Bizi Ilham Əliyevin sifarişi ilə tutublar!

Vicdan məhbusları sifarişli ittiham aktını alt-üst etdi

 Liderlərin məhkəməyə gəlməsi hakimiyyəti təşvişə saldı

 Dünən İctimai Palatanın 2 aprel mitinqinin təşkilində ittiham olunan Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılının, AXCP sədrinin müavini Fuad Qəhrəmanlının, AXCP-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Məhəmməd Məcidlinin və Müsavat Partiyası Gənclər Təşkilatının Tural Abbaslının məhkəmə prosesi davam etdirildi.

 Məhkəmə binası polis mühasirəsində

 Dünənki  prosesə Müsavat Başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli, İP Koordinasiya Şurasının üzvləri, partiya funksionerləri ilə yanaşı, çox sayda siyasi xadim və diplomatik korpusun nümayəndələri qatılmışdı. Liderlərin məhkəməyə gəlişi ilə əlaqədar Səbail Rayon Məhkəməsi önünə çox sayda zirehli geyimli polis cəlb edilmişdi. Məhkəmə önündə 20-dən artıq mülki geyimli polis nəfərləri vardı. Polis və mülki geyimlilər proses boyunca məhkəməyə gələn vətəndaşları təxribata çəkməyə cəhd edirdilər.

Bu dəfəki prosesə “2 aprelçi”lərin heç bir məhkəmə prosesinə qatılmayan hakimiyyət agentlik və qəzetlərinin nümayəndələri də gəlmişdilər.

 Vəkillər od püskürdü

 Hakim Famil Nəsibovun sədrlik etdiyi prosesdə ilk müdafiə çıxışını Arif Hacılının vəkili Nemət Kərimli  etdi. O, bir saatdan çox çəkən müdafiə nitqində (vəkilin çıxışının tam mətni Azadlıq.info saytında tanış ola bilərsiz) təqsirləndirilən şəxslərə yönələn bütün ittihamların bir-bir şərhini verdi, onların heç birinin hüquqi gücə malik olmadığını göstərdi. Vəkil dedi ki, müdafiə etdiyi şəxs saxlandığı andan polisin qanunsuz hərəkətləri ilə üzləşib, onun bir sıra ciddi prosessual hüquqları pozulub. A.Hacılının heç bir İc­ti­mai qay­da­nın ko­bud su­rət­də po­zul­ma­sında iştirak etmədiyini vurğulayan vəkil bu faktın hətta polis şahidlərinin ifadəsində də təsdiqini tapdığını bildirdi. N.Kərimli A.Hacılının əməlində nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin pozulmasına səbəb olan hərəkətlərin edilmədiyini bildirdi. Vəkil ittihamda A.Hacılının təşkilatçı kimi göstərilsə də, məhkəmə zamanı onun aksiyanı necə rəhbərlik etdiyini, planlaşdırdığını, vəzifə bölgüsü apardığını, bu cinayət hadisəsi ilə əlaqəsini müəyyən edilmədiyini söylədi.

Vəkil həmçinin bildirdi ki, məhkəmə prosesi zamanı onların müdafiə imkanı məhdudlaşdırılıb. Onların lehinə ifadə verəcək şahidlər barədə verdikləri vəsatətlər təmin edilməyib. N.Kərimli insanların obyektlərinə dəymiş ziyan təqsirləndirilən şəxslər tərəfindən vurulmadığından və baş vermiş cinayət hadisəsinin onlara aidiyyəti olmadığından mülki iddianın təmin edilməsi absurd adlandırdı.

Tural Abbaslının vəkili Səyyarə  xanım da məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslərin heç birinə qarşı verilən ittihamın təsdiqini tapmadığını söylədi. O bildirdi ki, müdafiə etdiyi şəxs və o biriləri ancaq azad fikirlərinə görə həbs olunub, bu isə yolverilməzdir: “Yəqin ki, bu şəxslər Amerikadakı kimi kütləvi aksiya keçirib çıxışlar etsəydilər, indi burada oturmamışdılar, snayperlə vurub onların axırına çıxmışdılar”. Vəkil hakimi müşavirə otağına gedərkən dərindən düşünməyə və haqsızlığa son qoyacaq qərar verməyə çağırdı.

