondentlərin 14%-i xeyriyyə cəmiyyətlərinə ianə verdiyi halda, 2014-cü ildə bu rəqəm 10% olmuşdur. Korporativ ianələri stimullaşdıracaq vergi güzəştləri yoxdur. Bundan əlavə, bizneslər hökumətin diqqətini cəlb etmək istəmirlər və bunun əvəzinə anonim olaraq yardım edirlər və ya heç yardım etmirlər. 2015-ci ildə Paşa Holdinq, Bakcell və Azercell kimi yerli bizneslər bəzi xeyriyyə cəmiyyətlərinin sosial tədbirlərini qismən maliyyələşdirmək xaricində, QHT-lərə rəsmi dəstəyini əhəmiyyətli dərəcədə azaltdı.

Çox az VCT maliyyə idarəetməsi üzrə beynəlxalq standartlara cavab verir. Az sayda olan bu VCT-lər maliyyə idarəetməsi üzrə sistemləri Aİ və USAID kimi böyük donorların tələblərini yerinə yetirmək məqsədilə qəbul ediblər. Donorlara, bilik və bacarıqların artırılması imkanlarına və digər resurslara məhdud çıxışları səbəbilə regionlardakı VCT-lərin bilik və bacarıqları daha da məhduddur. VCT-lərin böyük əksəriyyəti hələ də, maliyyə bəyanatları ilə illik hesabatlarını dərc etmirlər.

VƏKİLLİK: 5.9

 5

VCT liderlərinə qarşı davam edən qısnama (təqib, təcavüz) hətta ən tənqidçi aktivistləri belə özlərinə qarşı senzura tətbiq etməyə təşviq etdi, bu da 2015-ci ildə vəkillik səylərinin keyfiyyətini və sayını minimuma endirdi.

Çətin mühitə baxmayaraq, bəzi VCT-lər hökumətlə siyasi dialoqu inkişaf etdirmək üçün çalışır. Lakin, VCT-lərin mərkəzi dövlət administrasiyasına, yerli dövlət administrasiyasına və parlamentə çıxışının səviyyəsi həmin VCT-nin müstəqil və ya hökumətyönlü olmasından asılıdır. Hökumətyönlü VCT-lərin dövlət qurumlarına daha asan çıxışları var və onlar tərəfindən dəstəklənirlər, müstəqil VCT-lərin isə faktiki olaraq çıxışları yoxdur – həmçinin, hökumətin VCT-lərin fəaliyyətlərinə mane olmaq üçün ümumi siyasəti ilə əlaqədar hətta VCT-lərə qarşı rəğbət bəsləyən hökumət rəsmiləri belə VCT-lərlə rəsmi əməkdaşlıq edə bilmirlər.

Mərkəzi dövlət idarələrinin və yerli dövlət idarələrinin işinə nəzarət etmək üçün yaradılmalı olan İctimai Şuralarda VCT-lərin iştirakını nəzərdə tutan, 2014-cü ildə İctimai İştirakçılıq üzrə qəbul edilmiş qanun siyasi dialoq baxımından böyük potensiala malikdir. Lakin indiyədək çox az dövlət orqanı İctimai Şura yaratdığına görə VCT-lər qanunun ləng həyata keçirilməsi ilə bağlı narahatlıqlarını dilə gətiriblər. VCT-lərin bu qanunu yaxşı qarşılamasına baxmayaraq, onların əksəriyyəti nə vaxtsa bu cür şuraların yaradılması halında belə orada iştirak edə biləcəklərinə inanmırlar. Azərbaycanda heç vaxt Mərkəzi dövlət idarələri, yerli dövlət idarələri və ya parlament tərəfindən ictimai dinləmələr təşkil edilməyib.

