Xaç qayınatası – XXIII

Rahat Əliyev

Birincisi, ilk təyyarə “Boeingh”in alınması zamanı buraxılan səhvə bir də yol verməməyə qərar verildi – yeni təyyarələr alındı. İkincisi, dövlət büdcəsinin vəsaiti hesabına alınan təyyarələr müəmmalı şəkildə hansısa törəmə şirkətin üzərinə qeyd edildi… Bu şirkət  “Orient Eagle Airways LTD” adlanır və Britaniya mənsubiyyətində olan Vircinya adalarında qeydiyyatdadır.

Hər iki təyyarənin idarə edilməsi tədbirləri özəl işçi hava nəqliyyatı üzrə təkmilləşən İsveçrə Hava Nəqliyyatı Şirkətinə verildi.

Həmin vaxtlar gənc, enerjili iş adamı, mənim də tibb institutunda oxuduğum zaman kurs yoldaşım olan Aleksandr Klebanovun karyerasında gözlənilmədən yüksəliş oldu. Prezident təyyarələrinin hər ikisinin idarəsi ona tapşırılmışdı. Klebanovun hava nəqliyyatı biznesində bir az təcrübəsi var idi. “Berkut” adlı Dövlət Hava Nəqliyyatı Şirkətinin, həmçinin eyniadlı şəxsi şirkətin direktoru vəzifəsində işləmişdi. Gənc iş adamı Saşa Klebanovun prezident hava donanmasının demək olar ki, yeganə başçısı işləməsi üçün təkcə təcrübəli və yaxşı əlaqələri olması kifayət etmirdi. Hər ikisi vacibdir, amma hər şey onlarla bitmirdi.

Klebanovun belə vüsətlə və gözlənilmədən qalxmasının əsas səbəbi gizli saray sövdələşmələri, ya da mərhum Boris Nikolayeviç Yeltsenin də dediyi kimi, “rokirovoçka” (şahmat oyununda topla şahın yerinin dəyişdirilməsi) idi. Gənc iş adamının və onun həyat yoldaşı, mənim də kurs yoldaşım və hal-hazırda telekanal rəhbəri, jurnalist, parlament deputatı Darya Klebanovanın yüksəlişinə səbəb olan bir xanım var idi…

Bu xanım bizim prezidentimizin növbəti məşuqəsi Gülnarə Rakişeva idi. Öz karyerasına “Berkut”da stüardessa kimi başlayan bu xanım Nursultan Abışeviçi elə məftun etmişdi ki, 1996-cı ildə yaxın ətrafda hər kəs onu prezident ailəsinin bütövlüyü üçün təhlükə olaraq görürdü. Qayınatam bu dəfə öz ənənəsinə sadiq qalmayaraq, qısa müddətli qocalıq eşqbazlığı ilə kifayətlənmədi. O, Astanada İşım çayının sağ sahilində “Çubarı” rayonu ilə üzbə-üz Rakişeva üçün özəl bir mülk tikdirdi. Prezident həyat yoldaşı Sara Alpısovnaya məhəl qoymayaraq, əksər gecələrini Astana ətrafındakı “Qızıl Jar” iqamətgahında deyil, tikdirdiyi yeni qəsrində keçirirdi. Elə həmin vaxtlardan etibarən birinci xanımı ilə rəsmi səfərlərin sayı kəskin azaldı. Alma-Ataya köçməyə məcbur qalan birinci xanım indi də orada yaşayır.

Prezidentin rəfiqəsi öz stüardessa vəzifəsini (təbii ki, ancaq bir sərnişin üçün) icra etdikcə, içində olduğu vəziyyət daha çox xoşuna gəlirdi. Ölkənin ən əsas sərnişinini əsas stüardessa “çay, kofe, yoxsa mən” deyə salamlayırdı. Cavab da həmişə konkret olurdu: “hansı tezdirsə…”

Söhbətarası Sara Alpısovnanın adı “çemodan” (Rakişeva hərbçinin həyat yoldaşı barədə lətifə misalı elə deyirdi: o, tutacaqsız çemodan kimidir -daşımaq ağırdır, atmağa da əli gəlmir) olaraq çəkilirdi. ““Çemodanı” da götürürsənmi” sualı əslində – “Sara Alpısovna da növbəti səfərə gedəcəkmi?” demək idi. 1997-ci ildən etibarən Nazarbayev çox vaxt “yüksüz” uçurdu.

