Azərbaycan Dillər Universiteti necə süqut edir?!-ARAŞDIRMA

“Kamal Abdullanın öz qanunları, öz prinsipləri və özünəməxsus idarəçiliyi var, o, Prezidentin verdiyi sərəncamları ya oxumur, ya da dərk etmir…”

“Hürriyyət” qəzetinin e-mail ünvanına göndərilən məqalə bu cümlə ilə başlayır. Xural.com müəllif Aylin Adiloğlu tərəfindən qələmə alınan məqaləni olduğu kimi oxucularla paylaşır:

“Azərbaycan Dillər Universitetində son dövrlər ictimai asayişin pozulması, normal pedoqoji və elmi fəaliyyətə təhlükə yaradan, insanların psixoloji gərginliyini artıran, həyat və sağlamlığa birbaşa zərər verən hallar davam edir. Problemlər bütün medianı və cəmiyyəti düşündürür. Təbii ki, universitetin rektoru Kamal Abdulla özü 9 yanvar 2019-cu il tarixində universitetdə təşkil etdiyi geniş mətbuat konfransında universitetin “daxili mətbəxini” böyük şövqlə medianın önünə sərmişdi. Əslində, cəmiyyəti və media nümayəndələrini, imtahan sessiyası, tədris, elmi-metodik problemlər düşündürsə də, nədənsə rektorun publikaya oynamaq istəyi və tədrisdən başqa bütün suallara həvəslə cavab verməyi bizdə çaşqın bir maraq oyatdı. Bu adam doğrudan da rektordur, yazardır, aktyordur, ya intriqantçıdır?! Bunu anlaya bilməsək də, qocaldığı və müvazinətini itirdiyi tam aydın idi.

Kamal Abdulla nədən narahatdır, ya da qanunsuz əməllərinin fərqindədir ki, özünü bu qədər reklam etdirməyə və zorla ölkə ictimaiyyətinə “fədakar bir elm xadimi” kimi təqdim etməyə çalışır? Görünən kəndə bələdçi lazım deyil, cənab rektor, təbii ki, əgər kənd varsa, lələ köçüb yurdu da qalmayıbsa…

İnformasiya selinin qarşısındakı tıxacı həvəslə açan rektordan sonra bütün məsələlər gündəmə gəldikcə qarşımızda real mənzərə açıldı. Sən demə, Kamal Abdulla o qədər bədii əsərlər oxuyub, o qədər bir əsərin ideyasını o biri əsərin kompoziya və sujetinə calayıb yeni bir əsər quraşdıraraq finalda fərqli təqdimatlar verib ki, həmin illüziyalardan özü də çıxa bilmir. Rektor özünü padşah, universiteti şəxsi sarayı, elmi dərəcəli əməkdaşları söz haqqı olmayan qulları və zövqünə uyğun olanları isə hərəmləri hesab edəcək qədər eyforiyadadır. Rektorun öz qanunları, öz prinsipləri və özünəməxsus idarəçiliyi var. Bu dövlətin, bu ölkənin qanunvericiliyini və cənab Prezidentin verdiyi sərəncamları ya oxumur, ya da oxusa da dərk etmir. Halbuki dəfələrlə cənab Prezident məmurları özbaşınalığa, qərəzli mövqeyə, yekəxanalığa və qanunsuz əməllərinə görə xəbərdar edərək bu cür insanların cəzasız qalmayacağını vurğulayıb. Hətta 15 yanvar 2019-cu ildə təsdiqlənmiş “Nümunəvi Nizamnamə”də göstərilir ki, “rektor ali təhsil müəssisəsinin mənafeləri üçün vəzifələrini yerinə yetirərkən, vicdanla, peşəkar qaydada və məntiqlə hərəkət etməyə, ali təhsil müəssisəsinin maraqlarına sadiq olmağa, onun maraqlarını öz maraqlarından üstün tutmağa, ehtiyatlı olmağa, qərarların qəbulu zamanı ədalətli və qərəzsiz olmağa, habelə adına xələl gətirə biləcək hərəkətlərə və çıxışlara yol verməməyə borcludur. Rektor bu vəzifələrin ali təhsil müəssisəsinin maraqlarına uyğun olaraq yerinə yetirilməsi üçün məsuliyyət daşıyır.”

