Avropa Şurası iqtidara ultimatum verdi!

Avropa Şurasının insan hüquqları üzrə komissarı Thomas Hammarberg qeyd edib ki, Azərbaycanda hələ də jurnalistlərə və tənqidi fikirlərinin ifadə edənlərə qarşı əsassız, xüsusi hazırlanmış cinayət təqibi təcrübəsinə son qoyulmayıb.

Avropa Şurasının insan hüquqları üzrə komissarı Thomas Hammarberg Azərbaycanda insan haqlarının vəziyyətindən narahatlıq ifadə edən hesabat xarakterli sənədlə çıxış edib.

Dünən yayılan hesabatda qeyd edilir ki, Azərbaycanda jurnalistlərə və gənc fəallara qarşı təzyiqlər, ciddi insan haqları pozuntuları, zorakılıq və təqiblər haqqında məlumatlar alır. Komissar yada salır ki, Azərbaycan hökumətinə tövsiyələrində həmişə jurnalistlərə və tənqidi fikirlərinin ifadə edənlərə qarşı əsassız, xüsusi hazırlanmış cinayət təqibi təcrübəsinə son qoyulmalı olduğunu vurğulayıb:

Hesabatda daha sonra yazılıb: «Buna baxmayaraq, 2010-cu ildə keçirilən parlament seçkisində deputatlığa namizəd olmuş gənc fəal Bəxtiyar Hacıyevin cinayət məsuliyyətinə cəlb edilməsi ölkədə hələ də həmin təcrübədən istifadənin azalmadığını göstərir. Bu il mayın 18-də Gəncə məhkəməsi Bəxtiyar Hacıyevi hərbi xidmətdən boyun qaçırma ittihamı ilə iki il müddətinə azadlıqdan məhrum edib. Bu ittihamların meydana çıxması onun hökuməti tənqid edən fəaliyyətini dayandırmaq cəhdi kimi görünür».

Thomas Hammarbergin hesabatında daha sonra gənc fəal Cabbar Savalanlının həbsi barədə də yazılıb: « AXCP-nin gənc fəallarından olan Cabbar Savalanın işi ilə bağlı proses də narahatlıq doğurur. Bu il mayın 4-də o, narkotik maddə saxlamaq ittihamı ilə iki il yarım müddətinə azadlıqdan məhrum edilib. Cabbar Savalan internetdə sosial şəbəkələrdə hakimiyyəti tənqid edən şərhlərinin yayılmasından dərhal sonra tutulub. Bir neçə xarici hökumət və qeyri-hökumət təşkilatı ona qarşı ittihamları saxta adlandırıblar».

Hesabatda hüquq müdafiəçisi Vidadi İsgəndərlinin həbsinə də toxunulur: «Bu yaxınlarda isə 2010-cu ilin parlament seçkisində namizəd olmuş daha bir fəal – Vidadi İsgəndərli üç il müddətinə azadlıqdan məhrum edilib. Vidadi İsgəndərli seçkinin saxtalaşdırıldığını deyirdi».

Sənəddə daha sonra qeyd edilir ki, komissar jurnalistlərin Naxçıvanda həbsxanada həlak olan adamın işinin araşdırılmasından kənarlaşdırılması haqqında çox sayda şikayətlər alıb.

Thomas Hammarberg  vurğulayır ki, Azərbaycanda jurnalistlərin və ictimai fəal adamların müdafiəsi üçün təcili addımlar atılmalıdır. O, bir daha hakimiyyəti öz baxışlarını ifadə etdiyi üçün saxlanan bütün məhbusları dərhal azadlığa buraxmağa çağırır.

Thomas Hammarberg həmçinin hökuməti Azərbaycanda fəaliyyət göstərmək istəyən qeyri-hökumət təşkilatlarına (QHT) yaradılan maneələri aradan qaldırmağa səsləyir. O, qeyd edir ki, son aylar bir neçə yerli və beynəlxalq QHT ölkədə azad fəaliyyətlərinə maneələr olduğunu bildirir. 2010-cu ilin martında Bakıya səfəri zamanı həmin qurumlardan birinin – İnsan Haqları Evi Fondunun üzləşdiyi qeydiyyat problemlərini müzakirə etdiyini xatırladan komissar formal beynəlxalq razılaşmalar əsasında fəaliyyət göstərən QHT-lərə maneələrdən narahat olduğunu bildirir.