Əvvəllər stüardessa Gülnarı prezidentin yaxın ətrafından İşlər İdarəsinin rəhbəri Vladimir Ni (boz kardinallar üçlüyündən biri Ni-Abıkaev-kölgədə olan Yesimov) və bir də prezidentin yaxın adamı Bulat Utemirov saxlayırdılar. Ancaq gözlənilməz bir şey oldu. Çox qısa bir zamanda böyük gücə sahib olan Rakişeva “cəmiyyətin bu hörmətli nümayəndələrini” ən axırıncı nökərləri kimi buyururdu. Nursultan Nazarbayevin növbəti rəfiqəsinin buyruq qulu olan bu ağsaqqalların hərəkətlərinə, hətta ən pis həqarətləri götürən yaxın ətrafındakılar da dözə bilmirdilər. Qalmaqaldan qaçmaq üçün bu xanımı ağsaqqallardan cavan cütlüyə sırıdılar. Prezidentə ifrat sadiqliyi və qanuna uyumluğu ilə seçilən bu cütlüyə heç kəsin ürəyi yanmırdı.

Sonradan məlum olduğu kimi, Saşa və Darya Klebanovların da zəfər saatı məhz elə həmin vaxt çaldı. Hər iki yeni – “Çellencer” və “Falcon” – prezident təyyarələrinin idarəsi Gülnar Rakişevanın böyük təkidi ilə tam olaraq bu cütlüyə tapşırıldı. Darya ölkənin əsas stüardessasının əsas rəfiqəsi idi və Nazarbayev də Gülnarın hər bir işi barədə tam məlumatlı idi.

Klebanov belə bir sxem fikirləşdi: Təyyarələr törəmə bir şirkətin adına sənədləşdirildi, idarəetmə ilə bağlı müqavilə isə biznes-hava nəqliyyatı üzrə təkmilləşən İsveçrə hava nəqliyyatı şirkəti ilə bağlanaraq imzalandı.

Ani yüksəlişdən başı hərlənən təcrübəsi az və təkəbbürlü Klebanov çaşıb “Orient eagle” törəmə şirkətini öz adına qeydiyyata salmışdı…

Əlbəttə ki, bu ciddi səhv idi. Təzəcə “bişirilmiş” aviamaqnatla bəzi izahlı müzakirələr aparıldıqdan sonra o, şirkətin səhmlərini dərhal “prezidentin xəznədarı” Vladimr Ninin adına keçirdi.

Bunun ardınca yeni və daha ciddi bir problem yarandı. Kiminsə yadına düşdü ki, prezidentin hava nəqliyyatına xidmət göstərilməsi üçün lazım olan xərclər dövlət büdcəsində nəzərə alınmayıb! Daha doğrusu,  təyyarələr alınmasına alındı, amma saxlanılması və ona xidmət göstərilməsi üçün sərf olunacaq vəsait barədə heç kəs düşünməmişdi. Parlament də həmin illərdə özünü hüquq dövləti kimi göstərməyə çalışırdı, deputatlar hələ ki, büdcəyə burunlarını soxaraq hər xırda detala ilişirdilər. Həmin dövrün deputatları prezidentin şıltaqlığına milyonlarla dollar vəsaitin tökülməsinə göz yummayacaqdılar.

Bu qarışıq vəziyyətdə Saşa Klebanov sübut etdi ki, onu hava nəqliyyatı şirkətinə hədər yerə rəhbər təyin etməyiblər. Bir güllə ilə bir neçə dovşan vurmaq üçün incə bir sxem fikirləşdi. Bu sxem əsasında dövlət aktivlərin kapitallaşmasından gələn gəlirin bir hissəsi rahatca bizim konsessiyaçıların cibinə axırdı, bir hissəsi Nazarbayev təyyarələrinin məsrəflərinin ödənilməsinə sərf olunurdu, bir hissəsi isə cibdə qalırdı. İnadcıl deputatlar istəsələr belə irad tutmağa bir şey tapa bilmirdilər. Klebanovun fikirləşdiyi sxem belə idi: Qazaxıstanda yeganə aviakerosin istehsal edən və prezident hava nəqliyyatı donanmasının bütün məsrəflərini qarşılayan Pavlodar neft emalı zavodunun idarəsini ələ almaq.

