Xaç Qayınatası – XXVI yazı

Rahat Əliyev

Əlbəttə, heç kim Baxa–Festival və Kürən Almaz kimi reketlərə göz yaşı tökmürdü.

Bütün bu çinayətkar aləmin nüfuzlu adamları cani idilər və ən ağır məhkəmə cəzalarına layiqdilər. Bəli, məhkəmə cəzalarına. Lakin Xaç Qayınatası qanun, ədalət əvəzinə, onlarla elan olunmamış müharibəyə əvvəllər Alma-Ata bölməsinin “Alfa-KQB” kimi tanınan xüsusi təyinatlılarının qatillərini göndərdi.

 

Hər halda, “hədəfə aparan hər bir yol yaxşıdır”, deyimi bizim reallığı əks etdirmirdi. Ölkədə nəyin bahasına olursa-olsun, qayda-qanun yaradılmalıydısa və bu zaman bütün bu Almazlar onsuz da gülləni haqq etmişdilər demək olardı. Əgər bu aksiyalardan sonra ölkədə mütəşəkkil cinayətkarlığa son qoyulsaydı, onda onların bu dəlillərini haradasa diqqətə almaq olardı.

Amma Nazarbayevin qatillərinin qurbanları ancaq özbaşına hərəkət edən quldurlar olurdu. Hansı ki, onların nə hökumət aparatında, nə də hüquq-mühafizə orqanlarında möhkəm dayaqları yox idi. Deməli, söhbət ancaq yenidən pay bölgüsündən gedirdi. Başçıları məhv edilmiş dəstələr heç də dağılıb yox olmurdu. Onlar sadəcə daxili işlər nazirliyinin nəzarətinə keçirdilər.

“Dörd qardaş” Mütəşəkkil Cinayətkar Dəstəsi (MCD), ”Çivanin” MCD-si yenə öz işlərindədirlər, lakin artıq polisin işdən qıraq biznesi kimi. Bu biznesə cavabdeh isə DİN-in kriminal polisinin rəhbəridir.

Kriminal polisin rəhbərini daxili işlər naziri şəxsən təyin edir və ona nəzarət edir. Naziri isə şəxsən Xaç Qayınatası təyin edir. Dairə qapanır. Zəncir qısa, lakin çox effektlidir.

Reketdən başqa, polisin ən gəlirli bizneslərindən biri də uyuşdurucu alveridir. Mən bununla Milli Təhlükəsizlik Komitəsinin Alma-Ata departamentində işə başlayanda üzləşdim. Bütün hesabatlar göstərirdi ki, Alma-Atada narkomaniya qarşısıalınmaz qədər yüksəkdir. Heroinlə dolu şpritslər açıq-aydın nəinki gecə klublarında satılırdı, Univerisitet auditoriyalarında və məktəb koridorlarında da bu alver gedirdi. Əgər sovet vaxtlarında məktəblilər yüngül Çuy konoplyası ilə  məzələnirdilərsə, indi birbaşa ağır uyuşturuculardan istifadə olunurdu.

Mən milli təhlukəsizliyimizə ən böyük təhlükəni bunda görürəm və hesab edirəm ki, MTK-nın bununla mübarizə aparmaq vəzifəsidir. Biz xüsusi idarə yaratdıq, ora ən yaxşı işçilərimizi ezam etdik və birbaşa qaynar telefon xətti açdıq. Bura ümidini hər yerdən üzmüş yüzlərlə şəhər əhalisi zəng edirdi. Həddi-büluğa çatmamış, lakin artıq uyuşdurucu baronlarının nəzarətinə keçmiş və təzə dostları ilə öz evlərini qarət edən azyaşlı qızların anaları zəng edirdilər. Pilləkənin başında yığışan uyuşdurucu qəbul edənlərin qorxusundan bayıra çıxa bilməyən pensiyaçılar zəng edirdilər. Müəllimlər və həkimlər zəng edirdilər.

Çox vaxt bizi məlumatlandıranlar, maşınlarının kapotunun altından uyuşturucu çıxarıb satanları göstərirdilər. Bu dillerlər arasında şəhər kvadratlara bölünmüşdü. Biz bu uyuşdurucu tacirləri və onların polisdə olan cinayətkar havadarları haqqında həmkarlarımıza tonlarla operativ məlumat verirdik.

