APA-nin azadlığının itirilməsinə «könüllü zorlama» da demək olar!

Elbrus Ərud: «Mən xəbəri dədəmə də güzəştə getmərəm – jurnalistlərə də deyirəm ki, əgər atanızın ölüm xəbəri xəbərdirsə onu yazın, sonra ağlamağa başlayın…»

Kəmaləddin Heydərovdan yazmamağın jurnalist olub-olmamağa dəxli var, yoxsa yox?!

Elbrus Ərud. Bu cavan oğlan mətbuata gəldiyi ilk gündən diqqətimizi çəkənlərdəndir. Əminliklə söyləmək olar ki, bir zamanlar – elə indi də – «Xural» qəzetinin mətbuatda etdiklərini onun simasında internet sahəsində müşahidə edirik. Onun rəhbərlik etdiyi «qafqazinfo» ənənəvi xəbər portallarını küncə sıxışdırıb. Bütün fikirlərə və bütün düşüncələrə meydan verir. Reytinq pillələrində aramla və durmadan irəliyə doğru gedir və bunu biləyinin haqqı, alnının təri ilə edir. Bəlkə elə buna görədir ki, Elbrus Ərudun bu əsərinə indi çoxlarını şərik edir mətbuat və həmkarlarımız. Amma bir şey dəqiqdir ki, onun xəbər portalı – «qafqazinfo» hələlik müstəqildir və onundur – Elbrusundur…

Onunla tanışlığımız çoxdan olsa da, «qafqazinfo»da bir deputatın əleyhimizə yazısını yayınlamaqla professional müstəvidə yenidən tanış olduq. Bizim aramağımızı gözləmədi Ərud. Telefon etdi və «Cavab haqqı»mız olduğunu bildirdi. Zatən düşünürdük və təbii ki, qəzetimizə verdiyimiz yazını həm də ona göndərdik. Yazıda elə məqamlar vardı ki, onu yayınlamaq yalnız və yalnız müstəqil adamların işi ola bilərdi. Elbrus Ərud Əvəz Zeynallının yazısını olduğu kimi yayınladı və «qafqazinfo»nun kimsənin olmadığını bir daha gözlərimizdə sübut etdi. Onu redaksiyamıza dəvət etdik və danışdıq…

Diktafonun nasazlığına və bu səbəblə də müsahibənin tam istədiyimiz kimi yazılmamasına baxmayaraq, yenə möhtəşəm bir müsahibə alındı. Azərbaycan mediasının iri quruluşlarının haradan haraya gəldiyini bir daha dartışdıq və ünvanına səslənən fikirlərə cavab haqqı tanımaqla həmkarlarımız haqqında müxtəlif yanaşmaların şahidi olduq. Bir daha yəqin etdik ki, mətbuata – məxsusən internet mətbuatına gələn Elbrus Ərud kimi həmkarlarımızı dəstəkləmək və onların yanında olmaq lazımdır. Onlar – müstəqillər nə qədər çox olarsa, o qədər yaxşı olar və müstəqillər bizim hamımızın ağır günlərimizdə bizə dayaq olacaqlar.

Azərbaycan mətbuatının böyük gələcəkli imzalarından biri Sizin qonağınızdır, Əziz Oxucu!

Əvəz Zeynallının özünün iştirak etdiyi müsahibimiz «qafqazinfo»nun gənc sahibi Elbrus Əruddur…