Oxucu bu fırıldağın gözəlliyini tam qiymətləndirsin deyə kiçik haşiyəyə çıxaq. Pavlodar neft emalı zavodu həmin vaxt hələ ki, özəlləşdirilməmişdi, yəni rəsmi olaraq dövlət müəssisəsi hesab olunurdu. O vaxt ən çox təcrübədən keçirilən “idarəetmənin təhvil verilməsi” əslində dövlət vəsaitinin şəxsi ciblərə istiqamətləndirilməsi demək idi (cüzi istisnalarla). Burada dəyişməz bir qayda var idi – gözlənilən gəlir məbləği nə qədər çox olarsa, “işlər müdiri” prezidentə o qədər yaxın olmalı idi.

Qazax müəssisələrini əksər hallarda – CCL Amerika törəmə şirkəti kimi əcayb xarici şirkətlər idarə edirdilər. Hər bir halda onların arxasında Nazarbayevin yaxın ətrafından kimsə dururdu. Pavlodar neft emalı zavodu da yağlı tikə idi. Qoçaq, lakin Nazarbayevdən çox uzaq olan gənc iş adamı, işlərin adi halda gedəcəyi təqdirdə, heç bir şansı yox idi. Aleksandr Klebanov bunu bilirdi. Yeni “Falcon” “Çellencerlə” axı anqarda yatıb qalaraq öz qiymətini, vəsait itirməli deyil, dünyanın göyü üzündə uçmalı idi. Bunu böyük yoldaşların nəzərinə bəlağətlə çatdırmağı bacaran Saşa Klebanova afərin!

Beləliklə də, müxtəlif mənsəblərə qulluq edən iş adamlarının – Klebanov, qazax iş adamı Oleq Li və beynəlxalq səviyyəli fırıldaqçı Dmitri Streşinskinin müştərək şirkətini yaradıb Pavlodar Neft Emalı Zavodunu onlara verdilər. NEZ-in məhsullarından gələn gəlir, çay kimi, dövlət büdcəsinə yox, bu üçlüyün cibinə axırdı.

Düyün belə açılmalı idi: digər iki şərik Saşanı aldadarq gəlirin çoxunu mənimsəmək istəyirdilər. Beləliklə, üçlük dağıldı. Əvvəlcə Klebanov digər şəriklərini çıxardı, sonra da özü oyundan kənarda qaldı. Manqistaumunayqazda yağlı tikə ilə şəxsən maraqlanan prezident Nazarbayev buranı öz iş ortağı Rəşid Sarsenova verdi. MMQ-da səhmlərin 30%-nin Britaniya tərkibində Virciniya adalarındakı “Ansdell Development LTD” törəmə şirkəti adı altında şəxsən Nazarbayevə aid olduğunu deməyə ehtiyac yoxdur. Qalan hissəsi isə, yəni 30%-i Sarsenovun, öz şəxsi Sinqapur şirkəti “Central Asia petroleum LTD”-nin adına qeydiyyatda idi.

Bəs qızlar- qızlar haqqında sonra…

Təbii ki, yuxarıdakı yoldaşların haqq-hesablarından, prezident hava donanması üçün ödənişlərindən sonra şəriklərə qalan məbləğ az idi, yəni istədikləri qədər deyildi. Elə ona görə də onlar arasında tezliklə ölüm-dirim mübahisəsi başladı. Oleq Li Aleksandr Klebanovdan incidi, Klebanov da Lidən və hər ikisi də Streşinskiyə kin bəsləməyə başladılar. Nazarbayevin şərikləri arasında yaranmış ənənəyə uyğun olaraq, üçüncü şərikin tezliklə Qazaxıstandan çıxarılacağını təxmin etmək çətin deyildi. Tam da Paris prokuraturasının Streşinskinin fransız aktivlərinin mənbəyi ilə maraqlandığı vaxt. Hələ təzəcə başını qaldırmağa başlayan silah alverçisinin, italyanların da çək-çevirindən sonra qisas almaq üçün taqəti qalmamışdı. Onun qazax biznesindəki payı da Klebanova qismət oldu.

Bir müddət prezident “hava nəqliyyatçılarının” davranışları, bir-birilərinə münasibətləri uşaq hekayəsindən olan məşhur bir sitatı xatırladırdı – “Gah Kokoşenka Leleşonkanı qapazlayır, gah da Leleşonka Kokoşenkanı”. Bütün prezident cəbhəsi nəfəsini belə dərmədən, artıq əsas səbəbi unudaraq bu həngaməni müşahidə edirdi. Təyyarələri unudaraq… Elə bu məqamda səhnəyə yeni bir personaj çıxdı və nəqliyyatçıların işi lap pisləşdi.