Polis isə heç olmasa gözdən pərdə asmaq üçün bir nəfəri belə həbs etmədi. Amma onlar uyuşturucu istifadəçisini həbs etməyi çox xoşlayırdılar. Bu adamlar bir istifadəlik uyuşturucuya görə ixtiyari adamın üzünə durar və yaxud növbəti üstüaçılmamış cinayəti öz üstlərinə götürürdülər. Ən rahatı isə Qazaxıstan Respublikasının vətəndaşı olub, onlarla düz gəlməyən adamın cibinə uyuşturucu atıb tutmaqdır.

Onda mən komitənin içindən özümə qarşı güclü müqavimət hiss etdim, xüsusilə “köhnə qvardiya” tərəfindən. Əvvəlki vaxtlar bu taktikaya “sabotaj” deyərdilər. Məni hər cürə başa salmaq istəyirdilər ki, ya mən sakitləşib hər şeyi öz axarına buraxmalıyam, ya da ki “sistem” məndən revanş alacaq.

Mən 2001-ci ilin noyabrında Xaç Qayınatasının əmri ilə MTK-nın departament sədrliyindən çıxardıldım. 2008–ci ildir və Alma-Ata yenə uyuşdurucu tacirlərinin arasında kvadratlara bölünüb. Onların hər biri əvvəlki kimi öz sahə müvəkkillərinin himayəsi altında işləyirlər. “DİN”  mütəşəkkil cinayətkar dəstəsi  yenə yeniyetmələrə kokoin, ekstazi, heroin satdırmaqda davam edir.

Bu üsulla, “Arıstan”-ın silahlarının hesabına Xaç Qayınatası özünün küçədəki rəqibləri ilə hesablaşdı. Yeri gəlmişkən, birinci qətl əmrlərini xüsusi təyinatlılar çox könülsüz və təzyiq altında yerinə yetirirdilər. Onların hələ “Alfa” qrupunda olan mənəvi kodeksləri yaddaşlardan silinməmişdi, axı onlar həqiqətən də terroristlərlə mübarizə üçün hazırlanmışdılar.

Baxa-Festival pis adam idi, amma bu prinsiplərlə küçələrdə çox adamı güllələmək olar. Lakin onlara təzyiq çox güclü idi. Quldurların qətlləri xüsusi təyinatlılara dövlət əhəmiyyətli bir məsələ kimi təqdim olunurdu. Əgər onlar bu işi görməsəydilər, xüsusi təyinatlı hissə o dəqiqə ləğv edilərdi.

Bilmirəm, Nazarbayevin  xoşuna gəlməyən adamların qətlinə əmr vermək asan idimi?

Bəlkə də qətl edilənlərin özlərinin əllərinin qana bulanması ona təskinlik verirdi. “Hədəfə aparan bütün yollar yaxşıdır”, deyə prezident ozünü sakitləşdirə bilərdi.

Lakin Rubikon artıq keçilmişdi, arxaya yol yox idi. Bir dəfə insan talelərini həll etmək missiyasıni üzərinə götürən Xaç Qayınatası bunu dəfələrlə təkrar edirdi. Ələlxüsus da bu cinayətlər cəzasız qalırdısa…

Kriminal meydan təmizləndikdən sonra o, siyasi meydandakı rəqiblərini də bir-bir aradan götürməyə başladı.

 

Siyasi intihar…

 

Zamanbəy Nurqədilovla biz Alma-Atada, Luqansk küçəsində qonşu idik. Onun xudmani evi mənim evimin yanında idi. Əgər axşamlar zəng çalınırdısa, qapının dalında ya qonşum dayanardı, ya da onun arvadı, məşhur müğənni Makpal. Hərdən pəncərədən qonşunun mühafizəçilərinin çaya tərəf qaçaraq həyətdən qaçmış tovuz quşlarını necə qovaladıqlarına baxardıq.

İngilislərdə tovuz quşlarının bədbəxtçilik gətirəcəkləri ilə bağlı inanc var. Zamanbəyin həyətində onun qürrələndiyi, Zake və Make adlanan iki xaricdən gətirilmiş quşu var idi. Biz isə ürəyimizdə ümud edirdik ki, bir gün mühafizəçilər bu cür dəhşətli səsə malik olan quşlara çatmayacaq və

geri qaytara bilməyəcəklər. İngilislərin inanclarından o vaxtlar mənim xəbərim yox idi. İndi isə Zamanbəyin faciəli həyatını biləndən sonra, mən heç heyvanxanada belə tovuz quşlarına yaxın düşmərəm.

