“Ramiz Tağıyevi Kəmaləddin Heydərov həbs etdirib!”

İlham Əliyev bir gün görəcək ki, atasının düşmənlərinin əhatəsində tək qalıb…

Münasibəti düşmənçilik həddinə çatdıran Qüdrət Həsənquliyev olub…

Ötən saymızda CANP-nin sədri, “Millətim” qəzetinin baş məsləhətçisi Ramiz Tağıyevin qurama ittihamlarla həbs edilməsində kimlərin maraqlı olduğuna aydınlıq gətirməyə çalışmışdıq. Ramiz bəyin keçmiş hərəkatçı dostlarından biri həbsin sifarişinin FH naziri Kəmaləddin Heydərovdan gəldiyini söyləmişdi.

Məqsəd isə Culfa-Ordubad seçki dairəsindən deputatlığa namizədliyini irəli sürməyi planlaşdırmış R.Tağıyevin əvəzinə Qüdrət Həsənquliyevin mandat almasına nail olmaq imiş. Məsələni aydınlaşdırmaq üçün “Millətim”in baş redaktoru Lalə Ramizqızına müraciət etmişdik. O, FH nazirinin 1993-cü ilə qədər atası ilə dost münasibətində olduğundan, Ramiz bəyin həbs edilmə sifarişinin onun tərəfindən verildiyinə şübhə ilə yanaşmışdı.

Ramiz bəyin hərəkatçı dostu növbəti dəfə redaksiyamıza təşrif buyurdu. Məlum səbəblərdən adının çəkilməsini istəməyən culfalı: “Düşünməyin ki, kimdənsə ehtiyat edirəm, sadəcə olaraq Ramiz bəyin dostları və keçmiş döyüşçüləri kimi müəyyən məsələlərin araşdırılıb aydınlaşdırılması üçün çalşırıq. İndi adımın çəkilməsi işimizi yarımçıq qoya bilər. Naxçıvandakı vəziyyətdən xəbərdarsınız, mən ora qayıdana kimi qohum-əqrəbanı incitməyə başlayacaqlar” – dedi.

Bu səbəbdən də qonağımızın adını çəkməməyi qərara aldıq. O, daha qərarlı olduğundan, Ramiz bəyin məhz FH naziri tərəfindən həbs etdirildiyinə tam aydınlıq gətirəcəyinə söz verdi. “Lalə xanım 10-15 il bundan əvvəl baş vermiş hadisələrdən o qədər də xəbərdar deyil. Biz daima Ramiz bəyin yanında olmuşuq, olmayanda da gündəlik hal-əhval tutmuşuq. Lalə xanımın söylədiklərinin bir çoxu faktdır. K.Heydərovla Ramiz bəyin dostluq münasibətlərinə 91-93-cü illərdə şahid olmuşam. Bir dəfə həmin illərdə Ramiz bəy mənə dedi ki, İraq səfirliyinin yaxınlığında bir dostum gözləyir, gedək görüşək. Deyəsən, teatr binası idi. Kiçik bir otaqda bizi qarşıladı. Sonra bildim ki, K.Heydərovdur. Vizitkasını da verdi. İndi də məndə qalır. İkinci dəfə Bakıya gəldiyimizdə “Şərq” mehmanxanasında ofis kirayələmişdi. Dəfələrlə çörək kəsmişik”.

Kəmaləddin Heydərov Müsavatı dəstəkləyirdi

Culfalı qonağımız o zamanları yaxşı xatırlayır: “Yemək zamanı əsasən siyasi söhbətlər edirdik. Müsavat partiyası bərpa olunduqdan sonra Kəmaləddin müəllim və biznesmen dostları Müsavata rəğbətlərini gizlətmirdilər. Səhv etmirəmsə, maliyyə yardımı da edirdilər. Müsavatçı bir nazir var idi, onun vasitəsilə. Ramiz bəylə çox səmimi idilər. Məhz Kəmaləddin müəllimə görə də Ramiz bəy onun atası, o zaman Naxçıvanın Mədəniyyət naziri olan Fəttah müəllimə xüsusi hörmət bəsləyirdi. Həmin illərdə Türkiyədən 150 nəfərlik folklor ansamblı Naxçıvana qonaq gəlmişdi. Fəttah müəllim bilmirdi nə etsin. Ramiz bəy dedi ki, hamısını gətir Culfaya. Yaxşı qarşıladı, banket təşkil etdi. Fəttah müəllim çox razı qalmışdı. Tez-tez Culfaya gəlirdi. Bəli, Lalə xanım həmin münasibətləri bildiyindən inanmaq istəmir ki, atasını K.Heydərov həbs etdirə bilər. Təəssüf ki, bizim araşdırmamız başqa nəticə verib.

