Azərbaycanın büdcəsi heç kimin ata malı deyil

Arzu Səmədbəyli: “İqtidar çalışır ki, partiyalara veriləcək maliyyəni özünün bir ənamı kimi təqdim eləsin. Xalqın büdcəsi heç kəsin ata mülkü deyil ki, ondan kimə istəyirlərsə pay versinlər”

 Hakimiyyətin “Siyasi partiyalar haqqında” Qanuna əlavə və dəyişiklikləri ilin sonunadək qəbul etməyi planlaşdırdığı qanun layihəsi artıq reallaşmaq ərəfəsindədir. Yeni qanun layihəsi ilə bağlı Avropa Şurası Venesiya Komissiyasında müzakirələr aparmaq üçün dünən Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovla PA qanunvericilik və hüquq ekspertizası şöbəsinin müdiri Şahin Əliyev Strasburqa yola düşüblər. Səfərdən öncə Əli Həsənov bildirib ki, siyasi partiyaları xarici və daxili asılılıqdan xilas etməyin vaxtı çatıb.

«Hakimiyyətin partiyalar barədə qanun layihəsinin qəbul olunması üçün bu qədər israr etməsi nə ilə bağlıdır» sualına aydınlıq gətirən Müsavat Partiyasının başqan müavini Arzu Səmədbəyli, hakimiyyətin yeni qanun layihəsinin qəbul edilməsində bu qədər israrlı olmasını, onun ölkədə apardığı siyasətlə əlaqədar olduğunu qeyd etdi:

«Hakimiyyətin  bu qanun layihəsinin qəbul edilməsində bu qədər israrlı olması, onun ölkədə apardığı siyasətlə əlaqədardır. Azərbaycan hakimiyyəti özündən başqa heç bir siyasi qüvvə tanımır və müxalifəti görməzlikdən gəlir. Bütün Azərbaycanda prezident, bələdiyyə və parlament seçkilərinin hamısı tam olaraq saxtalaşdırılıb. Ölkə hakimiyyəti xalqın səsini oğurlayaraq, dünyanın ən ağır cinayətinə əl atıb. Getdikcə bu hal həm ölkədə, həm də dünyada hakimiyyətə qarşı böyük təzyiqlərə səbəb olur. Hazırkı iqtidarın inkar etməsinə baxmayaraq, ölkədə müxalifət mövcuddur və bu müxalifət demokratiya və xalqın haqqı uğrunda mübarizəsini davam etdirəcək. Əgər hakimiyyət indiyə qədər apardığı siyasəti davam etdirəcəksə və inkar siyasətinin davamı olacaqsa, təbii ki, bu partiyaların büdcədən maliyyələşməsi məsələsində müxalifəti kənarda qoymaq siyasətini güdəcək. Bu da heç bir halda uğur gətirməyəcək və beynəlxalq qınaqlara tuş gələcək bir siyasətdir»

 

“Digər tərəfdən əgər Azərbaycan hakimiyyəti yeni qanun layihəsinin qəbul olunmasında beynəlxalq qanunları və demokratik prinsipləri nəzərə alacaqsa, onda bu qanunun qəbul olunması vacibdir. İqtidar çalışır ki, partiyalara veriləcək maliyyəni özünün bir ənamı kimi təqdim eləsin. Xalqın büdcəsi heç kəsin ata mülkü deyil ki, ondan kimə istəyirlərsə pay versinlər. Büdcə xalqa məxsusdur və xalqın bütün təbəqələri ondan eyni dərəcədə yararlanmalıdır. Ona görə, bu qanun qəbul olunmalıdır və bu qanun qəbul olunarkən şəxsi mənafelər deyil, bütövlükdə xalqın mənafeyi nəzər alınmalıdır. Hakimiyyətin xalqın mənafeyi üçün addım atmasını gözləmək, hazırda çox çətin bir məsələdir. Lakin hakimiyyət özündə güc taparaq inkarçılıq siyasətini tərgitməli və normal qanunlar qəbul edərək dünyanın demokratik çağırışlarına əməl etməlidir”, – deyə Arzu Səmədbəyli əlavə etdi.

“Xural” qəzeti,

il 9, sayı: 060 (470), 15 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button