Görəsən, bu cümlələri oxuyub öz vicdanına sual veribmi Kamal Abdulla? Sual versəydi, xəstəxanalıq olardı. Neçə-neçə gənc və potensiallı kadrları dar ağacına çəkmək nə deməkdir? Doğrudan da qanun qarşısında cavabsız qalacağınımı düşünür? Dogrudan da onun bu özbaşınalıqlarına göz yumacaqlar? Reaksiya verən olmayacaq doğrudan? Niyə axı?!

Araşdırmalarımızdan və Universitet daxilindəki etibarlı mənbələrimizdən aydın oldu ki, Kamal Abdullanın bu addımları çoxdan hazırlanmış planın tərkib hissələridir. Əvvəlcə baş mühasib Elçin, daha sonra 2 dekan – dosent Samir Həmidov, dosent Zarina Aslanova, kadrlar şöbəsinin müdiri Dürdanə Əliyeva, kafedra müdirləri, professor Fəridə Səfiyeva və dosent Salman Nuriyev, dosent Ceyhun Əliyev, Ümumi şöbənin müdiri Aida xanım, Tərbiyə işləri üzrə prorektor, professor Ələddin Əliyev, Beynəlxalq əlaqələr üzrə prorektor professor Jalə Qəribova və başqalarının vəzifədən uzaqlaşdırılmasına nail olan rektorun növbəti qurbanları isə onun oyununun iştirakçısı olmaq istəməyənlərdir.

52 illik təcrübəsi olan kadrlar şöbəsinin baş mütəxəssisi Elmira Mustafayevanı işdən uzaqlaşdıran rektor, onun yaşının pensiya yaşına uyğun olduğunu desə də, öz yaşının da pensiya yaşını keçdiyini unudur nədənsə. Rişxəndlə həmin xanımı mediaya təqdim edir, sənəd oğrusu olduğunu ittiham edir, fəxarətlə tərəflər arasında məhkəmə prosesinin getdiyini açıqlayır. Bu qədərmi unudulub rektorun özünün qorumalı olduğu dəyərlər?!

Daha sonrakı hədəfi Filologiya və Jurnalistika fakultəsinin dekanı dosent Vüsalə Ağabəyli oldu. Vüsalə Ağabəyli Kamal Abdullanın dostunun qızı (Kamal Abdullanın dostu isə məşhur alim Çərkəz Qurbanlıdır – Red.) Nərgiz Qurbanlıya dərsi ingilis dilində tədris etməyin zəruriliyini vurğulayaraq mütləq şəkildə ingilis dilini öyrənməyi təklif edir. Lakin Nərgiz Qurbanlı özünü Ədirxanın nəvəsi, Kamal Abdullanı da onun himayədarı bilərək şikayət edir. Təbii ki, Kamal Abdullaya Vüsalə Ağabəylini qara siyahıya salacaq və yerinə birini təyin edəcək bəhanə lazım olduğu üçün “ağına-bozuna” baxmadan Rektoryanı Şurada onu danlamağa, dostunun qızına “ilişməyinin” cəzasının ağır olacağı ilə hədələməyə başlayır. Bu halda, vəzifəsini itirməkdən qorxmayan mübariz gənc dekan etiraz çıxışı edərək özünün haqlı olduğunu sübut edir. Uzun müddət multikulturalizm ideologiyasının təmsilçisi kimi özünü cəmiyyətə sırıyan Kamal Abdullanın tolerantlıq anlayışından belə xəbəri olmadığı və etirazın özünün də mədəniyyətin tərkib hissəsi olduğunu dərk etmədiyi üçün Vüsalə Ağabəylinin bu çıxışından sonra “bəzi yatmış beyinlərin” də oyanacağını dərk edərək, az qala gənc xanımın Rektoryanı Şurada topa-tüfəngə sarıldığını və rektora hücuma keçdiyini iddia edir. Bununla da heç bir əmək pozuntusu baş vermədən və rektorun özündən başqa heç kəsin qeyri-etik ifadə işlətməməsinə baxmayaraq, xanım dekana töhmət əmri hazırlatdırır. Daha sonra yeni bir töhmət əmri hazırlamaq həvəsində olan rektor Nərgiz Qurbanlının Vüsalə Ağabəylinin üzərinə hücumunu təşkil etsə də, Vüsalə Ağabəylinin təmkinli davranışı onun bu niyyətinə çatmağına mane olur. Məqsədinə çatmaq və haqlı dekanı susdurmaq, Elmi və Rektoryanı Şurada söz haqqını almaq üçün onun işdən uzaqlaşdırılması haqqında əmr imzalayır ki, başqalarına da dərs olsun.