2014-cü ilin oktyabr ayında insan hüquqları təşkilatlarının və dövlət orqanlarının nümayəndələrindən ibarət olan İnsan Hüquqları Məsələləri üzrə Birgə İşçi Qrupu AŞ-nin təşəbbüsü ilə Azərbaycanda yenidən yaradıldı. Lakin 2015-ci ilin oktyabr ayında AŞ-nin Baş Katibi AŞ-nin bu qrupda iştirakının ləğv edildiyini elan etdi, beləliklə ictimai və VCT sektorunun qrupun siyasi dialoq üçün qərəzli və səmərəsiz vasitə olmasına dair düşüncələrini bir az da dərinləşdirdi.

Yüzlərlə VCT-nin fəaliyyətini dayandırmasına baxmayaraq, qalan VCT-lər əvvəlki illərə nisbətən daha az gözə çarpan və daha davamsız qaydada da olsa, vəkillik işlərinə davam etdilər. 2015-ci ildə böyük vəkillik fəaliyyətlərinin və ya kampaniyalarının həyata keçirilməməsinə baxmayaraq, Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü (MHŞT), Anti-Korrupsiya Koalisiyası, Qadın Parlamenti və Şərq Tərəfdaşlığı (ŞT) Vətəndaş Cəmiyyəti Forumunun Milli Platforması da daxil olmaqla, bir neçə koalisiya VCT-lərə qarşı basqılara baxmayaraq müəyyən tematik məsələləri həll etmək və VCT-lərin fəaliyyətini dəstəkləmək üçün fəaliyyət göstərirlər. Lakin 2015-ci ildə onların gündəliyi spesifik kampaniyalar həyata keçirməkdən daha çox VCT sektorundakı və ümumilikdə milli vəziyyətlə əlaqəli davam edən böhranı müzakirə etməklə məhdudlaşmışdı. Ümumiyyətlə VCT-lər il ərzində öz tərəfdaşlarına maraqlarını təbliğ etməkdən daha çox diqqətlərini özlərini qorumağa yönəltdilər.

VCT sektoru il ərzində onlara və işçi heyətlərinə qarşı edilən araşdırmalara, dindirmələrə, cərimələrə, axtarışlara, həbslərə və ölkədən çıxış qadağalarına müqavimət göstərmək üçün heç bir əhəmiyyətli səy göstərmədi. VCT liderlərinə və fəallara qoyulan ölkədən çıxış qadağalarının artan sayına görə 2015-ci ildə beynəlxalq vəkillik imkanları son dərəcədə məhdud idi. Yerli fəallar tərəfindən edilən beynəlxalq vəkillik səyləri də hökumətin əlavə diqqətindən yayınmaq üçün gizli edildi. Əksinə, 2015-ci ildə səsləri məhdudlaşdırılmış azərbaycanlı VCT-lər adından beynəlxalq həmkarları danışdılar. Məsələn, BMT-nin bir neçə insan hüquqları eksperti, o cümlədən Xüsusi Məruzəçi,  Azərbaycanda hüquq müdafiəçilərinin vəziyyəti barədə danışaraq onların həbsini pislədi.

XİDMƏTLƏRİN TƏMİN EDİLMƏSİ: 5.0

 6

Qrantlar, ianələr və xidmət müqavilələri haqqında yeni qanunlar, həmçinin VCT-lərdə aparılan istintaqların artması səbəbilə maliyyənin kəskin azalması nəticəsində 2015-ci ildə VCT-lər tərəfindən göstərilən sosial xidmətlərin sayı və müxtəlifliyi əhəmiyyətli dərəcədə daraldı. İyun ayında qrantlar haqqında məhdudlaşdırıcı qanunvericilik qəbul edildikdən sonra, 2015-ci ilin ikinci yarısında VCT-lər xarici təşkilatlarla xidmət müqaviləsi bağlamağa daha meyilli oldular. Bu tendensiyanı hiss edən Nazirlər Kabineti oktyabr ayında QHT-lərin Xidmət Müqavilələrinin Qeydiyyatı haqqında Qaydalar qəbul etdi və bu qaydalar noyabr ayında qüvvəyə mindi. Praktikada bu qaydalar bundan sonra xarici donorlarla müqavilə bağlamağın qarşısını effektiv formada aldı. ƏN-nin müqavilələrin qeydiyyatından imtina etmək üçün geniş səlahiyyətləri çatır və bu cür qərarlar texniki və prosessual olmaqdan daha çox siyasi xarakterli ola bilər. Hökumətin yanaşması və donor tərəfindən maliyyələşdirilən layihələrdən xaric sosial xidmətlərin olmaması səbəbindən icmalar və benefisiarlar 2015-ci ildə bir çox xidmətlərdən geniş şəkildə məhrum oldular.