Dəqiq bilirəm, Kəmaləddin müəllim nazir olandan sonra Ramiz bəy onunla bir dəfə də olsun rastlaşmayıb. Xasiyyətinə bələdəm, vəzifədə olan dostlarının yanına can atan olmayıb. Özü vəzifədə olanda çox sadə idi, hamını arayıb-axtarardı. Bəlkə dostlarından da bunu gözləyirmiş. Görüşməsələr belə, Kəmaləddin bəy Ramiz bəyə pislik etməzdi. Münasibəti düşmənçilik həddinə çatdıran Qüdrət Həsənquliyev olub”.

Nə üçün Qüdrət Həsənquliyev?

Qonağın belə qənaətə gəlməsi bizi də çox təəccübləndirdi. Elə bu səbəbdən də söylədiyinə aydınlıq gətirməsini istədik. O bildirdi ki, Ramiz bəy Q.Həsənquliyevin ailəsinə həmişə çox hörmətlə yanaşıb: “Qüdrətin böyük qardaşı kommunistlərin vaxtında Culfa Şəhər Sovetinin katibi idi. Sonradan cəbhəçi olan Şəhər Sovetinin sədri onu işdən çıxarmaq istəyəndə, Ramiz bəy razı olmamışdı. Bir qardaşı Culfa Milis Şöbəsində işləyirdi. 1992-ci ildə milisə məxsus silahla Mehdi adlı Culfa sakinini güllələmişdi. Xoşbəxtlikdən həmin şəxs uzun müddət xəstəxanada müalicə alaraq sağaldı. Ramiz bəyin sayəsində barışıq oldu. Qüdrətin qardaşını milisdən çıxarmağa qoymadı. O biri qardaşının da adı millət vəkili Şahmərdan Cəfərovun ölümündə hallanırdı. Onda da Ramiz bəy onun günahsızlığını sübut etməyə çalışdı. Daha öncə isə, həmin qardaşı milis işçisi olaraq vəzifəli şəxsi möhkəm döymüşdü. Həmin şəxs Heydər Əliyevə şikayət etmişdi. Yenə Ramiz bəy Qüdrətin qardaşının cəzalanmasının qarşısını ala bilmişdi. Nə yaxşılıqlar etməyib ki, Ramiz bəy onlara. Elçibəy Kələkidə olan zaman idi. Qüdrətlə Əli Kərimli Türkiyəyə getməliydilər. Ramiz bəy xidməti avtomobili ilə onları İğdıra aparmışdı. Bildiyimə görə münasibətləri 2000-ci il parlament seçkilərinə qədər çox yaxşı olub. Həmin vaxt Ramiz bəy VHP-nin katibi idi. Qüdrəti AXCP-dən MSK-ya katibliyə namizəd vermişdilər. Təsdiqlənməsi üçün VHP-nin razılığı olmalıydı. Yenə Ramiz bəy öz dostluq borcunu yerinə yetirə bilib VHP-ni razı sala bilmişdi. Xatırlayırsınızsa, elə həmin il VHP-nin parlament seçki siyahısında Ramiz bəyin adı 3-cü idi. Sonra nədənsə, MSK-ya təqdim edilmiş siyahı dəyişdirilərək Ramiz bəylə Əsgər Məmmədovun adı siyahıdan çıxarıldı. Əvəzlərinə Rəfael Hüseynovla Fəzail İbrahimlinin adı salındı. Ramiz bəy onda Qüdrətə belə qanunsuzluğa münasibət bildirməyi xahiş etdi. O isə susmağı üstün tutdu. Nəyinə lazım idi ki, özünə yer edə bilmişdi. Onun susması isə əlbəttə, Ramiz bəyə təsirsiz ötüşmədi. O da ilk imkandaca cavabını verə bildi.

2002-ci il idi. Ramiz bəylə bir səfərə çıxmalı idik. Hörmətli ağsaqqallardan biri zəng edib onu təcili evinə dəvət etdi. Getdik… Mən evə qalxmadım. Sonra bildim ki, orada həmin ağsaqqalla birlikdə onu Qüdrətlə Yunus Oğuz da gözləyirmiş. AXCP-yə sədrlik məsələsini müzakirəyə çıxarıblarmış. Onların təklifi belə olub ki, Ramiz bəy razılıq versin və onlar onu AXCP sədri etsinlər. Ramiz bəy cavabında demişdi ki, təşkilata rəhbərlik etmək üçün maliyyə imkanı olmalıdır, mənim 5 manatım yoxdur. Söz vermişdilər ki, sən razılığını ver, maliyyə bizlikdir. Ramiz bəy demişdi ki, maliyyə qaynağını açıqlayın, razılıq verim. Səfərə getdik. Qayıtdıqdan sonra bir də görüş oldu. Maliyyə qaynağını açıqlamadıqlarına görə, Ramiz bəy razılıq vermədi. Dedi ki, bunlar məni qabağa verib, sonra tək buraxacaqlar. Qüdrətdən incik idi. Etibarsız adam kimi tanımışdı. Elə o acığa da həmən vaxt “Azadlıq”da açıqlama verdi. İndi müəyyən etmişik ki, həmin “proyekt”in arxasında K.Heydərov var imiş. Ancaq bundan Ramiz bəyin xəbəri olmayıb. Sonradan Qüdrət özü AXCP-nın üstünə yürüş edib ələ keçirmək istədi. Xatırlayırsınızsa, uğursuz alındı, sonra BAXCP-ni yaratdı. İndi hamı danışır ki, o, K.Heydərovun himayəsindədir”.

