Abdulbaqi Gözəlin qələmi qırıldı!

Rəcəb Tayyib Ərdoğanın görüşünə getməyən türkiyəli iş adamı ölkədən qovulur!..

Türkiyəli iş adamı Abdulbari Gözələ məxsus DİA Holdinqin Binə hava limanında apardığı tikinti işləri dayandırılıb və şirkət layihədən kənarlaşdırılıb.

Bu barədə XuralTAC-a məlumatı hava limanında çalışan işçilərdən biri verib. Mənbənin sözlərinə görə, bu addım heç bir səbəb göstərilmədən atılıb və DİA Holdinqə izahat verilməyib. Hətta ofisdən, kompüter istisna olmaqla, avadanlıqların götürülməsinə belə imkan verilməyib və şirkət bütün əmlakı ilə möhürlənib.

Bundan başqa, DİA Holdinqin Azərbaycanda tikintisini apardığı bütün tikililərin dövlət komissiyası tərəfindən qəbul edilməsində problemlər yaranıb. Mənbənin sözlərinə görə, yaxın günlərdə DİA Holdinq Heydər Əliyev Mərkəzinin inşasından da kənarlaşdırılacaq.

Xatırladaq ki, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Bakı səfəri zamanı türk iş adamları ilə görüşə Abdulbaqi Gözəlin qatılmadığını ilk olaraq «Xural» qəzeti tirajlamışdı. Məlumata görə, Rəcəb Tayyib Ərdoğanın birbaşa təşəbbüsü ilə A.Gözəlin adı iş adamları ilə görüşün siyahısından son anda çıxarılmışdı. Bu barədə izahat verilməsə də, mənbənin sözlərinə görə, şirkət rəhbəri PKK-ya yaxınlığı və vaxtaşırı olaraq terrorçu təşkilata maliyyə dəstəyi göstərdiyi üçün siyahıdan silinib. Ehtimal olunurdu ki, bu fakt A.Gözəlin Azərbaycandakı biznesinə ciddi maneə yaradacaq və iş adamının biznesi ölkədən çıxarılacaq.

Görünür, həmin ehtimal gerçəkləşməkdədir.

İstirahət günü olduğundan, qarşı tərəfin mövqeyini öyrənmək mümkün olmadı.

Tərəflərin münasibətini dərc etməyə hazırıq.

XuralTAC

“Xural” qəzeti,

il 9, sayı: 042 (450), 25 sentyabr 2011

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button