Məhəmməd Məcidlinin vəkili İlqar Musayev də vicdan məhbuslarının məhkəmə prosesini məntiqsiz, mənasız, əsassız ittiham üzrə ekskursiya adlandırardı. O dedi ki, dövlət ittihamından söz gedə bilməz, ittiham adlandırılan sənəd böhtan və yalan yığınıdır. Azərbaycan xalqının 6 ildir sərbəst toplaşmaq azadlığının qanunsuzluqla məhdudlaşdırıldığına diqqət çəkən vəkil bildirdi ki, təqsirləndirilən şəxslər heç bir cinayət etməyib, onlar sadəcə konstitusion hüquqlarından istifadə ediblər. Dövlət ittihamçısının vicdan məhbuslarına maksimal cəza istəməsini onlardan olan qorxu ilə əlaqələndirdi.

Məhkəmə zamanı bir çox şahidlər yalan danışsalar da, nəticədə böhtan, şər atmaqdan imtina etməsini vəkil cəmiyyətin mənəvi keyfiyyətlərinin tükənməməsi kimi şərh edərək, prosesdə onun diqqətini çəkən başqa bir məqama da toxundu: “37–ci ildə ziyalı türk oğullarının üzünə duran Niftəliyev Abbasqulu Şəmil oğlunun övladı Fəxrəddinin bizə qarşı verdiyi xasiyyətnaməni görüb dəhşətə gəlmədik. Dəhşətə ona görə gəlmədik ki, “ot kökü üstə bitər” məsəlinə şahid olduq, dəhşətə ona görə gəldik ki, sumbatyanların, markaryanların, “donosşiklərin” gənc türk alimi Məhəmməd Məcidlinin üzünə durmasına şahid olduq”.

M.Məcidlinin digər vəkili Azər Nağıyev də müdafiə etdiyi şəxsə bəraət istədi. O bildirdi ki, ümumiyyətlə bu günə qədər Məcidlinin həbsdə saxlanılması qanunsuzluqdur. M.Məcidli 2 aprel aksiyası zamanı heç bir hüquq pozuntusu etməyib, əksinə o polislərin vəhşi rəftarı ilə üzləşib, xəsarətlər alıb.

Vəkillərin çıxışı yekunlaşdıqda prokuror replika hüququndan istifadə edərək vəkil Nemət Kərimliyə sərbəst toplaşmaq azadlıq düzgün istinad etmədiyini, vəkil yavər Hüseynlinin isə prosesdə tədqiq olunmayan dəlillərə istinad etməyi irad tutdu.

 “Toplaşmaq hüququ daha önəmlidir”

 Məhkəmə iclasında Arif Hacılı replika hüququndan istifadə etdi: “Dövlət ittihamçısı burada xeyli dərəcədə siyasi çıxış etdi. Həbsxanada 4 kitab oxumuşam. Burada vəkillər ittihamın qondarma və siyasi sifariş əsasında hazırlandığını bütün çılpaqlığı ilə ortaya qoydular. Biz onlara təşəkkürümüzü bildiririk. Kütləvi aksiyalar barədə danışmaq istəyirəm. Ümumiyyətlə, sərbəst toplaşmaq hüququ bütün sivil və demokratik dünyada prioritet hüquqdur. Bir neçə prioritet hüquq var:

