Artur Rasizadə kimə sərbəst toplaşmaq vədi verdi?

Rauf Arifoğlu: ««Avroviziya»ya hazırlaşan bir ölkədə söz azadlığı pozulur, insanlar həbs olunur,sərbəst toplaşma haqları tapdanır»

 Şahvələd Çobanoğlu: «Artur Rəsulzadənin çıxışı ölkədə söz azadlığının olmaması deməkdir»

 Mehman Əliyev: «Hakimiyyət özü-özünü ifşa edir»

 “Avroviziya-2012”mahnı müsabiqəsi ilə bağlı Cenevrədə Məşvərət qrupunun iclasında Azərbaycanın baş naziri Artur Rəsizadənin Avropa Yayımlar Birliyinə (EBU) ünvanladığı məktub təqdim edilib. Müsabiqənin rəsmi internet səhifəsində yayılan məlumata görə, məktubda “Avroviziya-2012”ilə əlaqədar Azərbaycana gələcək əcnəbilərin təhlükəsizliyinin təmin edilməsi, minlərlə xarici qonaq üçün viza rejiminin sadələşdirilməsi öhdəliyi öz əksini tapıb.

Məktubda deyilir ki, 57-ci “Avroviziya” mahnı yarışması zamanı mətbuat və azarkeş kimi gələcək bütün insanların Avropa İnsan Haqları Konvensiyasına uyğun ifadə və sərbəst toplaşma azadlıqları təmin ediləcək.

“Azərbaycan hökuməti «Avroviziya» mahnı müsabiqəsinin təşkilinə məsuliyyətlə yanaşır və bunun üçün bütün müvafiq itədbirləri görməyə hazırdır” – baş nazirin məktubunda bildirilir.

Baş nazirin fikirləri ölkə ictimaiyyətində birmənalı qarşılanmayıb.Ölkədə söz azadlığının olmadığı halda necə olur ki, xarici vətəndaşların hüquqları qorunur? Sərbəst toplaşmağa görə insanlar həbs edilirsə, hansı toplaşma azadlığından söhbət gedə bilər? Bu məsələ ilə bağlı mətbuat nümayəndələrinin fikirlərini öyrəndik.

“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu Artur Rəsizadənin çıxışını absurd hesab etdiyini bildirdi. “Çox istərdim ki, ilk öncə Azərbaycan vətəndaşlarının söz azadlığını təmin edilsin. Xaricdən gələnlərin hansı söz azadlığına, toplaşma azadlığına ehtiyac olacaq ki. Sadəcə olaraq, onlara məlumat toplamaq üçün şərait yaratmaq lazımdır. Bu mənada baş nazirin fikirlərini absurd hesab etmək olar. Onu da qeyd etmək istəyirəm ki, «Avroviziya»ya hazırlaşan bir ölkədə söz azadlığı pozulur, insanlar həbs olunur, sərbəst toplaşma haqları tapdanır. Bu mənada hökumət prosesə tam hazırlaşmalıdır və imitasiya etməməlidir» deyə «Yeni Müsavat»ın baş yazarı qeyd etdi.  

Müstəqil jurnalist Şahvələd Çobanoğlu baş nazirin məktubunu elə ölkədə azadlığın olmamasının sübutu kimi qiymətləndirdi. «Artur Rəsulzadənin çıxışı ölkədə söz azadlığının olmaması deməkdir. Çünki xaricilərin bu barədə narahatçılığı var. Nazir məktubu ilə onları əmin etmək istəyir ki, hüquqların pozulması sizə şamil edilməyəcək. Belə çıxışlar, bəyanatlar, «Avroviziya» keçiriləcək ölkə üçün sadəcə olaraq  biabırçılıqdı. Əvvəlcə yerli camaatın hüquqlarını təmin etmək lazımdır. Sərbəst toplaşmaq tələbi ilə etiraz edən 2 aprel mitinqinin iştirakçılarını həbs edirlər. Bu, onu göstərir ki, Azərbaycan xalqı bu hüququndan istifadə etmək istəyir, ancaq hakimiyyət tərəfindən bunun qarşısı amansızlıqla alınır. Bütün bunlara baxmayaraq, onlar yenə də azadlıq uğrunda mübarizə aparırlar. Yəqin ki, mübarizəni toplaşma azadlıqlarını təmin edənə qədər davam edəcək» deyə həmsöhbətimiz bildirdi.

«Turan» İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev Artur Rəsizadənin təminatının Azərbaycan xalqına da şamil ediləcəyinə ümid edir: «Baş nazirin bu cür təminat verməsi onun sübutudur ki, ölkədə söz azadlığı pozulur. Hakimiyyət özü-özünü ifşa edir. Ümid edək ki, bu yalnızca xaricilərə deyil, həm də xalqımıza da şamil ediləcək. Hər halda bunun zamana ehtiyacı var». Mehman Əliyev daha sonra əlavə etdi ki, biz də bunun necə olacağını öyrənmək üçün gözləyəcəyik. «Əgər Artur Rəsizadənin məktubunda göstərdiyi kimi olacaqsa, bu bizi də sevindirəcək. Yox, əgər təminat yerinə yetirilməyəcəksə, bu hakimiyyətin növbəti fiaskosu deməkdir» deyə həmsöhbətimiz əlavə etdi.

“Xural” qəzeti,

il 9, sayı: 056 (465), 10 oktyabr 2011

Əlaqəli məqalələr

1 şərh

  1. arturun mektubunda yazilanlarin Azerbaycan vetendashlarina hech bir aidiyyati yoxdur. buna göre de hörmetli M.Aliyevin ümüdlerine esas vercek hech ne görünmür. Qalir .toplanma azadligina onu temin edecekler. Xalqimiz ise qorxudan xaricilere yaxinlasha bilmeyecek. Bu kommunistlerin hemishe istifade etdiyi üslübdur (metod) .Yadiniza Moskva olimpiadasini salin.indi hakimiyyetde olanlar o zaman da hakimiyyetde idiler.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button