Ramiz bəyə quramalar quran, şantaj edən MTN-çilər Heydərovun adamlarıdır?!

Qonağımıza izah edirik ki, artıq bir ildir “Millətim” qəzeti Ramiz bəyi həbs etdirənlərin MTN-nin Antiterror Mərkəzinin əməkdaşları olduğunu yazır. Ortalıqda təkzibolunmaz faktlar var – iş adamı Eldar Əliyevin, onun vəkili İkram Abdullayevin prezidentə və digər rəsmi instansiyalara ünvanladıqları müraciətlər, ərizələr var. Razılaşmır və bunları söyləyir: “MTN bu qədər qanunsuzluqlara gedə bilməzdi. Bizdə olan məlumata görə, 2005-ci ildə Ramiz bəylə Antitterror Mərkəzinin qalmaqalla bitən “əməkdaşlıqları” da Heydərovun planına daxil olub. Onun siyasi və təbliğat planlarını həmin şəxslər, xüsusilə E.Quliyevlə İ.Əliyev həyata keçirirlər. Bunların heç birindən Ramiz bəyin məlumatı olmayıb. Olsa idi, düşünürəm ki, Ramiz bəy onunla olan keçmiş dostluq münasibətlərini nəzərə alıb, susmağa üstünlük verərdi. Xasiyyətinə yaxşı bələd olduğum üçün belə qənaətdəyəm. O, heç vaxt dostluğu, tanışlığı siyasətə qurban verməyi sevməyib. Təəssüf ki, FH naziri öz keçmiş dostunun misli görünməmiş qurama ittihamlarla həbs edilməsinin lazımlılığına ölkə rəhbərliyini inandıra bilib. Səbəb isə, ATM rəisi E.Quliyevin təbirincə söyləsək, Ramiz bəyin “çoxbilmişliyi” olub”.

“H.Əliyevin üstünə silahlı basqın edəni parlamentə, onu daim müdafiə edən Ramiz bəyi həbsxanaya göndərdilər…”

Doğrudan da bu, taleyin, zamanın istehzasıdır. Nələr baş verir? Qonağımız söhbətinə davam edərək, bütün bunlara münasibətini bildirməyə çalışır: “Çoxları Ramiz bəyin H.Əliyevi müdafiə etməsinə siyasət kimi baxır. Burada siyasət axtarmaq tam yanlışlıqdır. Ramiz bəy nə zamansa şəxsi marağı naminə addım atmayıb. O cümlədən H.Əliyevlə bağlı.

