A.M.A.Y. «Texnikabank»ı məhkəməyə verir!

Ortada A.M.A.Y.-a qarşı sifariş var…

Şahin Rəfiyev: «A.M.A.Y. Ticarət Mərkəzi hədəfdədir!»

Müsahibimiz A.M.A.Y. şirkətlər qrupunun vəkili Şahin Rəfiyevdir. Onunla A.M.A.Y. ətrafında cərəyan edən hadsələrdən və açılan cinayət işlərindən danışdıq. Maraqlı məqamlar ortaya çıxdı…

– Son məhkəmə hadisələri cəmiyyətdə birmənalı qarşılanmadı. Bəziləri bunun bir yerlərdən sifarişlə A.M.A.Y.-ın tamamilə aradan çıxarılması üçün bir vasitə olduğunu, digərləri isə, hədəfdə Abdulla Abdullayevin olduğunu söylədilər. Ümumiyyətlə, bu prosesin gedişini vəkil olaraq nə cür qiymətləndirirsiniz?
– Məhkəmə prosesi davam edir. İşə məhkəmə tərəfindən baxılır və bayramdan sonra növbəti məhkəmə iclasları keçiriləcək. Hələlik guya zərərçəkmiş tərəf olan «TexnikaBank»ın – cavabdeh tərəfin nümayəndələri dindirilir. Halbuki zərərin nədə ifadə olunduğu hələlik aydınlaşmayıb.
– Şahin müəllim, əslində cəmiyyətdə belə bir rəy formalaşıb ki, bütün bunlar məhz A.M.A.Y. hədəf götürüldüyü üçün baş verir. Siz necə düşünürsünüz?
– Biz ilk günlərdən istintaq aparılarkən vəsatət qaldırmışdıq. Çünki A.M.A.Y.-a qarşı Cinayət Məcəlləsinin 178.2.3 maddəsi ilə cinayət işi açılmışdı və həmin maddəyə əsasən, bu istintaq işlərini də prokurorluq deyil, məhz DİN–in müvafiq orqanları, bir sözlə, polislər aparmalı idilər. Bütün bunlara baxmayaraq, prokurorluq işi öz üzərinə götürdü və bizim qaldırdığımız vəsatət cavabsız qaldı. Müəyyən mərhələdən sonra bizə cavab gəldi ki, guya İstintaq qrupu yaradılıb və həmin qrupda DİN-nin müstəntiqləri də iştirak edirlər. Lakin biz nə istintaqdan əvvəl, nə də ondan sonrakı dövrdə DİN müstəntiqinin müdaxiləsini görmədik. İşi sırf Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi aparır. Hansı ki, A.M.A.Y.-a qarşı düzgün olmayan ittihamlar əsasında iş aparırlar. Onların da apardığı istintaq sırf fərziyyələr əsasında qurulmuş ittihamlara söykənir. Nəinki Azərbaycanda, ümumiyyətlə, dünya hüquq sitsemində belə bir maddəyə əsaslanaraq bu maddə üzrə cinayət işinin qaldırılması və aparılması anoloqu olmayan hadisədir.
– Belə çıxır ki, ortada qərəz var?