Gözlənilmədən Serik Burkitbayev Qazaxıstanın yeni nəqliyyat naziri təyin edildi. Yaxşı mütəxəssis və yonulmuş aparatçı Burkitbayev işinə Nazarbayevdən ona qalan təsərrüfatın, prezident hava donanması da daxil olmaqla, təftişinə icazə almaqla başladı. Ehtiraslı stüardessa Gülnar Rakişevanın şıltaqlığından yorulmağa başlayan prezident təftişə icazə verdi.

Hər şey də elə bununla başlasdı.

Burkitbayev dərhal aşkar etdi ki, hər üç təyyarə (hamının uğurla unutduğu “Boeing” də daxil olmaqla) Qazaxıstana ancaq prezident xaricə səfərə hazırlaşan zaman gətirilir. Qalan vaxtlarda isə prezident hava donanmasının təyyarələri Klebanovun şəxsi şirkətinin kommersiya maraqları çərçivəsində istifadə olunurmuş.

Nəhayət, Burkitbayevin divara dirədiyi Klebanov “Boeing”in salonunu lüks variantda düzəltdirərək, Amerikanın futbol komandasına uzun müddətli icarəyə verdiyini boynuna aldı. Prezidentin NAN-9000 nömrəli “Falconu” isə İsveçrənin Cenevrə hava limanında məskunlaşmışdı. “Çellencer” də Amerikada uçurdu. Klebanovun şirkətinin real gəlirinin nə qədər olduğunu anlamaq çətin idi. Bununla yanaşı, demək lazımdır ki, bu müddət ərzində prezidentin səfər uçuşları dövlət büdcəsi hesabına deyil, Klebanov tərəfindən maliyyələşib.

Burkitbayev Dövlət Əmlak Komitəsindən bütün müqavilələri götürərək, tez bir zamanda təyyarələri tapdı və bu barədə prezidentə məruzə etdi. O, da Klebanovu yanına çağırıb hava nəqliyyatı şirkətini özünə yaxın, çox etibarlı, əvəzolunmaz xəznədarı Vladimir Ninin adına keçirməyə məcbur etdi. Klebanovu isə baş menecer vəzifəsində saxladı.

Onun uğursuzluğu təkcə bununla bitmirdi. Amerika futbol komandası təyyarənin çox tez-tez xarab olduğunu (bu da prezident təyyarəsi barədə deyilə biləcək ən bərbad bir şey idi) səbəb göstərərək,  “Boeing”in icarəsi haqqında müqaviləni pozdu. Klebanov başqa müştərilər tapmağa cəhd göstərsə də, təyyarəni Alma-Ataya gətirmək üçün onu məcbur etdilər. Təyyarə aylarla Alma-Atanın qeyri-münasib anqarında qaldı. Sonra da Qazaxıstanın iflasa uğrayan “Qazaxıstan Aye Jolı” adlı dövlət hava nəqliyyatı şirkətinin dağıntıları üzərində yeni qurulan milli “Air Qazaxıstan” şirkətinə verildi.Yeni şirkətdə də bəxtiqara “Boeing”i doğru-düzgün istifadə edə bilmədilər.

Təyyarənin sonrakı taleyi isə qaranlıq sirlərlə örtülüdür. Sonuncu dəfə onu təmir adı ilə sürüyüb apardıqları Lüksemburq hava limanında görmüşdülər. Elə oradan da yoxa çıxdı. Klebanovun dediklərinə inansaq, guya təyyarə ehtiyat hissələri şəklində satılıb, əldə edilən vəsait də dayanacaq haqqının əvəzi kimi müsadirə olunub. Əlbəttə, Avropada məhkəmə qərarı olmadan müsadirə həyata keçirilə bilməz. Bu barədə isə heç bir sənədin üzünü görən olmayıb.

Nazarbayevin yaxın ətrafındakılar təyyarənin yoxa çıxmasının ən yaxşı izahı olaraq, Klebanovun “Boeing”i ya bütov, ya da hissələrlə satdığını qəbul edirdilər. Əldə edilə bilmədiyi gəlirin müvazinəti olaraq deyək ki… Saşa Klebanov məğlub kimi, Pavlodar Neft Emalı Zavoduna rəhbərlik etdiyi zaman əldə etdiyi gəlirin bir hissəsini “Global Express” adlı yeni prezident təyyarəsinin alınması üçün Nazarbayevə verməyə məcbur oldu.

Serik Burkitbayev bununla da kifayətlənmədi.

 

“Xural” qəzeti,

İl: 9, sayı: 023 (431), 19-25 iyun 2011-ci il

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button