Aldığımız məlumata görə, həmin əmrin ərsəyə gəlməsində canfəşanlıqla fəaliyyət göstərən kafedra müdiri Məsməxanım Qazıyeva, (bu xanıma hələ qayıdacağıq) öz qızı – başqa bir kafedranın müdiri Sevinc Zeynalovanın dekan postunu tutması üçün əlindən gələni edir, qapı-qapı düşərək rektorun göstərişini yerinə yetirməyənlərin cəzalanacağını hədə-qorxu gəlir və Vüsalə Ağabəyliyə qarşı imza toplatdırır. Nərgiz Qurbanlının dərsində Vüsalə Ağabəyli ilə yanaşı iştirak edən digər komissiya üzvü Həmidə Əliyeva isə susduğu üçün rektordan Elmi Şuranın katibi vəzifəsinə təyinatı ilə mükafatlandırılır. Fakultə tələbələri arasında apardığımız sorğudan gəldiyimiz qənaət odur ki, Vüsalə Ağabəyli dekan olaraq tələbələr tərəfindən çox sevilir, çünki rüşvət almır, ayrı-seçkilik aparmır və qanuni yolla hər zaman onlara dəstək olduğu bildirilir, hətta bu məsələ ilə bağlı tələbələrin rektora müraciət etdikləri və dekan olaraq Vüsalə Ağabəylini dəstəklədikləri qeyd olunur.

Rektorun bir erməniyə tuşlanmış kimi patronu bitməyən tüfənginin gülləsinə bu dəfə Xarici ölkələr ədəbiyyatı kafedrasını müəllimi, dissertant Pərvin Mürsəlova və Linqvokulturologiya kafedrasının fəlsəfə doktoru Mahirə Hacıyeva tuş gəlir. Səbəb isə rektorun müharibə zonası elan etdiyi əraziyə – Vüsalə Ağabəylinin iş otağına təcili yardım xidməti çağrılarkən həmin müəllimlərin Kamal Abdulladan fərqli olaraq insani hisslərə sarılaraq Vüsalə xanımın yanına köməyə qaçmaları olur. Minalanmış əraziyə ayaq basar-basmaz bir elm ocağında, ali təhsil müəssisəsində peşəkar mütəxəssis kadrlar “sənəd oğrusu” kimi “əsir götürülür” və töhmət verilərək nəzarətə altına alınır. Tələbələrinin Pərvin Mürsəlovaya sevgisini və onun potensiallı kadr olduğunu görən rektor hikkəsindən çıldıraraq, ona qarşı cızdığı başqa bir “hərbi planla” şiddətli töhmət verir və daha sonra bənzər ittihamları ilə əmək müqaviləsinə xitam verir.