– Bəli. İstintaqın gedişini izləsəniz, dərhal belə olduğunun şahidi olarsınız. Ortada konkret müqavilə, müqavilənin öhdəlikləri və müqavilə öhdəliyinin təminatı, yəni girovu var. Bütün bunların olmasına baxmayaraq, A.M.A.Y.-a qarşı CM-nin 178-ci maddəsi ilə cinayət işinin qaldırılmasının özü tam əsassızdır. Həmin maddəyə görə, «tərəflərdən birinə külli miqdarda ziyan vurulması» nəzərdə tutulur. Məhkəmənin ilk mərhələsində qarşıya sual qoyduq ki, A.M.A.Y. «TexnikaBank»a hansı zərəri vurub? Zərər nədə ifadə olunur? Bugünkü gündə «TexnikaBank» zərərinin nədə ifadə olduğunu konkret heç nədə göstərə bilmir. Cinayət işinin gedişində «TexnikaBank» mülki iddia qaldırdı. Həmin iddiada da göstərilir ki, filan tarixli müqavilədə A.M.A.Y. «borclu olan tərəfdir», «borc alan tərəfdir». Məntiqi və faktiki olaraq belə bir sual qarşıya çıxır ki, əgər A.M.A.Y. həqiqətən də «borclu olan» tərəfdirsə, nədən onun «külli miqdarda zərər vuran tərəf kimi» göstərilməsinə cəhd edilir? Əgər həqiqətən də A.M.A.Y. «TexnikaBank»ın borc alan müştərisidirsə və əgər ortada borcdan söhbət gedirsə, deməli, A.M.A.Y.-a qarşı açılan cinayət maddəsinin ümumiyyətlə, tərkib hissəsi yoxdur. Məsələ bundan ibarətdir. İkincisi, əgər ortada borc varsa, borcun təminatı da var. Niyə «TexnikaBank» kredit müqaviləsini əvvəlcə bir il, sonradan da daha iki il müddətinə uzadırdı? Bəyəm o, vaxtında müştərisinin borcu ödəmədiyini görüb mülki qaydada məhkəməyə müraciət edə bilməzdimi? Nə üçün verdiyi kreditin üzərinə külli miqdarda şişirdiliş faiz əlavə edəndən sonra A.M.A.Y.-a qarşı xüsusi ittiham qaydasında cinayət işinin açılması üçün məhkəməyə müraciət edirdi?
– Siz hesab edirsiniz ki, «TexnikaBank» A.M.A.Y-a verdiyi kreditin faiz dərəcələrini şişirdib?
– Bəli. Bunu tam məsuliyyətimlə deyirəm ki, heç bir əsas olmadan faizlər qanunun tələblərinə zidd olaraq şişirdilib. Hansı ki, Mərkəzi Bankın təlimatı və göstərişləri var, böyük kreditlərin ödənilməsi yubanarkən onlara ödənilən faizlər müəyyən müddətdən sonra dayandırılmalı və sahibkarın ödədiyi pullar bankın əsas məbləğinin silinməsinə yönəldilməlidir. Halbuki «TexnikaBank» kreditin faizlərinin yubadılmasını görə-görə, nəinki bu faizləri dondurub, hətta artırıb… Təsəvvür edin ki, konkret olaraq «BATS» şirkəti «TexnikaBank»a götürdüyü kreditə görə 300 min manatdan artıq faiz ödəyib. Ödənildikdən sonra da bank bu məbləği əsas məbləğdən deyil, faiz məbləğindən silib. Halbuki bu addım tam qanuna ziddir və hörmətsizlikdir. Buna görə, «TexnikaBank»ın özü məsuliyyətə cəlb olunmalıdır. İkinci tərəfdən, müqavilə öhdəliklərini yerinə yetirmədiyinə görə, «TexnikaBank» tərəfin təminatı, girovu olduğu üçün məhkəmə qarşısında mülki ittiham qaydasında iddia qaldırmalı idi. Bəs niyə qaldırmayıb? Çünki hər şeydən əvvəl onun marağında olub ki, faizləri şişirtsin və A.M.A.Y.-ı gözlənilməyən situasiyaya salsın.
– Necə hesab edirsiniz, A.M.A.Y.-la bağlı «TexnikaBank» yuxarılardan birilərinin sifarişinimi həyata keçirir?
– Bütün prosesin gedişini izləmək kifayətdir ki, ortada həqiqətən də bir sifarişin olduğu görünsün. Bu, ehtimaldan da çoxdur.
– Sizin konkret olaraq bu sifarişi verənlərin kim olduğu haqda məlumatınız varmı?
– Ehtimallarımız var.