– Sənin bir kitabın var – «Yaza bilmədiklərim»…
– Hə, var.
– Yaza bilmədiklərin çox olduğu üçünmü APA-dan getdin?
– Əla sualdır (Gülür…) Əgər mənim APA-dan getməyimin 10 səbəbi varsa, onun birinin bu olduğunu hesab eləmək olar.
– Biri budursa, bəs qalan 9-u hansılardır?
– Bunları bir-bir saya bilərəm. Ancaq bunların hamısı keçmişdə qaldığına görə, təkrar qayıtmaq istəmirəm. APA artıq mənim üçün keçilmiş yoldur. Və bu yolu təkrar getmək o qədər də xoş deyil. Qısacası, mənim də öz potensialımı göstərməyə haqqım var və buna görə də «qafqazinfo»nu yaratdım.
– Amma səni Vüsalə Mahirqızına ən yaxın adam bilirlər. Hətta deyirlər ki, «qafqazinfo» da onundur…
– Mən həmişə demişəm, Azərbaycanda 3 yaxşı baş redaktor varsa, onun biri də Vüsalə xanımdır. Bəlkə də o elə edə bilərdi ki, mən heç bir yerə getməyim. Ancaq giley-güzar kimi çıxmasın, onun əvəzinə qərar vermək səlahiyyətim yox idi. APA mənə çox şey verib. Mən xəbərə gözümü orada açmışam və öyrənmişəm. Amma mən də APA-ya çox şey vermişəm. Bu barədə uzun danışmaq istəmirəm, keçək mənim indiki işimə…
– Kimindir «qafqazinfo»? Hərə bir şey deyir?.. Sizi ən müxtəlif cinahlara bağlayanlar var… Biri Şeyx Allahşükür Paşazadənin, biri Adil Əliyevin, bir başqası isə Hadı Rəcəblinin adını çəkir…
– Əmin ola bilərsiniz ki, heç də belə deyil. Tam əminliklə deyirəm. Adı çəkilən hər üç siyasi xadimlə şəxsən tanışlığım və dostluğum var. Onlardan ən kritik vaxtlarda müsahibələr götürmüşəm. Kaş ki, dediyiniz kimi olaydı və onlardan hansısa birinin olaydı «qafqazinfo»… Əslində, sayta baxanda onun kimə məxsus olduğu görünür. Yəni mənə məxsusdur. Artıq 8 aya yaxındır ki, «qafqazinfo» yaranıb və mən əsl azadlığın nə olduğunu hiss edirəm. APA İnformasiya Agentliyi yeni yarananda da bizim buna oxşar azadlığımız var idi. Hətta Qənimət Zahid aclıq elan edəndə Əli Həsənovdan bu məsələyə münasibət öyrənmişdim…
– Yadımdadır, aləm bir-birinə dəymişdi…
– Hə… Əli Həsənov demişdi ki, «qarın onun, mədə onun, özü bilər, getsin nə istəyir eləsin…» Bunu mən APA-da yazmışdım. Amma indi belə bir şeyi APA-da yazmaq mümkündürmü? Əlbəttə, yox.
– İndi APA-da çox şeyləri yazmaq mümkün deyil. Niyə?
– Bu siyasət də bizim jurnalist kimi vərdiş etdiyimiz xüsuslara uyğun gəlmir. Biz azad doğulmuş insanlarıq və APA-nı da elə azad doğmuşduq. Azad insanların tədricən köləyə çevrilməsi, azadlıqlarını qurban vermələri mənə uyğun olan bir şey deyil. Mən bunu istəmədim. Köləyə çevrilmək istəmədim.
– Amma çevrilənlər çox oldu, eləmi? APA da köləyə çevrildi?
– Çevrilmək deyəndə bunu hamı hiss edir. Artıq hamı çox yaxşı dərk edir ki, APA əvvəlki APA deyil.
– O da köləyə çevrildi, yoxsa yox?
– (Gülür…) APA öz azadlığını könülxoşluğu ilə itirməyib – bütün azadlıqlar kimi. Əslində, buna könüllü zorlanma da demək olar…
– Demək sizin əliniz o kölə «qanı»na batmadı?..
– Xeyr, mənim əlim o qana batmadı (gülür…) Jurnalistin funksiyası nədən ibarətdir ki? Hansısa tədbirə getsin, olanları yazıb gətirsin. Mən demirəm ki, mənim fəaliyyətimi orada məhdudlaşdırırdılar. Mən APA-da işləyən zaman İsa Qəmbərdən müsahibə götürmüşdüm və gətirəndə dedim ki, bu müsahibə getməlidir və getdi də… Bu gün o tərəfdəki (hakimiyyətyönlü mətbuatı nəzərdə tutur – Red.) mətbuatın içərisində olanların ən normalı APA-dır…
– O da ayrı məsələdir ki, onların hansı daha sərbəstdir? Bir şeyi başa düşə bilmirəm. Ölkənin ən böyük oliqarxlarından biri olan Kəmaləddin Heydərovdan bir jurnalist kimi yazmamaq nə qədər düzgün bir hərəkətdir? Siz məsələn, heç yazmamısınız…
– Kəmaləddin Heydərovdan yazmağın özü də jurnalistika deyil axı…
– Təbii ki… Amma ümumiyyətlə, bu adam haqda heç nə yazmamaq da jurnalistika deyil axı…
– Məsələn, biz nə yazmalı idik ki?