Məhdud miqyasda da olsa, VCT-lər hələ də bir sıra xidmətləri göstərə bilirlər – əsas xidmətlərdən tutmuş sosial, iqtisadi və siyasi gücləndirməyə qədər. VCT-lər digər həmkarları, ali təhsil ocaqları, beynəlxalq təşkilatlar, biznes qurumları və hətta hökumət üçün monitorinq, araşdırma, tədqiqat və təhlil xidmətlərini göstərirlər. Xidmət təminatı ilə bağlı layihələr əsasən donorların prioritetlərinə əsaslanır. VCT-lərdən nadir hallarda yerli ehtiyacların ilkin qiymətləndirilməsi tələb olunur.

2012-ci il Sosial Xidmətlər haqqında Qanun xidmətlərin göstərilməsi üzrə hökumətin VCT-lərlə sosial müqavilələrə cəlb olunması üçün çərçivəni təmin edir. Lakin hökumətin VCT-lərə qarşı antipatiyası sosial müqavilələri məhdudlaşdırmağa davam edir. Ona görə də dövlət orqanları nadir hallarda VCT-lərlə əməkdaşlıq edirlər və ya müqavilə bağlayırlar.

Xidmət müqabilində benefisiarlardan ödəniş almaq VCT-lər arasında yayılmış bir təcrübə deyil, bunun da əsas səbəbi VCT-lərin qeyri-kommersiya təşkilatları olması barədə geniş yayılmış ictimai fikirdir., Hətta gəlirlərini xeyriyyə məqsədlərinə yönləndirən xeyriyyə təşkilatları da xidmətləri müqabilində ödəniş almaqda çətinlik çəkirlər.

2014-cü ildə qəbul edilmiş İctimai İştirakçılıq haqqında qanun tam yerinə yetirilərsə və müstəqil VCT-lərin İctimai Şuralara bərabər çıxışı olarsa, həm VCT-lər, həm də vətəndaş cəmiyyəti alyansları üçün xidmət təminatı ətrafında dialoq və əməkdaşlıq üçün lazımi imkan yarada bilər.

İNFRASTRUKTUR: 5.5

 7

Azərbaycanda VCT sektorunu dəstəkləyən infrastruktur 2015-ci ildə əhəmiyyətli dərəcədə pisləşdi.

Yerli resurs mərkəzləri kimi fəaliyyət göstərən – regional internet mərkəzləri – maliyyə resurslarının qıtlığı səbəbiylə 2015-ci ildə bağlandı. Milli QHT Forumunun bir neçə regional koordinasiya mərkəzinin olmasına baxmayaraq, adətən yalnız Forumun üzvləri onlardan faydalanır.

2015-ci ildə ianələr və qrantlar haqqında yeni qaydaların təqdim edilməsindən sonra qrantların alınması (həm yerli miqyasda vəsaitlərin toplanması, həm də beynəlxalq fondların yenidən qrant verməsi) kəskin surətdə azaldı.

Milli Büdcə Qrupu, İnformasiyaya Çatımlılıq Koalisiyası, Bələdiyyələrin İnkişafı Naminə QHT Alyansı (BİNA) kimi bir neçə güclü VCT koalisiyası kifayət qədər maliyyələri olmadıqları üçün 2014 və 2015-ci illərdə fəaliyyətlərini dayandırdılar. MSŞA Koalisiyası, Anti-Korrupsiya Koalisiyası, Vətəndaş Cəmiyyətinin Müdafiəsi Komitəsi, Qadın Parlamenti və Şərq Tərəfdaşlığı (ŞT) Vətəndaş Cəmiyyəti Forumunun Milli Platforması kimi bir neçə koalisiya isə, 2015-ci ildə qəbul edilən yeni qaydalardan sonra maliyyə almaq iqtidarında olmadıqlarına görə işlərini könüllü əsasda davam etdirdilər. Resursların azalması nəticəsində koalisiya kimi onların bilik və bacarıqları, həmçinin üzvləri tərəfindən təmin edilən xidmətləri zəiflədi. Bundan əlavə hələ də mübarizə aparan koalisiyalar hökumət tərəfindən yaxından izlənildikləri üçün özlərinə qarşı güclü senzura tətbiq edirlər.