– A.M.A.Y. prezidenti Abdulla Abdullayev mətbuata verdiyi açıqlamada bildirmişdi ki, bunun səbəbini Baş Prokurorluq ilə Mərkəzi Bank səlahiyyətlilərindən soruşun. Amma məsələnin nədən bu iki qurum üzərində cəmləşdiyini də aydınlaşdırmamışdı…
– Bununla bağlı mən heç bir açıqlama verə bilmərəm. Mən sadəcə hüquqşünas kimi deyə bilərəm ki, bu gün belə analoji hallarla bağlı, bu maddələrlə məsuliyyətə cəlb olunması hadisəsilə bağlı bir çox banklar rastlaşıb. Demək olar ki, Azərbaycanda mövcud olan bütün banklardan kredit götürülüb və qaytarılmadığı təqdirdə sadəcə məhkəmə qarşısında mülki qaydada iddia qaldırılıb. Təsəvvür edin ki, «TexnikaBank»ın özü belə bir qanunsuzluğu həyata keçirir, gəlin görək Baş Prokurorluq «TexnikaBank» haqqında həmin cinayət işini qaldıracaqmı? O, sadəcə bu işi aidiyyatı üzrə polis orqanlarına göndərəcək, onlar da bildirəcəklər ki, müqavilə öhdəliyi varsa, işi mülki qaydada məhkəməyə təqdim edin. Yəni qanunla bunun yolu budur. Bu zaman ortaya sual çıxır. Necə olur ki, respublikada fəaliyyət göstərən «AzərDəmiryolBank», «XalqBankı», «RespublikaBank» və s. kimi bankların heç biri kredit verdiyi müştərilər haqqında belə bir maddə ilə cinayət işi qaldırmırlar, lakin «TexnikaBank» qaldırır? O baxımdan hesab etmək olar ki, A.M.A.Y.-a qarşı fakt əsasında cinayət işi qaldırılmayıb. Bəyəm, irihəcmli kredit götürən və sonradan ödəməkdə çətinlik çəkən şirkət tək A.M.A.Y. idimi? Onda niyə məhz A.M.A.Y.-a qarşı bu iş qaldırıldı. İkinci tərəfdən, niyə Baş Prokurorluq əvvəldən bu işin arxasında dayandı və onun həyata keçməsinə rəvac verdi?
– Səlahiyyəti çatırdımı?
– Prokurorluğun hüquqi orqan kimi bu məsələyə müdaxilə etməyə səlahiyyəti çatır, yəni qanunvericiliyə əsasən, prokurorluq istintaqa nəzarət etmək hüququna malikdir. Lakin görəndə ki, bu işin prokurorluqla heç bir əlaqəsi yoxdur, dərhal müvafiq orqanların üzərinə göndərməli idi.
– Bütün bu haqsızlıqların və qanunsuzluqların müqabilində ali orqanlara şikayət etmisinizmi?
– Biz məsələnin bu qədər böyüməsini gözləmirdik. Hesab edirdik ki, qanunun tələblərinə cavab verərək bu işə baxılacaq. Lakin indi bunun tam əksi ilə qarşı-qarşı olduğumuz üçün ən ali instansiyalara müraciət etmək və «TexnikaBank» haqqında məhkəmə qarşısında mülki iddia qaydasında məhkəmə işinin açılması üçün addım atmaq niyyətindəyik. Kredit müqaviləsinin şərtləri ilə, digər ödəmələrdə, hesablanmış faizlərdə yaranan şişirdilmiş rəqəmlərin araşdırılması və bütün qanunsuzluqların aradan qaldırılması üçün məhkəməyə müraciət olunacaq. A.M.A.Y.-a qarşı qaldırılan cinayət işi ilə bağlı isə hələlik hesab edirik ki, məhkəmədə qanun, ədalət öz yerini tapacaq. Əgər öz yerini tapmayacaqsa, ilk növbədə Azərbaycan Respublikasının prezidentinə və KİV-ə, digər müvafiq orqanlara qədər müraciət olunacaq. Bundan əlavə, Avropa Məhkəməsinə də müraciət etmək niyyətindəyik. Belə ki, Azərbaycan Avropa İnsan Haqları haqqında Konvensiyaya qoşulduğu, bu konvensiyanın müddəalarını, perioritetlərini qəbul etdiyi üçün onun nizamnaməsində göstərilənlərə riayət etməlidir. AİHK-in müvafiq müddəalarına, müqavilə öhdəliyinin icra edilməməsinə görə konkret olaraq hər hansı vətəndaşa qarşı cinayət işi qaldırıla bilməz.