– Məsələn, «korrupsioner», «oliqarx», ən azı «monopolist-inhisarçı», «rüşvətxor» yazmaq olardı… Bəlkə Kəmaləddin müəllim bunlardan heç biri deyil?..
– Əfəndim, biz xəbər agentliyi idik. Biz yalnız hər hansı bir xəbəri əldə edərkən onun haqqında yazırdıq.
– Yüzlərlə şikayətçi insan var ki, Kəmaləddin Heydərovun siyasətinin qurbanına çevriliblər. Onları heç bir mətbu orqan yaxına buraxıb dərdlərini dinləmir. Bu bəyəm xəbər deyil? Siz bilirdiniz ki, binalar yanır, insanlar fəryad qoparırlar? Onu elə işıqlandırırdınız ki, nə şiş yanırdı, nə kabab…
– Xeyr. Biz uçan və yanan binalar haqqında ilk olaraq yazmışıq. APA-da yazmışıq.
– Amma necə yazmısınız? Gəlin bu mövzunu müzakirəyə çıxarmayaq. Çünki Kəmaləddin Heydərov haqqında yazmamağın müdafiəsi yoxdur…
– Tutaq ki, Kəmaləddin Heydərovdan yazmamağımızı anladıq. Axı biz heç Ziya Məmmədovdan da yazmırdıq. Vergilər nazirindən yazırdıq? Yox… Digər nazirlərdən yazırdıq? Yox… Ramil Usubovdan yazırdıq? Yox…
– Onda mən sizdən soruşa bilərəm, siz necə azad jurnalistika ilə məşğul olmusunuz ki, ölkənin ən aparıcı monopolist-oliqarxları, güc strukturlarının rəhbərləri haqqında heç nə yazmamısınız?
– Çünki biz onları xəbər gözündə görmürük. Biz hər gün yaza bilmərik ki, «Kəmaləddin Heydərov baş nazir gəlir», «Kəmaləddin Heydərov Rövnəq Abdullayevə qarşı», «Kəmaləddin Heydərov Bəylər Əyyubovu çökdürür», «Bəylər Əyyubov filan nazirin evini yıxdı» və s.
– Mən özüm də o cür xəbərlərin yazılmasının əleyhinəyəm. Amma siz də Azərbaycanın ən iri xəbər portalı olaraq ciddi analitik araşdırma ortaya qoya bilərdiniz…
– Nə yazmalı idik. Deyin, biz nə yaza bilərdik?
– Məsələn, Əzizbəyov metrosundan hava limanına gedən yolun yenidən qurulmasına 350 milyon manat pul xərclənib. O pulun iqtisadi əsasları varmı? Siz bunu araşdıra bilərdiniz. Məsələn, «Heydər Əliyev Mərkəzi»nə 400 milyon manat pul xərclənir. Azad, müstəqil jurnalistika ilə məşğul olan adam kimi onun araşdırmasını apara bilərdinizmi? Bilərdiniz…
– Yaza bilərdik. Amma mən sizə onu demək istəyirəm ki, biz sırf xəbər çatdırmaqla məşğuluq. Mənim özüm heç bir zaman analitika ilə məşğul olmamışam.
– Mən də məhz belə şeyləri soruşuram…
– Nə ürəyiniz istəyir, soruşun. Mən onu demək istəyirəm ki, biz yalnız xəbər işi ilə məşğuluq. Əslində, indi öz işimi qiymətləndirməliyəm, amma yenə də APA haqqında danışıram. Biz radikal agentlik deyildik…
– Prezidentin 14 yaşlı oğlunun Dubayda 44 milyon dollara villalar alması xəbərdir, yoxsa yox?
– Xəbərdir!
– Bəs onda APA niyə bu xəbəri yaymadı?
– …
– Nə isə…
– Yox, yox. Mən fikrimi çatdırmaq istəyirəm. Bayaq dediyim kimi, azadlığın köləliyə çevrilməsi belə məsələlərdə də özünü göstərə bilər. Amma bir daha deyirəm ki, Azərbaycan prezidenti İlham Əliyev yox, İsa Qəmbər olsaydı, yenə də bu faktla üzbəüz qalacaqdıq. Mən hesab eləmirəm ki, o zaman APA İsa Qəmbərin villalarını açıqlaya biləcəkdi. Çünki APA-nın yönü, stili, məqsədi ayrı şeydir…
– Nədir?
– Bizim redaksiyaya heç bir vaxt o tipli xəbər daxil olmayıb. Səmimi deyirəm. Bilmirəm, sizə bəlkə gəlir, amma bizə ümumiyyətlə, gəlmirdi. Ancaq kiçik xəbərlər gəlirdi.
– Xəbərin ayağı olmur axı. Küçəyə çıxıb xəbəri göydə qapmaq olur. Məsələn, hər gün getdiyin yeni döşənmiş asfalt yolun yağışdan sonra bərbad vəziyyətə düşdüyünü sən də, mən də görürük. Bunun özü xəbər deyilmi ki, niyə milyonlarla manat dövlətin pulunun xərcləndiyi yol bu qədər keyfiyyətsiz çəkilib və bunda məsuliyyətli olan məmurlar niyə cəzalandırılmırlar?
– Biz informasiya agentliyiyik…
– Bəylər Əyyubovun qardaşı oğlu Ramil Usubovun kürəkənini tapança ilə vurdu. Bu xəbərdir, yoxsa yox?
– Xəbərdir, bunların hamısı xəbərdir…
– Bu xəbər sizin agentliyə necə və nə vaxt daxil olmalıdır ki, siz onu verəsiniz?