VCT-lərin bilik və bacarıqlarını artırmaq təşəbbüslərinin əsas dəstəkçiləri olan xarici donorlar və beynəlxalq təşkilatlar artıq Azərbaycanda səmərəli şəkildə fəaliyyət göstərə bilmirlər. Qrantlar, müqavilələr və ianələr üçün qəbul edilmiş yeni və ağır qaydalar səbəbiylə çox az beynəlxalq donor bu cür qaydalar qüvvədə olduğu müddətdə ölkədə işləməyə və ya Azərbaycandakı VCT-lərin təşkilati inkişafına sərmaye qoymağa davam etməyə istəklidir. Azərbaycanda tədbir təşkil etmək faktiki olaraq qeyri-mümkün olduğu üçün beynəlxalq tərəfdaşlar adətən Azərbaycanlı həmkarlarını təhlükəsizlik, rəqəmsal təhlükəsizlik, stresin idarəedilməsi və dəyişikliyin idarəedilməsi kimi mövzular üzrə bilik və bacarıqların artırılması təşəbbüsləri üçün xaricə dəvət edirlər. Bu imkanlar xeyli məsrəfli olduğu üçün yalnız məhdud sayda təşkilat və rəhbərlər üçün əlçatandır. VCT-lərin təşkilati bacarıqlarının artırılmasına xidmət edən bir neçə milyon dollarlıq İYBA layihəsi hökumətin aylarla həyata keçirdiyi istintaq və maneələrdən sonra 2015-ci ildə öz fəaliyyətini dayandırdı. Fəaliyyətlərini dayandırmış və ya azaltmış tanınmış VCT-lərin rəhbərləri və ekspertləri, VCT-lərin idarəetməsi mövzuları da daxil olmaqla, müxtəlif tematik sahələrdə yazı və tədqiqat xidmətlərini təmin etməklə fərdi ekspert kimi işləyirlər. Lakin onlar hökumətin VCT-lərə qoyduğu maliyyə və fəaliyyət məhdudiyyətlərinə görə təlimləri nadir hallarda təşkil edə bilirlər.

VCT sektoru sahələrarası əməkdaşlığın inkişaf etdirilməsində böyük çətinlik çəkir. Ümumiyyətlə, bizneslər və akademik institutlar VCT-lərlə işləməkdən çəkinirlər, çünki onlar VCT-ləri hökumətin tənqidçiləri olaraq görür və bu cür münasibətlərin onların hökumətlə əlaqələrini zədələyə biləcəyini düşünürlər. Akademik institutlar həmçinin VCT-lərin “siyasiləşmiş motivlərindən” qorxurlar. Tələbələrin siyasi fəallığına xüsusilə nəzarət edilir, belə ki, əksər universitetlərin tələbələrin sosial mediada fəaliyyətlərini izləyən əməkdaşları var. Bəzi özəl universitetlər istisna olmaqla, VCT-lərin tələbələrə çıxışına icazə verilmir. Hökumətin 2014-2015-ci illərdə VCT-lər üzərindəki basqılarından sonra VCT-lərin media ilə əlaqələri də pisləşdi, həmçinin hökumət VCT-ləri gözdən salmaq üçün mediadan istifadə etdi.