1. Söz və mətbuat azadlığı;

2. Sərbəst toplaşmaq;

3. Azad seçki.

Məncə, sərbəst toplaşmaq hüququ daha önəmlidir. Demokratik dünyada sərbəst toplaşmaq hüququnun 2 yolu müəyyən olunub – birinci icazə verilmək, ikincisi isə xəbərdarlıq etməklə sərbəst toplaşmaq hüququnun  gerçəkləşdirilməsidir. Yəni icazə dedikdə hüquq mühafizə orqanlarının mitinqçilərin təhlükəsizliyinin təmin olunması nəzərdə tutulur. Hesab edirəm ki, xəbərdarlıq daha liberal qaydadır və Azərbaycan konstitusiyasının 49-cu maddəsinə görə də kütləvi aksiya keçirmək üçün icazə deyil, müvafiq icra hakimiyyəti orqanına sadəcə xəbərdarlıq etmək lazımdır. Yəni qanunlarımızda daha demokratik qayda nəzərdə tutlub. Təəssüf ki, bu qaydadan istifadəyə hakimiyyət imkan vermir. Biz aprelin 2-də Azərbaycan Konstitusiyasının 49-cu maddəsi ilə təsbit olunan hüquqlarımızı gerçəkləşdirməyə cəhd etmişik və hakimiyyətin qanunsuz əməlləri ilə üzləşib heç bir əsas olmadan həbs olunmuşuq. Bakı Şəhər İcra Hakimiyyəti sərbəst toplaşmaq hüququ ilə bağlı müraciətlərimizə ənənəvi cavablarında yazır ki, guya sərbəst toplaşmaq hüququ gerçəkləşdiriləndə istirahət hüququ tapdanır. Heç bir halda bu bəhanə ilə sərbəst toplaşmaq hüququ məhdudlaşdırıla bilməz. Çünki “Sərbəst Toplaşmaq Haqqında” qanunda yazılıb ki, sərbəst toplaşmaq hüququ yalnız dövlət əhəmiyyətli obyektlərin 200 metrliyi istisna olmaqla bütün ölkə ərazisində tanınır. Sadəcə, təşkilatçılar aksiyanın yerini, iştirakçıların sayını müvafiq icra hakimiyyətinə bildirməlidir. İcra hakimiyyəti aksiya keçirmək üçün yeri təşkilatçılara göstərə bilməz. Çünki qanun buna yol vermir. Kütləvi aksiya zamanı hər hansı bir mübahisə olubsa belə bunun məsuliyyəti sərbəst toplaşmaq hüququnu məhdudlaşdıran hakimiyyətin üzərindədir, Bibiheybətdəki hansısa stadionu aksiya keçirmək istəyənlərə diqtə edən icra hakimiyyətindədir. İstirahət hüququ ilə bağlı deyim ki, mən bu cinayət işi ilə yanaşı 4 kitab da oxumuşam. Bu kitablar –  Cinayət Məcəlləsi, Cinayət Prosessual Məcəlləsi, İnzibati Xətalara Dair Məcəllə və Cinayət Məcəlləsinin kommentariyasıdır.  Bu kitablardan yalnız İnzibati Xətalara Dair Məcəllədə istirahət hüququ sözünə rast gəlinir. Bu da məcəllənin 306-cı maddəsidir. Maddə belə adlanır – məişət səs- küyünə qarşı mübarizə qaydalarını pozmadır. Burada ictimai yerlərdə gecə vaxtı səs-küyün qarşısının alınmasından söhbət gedir. Bu müddəanın tələblərini pozanlar 10-15 manat cərimə olunurlar. Bu iş siyasi sifarişli işdir. Fikir verin, dövlət ittihamçısı bizə cəza istəyərkən ən maksimal həddə cəza təyin olunmasını istədi. Bizim şəxsiyyətimizi səciyyələndirən halları nədənsə nəzərə almadı. Amma bunun əvəzində 37-ci ildə ovanesyanlara, markaryanlara donos yazanın oğlunun Məhəmməd Məcidli barəsində verdiyi xasiyyətnaməni tələsik işə tikdilər. Baxmayaraq ki, Məhəmməd Məcidliyə BDU-dan xasiyyətnamə verilmişdi. Necə olur mənim 28 yaşımda millət vəkili seçilməyim, prezident Elçibəyin fərmanı ilə ərazi idarəetmə orqanlarına rəhbər təyin olunmağım məni səciyyələndirən hal deyil, amma donosçu oğlunun yazdığı xasiyyətmanə səciyyələndirən cəhətdir? Mənim 100 yaşı olan, bu dövlətin əsasını qoyan bir partiyanın rəhbərliyində təmsil olunmağım məni səciyyələndirən cəhət deyil? Tural Abbaslının Azərbaycanın siyasi gəncliyinin rəhbərlərindən biri olması, Fuad Qəhrəmanlının Azərbaycanda tanınan bir partiyanın rəhbərlərindən biri olması, Məhəmməd Məcidlinin müharibə veteranı olması şəxsiyyətlərini səciyyələndirən cəhət deyil? İttiham tərəfinin bizə maksimum cəza istəməsi bir daha bu işin siyasi sifariş olmasını, diletantların quraması olduğunu göstərir. Bizə maksimum cəza verilməsinin heç bir əsası yoxdur. Bununla siz Azərbaycan xalqının müqavimətini azaldırsınız. Bütün bunların nəticəsidir ki, hansısa İran generalı açıq-açığına Azərbaycan xalqını təhqir edir, dövlət başçısını təhqir edir, amma küçələrə heç kim çıxıb etirazını bildirmir. Çünki bilir ki, küçəyə çıxıb etiraz etsə, Arif Hacılının qonşuluğundakı kameraya yerləşdiriləcək. Burada üzümüzə duran polislər deyirlər dövlətimizi qoruyuruq. Dövləti quranları həbs etməklə dövləti qorumurlar.