– Sizə bir şeyi deyim. Agentliklərdən biri xəbər yaymışdı ki, Hacıbala Abutalıbov işdən çıxarılacaq…
– Ola bilər, yanlış olsun. Ola bilər, o xəbərdən sonra Hacıbala Abutalıbova bir müddət əl dəyməsinlər. Hər şey ola bilər…
– Amma agentlik hər hansı bir «etibarlı mənbə»nin sözlərinə inanaraq belə bir xəbəri yaya bilərmi?
– Bir daha deyirəm, ola bilər, xəbər yanlış olsun. Təbiidir…
– Yüzlərlə abunəçisi, Oxucusu olan bir agentlik yanlış xəbərə istinad etməməlidir. Mən demirəm ki, APA ideal agentlikdir, xeyr. Sadəcə APA o prinsipləri nəzərə alaraq heç bir vaxt əmin olmadığı mənbəyə istinad etmir. Mən olsaydım, belə bir informasiyanı verərdim. Çünki mən o jurnalist deyiləm ki, xəbərə məhdudiyyət qoyum. Düzdür, APA-da çalışdığım son zamanlarda belə bir məhdudiyyəti hiss edirdim. Son bir-iki il ərzində müstəqilliyimin çevrəsinin daraldığını hiss edirdim. Amma bir daha bu fikrimi əminliklə söyləyirəm. Hələ Vüsalə Mahirqızı çox yaxşı rəhbərdir ki, bu cür məhdudiyyətlərlə APA-nı o statusda saxlaya bilir. O da onun xarakterindən, dəli-doluluğundan irəli gəlir. Azərbaycanda bu dəqiqə çox az jurnalist, çox az media qurumu tapmaq olar ki, o balansı saxlasın.
– Təbii, elə keyfiyyətlər var ki, onları eyni cəbhədə vuruşub saxlamaq mümkün deyil…
– Müxalifət mətbuatının özünü götürək. Bu müstəqillik həmin mətbu orqanlarda varmı? Onlar müstəqillik baryerlərini qoruyub saxlaya bilirlərmi? Hakim mətbu orqanlar nə qədər hakimiyyətin müsbət keyfiyyətlərini önə çəkirsə, müxalifət mətbuatı da onun yalnız mənfi tərəflərini yazmalıdır. Yəni qızıl ortanı saxlaya bilən, baryeri aşmayan heç bir mətbu orqan yoxdur. Mənimlə razılaşırsınızmı? «Yeni Müsavat» kiminsə haqqında nəsə yazanda dərhal deyirlər ki, «qəsdən belə yazır, çünki kimsə sifariş verib». Yəni mətbuatın öz statusunda qalması, baryeri aşmaması çox çətin bir şeydir. Əsas odur ki, APA var və buna görə də sevinmək lazımdır. Çünki APA xəbər məkanında öz yerini tutub. Nə qədər belə agentliklərimiz çox olarsa, o qədər rəqabət olacaq və xəbər də durulacaq. Mən inanıram ki, APA daha müstəqil və azad, obyektiv olmağı istərdi. O, məhdudiyyətsiz bütün xəbərləri öz səhifələrində çatdırmaq istərdi. Çünki bu, agentliyin işinə yalnız müsbət təsir göstərə bilərdi. Əgər belə xəbərləri yaya bilmirsə, bunun da məlum səbəbləri var. Elə götürək «qafqazinfo»nu…
– Sizdə vəziyyət necədir? Siz də belə xəbərləri yaya bilmirsiniz?
– Mən hesab edirəm ki, Azərbaycanda son damla qanıma qədər mübarizə aparıb, agentliyimə nə xəbər gələrsə onu yaymağa çalışacağam. Bu gün də verirəm və bundan sonra da verəcəm o xəbərləri… Xəbər də təxminən döyüş kimidir. Adətən döyüşdə komandir son patronu özü üçün saxlayır. Mən o son patronu da atmaq niyyəti ilə bu döyüşə girmişəm.
– Bayaq söhbətimiz yarımçıq kəsildi… Adil Əliyevin Gülər Əhmədova haqqında məlum xahişini yerinə yetirdiniz, yoxsa yox (Bir az öncə «qafqazinfo»nun Adil Əliyevin olduğu haqqındakı sualımız ətrafında Elbrus bəy belə olmadığını, hətta bir dəfə Adil Əliyevin deputat həmkarı Gülər Əhmədovanın xahişini etdiyini bildirmişdi – Red.)?