Lakin onda hələ 90-cı illərin əvvəlləri idi. Düzdür, qonşularımla dost olmasam da, aramızda xoş münasibət var idi. Nurkadilova birtərəfli yanaşmaq olmazdı (təkəbbürlülüyündə o, tez –tez bütün sərhədləri aşırdı), lakin onun qeyri-adiliyini heç kim dana bilməzdi. Adi insanlarla isə həmişə ətrafı dolu idi. Mənim köhnə fransız dostum, rəhmətlik Aleks Moskoviç mənə deyərdi ki,

mən siyasətçiləri iki maraqlı prinsipə görə ayırıram; ya bu siyasətçinin yumurtaları var, ya da yoxdur. Onun ölçü vahidinə görə Zamanbəydə birinci hal idi, heyf ki, qazax siyasətçilərinin çoxu haqda bunu demək olmaz.

Bir dəfə Zamanbəy məndən “göylərə qapı açmağı”, yəni qayınatamla arasını düzəltməyimi xahiş etdi. Bir neçə gün əvvəl qonşumu paytaxt Alma-Atanın meri vəzifəsindən səs-küylə  çıxarmışdılar. Əvəzinə isə heç nə təklif edilməmişdi. Bu məsələ belə baş vermişdi.

Nurqədilova birbaşa hökumət telefonu ilə o zamankı baş nazir Serqey Tereşenko zəng etmişdi. Bu iki dövlət məmurunun arasında elə də böyük sevgi yox idi. Ona görə də Tereşenko prezidentin icazəsi ilə Alma-Ata merindən yuxarı tonla nəsə tələb etmişdi. Cavabında isə Nurqadilov baş naziri xalq arasında məşhur olan “üç hərfli yer”ə göndərmişdi. Baş nazir bu təhqiri götürə bilməmiş, təbii olaraq duel zəmanəsi keçmişdə qaldığı üçün, qaçıb prezidentə şikayət etmişdi. Nəhayət, Nazarbayev baş nazirinə icazə verdi ki, o, öz düşməni ilə hesablaşsın. Həmən gün prezidentin fərmanı ilə Nurkadilov Alma-Ata meri vəzifəsindən azad edilir.

Zamanbəyi bu vəziyyətdən ancaq Nazarbayev özü çıxara bilərdi. Lakin mənim koloritli qonşumun prezidentə çıxışı yox idi. Ona görə də qonşum mənim yanıma prezidentdən görüş almağa yardım etməm üçün gəlmişdi.

Mən təşkil etdim. Mən ona zəng etdim və dünənki görüş haqda danışdım. Belə kolorıtli bir fiquru öz komandasından qıraqda qoymamağı məsləhət gördüm. Görüş baş tutdu. Bir qədərdən sonra Nurqədilov sərt bir şəkildə təzə baş nazir olan Kajeqəldinə qarşı çıxdı. Təzə baş nazir iqtisadi reformalardan başqa, prezidentliyə namizədliyə də can atmağa başlamışdı. Bax, Nazarbayev başqalarından onunla razılaşmayanları işdən çıxarmaq, ölkədən qovmaq və sonra da onlar haqda cinayət işləri açmaqdan otəri belə istifadə edirdi.

Kajeqəldinə qarşı siyasi təqiblərdə iştirakına görə Hazarbayev Nurqədilovu ödülləndirdi. O, Alma-Ata vilayətinin akim-qubernatoru təyin edildi.

Paytaxt o vaxt artıq Astanaya köçmüşdü. Bu, Zamanbəyin növbəti yıxılmağına səbəb oldu. İxtiyari bir o çaplı çinovnik kimi o, hər  gün uçub uca kabinetlərdə vəzifəli şəxslərə baş əymirdi. O, Alma-Atada, özünün əmrində olan balaca vilayətdə oturmağa üstünlük verirdi. Sonra Nurqədilovu fövqəladə hallar naziri vəzifəsinə keçirdilər. Bu nazirlik də Alma-Atada yerləşirdi. Zamanbəy bu şəhərdən heç cür çıxıb getmək istəmirdi.

Lakin Nurqədilov növbəti dəfə baş nazir Danial Əhmədovdan xalça üstünə gəlmək əmri alanda, onun səbri tükəndi. Düzdür, o, baş naziri məşhur üç hərf ünvanına göndərmədi. Lakin hökumətdə korrupsiya olduğu ilə bağlı bəyanatı işıq üzü gördü. Ssenari təkrar olundu; Əhmədov o dəqiqə öz müdafiəçisi olan prezidentin yanına şikayətə qaçır və Nurqədilov yenə işsiz qalır.

Bu nöqtədən onun müxalifətçiliyə gedən və 12 noyabr 2005-ci ildə faciə ilə qurtaran yolu başlanır. Zamanbəy Nurqədilov öz evində üç güllə yarası ilə öldürülmüşdü. Öz tabel silahı olan revolver tipli “Kobalt” tapançasından, 2-si sinəsinə, 1-i isə əmin olma məqsədi ilə başına vurulmuşdu.