 “…diktatorların sonu yoxdur”

 Daha sonra AXCP sədrinin müavini Fuad Qəhrəmanlı replika hüququnda istifadə etdi: “Acıq şəkildə göründü ki, bizə qarşı ittiham siyasi sifarişdən doğub. İsa bəyə, Əli bəyə hələ aksiyadan əvvəl təqdim edilən xəbərdarlıqlarda bu gün bizə qarşı olan ittihamda yazılanları yazmışdılar. Bu, o deməkdir ki, bu gün bizim ittiham edildiyimiz maddənin dispozisiyasının əsasının yaradılması üçün əvvəlcədən hazırlanmış ssenari olub. Bu gün bütün dünyada gedən proseslər göstərir ki, diktatorların sonu yoxdur. Siz burada istirahət hüququndan danışırsız, amma insanlarımızın ləyaqətli yaşamaq hüququnu dilinizə belə gətirmirsiniz. İnsanların həyatlarını məhv etmisiz. Prokurorun çıxışında əleyhimizə hər hansı bir sübut olunmadı. Əksinə, təqdim etdiyi sübutların bizim sübutlar kimi işə əlavə olunmasını xahiş etdik. Biz qəlbimizdə yaşatdığımız, uğrunda həbsə getdiyimiz dəyərlər azadlıq, azad seçki, sərbəst toplaşmaq hüququ və bu kimi demokratik dəyərlərdir. Yaxşı ki, Azərbaycan cəmiyyətində bütün mərhumiyyətlərə baxmayaraq, bu dəyərlər uğrunda həbsə belə hazır olan adamlar var. Bizlər bu cəmiyyətin haqq səsiyik.

 “Bizi İlham Əliyevin sifarişi ilə tutublar”

 Tural Abbaslı replika çıxışında prokurorun orta məktəb şagirdi səviyyəsində biliklərə malik olduğunu önə çəkdi: “O, heç  bir qanuna istinad etmədi, əvəzində dedi-qodulara əsaslandı. Guya burada Nemət Kərimlidə səhv tutmuşdu. Əslində isə Nemət Kərimliyə qulaq asmamışdı deyə belə danışdı. Prokuror nə qədər savadlı olsa da, bura bir məktəbli uşaq da çağırsaq onu susduracaq. Çünki nə qədər savadlı olursansa ol, haqqı demirsənsə, haqqın yanında deyilsənsə balaca uşağın qarşısında da gülünc vəziyyətə qalacaqsan. Biz bu gün Ceyhun müəllimin obrazında prokurorluğu, hüquq mühafizə orqanlarını belə rəzil, gülünc durumda gördük. Sabah-biri gün məhkəmə də eyni vəziyyətə düşəcək. Arif Hacılının hakimin altında oturub qərar verdiyi, prokurorun and içdiyi dövlət atributlarının qəbul olunmasında rolu var. Arif Hacılını 500 manat cərimə edib buraxmaq əvəzinə, ona maksimum cəza istənilməsi Azərbaycanın hansı duruma düşməsi, hətta Cibutidən də betər günə düşdüyünü göstərir. Bu gün bizi siyasi sifarişlə tutublar. Bizi İlham Əliyevin sifarişi ilə tutublar”.

İlham Əliyevin adının çəkilməsindən ehtiyat edən hakim T.Abbaslıya iradını bildirdi:

 – Bunun ittihamın mahiyyətinə aidiyatı yoxdur.

 Vəkil Anar Namazov:

 – İttihamın mahiyyətini tələb etdik ki, izah edin, etmədiniz. 23 sual verdik, izah etmədiniz. Bəs necə olmalıdır? İttihamın mahiyyətindən xəbəriniz yoxdur.

 

Tural Abbaslı sonda vəkillərə təşəkkürünü bildirdi:

– Cənab hakim sizə də ona görə təşəkkür edirəm ki, heç olmasa bizə güllələnmə hökmü çıxarmamısız.