Davamı gələn saylarımızda

Hazırladı:
XuralTAC

“Xural” qəzeti
il: 9, sayı: 008(418), 13-19 mart 2011-ci il

Əlaqəli məqalələr

11 şərh

  1. Maraqlı müsahibədir. Son illərdə “Xural” qəzetində oxuduğum ən maraqlı müsahibədir…
    Həm sualların qoyuluşu, həm də verilən cavablar müsahibəyə marağı daha da artırır…
    İlk baxışda elə görünür ki, Əvəz bəy sərt, kəskin sualları ilə Elburus bəyi küncə sıxışdırır. Ancaq Elburusun cavabları da qaneedicidir. Məncə, Elburus bəy verdiyi cavablarla Əvəz bəyi bir addım qabaqlayır. Çünki müsahibəni diqqətlə oxuduqda suallardan daha çox cavablarda səmimiyyət hiss olunur. Təbii ki, bu mənim şəxsi qənaətimdir və əks fikirlərə də hörmətlə yanaşaram.
    Şəxsən mən bu müsahibədən sonra Elburus bəyi daha yaxşı tanımağa başlayıram. Və belə hesab edirəm ki, onun kimi media nümayəndələrinin sayı nə qədər çox olarsa, bir o qədər yaxşıdır.
    Hörmətlə yanaşdığım hər ikisinə – həm Elburus bəyə, həm də Əvəz Zeynallıya bu maraqlı müsahibədən dolayı, bir oxucu kimi, şəxsi təşəkkürümü bildirirəm. Hesab edirəm ki, müsahibənin davamı da ilk bölümü kimi maraqlı olacaqdır. Səbirsizliklə “Xural”ın növbəti sayını gözləyəcəyəm.
    Dostlar, hər ikinizə uğurlar arzu edirəm…

