«Xural» da Mətbuat Şurasını məhkəməyə verə bilər

Əvəz Zeynallı: «Bizi məhkəməyə çəksələr, biz də qarşılıqlı iddialarla çıxış edəcəyik»

“Mətbuat Şurası rəhbərlərindən kimsə “Xural”ı məhkəməyə versə, redaksiya da onları məhkəməyə verəcək”. Sentyabrın 23-də “Media forum” saytına açıqlamasında baş redaktor Əvəz Zeynallı belə deyib.

“Xural”ın baş redaktoru deyib ki, həmkarları ilə məhkəmədə görüşməyi arzulamır: “Amma bizi məhkəməyə çəksələr, biz də qarşılıqlı iddialarla çıxış edəcəyik. Son günlər Mətbuat Şurasının rəhbərliyinə daxil olan şəxslər, İdarə Heyətinin ayrı-ayrı üzvləri “Xural”ı hədəfə alıb. Mətbuatda haqqımızda çox ağır ifadələr səsləndirirlər. Biz səbir nümayiş etdiririk, bu məsələləri məhkəməyə daşımaq istəmirik. Amma məhkəmə iddiaları qarşısında geri çəkilən də deyilik”.

Mətbuat Şurasının sədri Əflatun Amaşov sentyabrın 23-də “Media forum” saytına danışaraq “Xural”ı ittiham edib: “Mətbuat Şurasının “Xural”la bağlı qərarından (sentyabrın 19-da Mətbuat Şurasının İdarə Heyəti “Xural”ın adını “qara siyahı”ya salaraq bu nəşri “reket” elan edib – red.) sonra bu qəzet qurumun İdarə Heyətinin üzvlərinə qarşı olduqca təhqiramiz ifadələr, fikirlər yaymağa başlayıb. İdarə Heyətinin üzvləri ayrı-ayrı adamlardan ibarətdir və onlar jurnalistlərin qurultayında seçiliblər. İdarə Heyətinin üzvləri öz şərəf və ləyaqətlərinin alçaldılmasını qəbul etmirlər. Onlar “Xural” qəzetini məhkəməyə vermək hüququnu özlərində saxlayırlar. Ola bilər ki, İdarə Heyətinin üzvləri olaraq ayrı-ayrılıqda, yaxud hamımız birlikdə “Xural” qəzeti ilə bağlı məhkəməyə müraciət edək”.

“Xural” qəzeti,

il 9, sayı: 041 (449), 24 sentyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button