Prezidentin əmri ilə əgər bu istintaq ən fantastik, ən gülməli, ən təhqirəmaz bir versiyanın, özünəqəsd versiyasının üstündə dayanmasaydı, mən inanardım ki, onun buna dəxli yoxdur. Mən inanardım ki, bu, klassik siyasi qətl deyildir.

Təbii,  bu, özünə qəsd deyildi. Üç güllə – biri isə başa vurulub, tapança nə qırağa atılıb, nə də əldə bərk sıxılıb. O,  səliqəli şəkildə yanına, yastığın üstünə qoyulub. Vanna otağında tezbazar silinmiş qan ləkələri var. Bədənin vəziyyəti güllənin uçuş istaqaməti ilə düz gəlmir. Deməli, meyitin yerini dəyişdiriblər. Bu, “Karvan” qəzetinin jurnalistlərinin əldə etdiyi ən gözə görünən faktlardır.

Polis isə bütün bu faktlara və əldə edilən maddi sübutlara göz yummaq, istintaqı yekunlaşdırmaq əmri alır. Bizim hakimiyyət maşını ilə tanış olan hər bir adam bilir ki, bu əmr ancaq bir mərkəzdən, yəni “Ak-Orda” sarayından verilə bilər. Ak-Orda sarayında isə bir nəfər bu əmri verə bilər – onun sahibi.

Təəccüblüdür, Nazarbayev düz bir ay əvvəl Burjan Muxamedjanovu təzə daxili işlər naziri təyin etmişdi. Nazarbayevlə prezident vəzifəsi uğrunda rəqabət apara biləcək bütün rəqiblərinə qarşı şəxsən Muxamedjanov uydurma cinayət işləri açmışdı. Muxamedjanov bu əməliyyatlardan şərəfsiz və çox çirkli əllərlə çıxdı. Nazarbayev əgər bir müddətdən sonra Muxamedjanovun özünü tutdursa və ya öldürtdürsə, heç də təəccüblənmərəm. Çünki cinayətin izlərini başqa cür gizlətmək olmaz.

Bu cinayət məişət zəminində baş versəydi, hansı maraqlı tərəfdən təzyiq olunmasına baxmayaraq, istıntaq tam gücü ilə irəli gedərdi.

Nurqədilovu prezident seçkilərinə üç həftə qalmış öldürdülər. Rəsmi təbliğat maşını bu faktı Astananın xeyrinə işlətmək istəyirdi. Guya Nazarbayevə öz seçiciləri arasında seçki təbliğatı apardığı bir zamanda aranı qarıştırmaq sərf etmirdi. Əslində, bu, doğrudan da belə olmalıdır, əgər bir faktı nəzərə almasaq. Xaç Qayınatasını həmişə xalqın hakimiyyətə qarşı çıxışları və mitinqlər qorxudurdu. O, bu qorxu hissi ilə bütün prezidentlik müddətlərini yaşadı. Qorxurdu ki, kasıblıq həddinə çatdırdığı cavanlar nəhayət ki, diktaturaya qarşı çıxsınlar. Prezident seçkiləri qabağı bu hiss onda daha da güclənirdi.

Cənub tayfaları isə Nurqədilov prezidenti və onun rejimini tənqid edəndə, ona qulaq asırdılar.

Bu tənliyin cavabı budur. Polis istintaqını dayandırmaq, ancaq tanınan və sevilən siyasətçinin ölümünə əmr verən adama sərf edirdi.

Biz isə polisi, prokurorluğu və MTK-nı bu ölkədə dayandıra bilən yeganə qüdrətli adamın adını bilirik. Qanunun aliliyi Qazaxıstanda beləcə məhv oldu.

Özümə indiyə qədər bağışlaya bilmirəm ki, seçkilərə iki həftə qalmış Zamanbəy Nurqədilovla görüşə bilmədim. O, mənim valideynlərimin yanına gəlmiş və mənimlə görüşmək istədiyini onlara demişdi. Mən ezamiyyətlərdə və iş qarmaqarışıqlığında onun bu xahişini nəzərdən qaçırdım. Görəsən, vurulmuş siyasətçi mənə nə demək istəyirdi?

 

Əsas qurban

Altunbəy Sarsınbəyevi kim öldürdü?

 

“Xural” qəzeti,

İl: 9, sayı: 026 (434), 10-16 iyul  2011-ci il

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button