  2. Vallah bu musahibeni oxuyanda dushundum ki, yaqin Elbrus klad tapib))))) nece yani agentlik menimdir))))) meger APA-nin qara muhasibatligi ile ALDIGIN AYLIQ 500 MANATLA AGE NTLIK ACHIRLAR))) guldurmeyin camaati…. APA her nedir pulu kimden alir, bu aydindir… amma ozu de qazanir… amma siz chooooooooooooxxxxxx yalan gevezeleyirsiniz.. agentliyin fealiyyet gostermesi uchun ayda avadanliqlar, ofis ve ofis xerclerine ashagisi 7-10 min manat lazimdir… ustegel maashlar… sen kime gelirsen? agentlik bunun imish…. bayram xonchasindaki bishmish yumurtada bu xeberden gulur e….. xeber ustasiymish… pay atonnann… qafqazinfo qeydiyyatda senin ola biler… yani kagiz ustunde.. agzini sulandirma elbrus bala… azerbaycanda azad metbuat umumiyyetle yoxdur.. seni ele azadam sozune gore baglayarlar… deyilenlere gore, ozunde yaman yekexana olmusan bu qafqazinfondan sonra… kishisiz qorxmayin esil xeberi yazin de… bax onda deyeren azad qafqazinfo… parlament yazarlarinin hamisi nese achir ve neyin hesabina bunu ozun de yaxshi bilirsen.. yagin uje evlerinin ve mashinin sayini artirmaq hagda xulyalarla yatib durursan.. bir de peshekarlar seni qetiyyen o sirada gormur))))

  3. qafqazinfo ve Elbrus haqqinda ne terif demek lazimdir ne de tenqid. girib qafqazinfoya baxmaq lazimdir. Sonra da Elbrusun yazdigi yazilari oxumaq. eger oxuyan adam obyektivdirse ozu neyyin nece oldguna qiymet verecek.

    1. Sevda xanim, ne sayiqlayirsiz bele? KOR, KOR, GÖR-GÖRDÜR DƏƏ. GİRİN BAXİN QAFQAZİNFOYA. ORDA GEDƏN XƏBƏRLƏRİ heç kim curət edib qoymur. bir az ədalətli olun da. Allahsiz danishmayin. gir oxu , sonra rey ver. azad deyilmiş. mənəm-mənəm deyən redaktorlar onun sayta qoyduqları xeberleri versinler, sonra gelib danışarsan. ayıb olsun sənə.

      1. sayiqlayan Elbrusdur valla.. girdim baxdim… ne deyishecek)))) siz hech omrunuzde en ucuz basha gelen qazeti chixarmisiniz???))) tebiii yox… hansi pullarla qafqaz.info fealiyyet gosterir… elbrusun belke bashqa gelir menbeleri var, biz bilmirik)))) ozune umac ova bilmeyen adam qefilden yuxuda n ayilib deyir ki bes qafqaz info menimdir)))))))) onundur, kagiz ustunde))))

      2. ayib sene olsun.. bu bir.. 2-cide sogan yememeisen ichin niye goyneyir??? bashqa adla yazmaq lazim deyil oz adinla yaz cavabini al… Pah atronnann qafqaszinfo mozamikde yayinlanirmish))) bashqasi qoymayan hansi xeberdir ele… zehmet olmasa birini goster… sherhinizden chox edebsiz ve yaltaq oldugunuzu anladim.. sehv etmiremse ayaqqabi yalayanlardansiniz….)))))))))))))))))))))))))))))))))))))))))))))))))))))