Bu baxımdan, komissar Avropa Şurası Parlament Assambleyasının Azərbaycanda QHT-lərə dair qanunvericiliyin insan haqları standartlarına uyğunluğunu yoxlamaq barədə Venesiya Komissiyasından xahişini alqışlayır. Onun fikrincə, Komissiyanın tövsiyələri Bakıya QHT-lərə dair qanunvericiliyi təkmilləşdirməyə yardım edəcək.

Sənəddə daha sonra qeyd edilir: «Bir neçə insan haqları təşkilatının – o cümlədən, Sülh və Demokratiya İnstitutunun yerləşdiyi binanın avqustun 11-də sökülməsi narahatlıq doğurur. Gecə vaxtı həmin binanın sökülməsi onu deməyə əsas verir ki, bu, əslində Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunusun fəaliyyətinə qarşı bir addımdır. Leyla Yunus Azərbaycanda korrupsiya və zorakılığın ən sərt tənqidçilərindəndir. Komissar binanın sökülməsinə dair təcili araşdırma aparıb cavabdehlərin tapılmasına və zərərçəkənlərə uyğun kompensasiya verilməsinə çağırır».

Komissar bu ilin mart və aprel aylarında Bakıda keçirilən mitinqlər zamanı aparılan həbs dalğasına da toxunaraq qeyd edir ki, hökumət bəzi hallarda həmin mitinqlərə həddən artıq güc tətbiq edib, jurnalistlərin fəaliyyəti əngəllənib. Təşkilatçılara öz aksiyalarını şəhərin mərkəzi meydanlarında keçirməyə imkan verilməyib. Komissar hökumətin həmin aksiyaların təsirini azaltmaq üçün onun vaxtını dəyişmək, aksiyaçıları mümkün qədər şəhərin mərkəzindən kənarlara göndərmək cəhdlərini tənqid edir. Qeyd edir ki, bu cür cəhdlər aksiyaların məqsədinin geniş ictimaiyyətə çatdırılmasına imkan vermir.

Komissar bir daha Azərbaycan hökumətini toplaşma azadlığını təminat altına almağa çağırır. O, qeyd edir ki, ATƏT-in Demokratik İnstitutlar və İnsan Haqları Bürosunun Venesiya Komissiyası ilə birlikdə hazırladığı Dinc Toplaşma Azadlığı haqqında Təlimat Azərbaycanda bu sahədə çalışan qanunvericilər və icraçılar üçün faydalı vasitə ola bilər.

Sənəddə həmçinin məlumat verilir ki, Azərbaycanda  ifadə azadlığının müdafiəsi üçün böhtan və təhqirə görə azadlıqdan məhrumetmə cəzasının ləğvini nəzərdə tutan qanun layihəsinin ilin sonuna qədər qəbul edilməsi gözlənir.

Bu hesabatda həmçinin Azərbaycan hökumətinin AŞ-a yolladığı açıqlamalar da öz əksini tapır.

Sənəddə Azərbaycan hökumətinin komissarın müşahidələrinə dair təqdim etdiyi məlumat da əksini tapır. Bakıdan rəsmilərin təqdim etdikləri məlumatda qeyd edilir ki, diffamasiya haqqında qanun hələ qəbul edilməsə də, 2009-cu ilin sonundan bu yana Azərbaycanda jurnalistlərin böhtan və təhqirə görə cinayət məsuliyyətinə cəlb edilməsi halı olmayıb.

Bəxtiyar Hacıyevin işi ilə bağlı qeyd edilir ki, Avropa Şurasının üzvü olan başqa ölkələrdə olduğu kimi Azərbaycanda da alternativ hərbi xidmətdən öz baxışlarına görə dini funsiyalar yerinə yetirən və ya dini məktəblərin tələbələri istifadə edə bilərlər. Alternativ hərbi xidmət keçmək istədiyini deyən Bəxtiyar Hacıyevin isə həmin əsaslardan heç biri olmayıb.

Rəsmi məlumatda Cabbar Savalanla bağlı məhkəmə prosesinin ölkənin Konstitusiyası və cinayət qanunvericiliyi əsasında açıq keçirildiyi qeyd edilir.

Vətəndaş cəmiyyəti təşkilatlarının problemlərinə dair tənqidləri də rədd edən rəsmilər qeyd edirlər ki, Azərbaycanda bu sahədə mövcud olan bütün problemlər aradan qaldırılıb. Rəsmi məlumata görə, Sülh və Demokratiya İnstitutunun binasının sökülməsinə dair iddiaların əsassız olduğu, tikinti gedən ərazidə hər kəsə kompensasiya verildiyi qeyd edilir.

“Xural” qəzeti,

il 9, sayı: 047 (455), 30 sentyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button