Bilirsiniz ki, Ramiz bəyin nəsli 37 repressiyasının qurbanı olub. 1954-cü ildə Azərbaycana qayıtdıqdan sonra onlara basqılar davam edib. Yalnız 1969-cu ildə H.Əliyev Azərbaycana rəhbərliyə gəldikdən sonra həmin basqı nəninki səngiyib, hətta bu nəslin nümayəndələri təmənnasız olaraq önəmli vəzifələrə çəkiliblər. Ramiz bəy danışırdı ki, əmisi nazir təyin edildikdən sonra bəziləri Moskvaya teleqramlar vuraraq, “Vətən xaini”nin övladını nazir təyin etməkdə H.Əliyevi günahlandırırdılar. Müxtəlif komissiyalar gəlsə də, H.Əliyev bir addım da geri çəkilməyib. Beləliklə, H.Əliyevin onun nəslinə tam bəraət verməsini söyləyirdi Ramiz bəy. 1987-ci ildə onun rəhbərliyi ilə Culfada gizli “Ana Vətən” cəmiyyəti fəaliyyət göstərirdi. Ramiz bəy onda deyirdi ki, nəslimin H.Əliyevə borcu var, onu müdafiə etməliyəm. Bu addımına görə, kimsə ona irad tuta bilməz. Culfada Ramiz bəyin rəhbərliyi ilə başlanmış dəmiryolçuların SSRİ-də ilk tətillərinin əsas tələbi məhz H.Əliyevin Azərbaycana qayıtmasına şərait yaradılması tələbi olurdu. 1989-cu ilin noyabr ayında rəhmətlik Əjdər Xanbabayevlə Ramiz bəyin əmisi, professor Murtuz Sadıxlı Culfaya gəlmişdilər. Onlarla birlikdə H.Əliyevin Vətənə qayıtması üçün hansı zəruri addımların atılmasını müzakirə etdik. Culfadan Moskvaya minlərlə teleqram vuruldu. Yəni Ramiz bəy H.Əliyevə təmənnasız xidmət etdi və onun çətin anlarında yanında olan 3-4 şəxsdən biri oldu. Ancaq indi görürsünüz nələr baş verir. H.Əliyevin üzərinə silahlı basqın təşkil edənlər millət vəkili təyin edilir, Ramiz bəyi isə açıq-aşkar şərləyib həbsxanaya salırlar. Bütün bunlar məqsədli şəkildə edilir. İlham Əliyev bir gün görəcək ki, atasının düşmənlərinin əhatəsində tək qalıb. Yenə deyirəm, Ramiz bəyin H.Əliyevə münasibətində təmənna, siyasət aramaq yanlışlıqdır. O bir borc idi və Ramiz bəy borcunu layiqincə qaytara bildi. Əvəzində isə Ə.Vəzirovun, A.Mütəllibovun, hətta üzvü olduğu AXCP iqtidarının zamanında  zərbələr aldı. Təəssüf ki, ən ağır zərbəni H.Əliyevin oğlu İlham Əliyevin zamanında alır. Artıq ikinci dəfədir ki, hədsiz qurama ittihamlarla ağır cəzaya məhkum edilir. Onun cəzalandırılmasına göstəriş verənlərin naxçıvanlılar olması bağışlanan deyil. Bunun da səbəbini bilirik. Həmin naxçıvanlıların Ramiz bəy H.Əliyevi müdafiə edəndə nə işlə məşğul olduqlarını da yaxşı bilirik. Ramiz bəyin onların çirkin oyunlarından xəbərdar olmasından daim narahatlıq keçiriblər. Məhz həmin narahatlığa görə də onu birdəfəlik susdurmaq istəyirlər. Həmin naxçıvanlılardı ki, 1991-ci ildə “KQB”-nin məsləhəti ilə H.Əliyevə qarşı çevriliş hazırlayırdılar. Ramiz bəy onları ifşa etdi və bununla da çevrilişin qarşısı alındı. Nəticədə “KQB”-nin Naxçıvanda fəaliyyəti dayandırıldı. Bunlar hamısı yaxın keçmiş olduğundan hər kəs xatırlayır, kimin kim olduğunu da hamı bilir. İndi K.Heydərovun atası Fəttah müəllim çıxıb televiziyada H.Əliyevin Naxçıvan həyatından söhbət açır. Sual edən olmur ki, H.Əliyevə belə yaxın idinsə, nə üçün səni Mədəniyyət naziri vəzifəsindən kənarlaşdırmışdı? Bu sualların hamısına zamanında aydınlıq gətiriləcək. Ancaq zamanında FH naziri K.Heydərov və təyinatlı deputat Q.Həsənquliyevin Naxçıvanın ən ağır günlərində əvəzsiz xidmətlər göstərmiş Ramiz bəyi həbs etdirdiklərinə görə naxçıvanlılara nə cavab verəcəklərini müəyyən etmək mənim üçün çox çətindir.

Diqqətinizə çatdırıram ki, MTN adlı qurum K.Heydərovun nəzarətindən bir an kənara çıxmaq imkanına malik deyil. Elə bu da söyləməyə əsas verir ki, R.Tağıyevin həbs edilməsi göstərişini MTN-ə K.Heydərov verib. Onu isə Q.Həsənquliyev razı sala bilib. Necə deyərlər, qisasını almağa nail olub”.

Qarşı tərəfin, məxsuzən BAXCP sədri Qüdrət Həsənquliyevin də mövqeyini işıqlandırmağa hazırıq. Çünki burası “Xural”, bu məkan hər zaman, hər kəsin üzünə açıqdır.

Aliyə Bağırlı

“Xural” qəzeti,

İl: 9, sayı: 020 (428), 22 may-04 iyun 2011-ci il

Əlaqəli məqalələr

1 şərh

  1. Ramiz bey siyasetde dostluga boyuk onem verib.Amma bu bir aksiomadir ki,siyasetcilerin dostlugu olmur.Hetta kicik siyasetciler bele vezife pillesinde butun dostlarini qurban vermeye hazirdirlar.Axi onlar siyasetcidirler.Kimlerese cavab vermeli olacaq sozleri de bos seydir.Onlar hec kime ne cavab ne de, hesabat vermirler.Ancaq 20-30 ilde bir defe XALQA hesabat verirler, onda da, ya canlarini qurtarir,ya da mehv olurlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button