Onu da qeyd edək ki, rektorun özünün verdiyi əmrləri və dediyi sözləri tez-tez unutduğu üçün onun İcra İntizamına nəzarəti əvvəllər prokuror işləmiş Abduləli İsmayılov həyata keçirir. Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin sabiq prokuroru və ali təhsil müəssisəsində digər çoxsaylı hüquqşünasların mövcudluğu haqqında informasiya əvvəlcə bizi çaşdırsa da, universitetdə elmin, tədrisin deyil, intriqaların və “ağır cinayətlər”in gündəm olduğunu, tez-tez məhkəmə qurulduğunu, prokuratura məsələlərinin ardı-arası kəsilmədiyini görərək, doğrudan da, bu qədər hüquq mühafizə əməkdaşlarının fəaliyyətinin vacib olduğunu anladıq.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin son dövrlər qeyd etdiyi kimi, təkrar strukturların fəaliyyətinin, lazımsız ştatların mövcudluğunun dövlətə ziyan vurduğunu Kamal Abdulla yəqin ki, eşitməyib. Lakin eşidibsə də, onu necə qınamaq olar ki? Bəs pensioner dostlarını, Bakı Slavyan Universitetində “dəllallıqla” məşğul olduqları üçün çıxarılan kadrları hara yerləşdirsin? Elə bu yaxınlarda Beynəlxalq şöbəyə müavin təyin edilmiş yaşlı, ayaqüstə qoluna girilmədən yeriməkdə çətinlik çəkən dostu Tofiq müəllim evdə oturub darıxmaqdansa gəlsin maaşını alsın, gününü keçirtsin. Yəqin Beynəlxalq şöbəyə bir gənc, mobil və xarici dil bilikləri yerində olan mütəxəssisi çox axtarıblar tapa bilməyiblər. Heç uzağa getmədən elə universitetin Kamal Abdullanin birbaşa şəxsiyyətə pərəstişini sərgiləyən və onun reklamına xidmət edən rəsmi səhifəsinə göz gəzdirdikdə bütün təkrar strukturlarla tanış olduq. Bir universitetdə hələ də mahiyyətini anlamadığımız 3 eyni adlı kafedra – İngilis dilinin leksikologiyası və üslubiyyatı 1, İngilis dilinin leksikologiyası və üslubiyyatı 2, İngilis dilinin leksikologiyası və üslubiyyatı 3 kafedraları fəaliyyət göstərir. Bunların fərqi nədir, nömrələnmə ardıcıllığı hansı növ yarışma qalibi olduqları üçün müəyyənləşdirilib, heç kəs cavab vermədi, hətta kafedra müdirlərinin özləri də. Hələ Xarici dillər adlı 4 sayda eyniadlı kafedranın olması da, 2 sayda eyniadlı İngilis dilinin tədrisi metodikası kafedrasının olması da və sair və ilaxır. Məqsədin nə olduğunu anlamasaq da, amma maliyyə fonduna birbaşa zərər vurduğunu anladıq. Hələ zərər bununla bitsə nə var ki… Deməli, universitetdə həm bütün gününü çay dəmləyib içməklə keçirən Multikulturalizm adlı laboratoriya, həm də Multikulturalizm məsələləri üzrə müşavirlik də mövcuddur ki, onların fəaliyyətlərinin nədən ibarət olduqlarına sorğu apardığımız, rektorun gülləsinə tuş gəlməkdən qorxduqları üçün adlarını açıqlamaq istəməyən müəllim və tələbələr cavab verə bilmədi, “sadəcə var” deyə bilməklə kifayətləndilər. Çox maraqlıdır ki, Azərbaycan Dillər Universitetində həm Azərbaycan dilçiliyi, həm Azərbaycan ədəbiyyatı, həm Azərbaycanşünaslıq laboratoriyası, həm Ümumi dilçilik, həm də Xarici ölkələr ədəbiyyatı kafedraları fəaliyyət göstərir. Zənnimizcə, bu strukturlar da bir-birinə çox yaxın strukturlardır, amma yəqin bunların da ayrı-ayrılıqda fəaliyyət göstərməsi “dostluq münasibətləri”nə xidmət edir. Çünki Azərbaycan ədəbiyyatı kafedrasının müdiri Muxtar İmanov – rektorun yaxın dostu qanunverciliyə zidd olsa da həm akademiyada, həm də universitetdə 2,5 ştatla işləyərək əmək haqqı alır. Deyilənlərə görə müxtəlif yerlərdə 3-4 vəzifədə çalışmağına baxmayaraq, universitetdə aya-günə dönən, nadir hallarda işə gələn Aynur Sabitova isə hansısa marağa görə ictimai əsaslarla Xarici ölkələr ədəbiyyatı kafedrasına rəhbərlik etməklə özünü universitetə fəda edir.

Elmi dərəcəsi olmasa da, universitetin rəsmi səhifəsində prorektor kimi təqdim olunan Sərraf Hüseynov isə universitetdəkilərin tərbiyəsi ilə məşğul olur. Onun “tərbiyə” metodu şəxsiyyətə pərəstiş etdirən Kamal Abdullanın reklam təbliğatını aparmaqdan ibarətdir.