 “Sizlər artıq sınmısınız”

 Məhəmməd Məcidli də digər vicdan məhbusları kimi  replika hüququndan istifadə etdi: “Cənab prokuror, ABŞ prezidentləri arasında ən çox önəm verdiyim Abraham Linkoln olub. Onun məşhur bir sözü var. Deyir, bir nəfəri həmişə aldatmaq olar. Hamını 1 dəfə aldatmaq olar. Amma hamını həmişə aldatmaq olmaz. Siz bu gün burada qeyri-rəsmi, qeyri-qanuni tapşırıqlarınızla bərabər siyasi sifarişlə tərtib olunmuş ittiham aktı adlı pasportunuzla təmsil olunursunuz. Dəfələrlə qeyd edirsiniz ki, guya mən Fuad Qəhrəmanlı ilə mitinqdən 7-8 dəqiqə əvvəl  təşkilat qurub mitinq təşkil etmişik. Balaca uşaq da bilir ki, mitinqi 7-8 dəqiqəyə təşkil etmək sadəcə mümkün deyil. Detallarına varmıram. Kəndimizin sakinləri 37-ci ildə ən çox represiyalara məruz qalan kəndlərdən olub. Elələri olub ki, repressiyaya məruz qalmış dədə-babalarından imtina ediblər. Amma repressiyaya məruz qalanların adları qızıl hərflərlə bizim qəlblərimizə yazılırdı. Biz də repressiyalara məruz qalırıq. Siz heç düşünürsünüz ki, kimin davamçılarısız? Sumbatyanları, markaryanların, ovanesyanların davamçılarısız. Onlar da bu millətə qənim kəsilmişdilər, sizlər də bu millətə qənim kəsilmisiniz! Onlar da bu xalqın haqq sözünü deyənlərə qarşı mübarizə aparırdı, sizlər də. Əgər bu gün bizə güllələnmə hökmü verilməsi istənilsəydi, sizlər həmin sifarişi yerinə yetirəcəkdiniz. Buradan çıxıb evinizə gedəndən sonra özünüz haqda düşünün. Evdəkiləriniz bu proses haqda sizdən soruşanda nə deyəcəksiniz? Nə deyəcəksiniz? Cavab verin! Bizi həbsə atmaqla sındıra bilməyəcəklər, amma sizlər artıq sınmısınız. Nəyin xatirinə? Siz burada telekanalların təqdim etdiyi videolardan çox cüzi hissəsini nümayiş etdirdiz. Orada polisin bizə qarşı qəddarlığı açıq-aşkar görünür. Bizlər millət uğrunda mübarizə aparırıq. Sabah bu insanlardan hər hansı biri hakimiyyətdə təmsil olunacaqsa bu milləti düşünəcək. Bizlər Məhəmməd Əminin davamçılarıyıq. Amma Heydər Əliyev öləndən sonra onun imzası ilə İlham Əliyevi baş nazir təyin etməsi barədə qərarı oldu. Siz onların davamçılarısız”.

M.Məcidlinin çıxışından sonra hakim tələsik prosesin yekunlaşdığını, növbəti iclasın sentyabrın 30-u 10.30-a təyin olunduğunu elan etdi.

 Polis məhkəməyə gələnlərə hücum etdi

 Məhkəmədən sonra Müsavat başqanı İsa Qəmbər və AXCP sədri Əli Kərimli müxalifət fəallarına mübarizənin davam etdiriləcəyi barədə mesajlarını verdilər. Daha sonra müxalifət fəalları “İlham istefa!” və “Azadlıq!” şüarları səsləndirdilər. Məhkəmə binası önündə toplaşan müxalifət tərəfdarları “Azadlıq” şüarları yazılmış plakatlar və Arif Hacılının portretlərini göyə qaldırması polisin qəzəbinə səbəb oldu. Mülki geyimli şəxslər aksiya iştirakçıları üzərinə basqın etdilər. Müxalifətçi gənclər mülki geyimlilərin hücumunu dəf etdikdən sonra aksiyaya xüsusi geyimli polislər müdaxilə etdi. Onlar plakat və şüarları aksiya iştirakçılarının əlindən aldılar.

 Əfqan Muxtarlı

“Xural” qəzeti,

il 9, sayı: 046 (454), 29 sentyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button