– Yəni bu iş ancaq mülki qaydada həll oluna bilər?
– Bəli. Ancaq mülki qaydada həll oluna bilər. Başqa heç bir halda bu məsələnin həlli yolu yoxdur. Təsəvvür edin ki, bu işin aparıldığı Ağır Cinayətlərə dair Məhkəmənin hakimi Əfqan Hacıyev bir sıra təkliflərlə çıxış edir. Məhkəmənin bu mərhələdə hər hansı bir təklif irəli sürməyə ümumiyyətlə ixtiyarı yoxdur. Çünki istintaq hələ davam edir.
– Hakim nə tələb edir?
– Hakim tələb edir ki, dərhal pulu qaytarın. Halbuki burada söhbət tək pulun ödənməsindən getmir. Söhbət ondan gedir ki, konkret bu şəxsin əməlində Cinayət Məcəlləsinin 178.2.3 maddəsinin tərkib hissəsi var, yoxsa yox. Yəni bu gün pulun qaytarılb-qaytarılmaması haqda söhbət gedə bilməz, bu, artıq başqa bir mərhələdə həll olunacaq məsələdir. Təsəvvür edirsinizmi, hakim nə tələb edir? Hakim tələb edir ki, əmlakları satın və yaxud indiki qiymətlərlə qiymətləndirib «TexnikaBank»a verin.
– Əslində məhkəmə heç bir halda istintaq başa çatmamış belə bir şeyi təklif formasında tələb edə bilməz. Məhkəmə haradan bilir ki, kim haqlıdır, kim haqsız?
– Görürsünüzmü, siz də elə hesab etdiniz. Bu gün məhkəmə tərəflərə zərərin ödənilməsi ilə bağlı təklif irəli sürə bilər, əgər bu zərərdirsə… Bayaq da qeyd etdim ki, bütün sənədlərdə A.M.A.Y. borclu tərəf kimi göstərilir, yəni söhbət zərərdən yox, borcdan gedir. Borcun da təminatı var. Əgər borc ödənilə bilmirsə, bu təminatdan, yəni girovdan istifadə oluna bilər…
– Yəni AMAY, borclu tərəf olduğunu inkar eləmir?
– Bəli, inkar etmir.
– Həbs olunanlarla bağlı vəziyyət nə yerdədir?
– Onlar hələ də həbsdədirlər. Artıq 8 aya yaxındır ki, həbsdə yatırlar. Onlardan ikisi «BATS» və «Torpaq-Ağac» şirkətlərinin rəhbərləridir… Məhkəmənin hazırlıq iclasında isə A.M.A.Y.-ın direktoru barəsində seçilmiş başqa yerə getməmək barəsində qətimkan tədbiri onun həbs olunması ilə bağlı qətimkan tədbiri ilə əvəz olunub və məhkəmə zalından həbs edilib…
– Yəni 3 nəfər hal-hazırda həbs olunub?
– Bəli, hal-hazırda üç nəfər bu gün də həbsdədirlər.
– Bu işin A.M.A.Y. prezidenti Abdulla Abdullayevin həbs olunması üzərinə gətirilməsi tendensiyası hiss olunurmu? Çünki belə bir rəy var ki, bütün məsələlərin bu qədər dərinə getməsinin hədəfində A.M.A.Y. və A.M.A.Y. prezidenti Abdulla Abdullayevin özü dayanır. İstintaqın gedişində bu fərziyələrin doğrulacağı ilə bağlı hər hansı bir şey hiss etmisinizmi?
