Antikorrupsiya şousunu durdurun!

Ötən həftə kimi tutmuşdular? Vergilər Nazirliyinin iki müfəttişini. Hər iki müfəttiş birlikdə 1000 manat (adama 500 manat) qazanmaq istədiklərinə görə rüşvətxor kimi türməyə soxuldular.

Görürsünüzmü rüşvətxorluğa qarşı mübarizə «İnkişafın Azərbaycan modeli»ndə necə də geniş, əhatəli, dinamik, «analoqu olmayan» səviyyədə sürətlə gedir? Baş Prokurorluğun tutduğu adamları müşahidə edirsinizmi?

Səkkiz aydır korrupsiyaya qarşı mübarizə «start götürüb», cənabi-möhtərəmdən ilham aldığını deyən və Korrupsiyaya qarşı Mübarizə Komissiyasının 27 yanvar tarixli iclasında rüşvətxorluğu yıxıb-sürüyən Ramiz Mehdiyevin məşhur çıxışından başlayıb. Bu səkkiz ayda nələr olub?

Baş prokuror Zakir Qaralov sözügedən iclasdan təsirlənib bir açıqlama da vermişdi, «Korrupsiyaya qarşı mübarizənin əlaməti kimi dəbdəbəli həyat tərzi keçirilməsinə qarşı mübarizə aparılmalıdır» – deyə. Bəs, nə oldu?

İndiyə qədər 90-na yaxın korrupsiya faktı ilə bağlı cinayət işlərinin araşdırıldığı haqda bir neçə gün öncə Baş Prokurorluq məlumat yaydı. Ölkədə baş alıb gedən və hər tinbaşı rastlaşdığımız rüşvətxorluğun qarşılığında hələ bu «90»nın cılızlığını bir kənara qoyub içindəkilərə nəzər yetirin! Saxlanılanların içində «dəbdəbəli həyat tərzi keçirənlər» varmı? Aldığı rüşvətlə villalar ucaldan, bir milyona ayı yeyən, toyuna milyonlar bahasına xaricdən müğənni gətirdən, 500 minlik avtomobil minən, həyətindəki hovuzunda delfin saxlayan, ceyran sürüsü bəsləyən, cins itlərinə hər gün 60 qoyun cəmdəyi yedirdən, brilliant daş-qaşlı qızıl unitazın üstünə oturan, mülklərinin sayını itirən, imarətinə dənizdən yeraltı yol çəkdirən, zala oturtduğu 2 milyonluq katerinin dalıyca belə gəlməyən hansı iribuynuzlu məmur və ya məmur balası saxlanılıb? Həbs edilənlərdən hansının rüşvətxorluqla yığdıqları dövlət naminə müsadirə olunub və onların həcmi nə qədərdir?

Dərmanlıq bir fakt belə yoxdur. Tutduqları şəxslərə baxın: Vergi İdarəsinin hansısa xırda əməkdaşı, Sosial Müdafiə Fondunun yerli idarəsinin xırda buynuzlu məmurları, 300, 500, uzağı 1000 manat rüşvət tələb edən və rüşvətxor sistemin əlində əsir-yesir olan əlaltılar…

«Rüşvətə görə» işdən azad etdiklərinə baxın: 10-20 manat hansısa sürücüdən pul alan yol müfəttişi, arayış qarşılığında 5 manat götürən MİS işçisi, xəstənin altını yumaq müqabilində 3 manat cibinə basılan sanitar…

Cinayətkarı 50 min qarşılığında sərbəst buraxan hansı polis rəisi saxlanılıb? Xəstələrdən yığılan külli miqdarda pulu hər gün çemodanla daşıyan hansı baş həkim həbs olunub? Yüzminlərlə dollara prezident İlham Əliyevin atası Heydər Əliyevin adını daşıyan parkı satması səbəbindən hansı icra başçısı qandallanıb?

Rüşvətxorluğa qarşı mübarizə «1000 manat» civarındadır – qəti yuxarı qalxmır. Bəs, «dəbdəbəli həyat tərzi» keçirilməsi «əlamət» sayılırdı? Bəs, Zakir Qaralov bu il fevralın ilk ongünlüyündə, yəni Komissiyanın iclasından dərhal sonra, operativcəsinə keçirdiyi toplantıda «korrupsiyaya qarşı mübarizəyə özümüzdən başlamalıyıq» deyirdi? Nooldu? Hansı prokuror dəbdəbəli həyat sürdüyü üçün antikorrupsiyanın qurbanına çevrildi?

Bu şounun qurbanları min bir əziyyətlə, fantastik məbləğ qarşılığında işə düzələn və ay ərzində 300-400 manat maaş alan, dolanmaq üçün 5-3 manatın möhtacı olan insanlardır. İçlərində başqa kimsə yox!

Durdurun bu «mübarizənizi» – yazıqdı xırdaca, bədbəxt etdiyiniz əl buyruqçuları, onların taleyi ilə oynamayın!

“Xural” qəzeti,

il 9, sayı: 041 (449), 24 sentyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button