 

İCTİMAİ İMİC: 5.7

8 

2014-cü ildə olduğu kimi hökumət mediadan istifadə edərək VCT-ləri ictimaiyyət qarşısında siyasiləşmiş təşkilatlar, xarici agentlər, vergi qaçıranlar və ermənipərəst kimi təqdim etməyə davam etdi. İnsan hüquqları sahəsində çalışan təşkilatların sülh quruculuğu missiyalarını dövlətə xəyanət kimi təqdim edərək onlara geniş şəkildə “ermənipərəst” damğası vuruldu. 2015-ci ildə Azərbaycanda media azadlığı böyük tənəzzül yaşadı. Bir neçə müstəqil kütləvi informasiya vasitəsi xaric olmaqla, media hökumətdən asılı vəziyyətdər qalır. Bundan əlavə, VCT-lərin layihələri və ya VCT-lərlə əlaqəli digər mövzular media üçün maraqlı deyil.

Ağır Cinayətlər şöbəsinin “QHT işi”nə cəlb edilməsi VCT-lərə xainlər və “ağır cinayətlər” failləri təsvirini yaratdı, bu da ictimai, hökumət və elmi dairələrdə VCT sektorunun imicini ciddi surətdə sarsıtdı. VCT sektorundakı daxili münaqişələr və əksər VCT-lərin peşəkar olmaması bu məsələləri daha da kəskinləşdirdi. Bəzi VCT-lərin dəyərli ekspertiza mənbəyi olmağına baxmayaraq, hətta VCT-lərə qarşı normal münasibət bəsləyən bəzi hökumət və biznes qurumları da, mərkəzi hökumətin VCT-lərə qarşı münasibəti düzələnə kimi onları öz işlərinə cəlb etməməyə qərar verdilər.

Son illərdə sosial və digər elektron media VCT-lərin ictimaiyyətlə əlaqə yaratması üçün vacib əvəzediciyə çevrilib. Lakin, hətta elektron media səviyyəsində olsa belə VCT-lər, fəallar və jurnalistlər hökumətin misilləməsindən qorxduqları üçün özlərinə qarşı senzura tətbiq edirlər. Yetərli media işıqlandırılması olmadan VCT-lərin özlərinə qarşı inamı bərpa etmək və ictimai imiclərini düzəltmək məqsədilə tərəfdaşlarına çıxışları olduqca məhduddur. Həmçinin, 2014-cü ildən etibarən onların ictimai yerlərdə tədbir təşkil etmələrinə də mane olunur.

VCT-lərin böyük əksəriyyəti hələ də illik hesabatlar dərc etmirlər, internet səhifələri yoxdur və fəaliyyətləri haqqında informasiya paylaşmaq imkanları məhduddur, bu da hökumətin VCT-lərin şəffaf olmaması ilə əlaqəli iddialarını gücləndirir.

Vətəndaş Cəmiyyəti Təşkilatlarının Davamlı İnkişaf İndeksi (VCTDİİ) Mərkəzi və Şərqi Avropa və Avrasiya regionunda vətəndaş cəmiyyəti sektorunda tərəqqini ölçən əsas analitik alətdir. İndeks ötən on doqquz il ərzində iyirmi dörd ölkədə vətəndaş cəmiyyəti sektorundakı tərəqqini izləyir. İndeks vətəndaş cəmiyyəti üçün mövcud mühiti öyrənir, QHT-lər üçün hüquqi mühit, təşkilati bacarıqlar, maliyyə imkanları, vəkillik, xidmətlərin təmin edilməsi, infrastruktur və ictimai imic baxımından olan vəziyyəti qiymətləndirir. Hər müstəvi yeddi ballıq şkala üzrə qiymətləndirilir – 1 xal ən güclü, 7 xal isə ən zəif inkişafı göstərir. İndeks ABŞ Beynəlxalq İnkişaf Agentliyi tərəfindən həmin ölkənin yerli təşkilatları ilə birgə əməkdaşlıq çərçivəsində tərtib olunur.

Mərkəzi və Şərqi Avropa və Avrasiyada 2015-ci il VCT Davamlı İnkişaf İndeksinin ingilis dili versiyasını aşağıdakı link vasitəsilə əldə etmək olar: http://www.usaid.gov/europe-eurasia-civil-society

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button