    1. vallah chox gulmeli danishiirsiniz xural qazetini oxuyanda n sonra bele bir saytinmi portalinmi oldugunu bildim… sevda xanimin sherhi ve Azer beyin sherhi lap ureyimcedir…. heqiqeten maliyye qaynaginizi achiqlaya bilersinizmi? ya Adil Aliyev buna icaze vermez?)))) sizin haqqinizda etrafli oyrendim ay elbrus, eline yeni qalem almisan.. yazilarindan da yag suzulur….))) adamin olan qalan eti de tokulur, sizin musahibeni oxuyanda… Natiqle bagli ise qetiyyen danishmayin.. onun metbuat sahesinde ayaginin bildiyini sizin neinki oz bashiniz. hech pul vereninizin de bashi bilmir)))

  4. Hər kəsə salam olsun! Həm də hər kəsin Novruz bayramı qutlu olsun! Qafqazinfo-ya gəlincə, açığı davamlı izləmədiyim üçün onun keyfiyyəti haqqında bir şey deyə bilmərəm. Yalnız bu şərhi burada daha öncə yazılan şərhləri oxuduqdan sonra yazmalı oluram. Söhbət Qafqazinfo-nun müstəqilliyindən gedirsə hər kəsi buna inandırmaq üçün Elbrus dostumuz tək bir cümlə ilə onun maliyyə qaynaqları haqqında bilgi versə, yetərli olacaq. Hər bir azadlıq maliyyə qaynağı ilə məhdudlaşdırılır. Əgər Qafqazinfo-ya maliyyə kənardan gəlirsə, deməli o azad deyil. Bildiyim qədərincə Elbrus Ərud da elə bir varlı adam deyil ki, hər ay bu qədər maliyyə məsrəfi olan bir qurumu ayaqda tuta bilsin. Buna görə də tək bir cümlə ilə maliyyə mənbəyi barədə bilgi verməklə o, bütün şübhələrə son qoya bilər.

  5. Hormetli Azer Hesret ve onun dushuncesinde olan insanlarin diqqetine catdiriram ki, qafqazinfo hec kimin maliyyesi ile ishlemir. Portalin gelirinin bir hissesini informasiya muqavlilelri, kicik bir hissesini de rekalmlar teskil edir. Duzdur, bu gelir boyuk deyil. Amma surune-surune de osla bu sayti saxlaya bilerik. Ola biler ki, bu veziyyetde davam elesek durush getire bilmeyek ve Siz arzunuza çatasiniz. Yeni qafqazinfo baglana. Ancaq eksine de olar biler. yeni bele ola biler ki, biz ya yaxshi reklam ya da bir yerden maliyye vesaiti tapib davam edek. her nece olsa, men bunu ya aciqlayacam, ya da ele siz ozunuz qafqazinfoya baxanda goreceksiniz. Helelik ise yaxshi gorursunuzse, sayta baxmaqla qafqazinfonun hec kimden destek almadigini hiss ede bilersiniz.

    1. Elbrus bəyin əsəbi tonda mənə cavab verməsi təəccübümə səbəb oldu. Dost, sən mənim arzumun nədən ibarət olduğunu hardan bilirsən ki? Digər tərəfdən də mən normal bir dildə maliyyə mənbəyi haqqında bilgi verməklə şübhələrə son qoya biləcəyini diqqətə çatdırmışdım. Şəxsi təcrübəmdən çıxış edərək sənə bir həmkar kimi fikrimi bildirmişdim. Burda əsəb doğuracaq nə var ki? Görmə məsələsinə gəlincə, şübhən olmasın, hələ də tükü-tükdən seçirəm. Xüsusən də jurnalistika aləmində. Ümumiyyətlə isə sənin cavabını kobud və qeyri-etik sayıram. Təbii ki, eyni tonda sənə cavab verməyə əxlaqım yol vermədiyi üçün mümkün qədər nəzakətli olmaqdan başqa çarəm yoxdur. Allah sənin azadlığını əlindən almasın…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button