AYB-in AYIBI

İldə 200 min manat ayrılan “Ədəbiyyat” qəzeti bərbad gündədir…

 Azərbaycan Yazıçılar Birliyinin (AYB) rəsmi orqanı olan “Ədəbiyyat” qəzeti vaxtaşırı qurumda qalmaqalların yaranmasına səbəb olur. Sonuncu dəfə AYB-nin sədri Anarın müsahibəsi zamanı bu qəzeti tənqid etməyi böyük hay-küy yaratmışdı. Belə ki, qəzetin baş redaktoru Ayaz Vəfalı tənqidləri qəbul etməmiş, ona qarşı səslənən fikirlərin qərəzli olduğunu bildirmişdi. Daha sonra  qalmaqala qurumun digər vəzifəli şəxsləri də qoşulmuşdu.

Ancaq “Ədəbiyyat” qəzeti ətrafında yaranan qalmaqal ilk dəfə deyildi. Hələ 2009-cu ildə AYB-də pul yeyintisi olması ilə bağlı xəbərlər dolaşdığı bir vaxtda yenə də rəhbərlik bütün fikirləri qəzetin üzərinə yönəltmişdi. Bildirək ki, dövlət büdcəsindən hər il “Ədəbiyyat” qəzetinə 200 min manat ayrılır. Ancaq qəzetin keyfiyyəti ödənilmiş məbləği əks etdirmir. Həmin vaxt Ayaz Vəfalının kürəkəni Ədalət Əsgəroğlunun sərt çıxışından sonra ara sakitləşmişdi. Bəs görəsən, məsələnin üstündən aylar keçdikdən sonra Azərbaycanın aparıcı ədəbiyyat qəzeti hansı vəziyyətdədir. “Ədəbiyyat” qəzeti vasitəsilə Oxucu ədəbi gündəmi izləyə bilərmi?

Qəzet həftədə bir dəfə cümə günləri, altı səhifə şəklində çıxır. Sonuncu nömrəni – 14 oktaybr 2011-ci il nəşrini aldıq və nəzərdən keçirdik. Qəzet birinci səhifəsini oktyabrın 10-u Azərbaycanda keçirilmiş Beynəlxalq Humanitar Forum və forum çərçivəsində Azərbaycan prezidenti İlham Əliyevin çıxışı  tutur. Bundan başqa, səhifənin sağ küncündə şərqşünas alim Aida İmanquliyevanın 72-ci ildönümünə həsr olunmuş məqalə yerləşdirilib. “Ədəbiyyat” qəzetinin başlanğıc səhifəsində demək olar ki, ədəbiyyatla və ədəbi gündəmlə əlaqəsiz materialların olmasını qəzeti gözdən salan birinci fakt hesab etmək olar.

Ayaz Vəfalının rəhbərlik etdiyi mətbu orqanın ikinci səhifəsi də birincisindən fərqlənmir. Belə ki, ikinci səhifədə də Beynəlxalq Humanitar Forum və forumda çəkilmiş şəkillər yer alıb. Bundan başqa, Oljas Süleymenovun və Rusiya Prezident Administrasiyasının rəbhəri Sergey Narışkinin forumla bağlı fikirləri də ikinci səhifədə ayrıca verilib. Səhifənin aşağısında naxçıvanlı alim Abbas Zamanovun 100 illik yubileyi ilə bağlı elmi konfransa yer verilib. Bildirək ki, konfrans İlham Əliyevin sərəncamı ilə keçirilir.

“Ədəbiyyat” qəzetinin artıq ikinci səhifəsini vərəqləməyimizə baxmayaraq, hələ də ədəbiyyatla bağlı ciddi bir xəbərə rast gəlməmişik. Qəzetin üçüncü səhifəsi isə bütövlükdə Aida İmanquliyevaya həsr olunub. Necə olur ki, üç səhifədə yalnızca üç mövzu yer alır? Orta hesabla hər səhifəyə bir mövzu düşür. Ancaq dördüncü səhifədə Nazım Hikməti və Məmməd Arazı görüb sevinirik. Axır ki, qəzetdə ədəbiyyatla bağlı məlumata rast gəldik. Məmməd Arazın doğum günü ilə bağlı yazı və şeirlər yer alıb. Beşinci səhifə də Məmməd Araza ithaf olunmuş şeirlə davam edir. Beşinci səhifədə C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Teatrı ilə bağlı yazını müsbət qarşılamaq olar. Çünki Oxuculara teatrlar haqqında geniş məlumat verən ikinci belə bir qəzet yoxdur. Bu mənada Ayaz Vəfalını təqdir etmək olar.

Ancaq beşinci səhifə olmağına baxmayaraq, hələ də müasir Azərbaycan ədəbiyyatı, dünyada gedən ədəbi proseslərdən heç birinə rast gəlməmişik. Teatr mövzusu sonuncu – altıncı səhifədə davam edir. Burada teatrların repertuarları yer alıb. Fəridə Əliyarbəyli və Şərvaz Hüseynoğlunun da “bir palaz” şeiri dərc olunub. Bundan başqa, Azərbaycan Yazıçılar Birliyi ilə bağlı bildirişlər də sonuncu səhifədə yer alıb. Ancaq yazının altında mənasını dərk edə bilmədiyimiz Bakı bulvarını xatırladan və mövzuya uyğun olmayan böyük bir şəkil qoyulub. Bu tipli bir şəkil də başsağlığı yazılmış lövhənin arxa fonunda var idi. Dağların və işıq dirəklərinin nəyə və yaxud kimə aidiyyatı olduğunu heç cür aydınlaşdıra bilmədik. Qəzetin son səhifəsində Bahar Bərdəlinin “Qayıtmısan” adlı şeir kitabı haqqında məlumat da gedir.

Ümumilikdə götürəndə, Ayaz Vəfalının qəzetinin başdansovdu, səhifədolsun məntiqi ilə çap edildiyi qənaitinə gəlmək olar. Çünki Azərbaycan Yazıçılar Birliyinin gənc qələmini, Nobel Mükafatı barəsindəki xəbərləri, bu ay Nobel mükafatı almış Tomas Tranströmerin bir şeirini, müasir yazarlarımızdan birini, bu həftə çıxmış kitabları, ədəbi gündəmlə bağlı məlumatların heç birini əldə edə bilmədik. Hər halda, ümid edirik ki, qəzet və AYB rəhbərliyi tənqidlərə ciddi fikir verəcək və qəzeti Oxucu üçün maraqlı etməyə çalışacaqlar.

“Xural” qəzeti,

il 9, sayı: 062 (472), 17 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button