“Xural” – danışılıb qurtarılmayan nağıl…

Əvəz Zeynallı

maxresdefault

Girişə zəruri haşiyə:

Uşaqları hər axşam yuxuya verir valideynlər. Xüsusən balacaları, bəbəşləri, cücələri – hər valideynin adlarına bir şey dediyi balaları. Mən də nağıl dinləmişəm uşaq, balaca, bəbəş, cücə olduğum zamanlarda. Olur ki, ən sevdiyin nağılın ən maraqlı hissəsinə qulaq asmaq istəyirsən. Məhz o məqamı gözləyirsən. Nənən, anan, xalan – səni yatırmağa çalışan kimsə nağılı danışa-danışa ora, o yerə yaxınlaşanda, yuxu səni tutur. Təbii ki, nağıl danışan sənin oyaq qalmağının tərəfdarı deyil, o, çalışır ki, sən yatasan, nə qədər mümkünsə, o qədər tez yatasan. O, sənin yatmağına sevinir, amma axı, sən də o nağılı tam dinləmək istəyirsən. Xeyir görəsən, qalib gəldimi? İstəklilər qovuşdumu? Qəhrəmanlar uğurun öhdəsindən gəldilərmi? Yox, bunları sən eşitmirsən və yuxu səni aparır… Aradan bir neçə saat keçir. Yuxuya dalan sən hövlnak yuxudan oyanır və görürsən ki, hamı – sənə nağıl danışaraq səni yatırdanlar yuxudadır. Qaçırsan, nənənin, ananın, xalanın yanına, həyəcanla onu yuxudan oyadırsan, yalvarırsan, ağlayırsan, qışqırırsan, bağırırsan ki, mənə o nağılın davamını danış… Təbii ki, başına da 1-2 qapaz alaraq nağılı danışdırırsan, israrlı və inadkar balacasansa… Nağılın sonunu bilmək üçün, mütləq sona qədər qulaq asmaq lazımdır…

Bax, “Xural” həmin yarımçıq qalan, sona qədər danışılıb qurtarılmayan nağıldır…

Rəqəmlər hər şeyi deyir. 2002-ci ildə fəaliyyətə başladıq. Böyük arzularımız suya düşmüşdü. Siyasətlə mətbuatın yollarının bir yerdə kəsişdiyini və bir yerdə mümkün olmadığını anlamışdıq. Böyük savaşda meydanın ortasında tək buraxılmışdıq.

Elə həmin il – 2002-ci ildə, bir aydan sonra yeni qəzeti “Xural”ı nəşr eləmək planımız vardı. Hədəfimiz cəmi 4-5 sayı idi. Heç, qarşısında əli yalın buraxıldığımız adamlara hədlərini bidirib dağılışacaqdıq. Amma “sən saydığını say” deyib Azərbaycan reallığı. 4-5 derkən, bir də baxdıq illər illərə calanmış.

2003-cü ilin fevralın 16-dan 30 İyun Sevgililər Gününü elan etdik. Dərhal məhkəmələr gəldi. 4-5 sayıya bitirmək istədiyimiz bu nağıl, özünə yeni-yeni hədəflər seçdi, böyüdü, kütləviləşdi, müstəqil yazarların və yazıların istinadgahına çevrildi. Ölkənin gündəmini zəbt edən layihələri, ciddi analitik yazıları, böyük kampaniyaları ilə həftəlik olaraq düz 9 il davam etdik.

2011-ci ilin sentyabrından gündəlik “Xural” hazırlıqlarına başladıq. Biz burada başlayanda, dövlət zorunu ələ keçirən və ondan müstəqil mətbuatı susdurmaq üçün istifadə edən bəzi məmurlar da öz planlarını işə qoydular.

“Xural” gündəlik fəaliyyətə başlayan gün Mətbuat Şurası onu “qara siyahı”ya saldı. Bununla qarşımızı ala biləcəklərini düşünsələr də, nail ola bilmədilər. Biz gündəliyə keçdik və ölkə mətbuatının ən tənqidçi hissəsinin avanqardına çevrildik. Azərbaycanda həftədə 7 dəfə nəşr olunan iki qəzetdən biri olduq. Biri “Yeni Müsavat” idi.

Düz bir aydan sonra – 19 oktyabr 2011-ci ildə Nərimanov rayon icra şöbəsinin məmurları “Xural”ı siyahıya aldılar və həmin gün axşam saat 22.00 radələrində bütün əmlakımızı müsadirə etdilər. Gecə saat 23.00 radələrində “Xural”ın “QAZEL”-ə doldurulan əmlakını Azərbaycanın Milli Himni ilə yola saldıq. Lap “Titanikin orkestri” kimi çalışdıq, dayanmadıq, gecə saat 1.00 radələrində hamı şəxsi bilgisayarlarını redaksiyaya gətirdi və qəzetin sonuncu sayını çıxardıq. Və… o sayı hələlik sonuncu sayımız oldu…

25 oktyabr 2011-ci ildə ABŞ prezidenti Barak Obamaya müraciət edib, ondan borca 19.000 manat istədim və bu pulun verilməyəcəyi təqdirdə Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və onun əsas adamı, mətbuat kuratoru Əli Həsənov tərəfindən uzun müddətə həbs olunacağımı bildirdim. Məni ABŞ səfirliyi dərhal qəbul etdi və orada mənə ABŞ dövlətinin borca pul vermədiyini söylədilər. Mən məsələnin ictimailəşdirilməsi üçün bu üsuldan istifadə etdiyimi və həbs olunacağıma diqqət çəkmək istədiyimi dedim və ABŞ səfirliyinin səlahiyyətli adamları məni və ailəmi 1 illiyinə ABŞ-a göndərməyə hazır olduqlarını dedilər. Razılaşmadım, onlar da əllərindən gələni edəcəklərinə və mənim məsələmi diqqətə çatdıracaqlarına ümid etdiklərini bildirdilər.