Bir də universitetin bütün növ məsələləri üzrə baş mütəxəssis olan Nüşabə Tanrıverdiyeva var ki, tualetlərə salfetkanın qoyulmasından tutmuş kadr məsələləri, maliyyə məsələlərinə qədər hər şey onun əlindən keçir.

Yazının əvvəlində analı-balalı kafedra müdirləri olan Məsməxanım Qazıyeva və qızını qeyd etmişdik. Universitetin bir xeyli təcrübəli və hardasa Məsməxanımı gənc yaşlarından tanıyan bir əməkdaşının dediyinə görə Məsməxanımın uzun illər postunda qalmasının səbəbi rektorlara ünvanlanan, yalnız xitabları dəyişən pafoslu cümlələrdən ibarət nitqi və davranışıdır.

Bütün bunlarla yanaşı, rektor universitetin maliyyə fondunun qayğısına da qalmağı unutmur. Hər gün 7 saat kafedrada oturub laqqırtı vurmağa həvəsi olmayan müəllimlər radara düşəndə, heç bir əsasnamədə olmasa da müəllimlərin elmi tədqiqat işlərində problem yarananda onların maaşlarından tutulacağı və universitetin rifahı üçün sosial fonda köçürələcəyi hədə-qorxusu gəlinir. Mənəvi, psixoloji və maddi əziyyət çəkən müəllimlər səslərini çıxarıb deyə bilmir ki, cənab Prezident hətta minimum əməkhaqlarını qaldırdı, əhalinin ruh-yüksəkliyini artırmaq üçün gündən-günə xalqın xeyrinə qərarlar verdiyi halda bəs Kamal Abdulla niyə özbaşınalıq edir?

Rektorun gülləsi indi isə hüquq şöbəsi və informasiya departamentini nişan alıb. Təbii ki, səbəbsiz deyil. Qısa müddət də olsa Kadrlar şöbəsinin müdiri kimi fəaliyyət göstərən, hal-hazırda İnformasiya departamentinin müdiri olan Araz Ağayev rektorun gizli oyunlarından, qısa müddətdə işə götürülən saysız-hesabsız kadrlardan xəbərdar olduğu üçün Kamal Abdullayev narahat olmaya bilməzdi. Hüquq şöbəsinin ləğv olunmasının isə səbəbi İlkin müəllimin rektorun hazırladığı, az qala cinayət statusu və naxışı vurduğu əmrlərə qol çəkməkdən hüquqşünas olaraq boyun qaçırması olub.

Yəqin ki, bu məsələlər bizim kimi çoxlarına da maraqlı gələcək. Kamal Abdullanın fəaliyyəti haqda araşdırmalarımız davam edir. Sadəcə, bizə maraqlıdır ki, niyə bu universitetdə 5 prorektorluq mövcud olduğu halda 2 rəsmi prorektor fəaliyyət göstərir? Niyə həm Elmi işlər üzrə prorektorluq, həm Elm və təhsil müəssisələri üzrə müşavirlik, həm də Elm departamenti, həm Elmi tədqiqatlar şöbəsi, həm Elmi əməkdaşlıq şöbəsi var? Niyə həm maliyyə departamenti, həm də maliyyə məsələləri üzrə müşavirlik var? Niyə həm Beynəlxalq əlaqələr üzrə prorektorluq, Beynəlxalq əlaqələr üzrə departament var? Niyələrimizin sayı çox olsa da, tədqiqat üçün faydalı ola biləcək 2 strukturun “Eksperimental fonetika və tətbiqi dilçilik elmi-tədqiqat laboratoriyası” və “Tərcümə araşdırmaları elmi-tədqiqat laboratoriyası”nın adını eşidib sevinmişdiksə də, məlum oldu ki, rektor təzəlikcə digər yararsız laboratoriyaları deyil məhz bu iki laboratoriyanın fəaliyyətini dayandırıb.

Bircə o məlum olur ki, Azərbaycan Dillər Universiteti qapalı bir müəssisə kimi dövlətin və dövləti idarə edənlərin müdaxiləsini gözləyir. Görək Kamal Abdulla, yoxsa dövlət qalib gələcək?!

 

Hurriyyet.org

 

P.S. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button