“Xural”a qarşı “Qara kəmər əməliyyatı”

Nurəddin Xoca

Dünən “Xural” uçün tarixi bir gün idi. Hər şeydən əli üzülmüş irtica, Ədliyyə Nazirliyinin əli ilə “Qara kəmər əməliyyatını” həyata keçirdi. Nəyə görə? Çünki bu gün “Xural” azad sözün axırıncı istinad nöqtələrindən biridir.
Dövlət özünün bütün resursları ilə bizim üstümüzə gəlir. Gəlsin. Əsas odur ki, haqq bizim tərəfimizdədir. İrticanın keçməməsi üçün bu gün mücadilə verən qüvvələrin önündə gedən bu qəzet kimlərinsə gözündə tikan olub. Olmasaydı, bir rayonun ədliyyə sistemi tam heyəti ilə bizim üstümüzə gəlməzdi. Guya gözümüzü qorxuzurdular. Kəfənləri əyinlərində mübarizəyə çıxan, hər gününü Aşura, hər yeri Kərbəla görənlərə nə qorxu?! Bizi qorxutmaq üçün öldürmək lazımdır. Amma bu sizə müyəssər olmayacaq, cənab irticanın başında gələnlər!
Bizim üstümüzə niyə bu qədər ədliyyə işçiləri göndəriridiniz axı, biz nə Hacı Məmmədovuq, nə də bundan sonra sizin həyat verib yaşatdığınız “ölüm eskadronları”. Biz haqqın, ədalətin uğrunda mübarizə aparan bu vətənin mübariz övladlarıyıq. Sizdən bizim fərqimiz ondadır ki, bizim itirəcək xalqımız, dövlətimiz, bir də təmiz şərəfimiz var. Biz qanunların aliliyini tələb edir və sizin özünüzün təsdiq etdiyiniz qanunlara riayət etməyinizi istəyirik. Yoxsa qanunsuz olaraq, redaksiyaya basqın etmək, redaksiyanın mallarını talamaq… Bu hansı şərəfə, hansı qanuna sığır? Görün, nə günə qalmısınız ki, bir balaca qəzet sizi təntidib. Qanunun aliliyi, ədalət, hər şey yaddan çıxarılıb. Ədliyyə əməkdaşlarının üstünə telefonda qışqıran, əmr verən, redaksiyada nə varsa, hamısını müsadirə etməyi əmr edən məchul adam, görəsən, hansı ağıl yiyəsidir? O hansı dövrdə yaşadığını zənn edir? Elə bilir, bu qanunsuzluq ona bağışlanacaq? Elə bilir ki, biz bilməyəcəyik o gizli əmrlər verən kimdir? Bilirik, hesab vaxti gələndə bunların hamısını ondan soruşacağıq. Hər halda, hökm sahiblərinin hökm altında yoxa çıxdığı bir əsrdə yaşayırıq. Kimlərin kreslolarının boş qaldığına bu millət şahidlik edə bilər. Hamısı haqsız əzdiyi insanlarla indi bir yerdədirlər.
Heç olmasa, onlar başlarını soxmağa bir yer tapıblar. Siz heç o yeri belə tapmayacaqsınız!
Bizim qəzetə olan hücüm birbaşa ölkənin rəhbərliyi ilə razılaşdırılmış bir aksiyadır. Yoxsa telefonda bir-birinin üstünə qışqıran, redaksiyada bir-birindən şübhələnən ədliyyə əməkdaşları və onlara ƏMR VERƏN MƏCHUL ADAMIN HƏDDİ DEYİL bu!
Hər halda, dövlət səviyyəsində bir qəzetə bu cür hücüm etmək bu dövlətə başucalığı gətirməz. Bəs, nə oldu bizim cavan dövlət başçısının dediyi söz azadlığı? Buyurun, bugünkü “Xural” qəzetinə qarşı aparılan amansız qarət bizim cavan dövlət başçımızın dediklərinə bariz nümünədir.
Nə isə, mıxı mismar eləyən Allahı heç zaman yaddan çıxarmayın…

“Xural” qəzeti,

il 9, sayı: 065 (475), 20 oktyabr 2011

Əlaqəli məqalələr

2 şərh

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button