28 oktyabr 2011-ci ildə məni Baş Prokurorluğun Korrupsiyaya qarşı (guya) mübarizə baş idarəsinin əməkdaşları həbs edib – əslində isə oğurlayıb idarələrinə apardılar və həmin gün haqqımda Cinayət Məcəlləsinin ən tərbiyəsiz maddəsi ilə cinayət işi qaldırdılar. Və… marafon başladı…

2011-ci ilin mart ayının 13-də 9 il həbs verdilər mənə. Simvolik idi o da. “Xural” 9 il fəaliyyət göstərmişdi və 2011-ci ilin oktyabr ayının 6-da “Xural”ın 9 illiyini qeyd etmişdik. Bu, bizim hər ilimizə başabaş verilən amansız bir cəza idi.

2014-cü ildə Azərbaycan prezidenti beynəlxalq və yerli ictimaiyyətin də çağırışlarını nəzərə alaraq etmədiyim cinayətə görə məni əfv etdi və azadlığa çıxandan bu günə qədər etmədiyim çaba qalmadı – “Xural”ı çap həyatına qaytara bilmədim.

Təzyiqlər hələ davam edir. Bank hesablarımızda qanunsuz cərimələr hələ qalır. Əmlakımız hələ Nərimanov rayon icra idarəsində toz içində saxlanılır. Azad media üçün heç bir şərait yox. Beləcə, yaşamağa və mübarizə aparmağa davam edirik. “Xural”çılar hərəsi bir məkanda – ayranı ayran oldu, yağı yağ…

Çıxışa haşiyə:

Məni nağıla sona qədər qulaq asmağa imkan vermədilər. Yatmaq istəmirdim. İnadkaram mən. Dediyimi edər, istədiyimi alaram. Məni istədiyimi əldə etməkdən Tanrı da alı qoya bilməz, amma hiyləyə əl atdılar. Mən yuxudan həbsxanada ayıldım. Durmadım. Dayanmadım. 1158 gün, 3 il, 2 ay, 2 gün yazdım. Hər gün “Xural”ın köşələrini yazdım, araşdırmalarını apardım, monitorinqlərini etdim, 5000 səhifəyə qədər yazı çıxardım dirilərin özlərini ölü kimi hiss etdiyi o dirilər qəbiristanlığından. Mən yenə yatmaq istəmirəm. “Xural” da o yaşda deyil – 14 yaşını doldurdu. Nağılın sonunu görmək istəyirəm… Mən o yuxunu görəcəyəm… Axı mən istəyəndə istədiyimi yuxularıma gətirməyi bacarıram… “Xural” zatən mənim yuxularımdan çıxmaz ki…

Hamıya təbrik!

Başımıza çox şeylər gəldi. “Xural”a da çox adamlar gəldi. Çox adamlar da getdi. Biz bir dəhşətli ömür yaşadıq. Heç nədən və heç kimdən də qorxmadıq. İl oldu ki, 35 məhkəmə birdən gəldi, illər oldu ki, 1 məhkəmə belə görmədik. Böyüdükcə, haqqımızı istədikcə, bizi sıradan çıxarmaq istəyənlərin sayı çoxaldı. 9 il fəaliyyət göstərdik, mənə 9 il qondarma cəza verdilər. KİVDF adlı mətbuat bəlasından haqqımız olan, payımıza düşən 10.000 manatı tələb etdik, 10.000 manat iddiası ilə həbs edib üzümüzə deputat qoydular, gündəliyə başlayanda bizi təbrik etməli olan Mətbuat Şurası bizi özünün rəngində olan siyahısına saldı. Bir baxdım ki, yan-yörəmdə olanların əksəriyyəti ən fərqli damların altından çıxdılar. Olsun. Mən “Xural”ın damının altından keçən hər kəsi təbrik edirəm. Haqqı, payı olan hər kəsi…

Ölməyən bir ümid!

Mən dirilərin qəbiristanlığını görmüşəm. Ömürlük həbsə məhkum olunan və cəzasının 19 ilini oturan bir cavanın toyuna dəvətini almışam. Əfv fərmanı ilə səhər evə buraxılacağına inanan sağlam bir adamın əfv siyahısında olmadığı bilinən ertəsi gün ürəyinin partladığının şahidi olub onun cənazəsinə çiyin vermişəm. 60 gündə “zondan” 6 ölü çıxanda azadlığa ümidim heç olub. Bayırdan daha dəhşətli olan həbsxananın nə idüyü məlum olmayan natamam rəislərinin beyinqurutma akademiyasından məzun olmuşam. Niyə sadalayıram bunları… Ona görə ki, mənim ümidim heç ölmədi…

Nağıla gəlmək istəyirəm…

Ərtoğrul Qazi demişkən, “içimdəki dəli taylar” deyir ki, “Xural”ı qaytarmaq mümkün olacaq. Mən azad media şəraitində “Xural”ı bu ölkədə qısa müddətdə azı 100.000 tiraja çatdıra bilərəm…

Nağılmı deyirsiniz?..

Olsun, mən bu nağıla inanıram…

“Xural”ın tarixindən ştrixlər:

evez evez1 evez2 evez3maxresdefault (1)  selcanla xural -1 xural 2-2 xural 3-3 xural 7-7 (1) xural 13-13 xural 18-18

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button