– Xeyr. Hələlik bununla bağlı ortada bir məsələ yoxdur. Düzdür, A.M.A.Y.-la bağlı söhbətlər gedir. İntəhası, A.M.A.Y.-ın «vurulması», bu prosesin arxasında nələrin və kimlərin durması ilə bağlı heç bir məlumatımız yoxdur. Sadəcə bunu bilmirik və bilmədiyimiz üçün də məlumat vermirik. Ancaq A.M.A.Y. Ticarət Mərkəzinin rəhbəri həbsdədir, tərəfdir. Eyni ittihamla ona qarşı da ittiham irəli sürülüb. Sırf Abdulla Abdullayevlə bağlı hər hansı məsələnin olub-olmamasını da işlə tam tanışlıqdan sonra biləcəyik. Amma sırf bu gün biz hesab edirik ki, konkret bu məsələdə məhkəmə qarşısında mülki qaydada iddia qaldırılmalı olduğu halda, nədən xüsusi ittiham qaydasında iş qaldırılıb? Sırf cinaytə işi ilə bağlı qaldırılan ittihamın nəyə təsir edəcəyi bizim üçün də maraqlıdır. Çünki bu tərəflərin, bu şəxslərin A.M.A.Y.-la hər hansı bir əlaqəsi yox idi. A.M.A.Y.-la bağlı əlaqəsi varsa da, yəni həmən o krediti götürənlər zaman-zaman onu ödəyirlər. Ortada belə bir məsələ var. Kreditin şərtləri pozulmayıb, kreditin şərtlərinə riayət olunur. Əgər tərəflər borcu ödəmirdilərsə, onlar müqavilənin şərtlərini pozmuş deyillər. Çünki onlar müqavilə imzalanarkən müvafiq qaydada girov da qoyublar. Əgər bu ödənişi yubadıblarsa, girovun götürülməsi ilə bağlı məhkəmə qarşısında iddia qaldrıla bilərdi. Müəyyən mənada ola bilsin ki, A.M.A.Y.-ın rəhbərliyinə çıxmaq ehtimalı ilə bu iş bu qədər böyüyüb. Hər bir halda belədir. Çünki qədim romalıların sözü olmasın, «bütün yollar Romaya gedir»… Yəni haradan baxsan, bütün bu işlərin sonunda A.M.A.Y. dayanır. Amma konkret olaraq, məhz Abdulla müəllimlə bağlı hansısa planın olmasını biz hiss etməmişik. A.M.A.Y. Ticarət Mərkəzi isə, bəli, hədəfdə ola bilər, çünki bütün yollar sonunda A.M.A.Y.-ya gedir. Kreditin ödənilməsi, faizlərin artırılması, girovun tutulması da A.M.A.Y.-la bağlıdır və bu gün A.M.A.Y. rəhbərliyi də həbsə düşüb. Həmçinin A.M.A.Y. Ticarət Mərkəzinin bu gün olan obyekti ilə bağlı söhbətlər gedir. Daha dəqiq ifadə etsək, Abdulla Abdullayev deyil, A.M.A.Y. Ticarət Mərkəzi bir obyekt kimi hədəfdədir. Ola bilsin, bu obyekt hansısa şəxslərin maraq dairəsinə düşüb, onlar da onu ələ keçirmək üçün bütün bu işlərin qalxmasına rəvac veriblər…
– Yəni «ayının min oyunu bir armudun başındadır»?
– Bəli, bütün bu işlərdə görünən yalnız məsələnin bu tərəfidir. Bir daha təkrar edirəm, A.M.A.Y. bu gün də bəzi insanların maraq əhatəsindədir…

XuralTAC

Redaksiyadan:
Yazıda adı çəkilən qurumların da münasibətini dərc etməyə hazırıq…

“Xural” qəzeti
il: 9, sayı: 012(420), 27 mart-02 aprel 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button