Bu xalq daha o xalq deyil!

Kənan Hacı
kenan731@rambler.ru

“Mən bu məmləkətdə heç nəyə və heç kimə bel bağlamıram.” Vaxtilə bu cümlələri indi Azərbaycan Yazıçılar Birliyinə özünün özəl biznesi kimi yanaşan Anar yazmışdı. Səhv etmirəmsə, 20 Yanvar faciəsindən sonra. Mən indi bu məmləkətdə heç nəyə və heç kimə bel bağlamıram. Gör iş nə yerə çatıb ki, Abel Məhərrəmov “11 mart Böyük Xalq Günü”nə dəstək verən tələbələri “erməni” adlandırır. Belə bir adamın Bakı Dövlət Universiteti kimi nüfuzlu ali təhsil ocağına rəhbərlik etməsi Azərbaycan təhsilinin faciəsidir.

Bu hakimiyyətin çirkin oyunlarına həmişə vasitə olmuş “Lider” kanalı bu vətənpərvər gənclərə hər cür qara yaxmaqdan çəkinmir. Görünür, ağalarından tapşırıq alıblar.

ANS haqda isə danışmağa dəyməz. Bu kanal teleməkanın üzqarasından başqa bir şey deyil. Təsəvvür edin, ölkənin tanınmış bir yazıçısı Eyvaz Əlləzoğlu qəfildən dünyasını dəyişir, bu kanal bircə cümlə də efirdə bu haqda məlumat vermir, amma üstündən bir həftə keçməmiş yazıçının həyat yoldaşı intihar edir, ANS kamerasını hadisə yerinə yollayır. Bu addıma nə ad vermək olar? Özünüz deyin. ANS-in əsl siması budur! Bu kanal daim psevdopatriotizmin arxasında daldalanıb, bu xalqı çapıb-talayanlara “İlin adamı” ödülünü verməkdən belə çəkinməyib. Parnoqrafiyanı, meyxananı təbliğ edən yeganə kanaldır ANS. Gecə saat 1-dən sonra açın bu kanalı, kefiniz nə qədər istəyir, erotik filmlərə baxa bilərsiniz. Bu, ANS-in uzun illərdən bəri dəyişməz strategiyasıdır.

Sözümüz bu deyil. Eyvaz Əlləzoğlu ilə çox yaxın münasibətim olmağına baxmayaraq, onun kirayədə yaşadığını vəfatından sonra bildim. Rasim Qaracanın çağırışına hər bir yazarımız qoşulmalıdır. Bu, bizim vicdan borcumuzdur, Azərbaycan Yazıçılar Birliyindən tələb etmək lazımdır ki, yazıçının başsız qalmış övladlarına ev verilsin! Eyvaz Əlləzoğlu bu rejimin qurbanıdır. Elçin Səlcuq da, Alim Məhərrəmli də. Onlarin hər biri Azərbaycan ədəbiyyatında, mediasında öz sözünü demiş, imzasını təsdiqləmiş yazarlar idi. Niyə onlar evsiz-eşiksiz, sərgərdan həyat sürməliydilər? Niyə? Onların faciəli ölümlərinin məsuliyyəti Azərbaycan hakimiyyətinin boynundadır.

***

Martın 11-i saat 12 radələrində 28 may metrosundan çıxmaq istərkən qəfildən yuxarı qalxan eskalator dayandı. Piyada qalxıb çıxışa yönələrkən polislərın sərnişinlərin üstünə bağıraraq “tez olun, tez olun! Çıxın metrodan! Cəld olun!” deməsindən çaşıb qaldım. Biz çıxan kimi metronun giriş və çıxışını bağladılar. Səməd Vurğun bağına gedən istiqamətdə iri tutumlu avtobuslar hazır vəziyyətdə dayanmışdı, polisin sayı-hesabı yox idi. Üstünə “Post Patrul Xidməti” yazılmış maşınlar Dəmiryolu Xəstəxanasının qarşısına qədər sıra ilə düzülmüşdü. Cəfər Cabbarlı heykəlinin qarşısı qələbəlik idi. Yaxınlıqdakı bütün “internetklub”lar bağlanmışdı. Neft Akademiyasında dərs vaxtı qurtarmış tələbələrin çölə çıxmasına icazə verilmirdi. BDU-da oxuyan tələbələrdən biri danışır ki, universitet auditoriyalarında pəncərələri bağlayıb qulpunu qırıbmışlar ki, tələbələr pəncərədən çağırışlar edə bilməsinlər.

Hakimiyyət bu günü əhəmiyyətsiz bir gün kimi gözdən salmağa çalışır. Kimlərinsə diliylə gənc fəalları “erməni” adlandırmaqdan belə çəkinmir. Belə isə bəs niyə bu qədər qorxuya düşüblər? Yumurtanın qiymətini niyə dərhal aşağı saldılar? Beş gün bundan öncə yumurtanın qiyməti 25 qəpik olduğu halda birdən-birə 12 qəpiyə endirildi. Sizə belə lazımdır, cənablar! Elə bilirdiniz qiyamətə qədər belə davam edəcək?! Bu xalq daha o xalq deyil.

***

Həmin gün mənə ən çox təsir edən bir məqamı yazmasam, ürəyim partlayar. Səməd Vurğun bağına tərəf gedərkən, o səmtdə ayaqqabı satanların gəlib-gedənin ayaqlarına baxaraq bir ucdan üyüdüb tökdükləri “yaxşı ayaqqabılarımız var”, “ucuz və keyfiyyətli”, “hər qiymətə var” deyə canfəşanlıq etmələri məni əməlli-başlı sarsıtdı. Heç elə bil 50-60 metr o tərəfdə heç nə baş vermirdi, gəncliyin çağırışları alverçi psixologiyasıyla zəhərlənmiş bu adamların qulağının dibində milçək vızıltısı qədər deyildi. Bu adamlar öz hallarından o qədər məmnun idilər ki, sadəcə, adam dəhşətə gəlirdi.

“Xural” qəzeti
il: 9, sayı: 008(418), 13-19 mart 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button